Məhkəmə qərarları › İş №e-2-2(113)-6214/2021

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-6214/2021

02.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-6214/2021 02.12.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyev Emin Zöhrab oğlunun sədrliyi və Əhmədli Əhməd Dünyamin oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı pul tələbinə dair iddia ərizəsinə baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən cəmi 400000 manat əsas borcun, 400 manat mediasiya xərcinin, o cümlədən 290 manat məbləğində dövlət rüsumunun alınaraq xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsi və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək müəyyən etmişdir ki, alqı-satqı müqaviləsi Cavabdeh MMC ilə deyil, "xxxx" MMC ilə bağlansa da, pretenziya, iddia ərizəsi və ona əlavə edilmi sənədlər Cavabdeh MMC-yə göndərilmiş və ilkin mediasiya sessiyası da sözügedən cəmiyyətə münasibətdə keçirilmişdir. Azərbaycan Respublikası MPM-nin: 150.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd əlavə olunmalıdır. 150.1.6-ci maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd (kommersiya mübahisələri üzrə həmin sənədlər bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq verilir). 152.1.4, 152.1.6 və 152.1.6-1-ci maddələrinə əsasən kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin alınmasına dair sübut və müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair, həmçinin “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənədlər təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır, belə ki, pretenziya, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər alqı-satqı müqaviləsi üzrə tərəflə deyil, digər cəmiyyətə göndərilmiş və ilkin mediasiya sessiyası da, həmin cəmiyyətə münasibətdə keçirilmişdir. Məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 263 və 264-cü maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı pul tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər, həmçinin 290 manat məbləğində dövlət rüsumunun ödənilməsi barədə ********* nömrəli, 14.11.2021-ci il tarixli qəbz geri qaytarılsın. İddiaçı izah edilsin ki, alqı-satqı müqaviləsi Cavabdeh MMC ilə deyil, "xxxx" MMC (VÖEN **********) bağlandığından pretenziya, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər həmin cəmiyyətə göndərilməklə, ilkin mediasiya sessiyası da, həmin cəmiyyətə münasibətdə keçiriləndən sonra təkrarən məhkəməyə müraciət oluna bilər. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Emin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar