Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-6220/2024 08.10.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Atayeva Nərgiz Etibar qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı MMC (bundan sonra-iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra-cavabdeh) qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh ilə bağlanılmış alqı-satqı müqaviləsinin ləğv edilməsi, müqavilə üzrə ödənilməmiş üzrə 27 962,50 manat məbləğində pul vəsaitinin, gecikdirilmiş hər gün üçün qalıq məbləğin 0,01%-i məbləğində 1 433,96 manat dəbbə pulunun, məhkəməyə müraciət üçün çəkilmiş 2 000,00 manat məbləğində pul vəsaitinin və 184,19 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Satıcı İddiaçı MMC ilə Alıcı Cavabdeh MMC arasında xx.xx.2022-ci il tarixdə 122 saylı “ventilyasiya avadanlıqlarının alğı-satqısı ilə bağlı” müqavilə bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən, Satıcı DDP (İncoterms 2020) Bakı təslim çatdırılma şərtləri əsasında ventilyasiya avadanlıqlarını satır və Alıcı isə müvafiq ödəniş edərək Malları alır. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən Malların miqdarı və onların qiyməti bu müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavələrdə ikitərəfli şəkildə təsdiq edilir və Alıcı Əlavələrə əsasən ödənişi həyata keçirməyi öz öhdəsinə götürür. Həmin müqavilənin 4.5-ci bəndinə əsasən Alıcı tərəfindən ödənişin gecikdirildiyi halda, Alıcı gecikdirmənin hər günü üçün ödənilməmiş məbləğin 0.1 faizi miqdarında dəbbə pulu ödəyir. Yuxarıda qeyd olunan müqavilələrin bəndlərindən göründüyü kimi biz “Satıcı” şirkət olaraq təhvil-təslim aktlarına əsasən malları cavabdehə təhvil verməklə üzərimizə düşən öhdəlikləri tam yerinə yetmişik. Bağlanılmış 1 nömrəli Əlavəyə əsasən əsasən tərəflər malların sayı, çeşidi və məbləği barədə razılığa gəlmişlər. Həmçinin tərəfimizdən malların dəyəri olan pul vəsaitinin ödənilməsi üçün elektron qaimələr cavabdehə göndərilmişdir. Lakin Cavabdeh MMC tərəfindən 27 962,50 (iyirmi yeddi min doqquz yüz altmış iki manat əlli qəpik) manat qalıq məbləğ bugünədək ödənilməmişdir. Cavabdeh müqavilənin şərtlərini əsassız olaraq pozmaqla öhdəliyini yerinə yetirmir, qeyd olunan məbləği ödəmir və ödəməkdən imtina edir.Tərəfimizdən dəfələrlə şifahi qaydada və pretenziya məktubu ilə cavabdehə müaciətlər olunmasına baxmayaraq, bugünədək öhdəliklərini yerinə yetirməmişdir.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
4. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməni məlumatlandırmamışdır.
5. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
III. Məhkəmə baxışının hədləri:
6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
7. İddiaçı və cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli 122 saylı alqısatqı müqaviləsininin 1.1-ci bəndinə əsasən Satıcı DDP (İncoterms 2020) Bakı təslim çatdırılma şərtləri əsasında ventilyasiya avadanlıqlarını satır və Alıcı isə müvafiq ödəniş edərək Malları alır.
8. Müqavilənin 1.2-ci bəndinə əsasən Malların miqdarı və onların qiyməti bu müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavələrdə ikitərəfli şəkildə təsdiq edilir və Alıcı Əlavələrə əsasən ödənişi həyata keçirməyi öz öhdəsinə götürür.
9. Müqavilənin 2.1-ci bəndinə əsasən müqavilə 25 iyul 2022-ci il tarixindən 24 iyul 2023-cü il tarixinədək 1 il müddətinə bağlanır.
10. Müqavilənin 4.5-ci bəndinə əsasən Alıcı tərəfindən ödənişin gecikdirildiyi halda, Alıcı gecikdirmənin hər günü üçün ödənilməmiş məbləğin 0.1 faizi miqdarında dəbbə pulu ödəyir. Dəbbə pulunun ödənilməsi Alıcını müqavilə üzrə öhdəliklərindən azad etmir.
11. İddiaçı və cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixdə 122 saylı alqısatqı müqaviləsinə 17 avqust 2022-ci il tarixli 01, 02 və 03 nömrəli Əlavələr ilə müvafiq olaraq **********8, **********9 və **********0 nömrəli invoyslara əsasən alqı-satqı müqaviləsi üzrə malların adı və qiymətləri razılaşdırılmışdır.
12. xx.xx.2023-cü il tarixli GLC2001/014 nömrəli, xx.xx.2023-cü il tarixli GLC2001/013 nömrəli, xx.xx.2023-cü il tarixli GLC1101/008 nömrəli, xx.xx.2023-cü il tarixli GLC0701/007 nömrəli, xx.xx.2023-cü il tarixli GLC0701/006 nömrəli, xx.xx.2023-cü il tarixli GLC0701/005 nömrəli, xx.xx.2023-cü il tarixli GLC1701/011 nömrəli, xx.xx.2023-cü il tarixli GLC1701/010 nömrəli təhvil-təslim aktları ilə müqavilə üzrə mallar cavabdehə təhvil verilmişdir.
13. İddiaçı tərəfindən cavabdehə xx.xx.2023-cü il tarixli EBCN 196012 nömrəli 146878,34 manat məbləğində, xx.xx.2023-cü il tarixli EBCM 880466 nömrəli 243070,26 manat məbləğində, xx.xx.2022-ci il tarixli EBCM 149651 nömrəli 308785,57 manat məbləğində, xx.xx.2022-ci il tarixli EBCK 002737 nömrəli 391130,40 manat məbləğində elektron qaimələr təqdim edilmişdir.
14. Cavabdeh tərəfindən iddiaçıya xx.xx.2023-cü ildə 7497,18 manat, xx.xx.2022-ci il tarixdə 200000 manat, xx.xx.2022-ci ildə 131466,44 manat, xx.xx.2023-cü ildə 100000 manat, xx.xx.2023-cü ildə 100000 manat vəsait ödənilmişdir.
15. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehin iddiaçıya satın alınmış malların dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli 122 saylı alqı-satqı müqaviləsindən irəli gəlir. Cavabdehin bu öhdəliyini lazımınca icra etməməsi iddiaçıya həmin müqavilə və Mülki Məcəllənin aşağıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.
16. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
17. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
18. Həmin Məcəllənin 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir;
19. Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.
20. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
21. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
22. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.
23. Həmin Məcəllənin 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur.
24. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.
25. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
26. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı həmin müqavilədən irəli gələrək üzərinə düşən öhdəlikləri icra etmiş, lakin cavabdeh tərəfindən öhdəliklər tam şəkildə icra edilməmişdir.
27. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi 27962,50 manat borcun tələb edilməsi hissəsində əsaslıdır.
28. İddiaçı həmçinin tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli 122 saylı müqavilənin ləğv edilməsini xahiş etmişdir.
29. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər.
30. Həmin Məcəllənin 424.2-ci maddəsinə əsasən müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir.
31. Alqı-satqı müqaviləsi üzrə cavabdeh üzərinə düşən öhdəlikləri icra etməmiş, ümumilikdə 27 962,50 manat borcu hazırkı günə qədər ödəməmişdir.
32. Bu səbəbdən iddiaçı hazırda xx.xx.2022-ci il tarixli 122 saylı müqavilənin ləğv edilməsini tələb etməkdə haqlıdır.
33. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə əsaslıdır və təmin edilməlidir.
34. Bundan əlavə, materiallardan görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli 122 saylı müqavilənin 4.5-ci bəndinə əsasən hesablanmış 1443,96 manat dəbbə pulunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür.
35. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.
36. Məhkəmə hesab edir ki, cavabdehin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır.
37. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
38. Belə olan halda məhkəmə tələb olunan cərimənin əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan cərimə tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq cərimə 1300 manat məbləğində müəyyən edilməlidir.
39. Bundan başqa iddia ərizəsində 2000 manat vəkilin göstərdiyi hüquqi yardıma görə xərcin cavabdehdən tutulması da tələb edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən həmin xərc cavabehə aid edilməlidir.
40. Belə ki, xx.xx.2024-cü il tarixli 120OPXO242192040 nömrəli ödəniş tapşırığından görünür ki, iddiaçı tərəfindən “Kiçikbəyov və partnyorları” Vəkil Bürosunun hesabına 2000 manat hüquqi xidmət haqqı köçürülmüşdür.
41. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
42. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli 122 saylı müqavilə ləğv edilmiş hesab edilməli, 27962,50 manat əsas borc, 1300 manat dəbbə borcu, 2000 manat hüquqi yardıma görə xərc cavabdehdən tutularaq iddiaçıya ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir.
43. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
44. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 150 manat dövlət rüsumu cavabdehə, 34,19 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.
V. Nəticə:
36. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 27962,50 manat əsas borc, 1300 manat dəbbə borcu, 2000 manat hüquqi yardıma görə xərc, 150 manat dövlət rüsumu, ümumilikdə 31412,50 (otuz bir min dörd yüz on iki manat əlli qəpik) manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilsin. İddiaçı MMC və Cavabdeh MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsi ləğv edilmiş hesab edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İddia ərizəsi verilərkən ödənilmiş 34,19 (otuz dörd manat on doqquz qəpik) manat dövlət rüsumu İddiaçı MMC-nin özünə aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Ülkər Həsənova