Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-6265/2024 17.10.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: podrat müqaviləsi) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Atayeva Nərgiz Etibar qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2.730,20 manat borc məbləğinin, həmçinin məhkəməyə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 50,31 manat, göstərilmiş hüquqi xidmətə görə 300 manatın, cəmi 3.080,51 manatın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı (icraçı) İddiaçı ilə cavabdeh (sifarişçi) Cavabdeh MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 04 saylı Müqaviləyə əsasən İddiaçı müqavilə üzrə müəyyən olunmuş malları Cavabdeh MMC-yə təqdim etməyi, bunun müqabilində isə sifarişçi alınan malların dəyərini icraçıya ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı müqavilə üzrə öhdəliklərini layiqincə icra edərək Cavabdeh MMC-ə alman istehsalı olan 20-lik, 25-lik, 51-lik və 50-60 dərəcə istiliyə dözümlü 220 cərəyanla işləyən dizel sayğaclarının təhvil verilməsi və təhvil verilmiş dizel sayğaclarının quraşdırılmasını tam olaraq həyata keçirmişdir. Lakin Cavabdeh MMC müqavilə üzrə öhdəliklərini lazımınca yerinə yetirməyərək hələ də həmin ödənişlərini tam həyata keçirməmişdir, Cavabdeh MMC tərəfindən EBCB seriyalı 803351 saylı e-qaimə üzrə 10.920,80 manat məbləğində ödəniş edilmişdir. Lakin bu ödəniş müqavilədə nəzərdə tutulmuş ödənişin cəmi 80%-ni təşkil etməkdədir ki, bu da Cavabdeh MMC-nin öz öhdəliklərini qismən yerinə yetirdiyinə dəlalət edir. Öhdəliklərin bu şəkildə qismən icrası iddiaçı olaraq İddiaçı qane qane etmir, hüquqlarını pozur. Həmçinin bu məsələ ilə bağlı tərəflər arasında əvvəl də mübahisə yaranmış və məhkəmə qaydasında İddiaçı öz öhdəliklərini layiqincə və tam olaraq yerinə yetirdiyi sübuta yetirilmişdir. Belə ki, Ali Məhkəmənin xx.xx.2024-cü il tarixli, 2-2(102)- 127/2024 saylı qərarına əsasən məhkəmə araşdırılması zamanı hazırki iş üzrə iddiaçı olan İddiaçı öhdəliyi icra etməməsi və bunun nəticəsində də Cavabdeh MMC-yə zərər vurması, İddiaçı müqaviləni əhəmiyyətli dərəcədə pozması halları müəyyən olunmamışdır. Həmçinin Cavabdeh MMC məhkəməyə müraciət edərkən İddiaçı 10.920,80 manat məbləğin tutulmasını xahiş etmişdir. Bununla da, Cavabdeh MMC dolayı yolla müqavilədə nəzərdə tutulmuş 13.651 manat ödənişi tam olaraq həyata keçirmədiyini etiraf etmiş və borclu olduğunu boynuna almışdır. Müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsinin Azərbaycan Respublikasının qanunvericiliyinə zidd olmasını bildirərək 2.730,20 manat borcun xx.xx.2024-cü il tarixinədək ödənilməsinin təmin olunması ilə bağlıCavabdeh MMC-yə rəsmi qaydada məktub göndərilmişdir və borcun xx.xx.2024-cü il tarixinədək ödənilmədiyi təqdirdə Azərbaycan Respublikasının qanunvericilik aktlarını rəhbər tutaraq öhdəliklərin gecikdirilməsinə və lazımi qaydada icra edilməməsinə görə digər hüquqi müdafiə tədbirlərindən istifadə edərək Bakı Kommeriya Məhkəməsinə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. Lakin buna baxmayaraq Cavabdeh MMC-dən heç bir cavab gəlməmişdir və borc ödənilməmişdir. Odur ki, hazırda Cavabdeh MMC-dən 2.730,20 manat borcun alınaraq, İddiaçı ödənilməsi zərurəti vardır.
3. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsinin xahiş etdi hissəsində cavabdehin Cavabdeh MMC kimi qəbul edilməsini xahiş etmişdir. II. Tərəflərin mövqeləri:
4. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, tərəflər arasında bağlanmış müqavilə üzrə görülmüş işlərin ümumi dəyərinin 13651 manat (8030 ABŞ dolları) olması razılaşdırılmış, həmin işlər (sayğacların alınması və quraşdırılması) tam şəkildə iddiaçı tərəfindən icra edilmiş, sayğacların dəyəri olan 10920,80 manat pul vəsaiti cavabdeh tərəfindən iddiaçıya ödənilsə də, qalıq 2730,20 manat pul cavabdeh tərəfindən ödənilməmişdir.
5. Cavabdehin nümayəndəsinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
6. Məhkəmə iclasının cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir.
III. Məhkəmə baxışının hədləri:
7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 241.4-cü maddəsinə əsasən iddiaçının tələbi əsaslı olduqda, məhkəmə onun iddiasını qiyabi qətnamə ilə təmin edir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
8. İddiaçı (icraçı) ilə cavabdeh (sifrarişçi) arasında bağlanmış 11 avqust 2022-ci il tarixli 04 nömrəli müqaviləyə əsasən, icraçı sifarişçinin verdiyi alman istehsalı olan 20-lik, 25-lik, 51-lik və 50-60 dərəcə istiliyə dözümlü 220 cərəyanla işləyən dizel sayğaclarını təhvil verir və təhvil verilmiş dizel sayğaclarının quraşdırılmasını həyata keçirir.
9. Müqavilə ilə təhvil verilmiş malların və görülmüş işlərin dəyəri ümumi dəyərinin 8030 ABŞ dolları olması razılaşdırılmışdır.
10. Müqavilənin 1.2-ci bəndinə əsasən icraçı sifarişçinin sifariş verdiyi dizel sayğaclarınının quraşdırılmasını həyata keçirir.
11. Müqavilənin 3.1-ci bəndinə görə göstərilən xidmətlərin həcmi tərəflərin razılaşması ilə müəyyən edilir və xidmətlərin göstərilməsinə dair xidmət haqqı müqavilənin tərkib hissəsi olan hesab-fakturada qeyd edilir.
12. İddiaçı tərəfindən cavabdehə xx.xx.2022-ci il tarixli EBCG 456087 nömrəli 10920,80 manat məbləğində (sayğaclarla bağlı) elektron qaimə təqdim edilmişdir.
13. Cavabdeh tərəfindən iddiaçıya xx.xx.2022-ci il tarixdə 10920,80 manat məbləğində vəsait ödənilmişdir.
14. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-2563/2023 nömrəli qətnaməsi ilə Cavabdeh İddiaçı qarşı “pul” tələbinə dair iddiası təmin edilməmişdir.
15. Məhkəmə nümayəndənin izahatını dinləyib materialları araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir.
16. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında 11 avqust 2022-ci il tarixli, 04 nömrəli qarışıq müqavilə (alqı-satqı və podrat müqaviləsi) imzalanmış, iddiaçı öz üzərinə düşən öhdəlikləri tam həcmdə icra etmiş, alqı-satqı müqaviləsi üzrə malları alıcı olan cavabdehə təhvil vermiş, habelə həmin sayğacların quraşdırılması işlərini icra etmişdir.
17. Həmin müqavilə üzrə cavabdeh tərəfindən öhdəliklər tam şəkildə icra edilməmiş, iddiaçı tərəfindən satılmış sayğacların dəyəri ödənilsə də, həmin sayğacların quraşdırılması xərci ödənilməmişdir. Cavabdehin həmin müqavilə üzrə öhdəliklərini lazımınca icra etməməsi iddiaçıya həmin müqavilə, habelə Mülki Məcəllənin aşağıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.
18. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.
19. Həmin Məcəllənin 753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır.
20. Bu səbəbdən məhkəmə hesab edir ki, müqavilə üzrə yaranmış 2730,20 manat borcun tələb edilməsi hissəsində iddia tələbi əsaslıdır və təmin edilməlidir.
21. Bundan başqa iddia ərizəsində 300 manat vəkilin göstərdiyi hüquqi yardıma görə xərcin cavabdehdən tutulması da tələb edilir.
22. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən hüquqi yardımla bağlı iddiaçının çəkdiyi xərc cavabdehə aid edilməlidir.
23. Belə ki, iddiaçı tərəfindən təqdim olunmuş ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən hüquqi xidmət haqqına görə “Kəngərli və partnyorları” Vəkil Bürosuna 300 manat vəsait ödənilmişdir.
24. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
25. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 2730,20 manat məbləğində əsas borc, hüquqi yardımla bağlı ödənilmiş 300 manat pul tutularaq iddiaçıya ödənilməlidir.
26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
27. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş 50 manat dövlət rüsumu xərc cavabdehə aid edilməlidir.
V. Nəticə:
28. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh MMC-dən 2730,20 manat əsas borc, 300 manat hüquqi yardıma görə xərc, 50 manat dövlət rüsumu, ümumilikdə 3080,20 (üç min səksən manat iyirmi qəpik) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Ülkər Həsənova