Məhkəmə qərarları › İş №e-2-2(113)-6213/2024

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-6213/2024

30.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-6213/2024 30.10.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Atayeva Nərgiz Etibar qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Aqrar Sığorta Fonduna qarşı “sığorta ödənişinin ödənilməsi” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra – iddiaçı) cavabdeh Aqrar Sığorta Fonduna (bundan sonra – cavabdeh) qarşı “sığorta ödənişinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixdə baglanmış kənd təsərrüfatı bitkiləri və bitkiçilik məhsullarının sığortası üzrə BS-**********-MS nömrəli Sığorta Şəhadətnaməsi əsasında ödənilməli 180000 manat sıgorta ödənişinin və ödənilmiş 470 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, “X3 Sığorta Şirkəti” ASC ilə iddiaçı arasında xx.xx.2022-ci il tarixdə kənd təsərrüfatı bitkiləri və bitkiçilik məhsullarının sığortası üzrə BS- **********-MS nömrəli Sıgorta Şəhadətnaməsi bağlanmışdır. 200 ha əkin sahəsində əkilən Payızlıq arpa-İosif Krasnodar məhsulu xx.xx.2023-cü ildən xx.xx.2023-cü ilədək olan müddət üçün bir ha sığorta dəyəri 900 manat qiymətləndirilməklə 180000 (bir yüz səksən min) sığorta məbləgi həcmində sıgortalanmışdır. Hazırda "xxxx" ASC-nin iddiaçıya 180000 (bir yüzsəksən min) manat pul borcu vardır. Başqa sözlə, müqavilə şərtlərinin pozulması nəticəsində cavabdehin ödənilməmiş 180000 (bir yüz səksən min) manat borcu qalmışdır. Lakin "xxxx" ASC həmin borcu iddiaçıya ödəmir və ödəməkdən də imtina edir. Halbuki, işdə olan bütün sənədlər "xxxx" ASC-nin iddiaçıya 180000 (bir yüz səksən min) manat pul borcu olduğunu tam təsdiq edir. Bu barədə Azərbaycan Respublikası Mərkəzi Bankına bir neçə dəfə ərizə yazılsa da, heç bir nəticəsi olmamışdır. Bu səbəbdən də yuxarıda göstərilən halları nəzərə alıb "xxxx"xxxx"xxxx" ASC-nin borclu qaldığı 180000 (bir yüz səksən min) manat pulun ödənilməsi üçün müvafiq tədbirlər görülməsi xahiş edilmişdir. Lakin cavabdeh "xxxx" ASC-nin İH-nin üzvü Roman Əmircanov tərəfindən ərizəyə cavab olaraq göndərilmiş 18 dekabr 2023-cü il tarixli, 12-9/2-Ə-42-652/2023№-li məktubunda Aqrar sığorta fondu tərəfindən 59490,43 manat zərər məbləgindən 18000 manat azadolma məbləğinin çıxılaraq 41490,43 manat sığorta ödənişi məbləğinin hesablanmasını, göndərilmiş 25 iyul 2024-cü il tarixli, 12-9/2-Ə-42-840/2024№-li məktubunda isə ödənişdən tamamilə imtina etdikləri bildirilmişdir. Məhkəmə iclasında iddiaçı iş üzrə icraata xitam verilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iş üzrə icraata xitam verilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə iddiaçı və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, materialları araşdıraraq hesab edir ki, hazırkı iddia tələbinə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.1-ci maddəyə əsasən mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Həmin Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Digər tərəfdən, “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli Qərarının 1-4-cü bəndlərinə əsasən, mübahisənin məhkəmə aidiyyəti müəyyənləşdirilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24-26-cı və 30-cu maddələri, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2ci maddəsi, habelə həmin Məcəllənin XV-XİX fəsillərinin aidiyyətlə bağlı müddəaları rəhbər tutulmalıdır. Mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. İnzibati hüquq münasibətlərində tərəflərdən ən azı biri “İnzibati icraat haqqında” Qanunun 2.0.1 və 3.1-ci maddələrində nəzərdə tutulmuş mənada inzibati orqan olmalıdır. İnzibati orqanın iştirak etdiyi hüquq münasibətinin inzibati və ya xüsusi hüquqi münasibət olduğunu müəyyənləşdirərkən inzibati orqanın həmin münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etdiyinin, yaxud hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyəti həyata keçirdiyinin müəyyən edilməsi vacibdir. Bu zaman ümumi (publik) hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunduğu nəzərə alınmalıdır. Qanunvericiliyə əsasən mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının məqsədi və ya vəzifəsi hər bir fiziki və yaxud hüquqi şəxsin hüquq və mənafelərinin məhkəmədə təsdiq olunması, qorunması, təmin olunmasıdır. Yəni, məhkəmə qaydasında istənilən məsələ deyil, yalnız hüququ pozulmuş şəxs üçün hər hansı hüquqi nəticə yaradan hallar məhkəmə qaydasında mübahisələndirilə bilər. “Aqrar sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 8.1 və 8.2-ci maddələrinə əsasən, aqrar sığorta orqanı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən yaradılır. Aqrar sığorta orqanı nizamnaməsi ilə müəyyən edilən qaydada aqrar sığorta sisteminin təşkilini, inkişafını və dayanıqlılığını təmin etmək məqsədi ilə fəaliyyət göstərir, habelə idarəedici qurumun fəaliyyətinə nəzarəti həyata keçirir, idarəedici qurum ləğv edildikdə yenisinin formalaşdırılmasını təmin edir. Həmin Qanunun 17.1-ci maddəsinə əsasən, sığorta qaydalarına uyğun olaraq, sığorta ödənişinin verilməsi üçün tələb olunan bütün sənədlər təqdim edildikdən sonra aqrar sığorta orqanı 7 iş günü ərzində sığorta ödənişinin tam və ya qismən verilməsi və ya ödənişin verilməsindən imtina barədə qərar qəbul edir və bu barədə aqrar sığortalıya “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununda müəyyən edilmiş qaydada rəsmi məlumat verir. Həmin Qanunun 17.4-cü maddəsinə əsasən, sığortalı ödənişin tam və ya qismən verilməsindən imtina barədə qərardan inzibati qaydada və məhkəmə qaydasında şikayət verə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 oktyabr tarixli 431 nömrəli Qərarı ilə təsdiq edilmiş “Aqrar sığorta Qaydaları”nın 1.25-ci hissəsinə əsasən, sığorta müqaviləsinin icrasından irəli gələn mübahisələrə tərəflərin qarşılıqlı razılığı ilə həll olunması üçün “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq fəaliyyət göstərən və Fond daxilində yaradılan Apelyasiya Şurası tərəfindən baxılır. Sığorta müqaviləsinin icrasından irəli gələn mübahisələrin həllində tərəflər arasında qarşılıqlı razılığın əldə olunması mümkün olmadıqda, mübahisələr məhkəmə qaydasında həll edilir. Məhkəmə hesab edir ki, cavabdehin mübahisələndirilən qərarı “İnzibati icraat haqqında” Qanunun tələbləri baxımından sadalanan əlamətlərin hamısına malik olduğundan, cavabdehin faktiki hərəkəti deyil, publik hüquq sferasında qəbul etdiyi və iddiaçı üçün hüquqi nəticə doğuran inzibati aktıdır. Eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nın V hissəsinə əsasən, qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxslər inzibati orqan hesab edilir. Bu mənada Aqrar Sığorta Fondu inzibati orqan hesab olunmalıdır. Belə ki, Məhkəmə qeyd edir ki, hazırkı mübahisə məhz inzibati hüquq münasibətlərində qəbul edilmiş inzibati aktın qanunsuz hesab edilməsi ilə bağlı olduğundan inzibati mübahisədir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Yuxarıda göstərilənlərə əsasən Məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbinə məhkəmədə baxılmalı olmadığından iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə görə iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 114.1.4-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə, ödənilmiş dövlət rüsumu qaytarılır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261-262, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Aqrar Sığorta Fonduna qarşı “sığorta ödənişinin ödənilməsi” tələbinə dair iddiası üzrə icraata xitam verilsin. İddia ərizəsi verilərkən ödənilmiş 470 (dörd yüz yetmiş) manat dövlət rüsumu İddiaçı qaytarılsın. İddiaçı eyni tələblə aidiyyəti inzibati məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardaddan, tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar