Məhkəmə qərarları › İş №e-2-2(113)-627/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-627/2025

07.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-627/2025 07.01.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: nisyə alqı-satqı müqaviləsi, prosessual maraq, dəbbə pulunun azaldılması, sübutetmə) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Quluzadə Gülçin Təhmasib qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə İddiaçı Cavabdehnə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı (bundan sonra İddiaçı MMC) Cavabdehnə (bundan sonra Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsi üzrə 160 995,42 manat əsas borcun, 10000 manat cərimə məbləğinin və ödənilmiş 462 manat dövlət rüsumunun, 500 manat hüquqi yardım xərcinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki: 2.1. iddiaçı ilə cavabdeh arasında xx.xx.2023-cü il tarixdə bağlanmış alqı-satqı müqaviləsi əsasında iddiaçı cavabdehə xx.xx.2023-cü ildə 2860,32 manat, xx.xx.2023-cü ildə 11374,02 manat, xx.xx.2023-cü ildə 21287,98 manat, xx.xx.2023-cü ildə 5691,75 manat, xx.xx.2023-cü ildə 3563,01 manat, xx.xx.2023-cü ildə 13782,40 manat, xx.xx.2023cü ildə 12956,40 manat, xx.xx.2023-cü ildə 85329,76 manat, xx.xx.2023-cü ildə 4122,05 manat, xx.xx.2023-cü ildə 38452,07 manat olmaqla cəmi 199 419,76 manat (ƏDV daxil) dəyərində mal (geyim əşyası və digərləri) satılıb, təhvil verilmişdir. Həmin 199 419,76 manat pulun 18%-i, yəni 35 895,55 manatı ƏDV olub, qalan 163 523,45 manatı əsas borcdur. Həmin müqavilənin 3-cü bəndinə görə təhvil verilmiş malın qiyməti təhvil verildiyinin sabahı günü iddiaçıya ödənilməlidir. Lakin bu günə qədər cavabdeh təhvil aldığı malların qiyməti olan cəmi 199 419,76 manat pulun 35 452,34 manatını ödəmişdir. Qalıq 160995,42 manat pul dəfələrlə tələb olunsa da, hələ də ödənilməyib. Həmin məbləğin 136436,80 manatı əsas borc, 24558,62 manatı isə ƏDV-dir. 2.2. Tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli MSB/9/2024-01734 saylı barışıq sazişindən görünür ki, tərəflər aşağıdakılar barəsində razılaşdılar: 1) Cavabdeh MMC ilə İddiaçı MMC arasında Bakı şəhərində xx.xx.2023-cü il tarixində bağlanmış alqısatqı müqaviləsi əsasında satıcı - İddiaçı MMC tərəfindən alıcı - Cavabdeh MMC-yə xx.xx.2023-cü ildə 2860,32 manat, xx.xx.2023-cü ildə 11374,02 manat, xx.xx.2023-cü ildə 21287,98 manat, xx.xx.2023-cü ildə 5691,75 manat, xx.xx.2023-cü ildə 3563,01 manat, xx.xx.2023-cü ildə 13782,40 manat, xx.xx.2023-cü ildə 12956,40 manat, xx.xx.2023-cü ildə 85329,76 manat, xx.xx.2023-cü ildə 4122,05 manat, xx.xx.2023-cü ildə 38452,07 manat olmaqla cəmi ƏDV ilə 199 419,76 manat dəyərində mal (geyim əşyası və digərləri) satılıb təhvil verilmişdir. Həmin 199 419,76 manat puldan Cavabdeh MMC tərəfindən İddiaçı MMC-yə ödənilməyib qalıq qalan borc olan 136 436, 80 manat pul və 24435,80 manat ƏDV-ni aşağıdakı tarixlərdəCavabdeh MMC tərəfindən İddiaçı MMC-yə ödəniləcəyini tərəflər razılaşır və qəbul edirlər: xx.xx.2024-cü il tarixində 14.000 manat + 18% ƏDV, cəmi 16 520 manat ödəniləcək; xx.xx.2024-cü il tarixində 50.000 manat +18% ƏDV, cəmi 59 000 manat ödəniləcək; xx.xx.2024-cü il tarixində 50 000 manat + 18% ƏDV, 59 000 manat ödəniləcək; xx.xx.2024-cü il tarixində 22 435,80 + 18% ƏDV, 26 473,3 manat ödəniləcək; cəmi 136 436, 80 + 18% ƏDV (24 558,62 manat), cəmi ƏDV ilə 160 995,42 manat ödəniləcək. 2) Saziş üzrə yuxarıda qeyd edilən ödəniş cədvəlinə (qaydası və tarixlərinə) əməl edildiyi müddət ərzində həmin ödənişlərin tələb olunması üçün birinci tərəf məhkəməyə və ya icra şöbələrinə müraciət etməyəcək. 3) İkinci tərəf saziş üzrə yuxarıda qeyd edilən ödəniş cədvəlinə (qaydası və tarixlərinə) əməl etməzsə, hər gecikmiş gün üçün gecikdirdiyi məbləğin 1%-i məbləğində dəbbə pulu ödəyəcək. 2.3. Bu barışıq sazişinə isə cavabdeh əməl etmədi, sazişin qaydalarını pozdu. Göründüyü kimi, cavabdehin xx.xx.2024-cü il tarixinə olan qalıq borcu ƏDV xaric 136 436,80 manatdır. 24 558,62 manat ƏDV ilə birlikdə həmin borc 160 995,42 manat təşkil edir. Sazişin 3-cü bəndindən məlum olur ki, cavabdeh həmin sazişdə göstərilən ödəniş cədvəlinə (qaydası və tarixlərinə) əməl etməzsə, yəni vaxtında borcunu ödəməzsə, hər gecikmiş gün üçün gecikdirdiyi məbləğin 1%-i məbləğində dəbbə pulu ödəyəcəkdir. Cavabdeh həmin saziş bağlanandan sonra heç bir ödəniş etməmişdir. Yəni sazişin qaydalarını pozub. Bu səbəblə ondan dəbbə pulunun da tələb olunması qanuni və əsaslıdır. Göründüyü kimi, xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü il tarixinə qədər gecikdirdiyi məbləğ 160 995,42 manat və gecikdirdiyi gün sayı 270 gündür. 1 gecikən gün üçün dəbbə pulu isə 1364 manat, 270 gün üçün isə bu, 368 280 manat təşkil edir. İddiaçı hələlik bu 368 280 manat dəbbə pulundan təkcə 10 000 manatını cavabdehdən tələb edir. Belə ki, cavabdehin vicdanlı borclu kimi öz borcunu ödəməsini gözləyir və buna ümid edir. Lakin əgər cavabdeh məhkəmə işi bitənə qədər öz borcunu ödəməzsə, iddiaçı qalan bütün dəbbə pulunu ayrı iddia ərizəsini məhkəməyə verərək cavabdehdən tələb edəcək. O həmin hüququ özündə saxlayır. Göründüyü kimi, hal-hazırda iddia tələbi cavabdehin iddiaçıya olan 160 995,42 manat pulun, 10 000 manat dəbbə pulunun və buna dair məhkəmə xərclərinin tələb olunması ilə bağlıdır. Bu pulun ödənilməsi üçün iddiaçı cavabdehə xx.xx.2024-cü il tarixində pretenziya məktubunu göndərib və 3 gün ərzində həmin pulun ödənilməsi tələb olunub. Lakin cavabdeh həmin pretenziya məktubuna da əməl etməyib.

3. İddia ərizəsində iddianın maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 445, 462, 567-ci və s. maddələri göstərilmişdir.

4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 154-cü maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə iddia ərizəsinə yazılı etiraz məhkəməyə daxil olmamışdır.

II. Tərəflərin mövqeləri:

5. Məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclaslarında iştirak edərək iddianın məzmununa uyğun izahat verdi və eyni zamanda göstərdi ki, barışıq sazişindən sonra cavabdeh hər hansı ödəniş etməmişdir.

6. Məhkəmə bildirişləri cavabdehin “Elektron məhkəmə” informasiya sistemində və X1 Sistemində, qanuni təmsilçisinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetlərinə yerləşdirilməklə, qanuni təmsilçinin yaşayış yeri üzrə rəsmi qeydiyyata alındığı ünvana göndərilməklə, sonuncunun mobil telefon nömrələrinə “SMS” bildirişlər çatdırılmaqla məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclaslarında iştirak etməmiş və iştirak edilməməsinin səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mübahisəyə cavabdehin iştirakı olmadan baxmışdır.

III. Məhkəmə baxışının hədləri:

7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

a) Alqı-satqı müqaviləsi üzrə pulun tutulması tələbi ilə bağlı

8. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.

9. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.

10. İddia ərizəsinə əlavə edilən iddiaçı (satıcı qismində) ilə cavabdeh (alıcı qismində) arasında 08 iyul 2023-cü il tarixdə bağlanmış 12 nömrəli alqı-satqı müqaviləsinin şərtlərindən görünür ki, Satıcı Alıcının tapşırığına əsasən bu müqavilənin ayrılmaz hissəsi olan “X2”nda (və ya Protokollarında) göstərilən Malın markalara, standartlara və digər qeyd olunmuş göstəricilərə uyğun şəkildə “Alıcı”nın mülkiyyətinə verməyi öhdəsinə götürür (1.1). Malın adı, miqdarı, ölçü vahidi, qiyməti və digər zəruri xüsusiyyətləri tərəflər arasında imzalanan X2 (və ya Protokolları) ilə müəyyən olunur (1.2). Müqaviləyə əlavə olunan bütün dəyişiklər və əlavələr Tərəflərin qarşılıqlı razılığı ilə imzaları və möhürləri ilə təsdiq edildikdən sonra qüvvəyə minir (1.3). Bütün razılaşdırılmış və imzalanmış əlavələr Müqavilənin ayrılmaz tərkib hissəsi hesab edilir (1.4). Satıcı malların göndərilməsi üzrə bu müqavilədə nəzərdə tutulan öhdəliklərini yerinə yetirərək və nəqliyyat xərclərini öz üzərinə götürməklə Alıcıya Malın hazır olan hər bir hissəni “elektron qaimə” və “Təhvil-Təslim” Aktı əsasında təhvil verir (2.1). Malların Alıcıya çatdırılma tarixi və yeri “X2”nda (və ya Protokollarında) göstərilir (2.2). Satıcı “X2”nda (və ya Protokollarında) göstərilən mallan müvafiq “X2” (və ya Protokolları) imzalandıqdan sonra Alıcıya çatdırır (2.3). Bu Müqavilə üzrə ödənişlər Mallar tam həcmdə bu Müqavilənin 2.3-cü bəndində müəyyən olunan formada Alıcının mülkiyyətinə verildikdən sonra və ya malların Alıcı tərəfindən sifarişi həyata keçirildikdən sonra, yəni öncədən Satıcının qaimə-fakturanın təqdim etdiyi gündən manat (AZN) valyutasında Satıcının bu Müqavilədə göstərilən bank hesabına köçürmə yolu ilə ödənilir (3.1). Müqavilənin qiyməti tam və ya hissə-hissə olmaqla ayrı-ayrı Mallar üzrə “X3”nda (və ya Protokollarında) göstərilir (3.2).

11. Məhkəməyə təqdim edilən həmin müqaviləyə əlavə olan qiymət razılaşma protokollarından görünür ki, 08 iyul 2023-cü il tarixli protokolla ƏDV daxil olmaqla 2860,32 manat, 25 iyul 2023-cü il tarixli protokolla ƏDV daxil olmaqla 11374,02 manat, 30 iyul 2023-cü il tarixli protokolla ƏDV daxil olmaqla 21287,98 manat, 04 avqust 2023-cü il tarixli protokolla ƏDV daxil olmaqla 5691,75 manat, 16 avqust 2023-cü il tarixli protokolla ƏDV daxil olmaqla 3563,01 manat, 18 avqust 2023-cü il tarixli protokolla ƏDV daxil olmaqla 12956,4 manat, 23 avqust 2023-cü il tarixli protokolla ƏDV daxil olmaqla 13782,4 manat, 01 sentyabr 2023-cü il tarixli protokolla ƏDV daxil olmaqla 10594,98 manat, 12 sentyabr 2023-cü il tarixli protokolla ƏDV daxil olmaqla 85329,76 manat, 20 sentyabr 2023-cü il tarixli protokolla ƏDV daxil olmaqla 4122,05 manat, 03 oktyabr 2023-cü il tarixli protokolla ƏDV daxil olmaqla 38452,07 manat olmaqla ümumilikdə ƏDV daxil 210 014,74 manat dəyərində malın adı, ölçü vahidi, qiyməti razılaşdırılmış, həmçinin həmin protokollarda şərtləşdirilmişdir ki, müqavilə üzrə mallar təhvil-təslim aktı ilə 15 iş günü ərzində Alıcıya çatdırılır (1.1). Ödəniş: a) ilkin olanıq 30%, qalan məbləğ isə malların təhvil-təslimindən sonra satıcının bank hesabına ödənilməklə həyata keçirilir (1.2). Ödəniş müqavilə imzalandığı andan təqdim olunan elektron-qaimə əsasında mallar təhvil-təslim aktı ilə Alıcıya təhvil verildikdən sonra 10 gün ərzində Satıcıya ödənilir (1.3). Müqavilə üzrə ödənişlərə ƏDV daxildir. Vergilər alıcı tərəfindən ödəniləcəkdir (1.4). Daşıma xərcləri satıcı tərəfindən həyata keçiriləcəkdir. Daşıma xərcləri müqavilə üzrə ödənişlərə deyil (1.5).

12. İş materiallarında olan hər iki hüquqi şəxsin möhürü ilə təsdiq edilmiş təhvil-təslim aktlarından görünür ki, xx.xx.2023-cü il tarixli aktla ƏDV daxil olmaqla 2860,32 manat, xx.xx.2023-cü il tarixli aktla ƏDV daxil olmaqla 11374,02 manat, xx.xx.2023-cü il tarixli aktla ƏDV daxil olmaqla 21287,98 manat, xx.xx.2023-cü il tarixli aktla ƏDV daxil olmaqla 5691,75 manat, xx.xx.2023-cü il tarixli aktla ƏDV daxil olmaqla 3563,01 manat, xx.xx.2023-cü il tarixli aktla ƏDV daxil olmaqla 12956,4 manat, xx.xx.2023-cü il tarixli aktla ƏDV daxil olmaqla 13782,4 manat, xx.xx.2023-cü il tarixli aktla ƏDV daxil olmaqla 10594,98 manat, xx.xx.2023-cü il tarixli aktla ƏDV daxil olmaqla 85329,76 manat, xx.xx.2023-cü il tarixli aktla ƏDV daxil olmaqla 4122,05 manat, xx.xx.2023-cü il tarixli aktla ƏDV daxil olmaqla 38452,07 manat olmaqla ümumilikdə ƏDV daxil 210 014,74 manat dəyərində mal cavabdehə təhvil verilmişdir.

13. Beləliklə, məhkəmə təqdim edilən sübutları aidiyyət, mümkünlük və mötəbərlik, sübutların məcmusunu isə yetərlilik baxımından qiymətləndirərək müəyyən edir ki, iddiaçı ilə cavabdeh arasında 08 iyul 2023-cü il tarixdə bağlanmış 12 nömrəli alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik münasibəti yaranmış, iddiaçı cavabdehin tapşırığına əsasən müqavilənin ayrılmaz hissəsi olan qiymət razılaşma protokollarında göstərilən malların markalara, standartlara və digər qeyd olunmuş göstəricilərə uyğun şəkildə sonuncunun mülkiyyətinə verməyi, cavabdeh isə malları qəbul edərək dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Tərəflər arasında malların dəyəri 08 iyul 2023-cü il tarixdən 03 oktyabr 2023-cü il tarixədək razılaşdırılan ayrı-ayrı qiymət razılaşma protokolları ilə təsdiq edilmiş, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli aktlar əsasında ümumilikdə ƏDV daxil olmaqla 210 014,74 manat dəyərində mal cavabdehə təqdim edilmişdir.

14. İddiaçı 08 iyul 2023-cü il tarixli 12 nömrəli alqı-satqı müqaviləsi üzrə malların qalıq dəyəri olan 160 995,42 manat borcun tutulmasını tələb edir.

15. Cavabdeh tərəf hazırkı mübahisəyə lazımi prosessual maraq göstərmir, məhkəmə iclaslarının yeri və vaxtı barədə məlumatlandırılmasına rəğmən məhkəmə iclaslarında iştirak etmir.

16. Məhkəmə cavabdehin hərəkətsizliyi ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.

17. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi bir sıra qərarlarında göstərmişdir ki, mülki prosesdə tərəflərdən mübahisələri ilə bağlı prosessual hərəkətlərin edilməsində “zəruri maraq” göstərməsi gözlənilir. Müvafiq prosessual hərəkətlərin edilməsində zəruri marağın göstərilib-göstərilməməsi qiymətləndirilərkən, tərəfin məhkəmə icraatında iştirak (təmsil) etmə (edilmə) imkanının olub-olmaması müəyyən olunmalıdır. Əslində, prosessual hüquqlar, bir qayda olaraq, prosessual vəzifələrlə sıx əlaqədədir (Bakovska Polşaya qarşı iş üzrə 2010, § 54, Zubak Xorvatiyaya qarşı iş üzrə 2018, § 93 Qərarları).

18. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən mülki məhkəmə icraatında hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kommersiya mübahisəsi üzrə işdə iştirak edən şəxslər tərəfindən prosessual marağın göstərilməsi zərurəti həm də işdə iştirak edən şəxslərin prosesin əmələ gəlməsi, gedişatı və sona yetməsi ilə əlaqədar öz hüquqları barəsində sərbəst sərəncam verməsində ifadə olunan dispozitivlik prinsipinin tələbidir.

19. Buna görə də məhkəmə cavabdehin hazırkı kommersiya mübahisəsindən lazımi qaydada məlumatlı olmasına və özünün və qanuni təmsilçisinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə təqdim edilən bütün sübutlarla tanış olmaq imkanına malik olmasına baxmayaraq, mülki mühakimə icraatında ondan gözlənilən prosessual marağın göstərilməməsini – iddia tələbinə etirazın təqdim edilməməsi, məhkəmə iclaslarında iştirak edilməməsi, sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallarla bağlı mövqenin ifadə edilməməsini iş üzrə yekun qənaətə gələrkən nəzərə alır.

20. Məhkəmə əvvəla alqı-satqı müqaviləsi ilə bağlı mülki qanunvericilik normalarının təhlilini zəruri hesab edir.

21. Mülki Məcəllənin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

22. Həmin Məcəllənin 597.1-ci maddəsində göstərilmişdir ki, alıcı əşyanı alqı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə …. ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur.

23. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə…. həyata keçirməlidir.

24. Mülki Məcəllənin alqı-satqı haqqında ümumi müddəalarının tələblərinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Alıcı isə əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.

25. Məhkəmə kommersiya mübahisəsinin müəyyən olunmuş, sübut edilmiş hallarına uyğun hüquq normalarını tətbiq edərkən qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilə nisyə alqı-satqı müqaviləsi olub, iddiaçının malların dəyərinin ödənilməsini tələb etmək hüququnun maddi hüquqi əsasını Mülki Məcəllənin 600.4-cü maddəsi təşkil edir.

26. Belə ki, Mülki Məcəllənin 600.4-cü maddəsinə görə, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

27. Göründüyü kimi, iddiaçı qeyd edilən hüquq normasından irəli gələn verilmiş əşyanın ödənilməsini tələb etmək hüququnu realizə edir.

28. Məhkəmə həmçinin qeyd edir ki, mediator tərəfindən təsdiq edilməsə də, hər iki hüquqi şəxsin möhürü ilə təsdiq edilmiş xx.xx.2024-cü il tarixli MSB/9/2024-01734 nömrəli barışıq sazişinə əsasən də cavabdeh iddiaçıya 08 iyul 2023-cü il tarixli 12 nömrəli alqısatqı müqaviləsi üzrə ƏDV daxil olmaqla 160 995,42 manat borcunun olduğunu qəbul etmiş, həmin borcu xx.xx.2024-cü il tarixədək ödəyəcəyini razılaşdırılmışdır. Mülki prosessual qanunvericiliyin sübutetmə vəzifəsindən və mülki qanunvericilik normalarından irəli gələrək məhkəmə göstərir ki, kreditor tərəfindən borcluya qarşı müqavilənin dəyərinin ödənilməsi tələblərində: (a) tərəflər arasında müqavilə münasibətlərinin mövcudluğu, (b) həmin müqavilə üzrə kreditorun öz vəzifələrini lazımınca icra etdiyi, (c) lakin borclunun müqavilə öhdəliklərini – müqavilənin dəyərini ödəmək vəzifəsini pozduğunu sübutetmə vəzifəsini, bir qayda olaraq, kreditor daşıyır. Borclu isə, bir qayda olaraq, kreditorun adıçəkilən tələbinə qarşı etirazının məzmunundan irəli gələrək (a) müqavilə münasibətlərinin mövcud olmadığını və ya (b) kreditorun öz vəzifələrini vaxtında və lazımınca icra etmədiyini və ya (c) müqavilənin dəyərini ödədiyini sübut etməlidir. Lakin cavabdeh aldığı malların dəyərini ödəməsi ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir.

29. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

30. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

31. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

32. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.

33. Beləliklə, məhkəmə hesab edir ki, alqı-satqı müqaviləsi üzrə əşyanın dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi pozaraq, müqavilə ilə nəzərdə tutulan müddətdə icra etməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh (alıcı) müqavilə üzrə yaranmış borcunu iddiaçıya ödəməlidir.

34. Göstərilənləri nəzərə alaraq məhkəmə bu qənaətə gəlir ki, iddia tələbi əsas borca münasibətdə təmin olunmalı, 08 iyul 2023-cü il tarixli 12 nömrəli alqı-satqı müqaviləsi üzrə ƏDV daxil olmaqla 160995,42 manat məbləğində pul Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməlidir.

b) Alqı-satqı müqaviləsi üzrə dəbbə pulunun tutulması tələbi ilə bağlı

35. İddia ərizəsində iddiaçı həmçinin 10000 manat məbləğində dəbbə pulunun cavabdehdən tutulmasını xahiş edir.

36. 08 iyul 2023-cü il tarixli 12 nömrəli alqı-satqı müqaviləsinin 7.3-cü bəndinə əsasən, Alıcı bu müqavilənin ayrılmaz tərkib hissəsi sayılan “Qiymət razılaşdırma protokolu” üzrə ödənişləri gecikdirdiyi təqdirdə, bu müqavilədə nəzərdə tutulmuş əsaslarla Satıcının ödənişin hamısını vaxtından əvvəl qaytarılmasını Alıcıdan tələb etmək hüququ yaranmaqla yanaşı, Alıcı hər gecikdirilən gün üçün tam məbləğin 2% (iki faiz) həcmində dəbbə pulu ödəməyi öhdəsinə götürür.

37. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir... Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.

38. Həmin Məcəllənin 467-ci maddəsində göstərilmişdir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.

39. Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Qeyd olunan maddənin mənasına görə, dəbbə pulunun məbləği öhdəliyin pozulmasının əmələ gətirdiyi nəticələrə açıq-aşkar uyğun gəlmədiyi, yəni dəbbə pulunun məbləği kreditorun reallıqda məruz qaldığı zərərdən əhəmiyyətli dərəcədə çox olduğu hallarda məhkəmə dəbbə pulunu tənasübsüz surətdə yüksək müəyyənləşdirilmiş hesab edərək azalda bilər. Bu halda məhkəmə öhdəliyin borclu tərəfindən pozulması dərəcəsini, öhdəlikdə iştirak edənlərin əmlak vəziyyətini, kreditorun həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini nəzərə almaqla razılaşdırılmış dəbbə pulunun azaldılması haqqında qərar qəbul etməlidir ("xxxx" Qapalı Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 yanvar 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 28 iyul 2021-ci il tarixli Qərar).

40. İş materialları ilə müəyyən olunur ki, hazırkı iddia ərizəsi ilə əlaqədar məhkəməyə müraciət olunmamışdan əvvəl mübahisənin pretenziya qaydasında həll edilməsi məqsədi ilə müvafiq addımlar atılmışdır, lakin mövcud mübahisənin məhkəməyəqədər mərhələdə həll edilməsi mümkün olmamışdır. Həmçinin xx.xx.2024-cü il tarixdən sonra cavabdeh tərəfindən hər hansı ödənişin edilməməsinə baxmayaraq, iddiaçı da uzun müddət sonra – xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət etməklə dəbbə pulunun artmasına rəvac vermişdir.

41. Məhkəmə iddiaçının həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini, o cümlədən yuxarıda qeyd edilən halları nəzərə alaraq hesab edir ki, cavabdehlərdən tutulmalı cərimə məbləğinin 8000 manat həddində müəyyənləşdirilməsi ağlabatan və ədalətlidir.

42. Məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi cərimənin tutulması hissəsində qismən təmin edilməli, 8000 manat məbləğində cərimə Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməlidir.

c) Məhkəmə xərcləri ilə bağlı

43. İddiaçı eyni zamanda ödənilmiş 462 manat dövlət rüsumunun, 500 manat hüquqi yardım xərcinin də tutulmasını tələb edir.

44. Elektron iddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi haqqında məlumat” qrafasına əsasən müəyyən olunur ki, ********** nömrəli mədaxil qəbzi ilə 462 manat məbləğində dövlət rüsumu iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmişdir.

45. İş materiallarında olan xx.xx.2024-cü il tarixli “Hüquqi yardımın göstərilməsi haqqında” 293 nömrəli müqavilədən görünür ki, hüquqi yardıma görə haqq razılıqla 70 manat müəyyən olunmuşdur.

46. xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, hüquqi yardıma görə 70 manat məbləğində pul hesaba köçürülmüşdür.

47. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

48. Həmin Məcəllənin 115.0 və 115.0.6-cı maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məsrəflərə, o cümlədən vəkillərə etdikləri kömək üçün ödənilən xərclər daxildir.

49. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.

50. Məhkəmə hesab edir ki, vəkilin göstərdiyi yardıma görə xərcin əvəzi olaraq 70 manat məbləğində pul ağlabatandır və cavabdehdən tutulmalıdır.

51. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

52. Beləliklə, iddia tələbinin qismən təmin edildiyini və yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 457 manat, hüquqi yardım xərcinin əvəzi olaraq 70 manat məbləğində pul Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməlidir.

V. Nəticə:

53. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. Cavabdehndən 160995,42 manat əsas borc, 8000 manat cərimə olmaqla ümumilikdə 168995,42 manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 457 manat, hüquqi yardım xərcinin əvəzi olaraq 70 manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Nərmin Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar