Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-627/2023 01.03.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı MMC (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən xx.xx.2021-ci il tarixli 2010AS/1 nömrəli alqı-satqı müqaviləsi üzrə 15533.64 manat məbləğində ödənilməmiş pulun, 22614 manat məbləğində cərimə (dəbbə) pulunun, 582.51 manat gecikdirilmiş vaxt üçün faiz borcunun və 9786 manat əldən çıxmış fayda olmaqla, cəmi 48516.15 manat borc məbləğinin, ilkin mediasiya xidməti üçün ödənilmiş 200 manat rüsumun, 36 manat ödənilmiş dövlət rüsumunun və vəkil xidmətləri üçün ödənilmiş 211 manat məbləğində pulun iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflər arasında xx.xx.2021-ci il tarixli 2010AS/1 nömrəli Alğı-satqı müqaviləsi bağlanmış və həmin müqaviləyə əlavə edilmiş qiymət razılaşdırma protokolları əsasında cavabdehə müxtəlif növ mallar satılmışdır. İddiaçı həmin müqavilə üzrə öz öhdəliklərini yerinə yetirərək qiymət razılaşdırma protokollarında qeyd olunan malları cavabdehə təhvil vermişdir. Qeyd edilməlidir ki, sözügedən malların cavabdehə təhvil verilməsi elektron qaimə-fakturalarla və xx.xx.2021, xx.xx.2022 və xx.xx.2022-ci il tarixli təhvil-təslim aktları ilə təsdiq edilir. Lakin cavabdeh malların dəyərini iddiaçıya ödəməməklə üzərinə düşən öhdəlikləri icra etməyərək müqavilə şərtlərini pozmuşdur. Belə ki, müqavilə şərtlərinə görə cavabdeh hesab faktura və elektron qaimə təqdim edildikdən sonra 3 iş günü ərzində sifariş olunmuş malın dəyərini tam olaraq iddiaçının bank hesabına ödəməli olduğu halda, xx.xx.2021-ci il tarixli Alğı-satqı müqaviləsinə əlavə edilmiş 6, 7 və 8 saylı qiymət razılaşdırma protokolları üzrə satılmış malların dəyərini, yəni 15533.64 manat məbləğində borcu, öhdəliyin icrası müddəti başa çatanadək ödəməmişdir. Məhkəmənin nəzərinə çatdırılır ki, həmin pul məbləğinin ödənilməməsi iddiaçının mülki dövriyyədə iştirakına maneələr yaradır və çətinləşdirir. Cavabdeh öhdəliklərini icra etsə idi, iddiaçı borc məbləğinin 7%-i həcmində gəlir əldə edəcəkdi. Belə olan halda iddiaçı 15533.64 manat məbləğinin hazır məhsulun (əmtəənin) satışından adi mülki dövriyyədən aylıq 1087.35 manat olmaqla 9 ay üçün 9786 manat qazanc (gəlir, bəhər) əldə edə bilərdi, lakin cavabdeh öhdəliklərindən boyun qaçırdığından iddiaçı həmin qazancdan məhrum olmuşdur. Müqavilə üzrə yaranmış borc məbləğinin ödənilməsi üçün cavabdehə elektron qaimə faktura göndərilmiş, həmin borcun ödənilməsi üçün dəfələrlə e-poçt və whatsapp vasitəsi ilə məktublar yazılmış, lakin buna baxmayaraq cavabdeh heç bir ödəniş etməmişdir. Bundan başqa, cavabdehin nümayəndəsi ilə yaradılmış telefon əlaqələri zamanı ödəniş etmək üçün 3-4 ayadək vaxt verilməsini istəmişlər. Bu da onu göstərir ki, cavabdeh yaxın vaxtda ödəniş etmək niyyətində deyil. Ehtimal olunur ki, cavabdeh məqsədli şəkildə prosesləri uzadaraq ödəniş vaxtını gecikdirir. Tərəflərin izahatı: Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, satıcı tərəfindən alıcıya iddia ərizəsində qeyd edilən mallardan əlavə əvvəllər də mal təqdim edilmiş, onların dəyəri tam şəkildə ödənilmişdir. Hazırda dəyəri tələb edilən mallar cavabdehə təhvil verilmiş son üç partiya mallardır. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməni məlumatlandırmamışdır. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi: Belə ki, məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: İddiaçı ilə cavabdeh arasında bağlanmış 20 oktyabr 2021-ci il tarixli 2010AS/1 nömrəli alqı-satqı müqaviləsinə əsasən satıcı alıcının sfiarişçiləri əsasında müqaviləyə Əlavələrdə (X2) qeyd olunan adlara uyğun inşaat materiallarını, metal profillər, armatur, polad təbəqələr və s. alıcının mülkiyyətinə verir, alıcı isə həmin malları qəbul edir və müqavilə ilə razılaşdırılmış qaydada malların dəyərini satıcıya ödəyir. Müqavilənin 1.2-ci bəndinə əsasən malların növü, çeşidi, tərkibi, rəngi, digər əlamətləri və xarakterik xüsusiyyətləri müqavilənin ayrılmaz tərkib hissəsi sayılan Əlavələrlə (X2nda) müəyyən olunur. Müqavilənin 2.1-ci bəndinə əsasən malın qiyməti və miqdarı müqaviləyə Əlavələrlə (X2) və ya elektron qaimə faktura ilə müəyyənləşdirilir. Müqavilənin 5.1-ci bəndinə əsasən alıcı hesab-faktrada göstərilmiş və sifariş olunmuş malların dəyərini satıcı tərəfindən alıcıya hesab-faktura və elektron qaimə təqdim edildikdən sonra 3 iş günü ərzində dəyərinin 100 % məbləğini satıcının hesablaşma hesabına və ƏDV-ni satıcının ƏDV depozit hesabına ödənilməsi şərti ilə həyata keçirilməsinə razılıq verirlər, alıcı 3 iş günü ərzində ödənişi etmədiyi halda gecikən hər gün üçün 200 manat dəyərində cərimə olunacaqdır. Müqaviləyə 22 dekabr 2021-ci il tarixli 6 saylı X1 əsasən tərəflər arasında imzalanmış 2010AS/1 saylı xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən satılacaq malların dəyərinin 14769 manat olması razılaşdırılmışdır. Müqaviləyə 11 fevral 2022-ci il tarixli 7 saylı X1 əsasən tərəflər arasında imzalanmış 2010AS/1 saylı xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən satılacaq malların dəyərinin 424,80 manat məbləğində olması razılaşdırılmışdır. Müqaviləyə 18 fevral 2022-ci il tarixli 8 saylı X1 əsasən tərəflər arasında imzalanmış 2010AS/1 saylı xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən satılacaq malların dəyərinin 339,84 manat olması razılaşdırılmışdır. Müqaviləyə 22 dekabr 2022-ci il tarixli təhvil-təslim aktına əsasən tərəflər arasında imzalanmış 2010AS/1 saylı xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən satıcı alıcıya 14769 manat məbləğində mal təhvil verilmişdir. Müqaviləyə 11 fevral 2022-ci il tarixli təhvil-təslim aktına əsasən tərəflər arasında imzalanmış 2010AS/1 saylı xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən satıcı alıcıya 424,80 manat məbləğində mal təhvil verilmişdir. Müqaviləyə 18 fevral 2022-ci il tarixli təhvil-təslim aktına əsasən tərəflər arasında imzalanmış 2010AS/1 saylı xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən satıcı alıcıya 339,84 manat məbləğində mal təhvil verilmişdir. İddiaçı tərəfindən cavabdehə təhvil verilmiş mallarla bağlı EBBO 557348 nömrəli xx.xx.2021-ci il tarixli (14769 manat), EBBR 091558 nömrəli xx.xx.2022-ci il tarixli (424,80 manat), EBBR 544474 nömrəli, xx.xx.2022-ci il tarixli (339,84 manat) elektron qaimələr təqdim edilmişdir. Hüquqi dəyərləndirmə: Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehin iddiaçıya satın alınmış malların dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış 20 oktyabr 2021-ci il tarixli 2010AS/1 nömrəli alqı-satqı müqaviləsindən irəli gəlir. Cavabdehin bu öhdəliyini lazımınca icra etməməsi iddiaçıya alqı-satqı müqaviləsi və Mülki Məcəllənin aşağıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir; Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Həmin Məcəllənin 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı həmin müqavilədən irəli gələrək üzərinə düşən öhdəlikləri icra etmiş, lakin cavabdeh tərəfindən öhdəliklər tam şəkildə icra edilməmişdir. Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını, cavabdehin alqı-satqı müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri tam icra etmədiyini, nəticədə onun həmin müqavilə üzrə iddiaçıya ümumilikdə 15533,64 manat borcunun yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia həmin hissədə təmin edilməli, cavabdehdən 15533,64 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir. Bununla yanaşı, materiallardan görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış 20 oktyabr 2021-ci il tarixli 2010AS/1 saylı alqı-satqı müqaviləsinin 5.1-ci bəndinə əsasən hesablanmış 22614 manat cərimə pulunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə hesab edir ki, cavabdehin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Belə olan halda məhkəmə tələb olunan cərimənin əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan cərimə tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq cərimə 770 manat məbləğində müəyyən edilməlidir. Materiallardan görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə illik 5 faiz hesablanmaqla 582,51 manat məbləğində faiz borcunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür. İddiaçı iddia tələbində cavabdehdən hər il üçün gecikdirilmiş illik beş faiz hesablanmaqla 582,51 manat faiz borcunun ödənilməsi tələbini irəli sürsə də, məhkəməyə tələb etdiyi faiz borcunun məbləğinin hesablanması düsturu və bunun üçün əsas götürülmüş müddət (günə-gün hesabı ilə) barədə heç bir sübut təqdim etməmişdir. Məhkəmənin yalnız iddia ərizəsində göstərilənlərə əsasən yuxarıda göstərilən qaydada qiymətləndirmə aparması və cavabdehdən 582,51 manat faiz borcu tutması mümkün deyil. Ona görə də məhkəmə hesab edir ki, hazırda tələb olunan bu məbləğin əsaslı olubolmaması barədə birmənalı nəticəyə gəlmək mümkün olmadığından və tələbin əsasına dair sübutlar təqdim edilmədiyindən bu hissədə iddia tələbi təmin olunmamalıdır. Məhkəmə iddia tələbinin üçüncü hissəsi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İddia ərizəsindən görünür ki, iddiaçı cavabdehdən borcun ödənilməsinin gecikdirilməsinə görə 9786 manat məbləğində əldən çıxmış faydanın ödənilməsi tələbini də irəli sürmüşdür. Belə ki, 9786 manat məbləğində əldən çıxmış faydanın tutulması hissəsində iddiaçı tələbini əsaslandıra və bununla bağlı hər hansı mötəbər sübutlar təqdim edə bilmədiyindən, iddia həmin hissədə də təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsində sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən şəxslərin üzərinə qoyulması mülki mühakimə icraatının çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Tərəflərin hər biri bu qaydadan istifadə edərək öz tələb və etirazlarının əsaslılığını sübut etməlidir. Nəticə: Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 15533,64 manat əsas borc, 770 manat cərimə, ümumilikdə 16303,64 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Materiallardan da göründüyü kimi “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” xx.xx.2022-ci il tarixli MŞB/16-253 nömrəli arayışa əsasən, cavabdeh mediasiya sessiyasında iştirak etməmiş, iddiaçı tərəfindən ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 200 manat məbləğində mediasiyaya dair xərc ödənilmişdir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 200 manat dövlət rüsumu cavabdehə, ödənilmiş 36 manat dövlət rüsumu isə iddiaçının özünə aid edilməlidir. Bundan başqa iddia ərizəsində 211 manat vəkilin göstərdiyi hüquqi yardıma görə xərclərin cavabdehdən tutulması da tələb edilir. Belə ki, xx.xx.2022-ci il tarixli ödəniş tapşırığından görünür ki, iddiaçı tərəfindən Fides Vəkil Bürosunun hesabına hüquqi xidmət haqqına görə 210 manat pul ödənilmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iddiaçı tərəfindən hüquqi yardıma görə ödənilmiş 211 manat xidmət haqqı da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 15533,64 (on beş min beş yüz otuz üç manat altmış dörd qəpik) manat əsas borc, 770 (yeddi yüz yetmiş) manat cərimə, ümumilikdə 16303,64 (on altı min üç yüz üç manat altmış dörd qəpik) manat məbləğində pul, hüquqi yardıma görə ödənilmiş 211 (iki yüz on bir) manat vəsait və ödənilmiş 200 (iki yüz) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş 36 (otuz altı) manat dövlət rüsumu İddiaçı MMC-yə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ülkər Həsənova
Məhkəmə qərarları › İş №e-2-2(113)-627/2023
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-627/2023
01.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver