Məhkəmə qərarları › İş №e-2-2(113)-622/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-622/2022

24.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-622/2022 24.02.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, Əhmədli Əhməd Dünyamin oğlunun katibliyi, iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin nümayəndəsi, Vəkil iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh qarşı pul tələbi barədə kommersiya mübahisəsinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 03.12.2018-ci il tarixli 1253- GL/18 nömrəli müqavilə üzrə 7686 manat gecikdirilmiş borcun və hesablanmış 4061,56 manat cərimə borcunun, hüquqi yardımla bağlı 350 manat, 200 manat mediasiyaya dair xərcin, cəmi 12297,56 manat pul vəsaitinin Cavabdeh tutularaq Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh müqavilələr üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə cavabdehin maliyyə arayışının tərtib edildiyi 14.09.2021-ci il tarixə 03.12.2018-ci il tarixli 1253-GL/18 nömrəli müqavilə üzrə 7686 manat gecikdirilmiş borcu və hesablanmış 4061,56 manat cərimə borcu yaranmışdır. Cavabdehə öhdəliklərin yerinə yetirilməsi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq borclu tərəfindən ödənişlər yerinə yetirilməmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçı Azərbaycan Respublikası Kənd Təssərüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyin nümayəndəsi, Vəkil tələbi müdafiə edərək izahatında iddianın təmin edilməsini barədə qətnamənin qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə rəsmi məlumat verməmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: 03.12.2018-ci il tarixli 1253-GL/18 nömrəli müqavilədən görünür ki, lizing alan Cavabdeh mülkiyyətinə verilməsi şərti ilə traktor və kotan lizinqə verilmişdir. 4.2-ci bəndinə əsasən Lizing alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişi yerinə yetirməzsə lizinq verən lizinq alandan borc məbləğivə gecikdirilən hər günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə hesablanır. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən təqdim edilmiş maliyyə arayışından görünür ki, Cavabdeh 14.09.2021ci il tarixə 7686 manat gecikdirilmiş əsas borc və hesablanmış 4061,56 manat cərimə borcu yaranmışdır. "xxxx" ASC-nin 000İPX1213561BD3 nömrəli 22.12.2021-ci il tarixli ödəniş tapşırığından görünür ki, Cavabdeh ilə bağlı hüquqi xidmət haqqı kimi 5 saylı vəkil bürosuna 350 manat ödənilmişdir. İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 08/12/21 nömrəli 15 dekabr 2021-ci il tarixli arayışdan görünür ki, mediator qismində X3 təyin edilmişdir. 15 dekabr 2021-ci il tarixli ödəniş tapşırığa əsasən Azərbaycan Respublikası Kənd Təssərüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən 200 manat məbləğində vəsait X1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 465.2, 467-ci və 747.1-ci maddələrinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalı, borclu öhdəliyin lazımınca müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. “Mediasiya haqqında” Qanunun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. İş materiallarından və qanunvericilik normalarından da göründüyü kimi tərəflər arasında qanunvericiliyə uyğun olaraq müqavilə bağlanmış, iddiaçı öz üzərinə düşən öhdəlikləri yerinə yetirsə də, cavabdeh lizinq obyektlərinə görə ödənişləri vaxtında etmədiyinə görə öhdəlikləri yerinə yetirməmiş və nəticədə 14.09.2021-ci il tarixə 7686 manat gecikdirilmiş əsas borc və hesablanmış 4061,56 manat cərimə borcu yaranmışdır. Məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddia 7686 manat məbləğində əsas borc, 200 manat mediasiya xərci və hüquqi xidmətə görə ödənilmiş 350 manat məbləğində vəsaitin tələbi hissəsində əsaslı olduğundan təmin edilməlidir. Bununla yanaşı iddiaçının müqavilənin 4.2-ci bəndinə əsasən 4061,56 manat cərimə tələbi ilə bağlı məhkəmə cavabdehin həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq, hesab edir ki, tənasübsüz surətdə yüksək olan cərimə azaldılaraq 314 manat məbləğində müəyyən edilməlidir. Odur ki, məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, 03.12.2018-ci il tarixli 1253-GL/18 nömrəli müqavilə üzrə 14.09.2021-ci il tarixə yaranmış 7686 manat gecikdirilmiş əsas borc, 314 manat cərimə, 200 manat mediasiya xərci və hüquqi yardıma görə ödənilmiş 350 manat cəmi 8550 manat məbləğində pul Cavabdeh tutularaq Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 03.12.2018-ci il tarixli 1253-GL/18 nömrəli müqavilə üzrə 14.09.2021-ci il tarixə yaranmış 7686 manat gecikdirilmiş əsas borc, 314 manat cərimə, 200 manat mediasiya xərci və hüquqi yardıma görə ödənilmiş 350 manat cəmi 8550 manat məbləğində pul Cavabdeh tutularaq Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim:Emin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar