Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-6227/2023 28.12.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi) Bakı Kommersiya Məhkəməsinin hakimi Hüseynov Kənan Hüseyn oğlu, İddiaçı Cavabdehnə qarşı “pul” tələbinə dair işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehndən 6.689,42 manat borc və mediasiya üçün ödənilmiş 100 manat dövlət rüsumunun tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC ilə İddiaçı MMC arasında mühərrik, sənaye, sürtkü yağları, əyləc mayelər, antifirizlər, filtirlər, şüşə təmizləyici mayelər, təkərlər, akkumlyatorlar və digər malların ( bundan sonra mal və ya mallar) alqı-satqısına dair xx.xx.2023-cü il tarixdə №xx/xx/2023 saylı müqavilə bağlanmışdır. Beləki cavabdeh bu müqavilə əsasında davamlı olaraq xx.xx.2023-xx.xx.2023-cü il tarixi aralığında ümumilikdə 23.878,48 manat dəyərində nisyə mal almışdır və onlara elektron qaimə təqdim edilmişdir. Tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixdə № xx/xx/2023 saylı alqı-satqı müqaviləsi üzrə cavabdehlə xx.xx.2023-cü ildə qarşılıqlı üzləşmə aparılmış və akt tərtib edilərək imzalanmışdır. Həmin akta əsasən xx.xx.2023-cü il tarixə cavabdehin iddiaçıya 6689,42 manat borcu qalmışdır.
II. Tərəflərin mövqeləri:
3. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilsə də, iddiaya qarşı etiraz daxil olmamışdır.
III. Məhkəmə baxışının hədləri:
4. Mülki Prosessual Məcəllənin: - 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. - 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. - 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. - 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. - 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. - 284-6.2-ci maddəsinə əsasən məhkəmə qətnaməsindən bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada apellyasiya şikayəti verilə bilər.
IV. Tətbiq edilən hüquq:
5. Azərbaycan Respublikası Mülki Məcəlləsi: - 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
6. Mediasiya haqqında qanunun 36.5.-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.
V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:
7. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin olunmalıdır.
8. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, İddiaçı) (satıcı) ilə Cavabdeh (alıcı) arasında xx.xx.2023-cü il tarixdə alqı-satqı müqaviləsi bağlanmışdır.
9. Müqavilənin 1.1-ci bəndinə əsasən tərəflər təsdiq edir ki, satıcı sifarişlərdə əks ediləcək mühərrik, sənaye, sürtkü yağları, əyləc mayeləri, antifrizlər, filterlər, təkərlər, şüşə təmizləyici mayelər, akkumulyatorlar və digə maddi dəyərlilər alıcıya satır, alıcı isə malları satıcıdan qəbul edir və müqabilində satıcıya malların təhvil verildiyi müvafiq sənəddə nəzərdə tutulmuş qiyməti ödəyir.
10. Müqavilənin 3.2-ci bəndinə əsasən ödəniş satıcı tərəfindən təqdim olunan müvafiq ödəniş sənədlərinə (qaimə/hesab faktura) və malların təhvil-təslim aktına əsasən 30 bank günü ərzində alıcı tərəfindən köçürmə yolu ilə satıcının hesablaşma hesabına və ya nağd qaydada satıcıya ödənilir.
11. Müqavilə hər iki hüquqi şəxsin imzası və möhürü ilə təsdiq edilmişdir.
12. Məhkəmə qeyd edir ki, qanunvericiliyin yuxarıda göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının borcun ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə ki, iddiaçının cavabdehə qarşı tələbi tərəflər arasında bağlanılmış alqı-satqı müqaviləsindən irəli gəlir.
13. Məhkəmə həmçinin qeyd edir ki, sadalanmış normaların tələbləri və tərəflər arasında bağlanılmış müqavilə şərtləri nəzərə alındığında müəyyən olunur ki, cavabdeh müqavilə üzrə öhdəlikləri icra etmədiyindən onun aldığı malların dəyərini ödəmək vəzifəsi və iddiaçının müqavilə üzrə öhdəliyin icrasını tələb etmək hüququ yaranmışdır.
14. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli qarşılıqlı hesablaşmalar haqqında üzləşmə aktdan görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixə 6.689,42 manat məbləğində borcunun olduğunu etiraf etmişdir. Akt hər iki hüquqi şəxsin imza və möhürü ilə təsdiq olunmuşdur.
15. Göründüyü kimi Cavabdeh xx.xx.2023-cü il tarixli üzləşmə aktını təsdiq etməklə həm ona malların verildiyini, həm də verilmiş mallara görə ödənilməmiş pulun qaldığını qəbul etmiş, həmçinin də həmin tarixdən sonra hər hansı bir ödənişin edilməsinə dair sənədi məhkəməyə təqdim etməmişdir.
16. Qeyd olunanları nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia 6.689,42 manat borcun tələb edilməsi hissəsində əsaslıdır.
17. Məhkəmə həmçinin hesab edir ki, mediasiya xərcinin əvəzi olaraq 100 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
18. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı MMC tərəfindən Bakı 2 saylı Mediasiya Təşkilatına 100 manat məbləğində pul ödənilmişdir.
19. Ona görə də, mediasiyaya çəkilmiş xərcin əvəzi olaraq 100 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
20. Yekun olaraq, məhkəmə hesab edir ki, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməlidir.
VI. Nəticə:
21. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia təmin edilsin. xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsi üzrə 6.689 (altı min altı yüz səksən doqquz) manat 42 (qırx iki) qəpik məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Ödənilmiş mediasiya xərcinin əvəzi olaraq 100 (bir yüz) manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Kənan Hüseynov