Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-6267/2024 08.10.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi, üzləşmə aktı) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Atayeva Nərgiz Etibar qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı MMC (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 34744.03 (otuz dörd min yeddi yüz qırx dörd) manat 3 (üç qəpik) əsas borc, 7000 (yeddi min) manat cərimə məbləği, 215 (iki yüz on beş) manat 26 (iyirmi altı) qəpik dövlət rüsumu, cəmi 41959 (qırx bir min doqquz yüz əlli doqquz) manat 29 (iyirmi doqquz) qəpik məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında 09 mart 2023-cü il tarixli alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən İddiaçı tərəfindən "xxxx" MMC-nin mülkiyyətinə məsaməli hörgü blokları və yapışdırıcı təhvil verilib. Həmin malların dəyərinin bir hissəsi ödənilsə də, cavabdehin iddiaçıya 34744.03 (otuz dörd min yeddi yüz qırx dörd manat üç qəpik) məbləğində borcu qalmışdır. Tərəflər arasında borcların qarşılıqlı üzləşdirilməsi ilə bağlı üzləşmə aktı imza və möhürlə təsdiq edilib. Müqavilənin 9.3-cü bəndinə əsasən 7000 manat dəbbə pulu hesablanmışdır. Cavabdehə borcun ödənilməsi ilə bağlı xx.xx.2024-cü il tarixli (həm onlayn kargüzarlıq vasitəsi ilə, həm də elektron məhkəmə vasitəsi ilə) pretenziya ünvanlanmış, lakin pretenziya tələbi icra edilməmişdir. Müqavilənin 4.2-ci bəndinə əsasən Müqavilənin əlavələrində başqa qayda nəzərdə tutulmamışdırsa Alıcı hər ay üzrə ona təhvil verilmiş Malın dəyərini, hər növbəti təqvim ayının 15-dək ödəməyi öhdəsinə götürür. Müqavilənin 9.3-cü bəndinə əsasən Alıcı malların dəyərinin ödənilməsi ilə bağlı hər gecikmə gününə görə 0,01% (sıfr tam yüzdə bir) faiz məbləğində dəbbə pulu ödəyəcək. Müqavilənin ayrılmaz tərkib hissəsi hesab olunan qiymət razılaşdırma protokolunun 6-cı bəndinə əsasən Satıcı tərəfindən müvafiq qaydada hazırlanıb təsdiq edilən və portal vasitəsi ilə Alıcının elektron kabinetinə elektron formada göndərilən elektron qaimə-faktura Alıcı və ya proqram təminatı tərəfindən təsdiq edildikdə elektron qaimə-faktura təhvil-təslim aktına və təhvil-qəbul aktına bərabər tutulur və mallar alcının mülkiyyətinə verilmiş hesab edilir.
3. Cavabdeh xx.xx.2024-cü il tarixdə məhkəməyə yazılı ərizə ünvanlayıb göstərmişdir ki, iddia tələbi ilə əlaqədar iddiaçı ilə razılıq əldə edilsə də təminat istənildiyindən bu günədək yekun nəticə əldə edilməmişdir. Razılaşmaya əsasən əsas borc və hesablanmış ƏDV tərəflərindən qəbul edilir, əlavə hesablanmış faiz hissəsində isə iddiaçının tələbi olmur. Keçən müddət ərzində təklif edilən hüquqi mexanizmlərlə əlaqədar razılıq əldə edilmədiyindən, razılaşdırılmış məbləğ hesabda qalmaqdadır. Qeyd edilənlə əsasən əsas borcun ƏDV ilə birgə 34744,03 manat hissəsində iddianı qəbul edirlər. Faiz hissəsində iddianı qəbul etmirlər. Ümumiyyətlə faiz hissəsində tələb olunan 7000 manat məbləğ düzgün hesablanmamış, 7000 manatın hesablanma əsasları qeyd edilməmişdir. Qeyd edilənlərin nəzərə alınmaqla yekun məhkəmə qətnaməsinin qəbul edilməsini xahiş edirlər.
II. Tərəflərin mövqeləri:
4. Məhkəmə iclasında iddiaçının nümayəndəsi N.Məmmədov iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
5. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş, səbəbi barədə də məlumat verməmişdir.
6. Məhkəmə iclasının cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir.
III. Məhkəmə baxışının hədləri:
7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
8. İddiaçı və cavabdeh arasında bağlanmış 09 mart 2023-cü il tarixli, AAC106/2023 saylı alqı-satqı müqaviləsinin 2.1-ci bəndinə görə Satıcı müqavilənin əlavələrində (qiymət razılaşdırma protokolları, qiymət spesifikasiyaları, razılaşma və s.) göstərilən müxtəlif növ tikinti məhsullarının (qazbeton/məsaməli hörgü blokları, yapışdırıcı, əhəng və s.) razılaşdırılmış qiymətlə istifadə məqsədləri üçün yararlı halda Alıcıya satmağı, Alıcı isə həmin malları qəbul edib dəyərini müvafiq əlavədə müəyyən edilmiş məbləğdə və şərtlərlə alıcıya ödəməyi öhdəsinə götürür.
9. Müqavilənin 4.2-ci bəndinə görə müqavilənin əlavələrində başqa qayda nəzərdə tutulmamışdırsa alıcı hər ay üzrə ona təhvil verilmiş malın dəyərini hər növbəti təqvim ayının 15-dək ödəməyi öhdəsinə götürür.
10. Müqavilənin 9.3-cü bəndinə görə Alıcı malların dəyərinin ödənilməsi ilə bağlı hər gecikmə gününə görə 0,01% (sıfır tam yüzdə bir faiz) məbləğində dəbbə pulu ödəyəcək.
11. İddiaçı və cavabdeh arasında bağlanmış 09 mart 2023-cü il tarixli, AAC106/2023 saylı alqı-satqı müqaviləsinə dair 09 mart 2023-cü il tarixli qiymətlərin razılaşdırma protokolu ilə alqı-satqı müqaviləsi üzrə malların adı, qiyməti və ölçü vahidləri müəyyən edilmişdir.
12. İddiaçı və cavabdeh tərəfindən təsdiq olunmuş xx.xx.2024-cü il tarixli qarşılıqlı hesablaşmalar haqqında üzləşmə aktına görə xx.xx.2024-cü il tarixə cavabdehin iddiaçıya olan borcu ƏDV daxil 34744,03 manat təşkil edir.
13. İddiaçı tərəfindən cavabdehə xx.xx.2023-cü il tarixli EBDD 365191 nömrəli 12772,60 manat məbləğində, xx.xx.2023-cü il tarixli EBDD 505523 nömrəli 3808,57 manat məbləğində, xx.xx.2023-cü il tarixli EBDD 715641 nömrəli 4120,09 manat məbləğində, xx.xx.2023-cü il tarixli EBDD 881508 nömrəli 3808,57 manat məbləğində, xx.xx.2023-cü il tarixli EBDE 450695 nömrəli 2004,58 manat məbləğində, xx.xx.2023-cü il tarixli EBDE 450696 nömrəli 2004,58 manat məbləğində, xx.xx.2023-cü il tarixli EBDF 105608 nömrəli 4155,49 manat məbləğində, xx.xx.2023-cü il tarixli EBDF 593592 nömrəli 3614,29 manat məbləğində, xx.xx.2023-cü il tarixli EBDF 939265 nömrəli 4627,49 manat məbləğində, xx.xx.2023-cü il tarixli EBDF 939261 nömrəli 4155,49 manat məbləğində, xx.xx.2023-cü il tarixli EBDG 391606 nömrəli 4155,49 manat məbləğində, xx.xx.2023-cü il tarixli EBDG 391505 nömrəli 4155,49 manat məbləğində, xx.xx.2023-cü il tarixli EBDG 488080 nömrəli 4155,49 manat məbləğində, 26.05.23-cüil tarixli EBDG 488079 nömrəli 3843,97 manat məbləğində, xx.xx.2023-cü il tarixli EBDG 488082 nömrəli 3843,97 manat məbləğində, xx.xx.2023-cü il tarixli EBDG 488081 nömrəli 4155,49 manat məbləğində, xx.xx.2023-cü il tarixli EBDG 658273 nömrəli 4155,49 manat məbləğində, xx.xx.2023-cü il tarixli EBDK 290264 nömrəli 4155,49 manat məbləğində, xx.xx.2023-cü il tarixli EBDK 760521 nömrəli 4155,49 manat məbləğində, xx.xx.2023-cü il tarixli EBDR 484277 nömrəli 236 manat məbləğində, xx.xx.2023-cü il tarixli EBDR 484275 nömrəli 236 manat məbləğində, xx.xx.2023-cü il tarixli EBDQ 359910 nömrəli 311,52 manat məbləğində, xx.xx.2023-cü il tarixli EBDQ 359806 nömrəli 311,52 manat məbləğində elektron qaimələr təqdim edilmişdir.
14. 12.04.2023-cü il tarixli 000İPX12310225AD nömrəli köçürməyə əsasən 20000 manat, xx.xx.2023-cü il tarixli 000İPX********** nömrəli köçürməyə əsasən 20000 manat məbləğində vəsait cavabdeh tərəfindən iddiaçıya məxsus bank hesabına köçürülmüşdür.
15. xx.xx.2024-cü il tarixli **********800090 nömrəli köçürmə aparılması haqqında bildirişə əsasən 1651,64 manat, xx.xx.2024-cü il tarixli **********800049 nömrəli köçürmə aparılması haqqında bildirişə əsasən 1948,36 manat, xx.xx.2024-cü il tarixli **********510717 nömrəli köçürmə aparılması haqqında bildirişə əsasən 3600 manat məbləğində vəsait cavabdeh tərəfindən iddiaçıya məxsus hesaba köçürülmüşdür.
16. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehin iddiaçıya satın alınmış malların dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış 09 mart 2023-cü il tarixli alqı-satqı müqaviləsindən irəli gəlir. Cavabdehin bu öhdəliyini lazımınca icra etməməsi iddiaçıya alqı-satqı müqaviləsi və Mülki Məcəllənin aşağıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.
17. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
18. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
19. Həmin Məcəllənin 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir.
20. Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.
21. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
22. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
23. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.
24. Həmin Məcəllənin 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur.
25. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.
26. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
27. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı həmin müqavilədən irəli gələrək üzərinə düşən öhdəlikləri icra etmiş, lakin cavabdeh tərəfindən öhdəliklər tam şəkildə icra edilməmişdir. Həmçinin cavabdeh xx.xx.2024-cü il tarixdə məhkəməyə ünvanladığı ərizədə iddia tələbini əsas borc (ƏDV ilə birgə 34744,03 manat hissəsində) qəbul etmişdir.
28. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia əsas borcun tutulması hissəsində əsaslı olduğundan təmin edilməli, cavabdehdən 34744,03 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir.
29. Bundan əlavə, materiallardan görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış 09 mart 2023-cü il tarixli, AAC106/2023 saylı müqavilənin 9.3-cü bəndinə əsasən hesablanmış 7000 manat cərimə pulunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür.
30. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.
31. Məhkəmə hesab edir ki, cavabdehin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır.
32. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
33. Belə olan halda məhkəmə tələb olunan cərimənin əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan cərimə tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq cərimə 1700 manat müəyyən edilməlidir.
34. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 34744,03 manat əsas borc, 1700 manat dəbbə pulu tutularaq iddiaçıya ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.
35. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
36. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 200 manat dövlət rüsumu cavabdehə, 15 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.
V. Nəticə:
37. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 34744,03 manat əsas borc, 1700 manat dəbbə pulu, 200 manat dövlət rüsumu, ümumilikdə 36644,03 (otuz altı min altı yüz qırx dörd manat üç qəpik) manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İddia ərizəsi verilərkən ödənilmiş 15 (on beş) manat dövlət rüsumu İddiaçı MMC-nin özünə aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Ülkər Həsənova