Məhkəmə qərarları › İş №e-2-2(113)-6256/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-6256/2023

28.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-6256/2023 28.12.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh X1rşı “pul” tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat, nisyə alqı-satqı müqaviləsi, borcun ödənilməsi) Bakı Kommersiya Məhkəməsinin hakimi X3, İddiaçı Cavabdehnə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdim: İşin halları:

1. İddiaçı MMC Cavabdeh MMC-dən yaranmış 5402,04 manat məbləğində əsas borcun, 70 manat mediasiya xərcinin tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 505 saylı inşaat materiallarının alqı-satqısı müqaviləsinin 1.1-ci bəndinə əsasən, müqaviləyə 1 saylı əlavə olan spesifikasiya aktında adları qeyd olunan malları “satıcı” satmağı, “alıcı” isə onu qəbul edib, razılaşdırılmış qiymətdə və razılaşdırılmış müddətdə dəyərini ödəməyi öz öhdəsinə götürmüşdür. Müqavilənin 9.1-ci bəndinə əsasən, bu müqavilə bağlandığı andan qüvvəyə minir və bir il müddətinə qüvvədədir. Müqavilənin qüvvədə olma müddəti başa çatdıqdan sonra ona xitam vermək barədə tərəflərdən birinin digərinə yazılı müraciəti olmadıqda bu müqavilə eyni müddət üçün və eyni şərtlərlə uzadılmış hesab edilir. Müqaviləyə uyğun olaraq cavabdehin sifarişi ilə müəyyən olunan mallar vaxtında və tam şəkildə ona təhvil verilmişdir. Alqı-satqı münasibətlərinin yekununda müştərinin qalıq debitor borcunun müəyyənləşdirilməsi məqsədilə Cavabdeh MMC-nin və iddiaçının səlahiyyətli nümayəndələrinin iştirakı ilə “üzləşdirmə aktı” tərtib edilmişdir. xx.xx.2023-cü il tarixli “üzləşdirmə aktı”na əsasən, İddiaçı MMC ilə Cavabdeh MMC arasında xx.xx.2023-cü il xx.xx.2023-cü il dövrü üzrə müştərinin 4578 manat əsas, 824,04 manat ƏDV məbləği olmaqla ümumilikdə 5402,04 manat qalıq debitor borcunun olduğu müəyən edilmiş və tərəflərin imzası, möhürü ilə təsdiq edilmişdir. Müqavilənin 5.1-ci bəndinə əsasən, ödəmə bank köçürməsi və ya nağd hesablaşma yolu ilə malların alıcıya təhvil verildiyi gündən 30 gün ərzində alıcı tərəfindən həyata keçirilir. Lakin alıcı müqavilənin şərtlərini kobud şəkildə pozaraq aldığı malların dəyərini bu günədək ödəməmişdir. Müqavilənin 8.1-ci maddəsinə uyğun olaraq məsələni həll etmək məqsədilə dəfələrlə borcun ödənilməsi ilə bağlı cavabdehə şifahi və yazılı xəbərdarlıqlar edilmişdir. Eyni zamanda mülki prosessual qanunvericiliyə uyğun olaraq xx.xx.2023-cü il tarixdə pretenziya məktubu cavabdehin elektron kabinetinə yerləşdirilmişdir. Mübahisənin məhkəmədən kənar həlli məqsədilə “Mediasiya haqqında” Qanunun tələblərinə uyğun olaraq cavabdehə mediasiya sessiyasının tətbiq edilməsi ilə əlaqədar təklif göndərilmiş, lakin xx.xx.2023-cü il tarixdə təyin edilmiş iclasda da tərəflər arasında razılığın əldə edilməsi mümkün olmamışdır. Beləliklə iddiaçı tərəfindən müqavilə üzrə öhdəliklər tamamilə icra olunsa da, cavabdeh öz üzərinə götürdüyü öhdəliklərini bu günə kimi yerinə yetirməmişdir. Belə ki, Cavabdeh MMC müəssisədən aldığı malların dəyərini tam ödəməmiş və nəticədə İddiaçı MMC-yə 5402,04 manat məbləğində icra olunmamış borc öhdəliyi qalmışdır.

3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3, 21.2, 385.1, 425, 448, 600-cü maddələrinə istinad olunmuşdur.

4. Daha sonra iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən yaranmış 5402,04 manat məbləğində əsas borcun və 110 manat mediasiya xərcinin tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş, iddia ərizəsi və əlavə olunmuş sənədlər göndərilsə də, iddiaya qarşı etiraz daxil olmamışdır. Tədqiq olunan sübutlar:

6. İş materiallarından görünür ki, İddiaçı MMC “satıcı”, Cavabdeh MMC “alıcı” olmaqla tərəflər arasında xx.xx.2022-ci il tarixli 505 nömrəli alqı-satqı müqaviləsi imzalanmışdır. Bu müqavilənin 1.1-ci bəndinə əsasən bu müqavilədə müəyyən edilmiş şərtlər əsasında, müqavilənin ayrılmaz tərkib hissəsi sayılan (müqaviləyə 1 saylı əlavə) spesifikasiyada adları göstərilən malları satıcıya satmağı, alıcı isə onu alıb dəyərini ödəməyi öhdəsinə götürür. 4.1-ci bəndə əsasən malların təhvil-təslimi alıcının sifarişindən 2 gün ərzində satıcının anbarında həyata keçirilir. 4.2-ci bəndə əsasən malların alıcıya təhvil verilməsi üzləşdirmə aktı, qaimə-faktura və ya elektron qaimə-faktura ilə təsdiq edilir. Bu sənədlərin hər biri ayrı-ayrılıqda bərabər hüquqi qüvvəyə malikdir. Malların təhviltəslimi ilə bağlı qeyd olunan sənədlərdən hər-hansı birinin mövcudluğu satıcının təhviltəslim öhdəliyinin icrasını təsdiq edir. 5.1-ci bəndə əsasən ödəmə bank köçürməsi yolu ilə və yaxud nəğd hesablaşma yolu ilə malların alıcıya təhvil verildiyi gündən 30 gün ərzində alıcı tərəfindən həyata keçirilir.

7. xx.xx.2022-ci il tarixli 505 nömrəli alqı-satqı müqaviləsinə 1 saylı əlavədən məlum olur ki, ayrı-ayrı məhsullar üzrə qiymətlər tərəflər arasında razılaşdırılmışdır.

8. İddiaçı MMC və Cavabdeh MMC-nin möhürləri ilə təsdiq edilmiş xx.xx.2023-cü il tarixli xx.xx.2023-xx.xx.2023-cü il dövrü üzrə üzləşmə aktından məlum olur ki, xx.xx.2023cü il tarixinə Cavabdeh MMC-nin İddiaçı MMC-yə əsas məbləğdən 4578 manat, ƏDV məbləğindən isə 824,04 manat borcu var.

9. EBCM seriyalı 400456 nömrəli xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 155,76 manat, EBCM seriyalı 958138 nömrəli xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 194,70 manat, EBCN seriyalı 382569 nömrəli xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 1339,30 manat, EBCO seriyalı 572684 nömrəli xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 120,36 manat, EBCO seriyalı 687172 nömrəli xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 389,40 manat, EBDB seriyalı 177850 nömrəli xx.xx.2023cü il tarixli elektron qaiməyə əsasən 584,10 manat, EBDB seriyalı 275643 nömrəli xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 519,20 manat, EBDB seriyalı 505433 nömrəli xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 414,18 manat məbləğində müxtəlif çeşidli mallar İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ödənilməsi üçün təqdim edilmişdir.

10. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə göndərilmiş pretenziya məktubunda borcun 10 gün ərzində ödənilməsi barədə xəbərdarlıq edilmişdir.

11. Beləliklə, işin hallarından görünür ki, tərəflər arasında alqı-satqı müqaviləsi imzalanmış, həmin müqavilə üzrə müxtəlif malların nisyə alqı-satqısı İddiaçı MMC və Cavabdeh MMC arasında razılaşdırılmışdır. Cavabdeh MMC-nin təhvil verilmiş malların dəyərini ödəmək vəzifəsi olsa da, həmin öhdəliyini icra etməmişdir. Tətbiq edilən hüquq:

12. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

14. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun: 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Məhkəmənin mövqeyi:

15. Beləliklə də, işdə olan materiallardan və işin faktiki hallarından görünür ki, tərəflər arasında nisyə alqı-satqı müqaviləsi imzalanmış, həmin müqavilə üzrə tərəflərin hər ikisinin öhdəlikləri olduğu halda, cavabdeh tərəfindən öhdəliklər icra edilməmiş, habelə icra edilmədiyi təqdirdə, onların yerinə yetirilməməsinin hər hansı bir üzrlü səbəbləri göstərilməmişdir. Buna görə də iddiaçının Mülki Məcəllənin 600.4-cü maddəsinə əsasən cavabdehdən verdiyi malların ödənilməsini tələb etmək hüququ vardır.

16. İddiaçı tərəfindən təqdim edilmiş elektron qaimələrlə ümumilkdə 3.717 manat məbləğində malların verilməsi öz təsdiqini tapır. Bununla yanaşı, tərəflər arasında tərtib edilən xx.xx.2023-cü il tarixli üzləşmə aktında isə xx.xx.2023-cü il tarixinə 1685,04 manat, xx.xx.2023-xx.xx.2023 tarixləri arasında isə ümumilikdə 3717 manat məbləğində dövriyyənin olması qeyd edilmişdir. Belə olan halda, tərtib edilmiş üzləşmə aktında ümumilkdə 5402,04 manat məbləğində mövcud borcun tərəflər arasında təsdiq edildiyini və eyni zamanda tərəflər arasında imzalanmış müqavilənin 4.2-ci bəndini də nəzərə alaraq hesab edirəm ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir.

17. Eləcə də, iddiaçı 110 (yüz on) manat ödənilmiş mediasiyaya dair xərcin də, cavabdehdən onun xeyrinə tutulmasını xahiş etmişdir.

18. Hesab edirəm ki, iddia tələbi təmin edildiyindən mediasiyaya ödənilmiş 110 manat məbləğində pul vəsaiti, cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

19. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdim: İddia təmin edilsin. Cavabdeh MMC-dən 5402,04 (beş min dörd yüz iki manat dörd qəpik) manat əsas borc, 110 (yüz on) manat mediasiya xərci tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (elektron formada) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar