Məhkəmə qərarları › İş №e-2-2(113)-6234/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-6234/2021

29.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-6234/2021 29.12.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızı, İddiaçı Cavabdehnə qarşı borcun ödənilməsi tələbinə dair işə məhkəmənin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı (İddiaçı MMC) Cavabdehnə (Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən müqavilə üzrə yaranmış 8491,74 manat borc və mediasiya xidməti üçün mediatora ödənilmiş 100 manat xidmət haqqının da daxil olduğu 104,92 manat dövlət rüsumu olmaqla, ümumilikdə 8596,66 manat pulun tutularaq "X2 Company" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı və cavabdeh 08.11.2019-cu il tarixində mehmanxanada qonaqlama və tədbirin təşkili xidmətləri üçün müqavilə bağlamışlar. Bu müqavilələr yazılı qaydada müvafiq olaraq Qrup müqaviləsi və Tədbir müqaviləsi ilə rəsmiləşdirilmişdir. İddiaçı “X4 Boulevard” mehmanxanasında həmin xidmətləri icra edərək müqavilə üzrə öhdəliklərini yerinə yetirsə də, cavabdeh müvafiq ödənişləri icra etməyərək müqavilə üzrə öhdəliklərini pozmuşdur. Bundan sonra iddiaçı cavabdehlə əlaqə saxlamaq və ödənişi tələb etmək üçün dəfələrlə cəhd etsə də, bu cəhdlər nəticəsiz qalmışdır. İddiaçı cavabdehdən müqavilə üzrə 8491,74 manat məbləğində borcun ödənilməsini tələb edir. İddiaçı və cavabdeh arasında mehmanxanada qonaqlama xidməti üzrə razılaşmaya əsasən ödəniş qrupun çıxışından sonra 10 gün ərzində edilməli idi. Qrupun mehmanxanadan çıxışı 24.11.2019-cu il tarixində baş tutduğundan, ödəniş üçün son tarix 04.12.2019-cu il tarixdə olmuşdur. Bu tarixdən təxminən 2 il keçməsinə baxmayaraq, cavabdeh Qrup müqaviləsi üzrə lazımi ödənişi etməmişdir. İddiaçı və cavabdeh arasında mehmanxanada tədbirin təşkili xidməti üzrə razılaşmaya əsasən ödəniş tam şəkildə 13.08.2020-cu il tarixində edilməli idi, lakin bu tarixdən təxminən 15 ay keçməsinə baxmayaraq, cavabdeh Tədbir müqaviləsi üzrə lazımi ödənişi etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş, iddia ərizəsi və əlavə olunmuş sənədlər göndərilsə də, iddiaya qarşı etiraz daxil olmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. İş materiallarından görünür ki: - İddiaçı ilə Cavabdeh arasında 08.11.2019-cu il tarixdə Qrup müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən İddiaçı MMC (X3) Cavabdeh MMC xüsusi qrup qiymətlərlə otel xidmətlərini təqdim edəcəkdir. Həmin müqaviləyə əsasən otaq xərcləri şirkət tərəfindən köçürmə, nağd pul və ya kredit kartı vasitəsilə ödəniləcəkdir. Əlavə xərclər qonaqlar tərəfindən ödəniləcəkdir. Bütün sifarişlər qrupun çıxışından sonra 10 gün ərzində ödənilməlidir. Qonaqların gəlmədiyi halda sifariş olunan bütün otaqların ödənişi tam olaraq həyata keçiriləcəkdir. - İddiaçı ilə Cavabdeh arasında 08.11.2019-cu il tarixdə Tədbir müqaviləsi bağlanmışdır. - 18.08.2020-ci il tarixdə tərəflər arasında tərtib edilmiş qarşılıqlı borcların üzləşdirilməsi aktından görünür ki, 31.07.2020-ci il tarixə Cavabdeh İddiaçı MMC-yə ümumi borcu 8491,74 manat təşkil edir. Qeyd edilən üzləşmə aktı hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. - İddiaçı MMC tərəfindən tərtib edilərək "xxxx" MMC-yə ünvanlanmış 31.08.2021-ci il tarixli, 20-059/08 nömrəli İnvoice (hesab faktura) adlı sənəddən görünür ki, "xxxx" MMCnin İddiaçı MMC-yə ödəməli olduğu ümumilikdə məbləğ 8491,74 manat təşkil edir. - İddiaçı tərəfindən cavabdehə ünvanlanmış pretenziya məktubundan görünür ki, cavabdehə müraciət edilərək borcun 10 (gün) müddətində ödənilməsi xahiş edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. - İş materiallarında olan iddiaçı tərəfindən təqdim edilmiş, "xxxx" ASC tərəfindən tərtib edilmiş 05.11.2021-ci il tarixli, 006XOH********** nömrəli ödəniş tapşırığından görünür ki, İddiaçı MMC tərəfindən X1 AZ46UBAZ**********1040AZN001 nömrəli hesabına 100 (yüz) manat məbləğində ödəniş edilmişdir. Ödənişin təyinatı hissəsində mediasiya xidməti üzrə ödəniş qeyd olunmuşdur. - 01.12.2021-ci il tarixli, ********* nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı MMC tərəfindən 4,92 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Beləliklə, işin hallarından görünür ki, cavabdeh müqaviləyə əsasən üzərinə götürdüyü öhdəliklərə əməl etməyərək, yaranmış borcu ödəmədiyinə görə iddiaçının tələbi aşkardır. Həmin tələb cavabdehin mübahisə edilməyən vəzifələrinə və sadə yazılı qaydada təsdiq edilmiş əqdlərə əsaslanır. Buna görə də məhkəmə hesab edir ki, iddia təmin olunmalı, Cavabdeh MMC-dən 8491,74 (səkkiz min dörd yüz doxsan bir manat yetmiş dörd qəpik) manat borc məbləği İddiaçı MMC-nin xeyrinə tutulmalıdır. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən, ödənilmiş 100 manat mediasiya xərci cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iddianin təmin edildiyini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 4,92 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 284-5.3, 284-6.1, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehndən 8491,74 manat (səkkiz min dörd yüz doxsan bir manat yetmiş dörd qəpik) məbləğində borc, 100 (yüz) manat mediasiya xərci və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 4,92 manat (dörd manat doxsan iki qəpik) olmaqla, cəmi 8596,66 manat (səkkiz min beş yüz doxsan altı manat altmış altı qəpik) məbləğində pul İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar