Məhkəmə qərarları › İş №e-2-2(113)-6255/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-6255/2023

19.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-6255/2023 19.12.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh qarşı “müqavilə üzrə borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi, cərimə, vəkil xərci və medasiya xərci) Bakı Kommersiya Məhkəməsinin hakimi Namazova Günay Rüstəm qızı, İddiaçı MMC-nin Cavabdeh qarşı “müqavilə üzrə borcun ödənilməsi” tələbinə dair işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 1332,91 manat məbləğində əsas borc, 58 manat məbləğində dəbbə pulu, 141 manat məbləğində əldən çıxmış fayda, 60 manat məbləğində mediasiya xərcləri, 200 manat məbləğində vəkil xərci, ümumilikdə 1791,91 manat məbləğində pulun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2017ci il tarixdə malların alqı-satqına dair müqavilə bağlanmışdır. Həmin müqavilənin 6.3-cü maddəsinə əsasən alıcı müvafiq hesab fakturaya əsasən malın dəyərinin 100%-ni 14 gün ərzində bank köçürmə yolu ilə ödəməlidir. Həmin müqavilənin 8.2-ci maddəsinə əsasən alıcı malın satış qiymətinin ödənilməsini gecikdirdiyinə görə, gecikdirmənin hər günü üçün satıcıya vaxtında ödəmədiyi məbləğin 0,01 % məbləğində dəbbə pulu ödəməsi nəzərdə tutulmuşdur. xx.xx.2017-ci il tarixli müqaviləyə uyğun olaraq malın Alıcı Cavabdeh verilməsini təsdiq edən xx.xx.2017-ci il tarixli, 793286 saylı 622,88 manat məbləğində elektron qaimə və xx.xx.2017-ci il tarixli, 610344 saylı 800,04 manat məbləğində elektron qaimə vardır. Həmçinin, tərəflər arasında müqaviləyə uyğun olaraq xx.xx.2017-ci il tarixli və ********** nömrəli invoys üzrə 800,04 manat məbləğində, xx.xx.2017-ci il tarixli və ********** nömrəli invoys üzrə 622,88 manat məbləğində invoyslar mövcuddur. Müqaviləyə əsasən Cavabdeh sifarişləri əsasında avtonəqliyyat vasitələrinin ehtiyat hissələri təhvil verilmiş və alıcının şirkətə olan borcu 1332,91 manat məbləğində əsas borcu, xx.xx.2022 tarixindən xx.xx.2023 tarixinədək olan 58 manat məbləğində dəbbə pulu borcu vardır. Ən son Cavabdeh tərəfindən edilən ödəniş tarixindən başlanılmaqla bu günədək dəbbə məbləği hesablanılmışdır. 1332,91 (əsas borc) x 0,01%(cərimə məbləği) = 0,13 (bir gün üçün) 0,13 (bir gün üçün) x 449 (xx.xx.2022 tarixindən xx.xx.2023 tarixinədək olan günlərin sayı) = 58 ( ümumi dəbbə məbləği), xx.xx.2022 tarixindən xx.xx.2023 tarixinədək olan 141 manat məbləğində əldən çıxmış fayda hesablanmışdır. Əldən çıxmış fayda üçün faizlərin miqdarı isə bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 449.2.-ci maddəsinə əsasən- Bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir. Əldən çıxmış faydanın hesablanıldığı gün üçün, yəni hal-hazırda Mərkəzi Bankın müəyyənləşdirdiyi bank uçot dərəcəsi isə 8.5 %-dir. Odur ki, əldən çıxmış faydanın hesablanma qaydası belədir -1332,91 (əsas borc) x 8,5 (uçot faiz dərəcəsi) = 113 (bir il üçün) 113 (bir il üçün) x 1 (xx.xx.2022 tarixindən xx.xx.2023 tarixinədək olan illərin sayı) = 113 (bir il üçün olan əldən çıxmış fayda məbləği) 113 (bir il üçün) x 3/12 (xx.xx.2023 tarixindən xx.xx.2023 tarixinədək olan ayların sayı)=28 (üç ay üçün olan əldən çıxmış fayda məbləği) 113 (bir il üçün olan əldən çıxmış fayda məbləği) +28 (üç ay üçün olan əldən çıxmış fayda məbləği)= 141 (ümumi əldən çıxmış fayda məbləği). Odur ki, hal-hazırda Cavabdeh İddiaçı MMC-yə olan borcu, 1332,91 manat məbləğində əsas borc, 58 manat məbləğində dəbbə pulu, 141 manat məbləğində əldən çıxmış fayda olmaqla ümumilikdə 1.531,91 manat məbləğindədir. Qeyd edilən elektron qaimələr və invoyslar üzrə mallar alıcıya təhvil təslim edilməsinə baxmayaraq alıcı tərəfindən 1332,91 manat məbləğində malın dəyəri bu günə qədər ödənilməmişdir. Cavabdeh tərəflə əlaqə saxlanılaraq dəfələrlə ödənilməli olan məbləğ tələb edilsə də, Cavabdeh tərəfindən heç bir ödəmə həyata keçirilməmişdir. Cavabdeh ilə İddiaçı MMC arasında bağlanılmış xx.xx.2017-ci il tarixli müqaviləyə uyğun olaraq Satıcı tərəfindən verilmiş mallar və Alıcı tərəfindən həyata keçirilən ödəmələrlə bağlı hesabdan çıxarış iddia ərizəsinə qoşmaya əlavə edilir. Belə ki, Cavabdeh xx.xx.2017-ci ildən başlanılmaqla xx.xx.2022-ci il tarixindədək müxtəlif vaxtlarda müqavilə üzrə mallar təhvil verilmişdir. Ümumilikdə 16583,37 manat məbləğində mallar Alıcıya təhvil verilmişdir. Cavabdehtərəfindən isə 15250,34 manat məbləğində ödəniş edilmişdir. Cavabdeh tərəfindən 1332,91 manat məbləğində borc isə bu günə qədər ödənilməmişdir. xx.xx.2022ci il tarixində İddiaçı MMC-yə olan borcun 10 iş günü müddətində ödənilməsi tələbi ilə Cavabdeh pretenziya qaydasında xəbərdarlıq məktubu göndərilmiş, lakin borclu tərəfindən heç bir məbləğ ödənilməmişdir. Odur ki, 1332,91 manat əsas borc, dəbbə pulu, əldən çıxmış fayda, mediasiya xərcləri, vəkil xərci, poçt xərcləri, iddia ərizəsinin məhkəməyə verilməsi üçün dövlət rüsumu və digər xərclərin Cavabdeh alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə Bakı Kommersiya Məhkəməsinə müraciət etmək zərurəti yaranmışdır.

II. Məhkəmə baxışının hədləri:

3. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

III.Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

4. İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli, TMT-17017 saylı malların alqı-satqısı müqaviləsinə əsasən:

5. Müqavilənin 2.1-ci bəndinə əsasən satıcı malı alıcının mülkiyyətinə verməyi, alıcı isə həin malı qəbul etməyi və onun əvəzində malın satış qiymətini müqavilədə müəyyən edilən qaydada və şərtlərlə satıcıya ödəməyi öhdəsinə götürür.

6. Müqavilənin 2.2-ci bənidnə əsasən satılan mallarının hər biriin adı, çeşidi, miqdarı və məbləği alış zamanı təqdim edilən hesab faktura ilə müəyyən edilir.

7. Müqavilənin 3.1-ci bənidnə əsasən satıcı müvafiq hesab faktura təqdim edildiyi tarixdən razılaşdırılmış çeşiddə və miqdarda ketfiyyətli malı alıcının səlahiyyətləri qanunvericiliklıə nəzərdə tutulmuş qaydada rəsmiləşdirilmiş nümayəndəsinə təhvil verilir.

8. Müqavilənin 4.2-ci bənidnə əsasən alıcı malın satış qiymətini bu müqavilədə nəzərdə tutulan qaydada və müddətdə ödəyir.

9. Müqavilənin 5.1-ci bəndinə əsasən bu müqavilə qüvvəyə mindikdən sonra satıcı alıcının tələbatını və bu müqavilə ilə müəyyən edilmiş qaydaları nəzərə almaqla satdığı malı qaimə -faktura əsasında alıcıya təhvil verir.

10. Müqavilənin 6.1-ci bəndinə əsasən satıaln malın hər bir vahidinin və ƏDV-ni nəzərə almaqla malın satış qiyməti hesab-faktura ilə müəyyən edilir.

11. Müqavilənin 8.2-ci bəndinə əsasən alıcı malın satış qiymətinin ödənilməsini gecikdirdiyinə görə, gecikdirmənin hər günü üçün satıcıya vaxtında ödəmədiyi məbləğin 0.01%-i məbləğində dəbbə pulu ödəyir.

12. xx.xx.2017-ci il tarixli, ********** saylı invoysa əsasən Cavabdeh təqdim olunmuş malların dəyəri 800,04 manat və xx.xx.2017-ci il tarixli, ********** saylı invoysa əsasən isə 622,88 manat müəyyən edilmişdir.

13. xx.xx.2017-ci il tarixli, EAAB610344 saylı elektron qaiməyə əsasən Cavabdeh 800,04 manat məbləğində və xx.xx.2017-ci il tarixli, EAAB793286 saylı elektron qaiməyə əsasən isə 622,88 manat məbləğində mallar təqdim edilmişdir. (Həmin qaimələr çap olunaraq tərəflərin imzaları ilə təsdiq edilmişdir).

14. xx.xx.2017-ci il tarixli malların alqı-satqısına dair müqavilə üzrə xx.xx.2023-cü il tarixli hesabdan çıxarışa əsasən Cavabdeh xx.xx.2022-ci il tarixinə 1332,91 manata borcu qaldığı qeyd olunmuşdur.

15. 20.11.2023-cü il tarixli qəbzə əsasən 10 saylı Vəkil bürosuna 201 manat məbləğində ödəniş həyata keçirilmişdir.

16. Məhkəmə iş materiallarını araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır.

17. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

18. Həmin Məcəllənin 598.1 və 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur.

19. Tərəflər arasında xx.xx.2023-cü il tarixli, TMT-17017 saylı malların alqı-satqısı müqaviləsinin 2.1-ci bəndinə əsasən satıcı malı alıcının mülkiyyətinə verməyi, alıcı isə həmin malı qəbul etməyi və onun əvəzində malın satış qiymətini müqavilədə müəyyən edilən qaydada və şərtlərlə satıcıya ödəməyi öhdəsinə götürür.

20. Buna görə də, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən tələb olunan məbləğ təqdim olunmuş sübutlarla təsdiqini tapdığı üçün, iddia tələbinin 1332,91 manat borca dair hissədə təmin olunması üçün əsaslar mövcuddur.

21. Bununla yanaşı, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış xx.xx.2027-cü il tarixli, TMT-17017 saylı malların alqısatqısı 8.2-ci bəndinə əsasən hesablanmış 58 manat cərimə pulunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür.

22. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.

23. Məhkəmə hesab edir ki, cavabdehin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən, cavabdeh tərəfindən də təkzib edilmədiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır.

24. Belə olan halda məhkəmə tələb olunan 58 manat məbləğində dəbbə pulunun müqavilənin 8.2-ci bəndinə uyğun olaraq hesablandığını və əsas borca nisbətdə yüksək olmadığı üçün bu hissədə də tələbin əsaslı olduğunu hesab edir.

25. Beləliklə, işin hallarından görünür ki, cavabdeh müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikərə əməl etməyərək yaranmış borcu ödəmədiyinə görə iddiaçının tələbi aşkardır.

26. Bundan başqa məhkəmə iddia tələbinin 141 manat məlbəğində əldən çıxmış fayda hissədində təmin edilməməsi qənaətinə gəlir.

27. Mülki Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

28. Həmin Məcəllənin 443.4-cü maddəsinə görə əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır.

29. Məhkəmə ilk növbədə qeyd edir ki, əldən çıxmış fayda formasında maddi zərərin tutulması tələbinə dair işlərə baxılarkən məhkəmə tərəfindən cavabdehin hüquqazidd əməlləri nəticəsində iddiaçının hüquqlarının pozulması, əldən çıxmış faydanın mövcudluğu faktı və məbləği, eləcə də cavabdehin hüquqazidd əməlləri ilə əldən çıxmış faydanın yaranması arasında səbəbli əlaqənin mövcudluğu müəyyən edilməlidir. Bu zaman iddiaçı onun əldən çıxmış faydanı əldə etməsi üçün zəruri olan bütün hərəkətləri etdiyini, lakin cavabdehin hüquqazidd əməllərinin həmin faydanı əldə etməyə mane olduğunu sübuta yetirməlidir.

30. Göstərilən müddəaların məzmunundan da göründüyü kimi əldən çıxmış fayda dedikdə zərərin əvəzinin ödənilməsini tələb edən şəxsin hüquqları pozulmadığı halda adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər başa düşülür. Əldən çıxmış faydanın tutulması barədə iddialara baxılarkən iddiaçı tərəfindən həmin faydanı əldə etmək üçün görülmüş tədbirlər və bu məqsədlə aparılmış hazırlıq işləri nəzərə alınmalıdır.

31. İş materiallarından isə görünür ki, hazırkı işdə iddiaçı hüquqları pozulmadığı təqdirdə adi mülki dövriyyə şəraitində gəlir əldə edə biləcəyini, bunun üçün tədbirlər görməsini və bu məqsədlə hazırlıq işləri aparmasını sübuta yetirə bilməmişdir.

32. Azərbaycan Respublikası MPM-nin:

33. 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

34. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

35. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

36. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-1ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur.

37. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.

38. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyi üçün hüquqi yardımla bağlı ödənilmiş pul vəsaitinin əvəzi qismində 200 manat, ilkin mediasiya sessiyasının keçirilməsinə görə ödənilmiş pul vəsaitinin əvəzi qismində 60 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

IV.Nəticə:

39. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 284-5.3, 284-6.1, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh xx.xx.2017-ci il tarixli, TMT17017 nömrəli alqı-satqı müqaviləsi üzrə 1332,91 manat (min üç yüz otuz iki manat doxsan bir qəpik) manat əsas borc məbləği, 58 manat (əlli səkkiz) manat dəbbə pulu və mediasiya xərcinin əvəzi olaraq 60 manat, vəkil xərcinin əvəzi olaraq 200 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Günay Namazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar