Məhkəmə qərarları › İş №e-2-2(113)-625/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-625/2022

22.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-625/2022 22.02.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ hakim Qasımov Fərrux Hüseynağa oğlunun sədrliyi, Mustafayev Ramil Elbrus oğlunun katibliyi, iddiaçının nümayəndəsi Vəkil iştirakı ilə, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və X1 Azad Vəli oğluna qarşı lizinq müqaviləsi üzrə yaranmış borcun ödənilməsi barədə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 16 avqust 2016-cı il tarixli, 791-L/16 nömrəli müqavilə üzrə 1569 manat gecikdirilmiş əsas borc, 165,04 manat cərimə borcunun, 11 fevral 2019-cu il tarixli, 225-GL/19 nömrəli müqavilə üzrə 7291 manat gecikdirilmiş əsas borc və 1459,42 manat cərimə borcunun, hüquqi yardımla bağlı ödənilmiş 350 manat və 200 manat məbləğində mediasiya xərci olmaqla ümumilikdə 11034,46 manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 16 avqust 2016-cı il tarixli 791-L/16 nömrəli və 11 fevral 2019-cu il tarixli 225-GL/19 nömrəli müqavilələrə əsasən borclu kənd təsərrüfatı texnikalarını lizinqə götürmüşdür. Cavabdeh müqavilələr üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə cavabdehin 09 sentyabr 2021-ci il tarixə 16 avqust 2016-cı il tarixli 791-L/16 nömrəli müqavlə üzrə 1569 manat gecikdirilmiş borcu və hesablanmış 165,04 manat cərimə borcu, 11 fevral 2019-cu il tarixli 225-GL/19 nömrəli müqavilə üzrə 7291 manat gecikdirilmiş borcu və hesablanmış 1459,42 manat cərimə borcu yaranmışdır. Cavabdehə öhdəliklərin yerinə yetirilməsi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq borclu tərəfindən ödənişlər yerinə yetirilməmişdir. Tərəflər arasında bağlanmış müqavilənin 4.2-ci maddəsinə görə lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişləri yerinə yetirməzsə lizinq verən lizinq alandan borc məbləği və gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb etmək hüququna malikdir. Eyni zamanda bildiririk ki, hüquqi yardım göstərilməsi üçün vəkilə də müraciət edilmişdir. Hüquqi yardım göstərilməsi haqqında müqaviləyə əsasən hüquqi yardıma görə haqqın məbləği 350 manat müəyyənləşdirilmişdir. Sonradan Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi iddia tələbinin həcminin azaldılması barədə ərizə təqdim edərək hər iki müqavilə üzrə əsas borcla bağlı tam ödəniş aparıldığından 16 avqust 2016-cı il tarixli, 791-L/16 nömrəli müqavilə üzrə 165,04 manat cərimə borcu, 11 fevral 2019-cu il tarixli, 225-GL/19 nömrəli müqavilə üzrə 1459,42 manat cərimə borcu və 200 manat məbləğində mediasiya xərci olmaqla ümumilikdə 1824,46 manat pul vəsaitinin Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi Vəkil məhkəmə iclasında iddia ərizəsində göstərilən xüsusatları təsdiq etdiyini bildirərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh əvvəlki məhkəmə iclasında iddianı qismən qəbul etdiyini bildirmiş və izahatında göstərmişdir ki, tərəflər aralarında həqiqətən 16 avqust 2016-cı və 11 fevral 2019-cu il tarixlərdə lizinq müqavilələri bağlanılmışdır. Lakin, 16 avqust 2016-cı il tarixli müqavilə üzrə ödənişlər tam məbləğdə həyata keçirilmiş, həmin müqavilə üzrə borcun ödənilmiş, 11 fevral 2019-cu il tarixli müqavilə üzrə isə ödənişlərin vaxtı-vaxtında həyata keçirilmiş və müqavilənin müddəti bitməmişdir. İş materiallarında olan: - 16 avqust 2016-cı il tarixli, 791-L/16 nömrəli lizinq müqaviləsinə əsasən ümumi məbləği 54200 manat olan “Belarus 1221” markalı traktor qalıq dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra Lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə Cavabdeh verilməsi nəzərdə tutulmuşdur. - 09 sentyabr 2021-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh 16 avqust 2016-cı il tarixli, 791-L/16 nömrəli lizinq müqaviləsi üzrə 1569 manat gecikdirilmiş əsas borc və 165,04 manat cərimə borcunun olması qeyd olunmuşdur. - 01 fevral 2019-cı il tarixli, 225-GL/19 nömrəli lizinq müqaviləsinə əsasən ümumi məbləği 76057,6 manat olan “New Holland TC 4.90” markalı kombayn taxılyığan dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra Lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə Cavabdeh verilməsi nəzərdə tutulmuşdur. - 09 sentyabr 2021-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh 01 fevral 2019cı il tarixli, 225-GL/19 nömrəli lizinq müqaviləsi üzrə 7291 manat gecikdirilmiş əsas borc və 1459,42 manat cərimə borcunun olması qeyd olunmuşdur. - 10 dekabr 2021-ci il tarixli 00İPX1213441C34 saylı ödəniş qəbzinə əsasən "xxxx" MMC tərəfindən 5 saylı Vəkil Bürosunun hesabına 350 manat ödəniş edilmişdir. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. - 748-1.12 və 748-1.12.4-ci maddəsinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. İşin faktiki halları ilə müəyyən olunur ki, cavabdeh müqavilələrə əsasən üzərinə götürdüyü öhdəlikləri üzrə əsas borcu tam ödəmiş olsa da, vaxtında ödəməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 462.1-ci maddəsinə əsasən dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. - 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanılmalıdır. Tərəflər arasında bağlanmış müqavilədə borcun ödənilməsinin gecikdirildiyi təqdirdə cərimənin ödənilməsi nəzərdə tutulmuş və ödənişlər vaxtında aparılmadığına görə lizinq müqaviləsinin 4.2-ci bəndinə əsasən iddiaçının əsas məbləğin gecikdirilməsinə görə cərimə məbləğini tələb etmək hüququ yaranmışdır. Lakin məhkəmə 1569 manat və 7291 manat məbləğlərində əsas borca tənasübsüz olaraq 165,04 manat məbləğində və 1459,42 manat məbləğində dəbbə pulunun hesablanmasını əsaslı hesab etmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Buna görə də məhkəmə hesab edir ki, hesablanmış 165,04 manat və 1459,42 manat məbləğində dəbbə pulunun məbləği azaldılaraq müvafiq olaraq, 50 manat və 100 manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. - 122.2-ci maddəsinə əsasən iddia verildikdən sonra iddia tələblərinin cavabdeh tərəfdən könüllü surətdə təmin edilməsi nəticəsində iddiaçı öz tələblərini müdafiə etməzsə, iddiaçının xahişi ilə məhkəmə onun çəkdiyi bütün xərcləri cavabdehdən alır. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-1-ci maddəsinə əsasən həmin Qanuna uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1 və 122.2-ci maddələrinin tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia verildikdən sonra əsas borc cavabdeh tərəfindən könüllü ödənildiyinə görə ilkin mediasiya sessiyasının keçirilməsinə görə ödənilmiş pul vəsaitinin əvəzi qismində 200 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və X1 Azad Vəli oğluna qarşı lizinq müqaviləsi üzrə yaranmış borcun ödənilməsi barədə iddiası qismən təmin edilsin. 16 avqust 2016-cı il tarixli, 791-L/16 nömrəli müqavilə üzrə öhdəliklərin icra edilməməsinə görə yaranmış cərimə qismində 50 manat, 11 fevral 2019-cu il tarixli, 225- GL/19 nömrəli müqavilə üzrə öhdəliklərin icra edilməməsinə görə yaranmış cərimə qismində 100 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. İlkin mediasiya sessiyasının keçirilməsinə görə ödənilmiş pul vəsaitinin əvəzi qismində 200 manat Cavabdeh tutularaq Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 ay müddətində elektron kabinet vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar