Məhkəmə qərarları › İş №e-2-2(113)-6273/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-6273/2024

17.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Tapşırıq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-6273/2024 17.10.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh “X2” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “xidmət müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: xidmət müqaviləsi, müqavilə azadlığı, prosessual maraq) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Quluzadə Gülçin Təhmasib qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, nümayəndəsi X1 iştirakları ilə İddiaçı cavabdeh “X2” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “xidmət müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı (bundan sonra İddiaçı MMC) cavabdeh “X2” Məhdud Məsuliyyətli Cəmiyyətinə (bundan sonra “X2” MMC) sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış 12 avqust 2022-ci il tarixli sertifikasiya xidməti üzrə müqaviləyə əsasən 2816,19 manat xidmət haqqının və ödənilmiş 53 manat dövlət rüsumunun, 405 manat hüquqi yardım xərcinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki: 2.1. iddiaçı ilə cavabdeh arasında 12 avqust 2022-ci il tarixli 22-CER-140 saylı xidmət müqaviləsi imzalanmışdır. Müqavilənin predmeti həmin müqavilənin 2.1-ci bəndinə əsasən iddiaçı tərəfindən cavabdehin idarəetmə sistemlərinin yoxlanılması, sertifikasiya üzrə orqan vasitəsi ilə mümkün sertifikatlaşdırma, idarəetmə sisteminin sertifikatının və sertifikat markasından istifadə hüququnun təmin edilməsinə yönələn müvafiq nəzarətdir. Həmin müqaviləyə görə, cavabdeh iddiaçıya haqq ödəyir və tərəflər müqavilə ilə müəyyən edilmiş öhdəliklərini qismən və ya tam yerinə yetirmədiklərinə görə məsuliyyət daşıyırlar. 2.2. Ancaq müqavilədə qeyd olunan yoxlamaların, işlərin yekunlaşmasına və bunun müqabilində müvafiq sertifikatların iddiaçı tərəfindən cavabdehə təhvil verilməsinə baxmayaraq, cavabdeh müqavilənin şərtlərinə əməl etməyərək müqavilə üzrə nəzərdə tutulan xidmət haqqını qanunsuz və əsassız şəkildə tam həcmdə ödəməkdən yayınmışdır. Belə ki, tərəflərin qarşılıqlı razılığa gəldikləri müqavilə üzrə iddiaçı sertifikatlaşma audit xidmətlərini həyata keçirməli və bunun müqabilində cavabdeh isə 2000 avro (ƏDV-siz) pul məbləğini ödəməyi öhdəsinə götürmüşdür. İş üzrə sübut kimi əlavə edilmiş EBCE seriyalı 580838 nömrəli xx.xx.2022 tarixli elektron qaiməyə əsasən qaimənin göndərildiyi tarixin məzənnəsi nəzərə alınmaqla həmin məbləğ ƏDV-siz 3386,60 manat, ƏDV daxil 3996,19 manat təşkil edir. Cavabdeh xx.xx.2024-cü il tarixində müqavilə öhdəliyi üzrə ödəməli olduğu 3996,19 manat pul məbləğinin 1180 manatını ödəsə də, geri qalan pul məbləğini indiyə qədər ödəməmişdir. 2.3. İddiaçı tərəfindən cavabdehə dəfələrlə yazılı və şifahi xəbərdarlıq edilməsinə baxmayaraq, qalıq 2816,19 manat pul məbləği ödənilməmiş qalmışdır. İş üzrə sübut kimi əlavə edilmiş hər 3 beynəlxalq sertifikat (ingilis və azərbaycan dilində olmaqla hərəsindən iki nüsxə) cavabdehə verilmiş və cavabdeh tərəfindən istifadə olunmuşdur. Bu sertifikatların hər birində onun doğruluğunu təsdiq edən sertifikat nömrəsi və tarix əks olunmuşdur. İddiaçı tərəfindən cavabdehə qarşı dəfələrlə həm yazılı, həm də şifahi xəbərdarlıqlar edilməsinə baxmayaraq, cavabdeh tərəfindən müqavilə öhdəliyi icra edilməyərək xidmətin dəyəri tam şəkildə ödənilməmişdir.

3. İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 385, 425, 442-ci və s. maddələri göstərilmişdir.

4. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-6273/2024 nömrəli qərardadı ilə işə iddia icraatı qaydasında baxılması qərara alınmış, cavabdehlərə iddia ərizəsinə dair yazılı etirazın və etiraza aid sübutların 20 gün ərzində məhkəməyə təqdim edilməsi təklif olunmuşdur.

5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 154-cü maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə iddia ərizəsinə yazılı etiraz məhkəməyə daxil olmamışdır.

II. Tərəflərin mövqeləri:

6. Məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil, nümayəndəsi – qanuni təmsilçisi Qanuni nümayəndə2, nümayəndəsi X3 məhkəmə iclaslarında iştirak edərək, iddianın məzmununa uyğun izahlar verdi və iddianın təmin edilməsini xahiş etdi.

7. Məhkəmənin suallarına cavab olaraq iddiaçının nümayəndəsi – qanuni təmsilçisi Qanuni nümayəndə2 qeyd etdi ki, iddiaçı sertifikatlaşdırma orqanıdır, audit keçirir, sertifikat və sertifikatdan istifadə hüququ verir. 12 avqust 2022-ci il tarixli 22-CER-140 saylı xidmət müqaviləsi üzrə cavabdehə inteqrə edilmiş idarətetmə sistemləri üzrə sertifikatlaşdırma xidmətləri göstərilməli, İSO 9001 (keyfiyyətli idarəetmə sistemi), İSO 14001 (ətraf mühiti idarəetmə sistemi) və İSO 45001 (sağlamlıq idarəetmə sistemi) standartları üzrə sertifikatlar verilməli, daha sonra 1-ci və 2-ci nəzarət auditi keçirilərək müddət uzadılmalı idi. Müqavilə 3 il müddətinə bağlanılsa da, sertifikatlaşma auditi keçirilərək müddəti 1 il olan sertifikat verilmiş, 1 il xidmət göstərilmiş, cavabdeh xidmətlərin dəyərindən yalnız 1180 manat ödəniş etdiyindən iddiaçı növbəti illər üçün xidmətin göstərilməsindən imtina etmiş, 1-ci və 2-ci nəzarət auditini keçirməmişdir. Ona görə də 1 il üçün göstərilmiş xidmət haqqının ödənilməsini tələb edir.

8. Məhkəmə bildirişləri cavabdehin və qanuni təmsilçisinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetlərinə yerləşdirilməklə, cavabdehin hüquqi ünvanına göndərilməklə, qanuni təmsilçisinin mobil telefon nömrələrinə “SMS” bildirişlər çatdırılmaqla, telefonoqramlar ötürülməklə məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, sonuncu məhkəmə iclaslarında nümayəndəsinin iştirakını təmin etməmiş və iştirak edilməməsinin səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mübahisəyə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

III. Məhkəmə baxışının hədləri:

9. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

a) Xidmət müqaviləsi üzrə pulun tutulması tələbi ilə bağlı

10. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.

11. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.

12. İddia ərizəsinə əlavə edilmiş iddiaçı ilə cavabdeh (müştəri qismində) arasında bağlanmış xx.xx.2022-ci il tarixli 22-CER-140 nömrəli sertifikasiya xidməti üzrə müqavilənin şərtlərindən görünür ki, İddiaçı MMC tərəfindən Müştərinin idarəetmə sistemlərinin yoxlanılması, Sertifikasiya üzrə Orqan (TÜV Austria CERT” GMBH) vasitəsi ilə mümkün sertifikatlaşdırma, idarəetmə sisteminin sertifikatının və sertifikat markasından istifadə hüququnun təmin edilməsinə yönələn müvafiq nəzarətdir (2.1). Müqavilə imzalandığı gündən qüvvəyə minir və sertifikatın son müddəti ilə başa çatır. Sertifikatın müddəti bitdikdən sonra Müştəri ilə İddiaçı MMC növbəti üç il ərzində ödənilməli məbləğ barədə ümumi razılığa gələrsə müqavilə, şərtlərə heç bir dəyişiklik olmadan əlavə üç il müddətinə uzadıla bilər (3.1). Sertifikatın qüvvədə saxlanılması və həmin müddətdə sertifikatlaşdırma nişanından istifadə hüququ İddiaçı MMC tərəfindən aparılan illik nəzarət auditləri, Sertifikatlaşdırma orqanı tərəfindən verilən müsbət qərar, habelə qüvvədə olan müqavilə əlaqələri əsasında müəyyən edilir. Nəzarət auditləri sertifikatın verildiyi tarixdən ən tezi 3 ay əvvəl, ən geci isə 2 ay sonrayadək həyata keçirilə bilər (3.3). xx.xx.2022-ci il tarixli, 22-CER-140 saylı qiymət təklifinə əsasən ilk üç il üçün aşağıdakı məbləğ razılaşdırılmışdır: sertifikatlaşma auditi: 2 000 Avro; 1-ci nəzarət auditi: 1 200 Avro; 2-ci nəzarət auditi: 1 200 Avro, cəmi: 4 400 Avro (15.4). 18% ƏDV qiymətə daxil deyil (15.5). Müqaviləyə əsasən hər il fəaliyyətə başlamazdan əvvəl 100% ilkin ödəmə tələb olunur (15.6).

13. Məhkəməyə təqdim edilən sertifikatlardan görünür ki, İSO 9001:2015 standartına əsasən tikinti obyektlərində beton konstruksiyaların və digər məmulatların sınaq və inspeksiyası üzrə **********5238 nömrəli, İSO 14001:2015 standartına əsasən tikinti obyektlərində beton konstruksiyaların və digər məmulatların sınaq və inspeksiyası üzrə **********5239 nömrəli, İSO 45001:2018 standartına əsasən tikinti obyektlərində beton konstruksiyaların və digər məmulatların sınaq və inspeksiyası üzrə **********5240 nömrəli sertifikatlar iddiaçı tərəfindən cavabdehə verilmişdir.

14. İş materiallarında olan elektron qaimə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Elektron qaimə” altsistemindən çıxarışlardan görünür ki, xx.xx.2022-ci il tarixli EBCE 580838 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 3996,19 manat dəyərində xidmətin göstərilməsi üçün tərtib edilərək cavabdehə göndərilmiş, həmin qaimə sistem tərəfindən təsdiq edilmişdir.

15. İş materiallarına əlavə edilən xx.xx.2024-cü il tarixli ödəniş tapşırığı və icra qeydindən görünür ki, 1000 manat məbləğində pul cavabdeh tərəfindən iddiaçının bank hesabına köçürülmüşdür.

16. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “ƏDV-nin depozit hesabı” altsistemindən çıxarışdan görünür ki, xx.xx.2024-cü il tarixdə 180 manat məbləğində pul iddiaçının ƏDV sub-hesabına köçürülmüşdür.

17. Beləliklə, məhkəmə təqdim edilən sübutları aidiyyət, mümkünlük və mötəbərlik, sübutların məcmusunu isə yetərlilik baxımından qiymətləndirərək müəyyən edir ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2022-ci il tarixli 22-CER-140 nömrəli xidmət müqaviləsindən irəli gələn öhdəlik münasibəti yaranmış, iddiaçı cavabdehin idarəetmə sistemlərinin yoxlanılması, Sertifikasiya üzrə Orqan (TÜV Austria CERT” GMBH) vasitəsi ilə mümkün sertifikatlaşdırma, idarəetmə sisteminin sertifikatının və sertifikat markasından istifadə hüququnun təmin edilməsinə yönələn müvafiq nəzarəti həyata keçirməyi, cavabdeh isə göstərilən xidmətlərin dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Müqavilə 3 il müddətinə bağlanmış, tərəflər birinci il üçün 2000 avro xidmət haqqı razılaşdırmışlar. İddiaçı İSO 9001:2015 standartına əsasən tikinti obyektlərində beton konstruksiyaların və digər məmulatların sınaq və inspeksiyası üzrə **********5238 nömrəli, İSO 14001:2015 standartına əsasən tikinti obyektlərində beton konstruksiyaların və digər məmulatların sınaq və inspeksiyası üzrə **********5239 nömrəli, İSO 45001:2018 standartına əsasən tikinti obyektlərində beton konstruksiyaların və digər məmulatların sınaq və inspeksiyası üzrə **********5240 nömrəli sertifikatları cavabdehə təqdim etmiş, iddiaçı tərəfindən xx.xx.2022-ci il tarixli EBCE 580838 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 3996,19 manat dəyərində xidmət üçün tərtib edilərək cavabdehə göndərmişdir, qaimə sistem tərəfindən təsdiq edilmiş və xidmət haqqından cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixdə ƏDV daxil olmaqla 1180 manat ödəniş edilmişdir.

18. İddiaçı xx.xx.2022-ci il tarixli 22-CER-140 nömrəli xidmət müqaviləsi üzrə göstərilmiş xidmətlərin qalıq dəyərinin – 2816,19 manat məbləğində pulun tutulmasını tələb edir.

19. Cavabdeh tərəf hazırkı mübahisəyə lazımi prosessual maraq göstərmir, məhkəmə iclaslarının yeri və vaxtı barədə məlumatlandırılmasına rəğmən məhkəmə iclaslarında iştirak etmir.

20. Məhkəmə cavabdehin hərəkətsizliyi ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.

21. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi bir sıra qərarlarında göstərmişdir ki, mülki prosesdə tərəflərdən mübahisələri ilə bağlı prosessual hərəkətlərin edilməsində “zəruri maraq” göstərməsi gözlənilir. Müvafiq prosessual hərəkətlərin edilməsində zəruri marağın göstərilib-göstərilməməsi qiymətləndirilərkən, tərəfin məhkəmə icraatında iştirak (təmsil) etmə (edilmə) imkanının olub-olmaması müəyyən olunmalıdır. Əslində, prosessual hüquqlar, bir qayda olaraq, prosessual vəzifələrlə sıx əlaqədədir (Bakovska Polşaya qarşı iş üzrə 2010, § 54, Zubak Xorvatiyaya qarşı iş üzrə 2018, § 93 Qərarları).

22. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən mülki məhkəmə icraatında hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kommersiya mübahisəsi üzrə işdə iştirak edən şəxslər tərəfindən prosessual marağın göstərilməsi zərurəti həm də işdə iştirak edən şəxslərin prosesin əmələ gəlməsi, gedişatı və sona yetməsi ilə əlaqədar öz hüquqları barəsində sərbəst sərəncam verməsində ifadə olunan dispozitivlik prinsipinin tələbidir.

23. Buna görə də məhkəmə cavabdehin hazırkı kommersiya mübahisəsindən lazımi qaydada məlumatlı olmasına və “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə təqdim edilən bütün sübutlarla tanış olmaq imkanına malik olmasına baxmayaraq, mülki mühakimə icraatında ondan gözlənilən prosessual marağın göstərilməməsini – iddia tələbinə etirazın təqdim edilməməsi, məhkəmə iclaslarında iştirak edilməməsi, sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallarla bağlı mövqenin ifadə edilməməsini iş üzrə yekun qənaətə gələrkən nəzərə alır.

24. Məhkəmə kommersiya mübahisənin həlli üçün aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.

25. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

26. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

27. Mülki Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

28. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli 22- CER-140 nömrəli müqavilə xidmət müqaviləsidir. Lakin mülki qanunvericilikdə “xidmət müqaviləsi” münasibətlərini tənzimləyən hər hansı müddəa mövcud deyil. Ona görə də məhkəmə bildirir ki, hazırkı iş üzrə mübahisənin həll edilməsi üçün mülki hüquq münasibətlərinin tənzimlənməsi ilə bağlı Mülki Məcəllənin 11.1-ci maddəsində qeyd olunanlar nəzərə alınmalıdır. Belə ki, həmin maddənin tələblərinə görə mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir.

29. Qanunun tələbindən görünür ki, mülki hüquq münasibətləri ilk növbədə mülki qanunvericiliklə tənzimlənir və mülki qanunvericiliyin imperativ normalarının tələblərinin yerinə yetirilməsi ilə bağlı hər hansı istisna nəzərdə tutulmamışdır. Bundan fərqli olaraq tərəflər öz razılaşmaları ilə mülki qanunvericiliyin dispozitiv normalarını dəyişə, həmin normadan fərqli tənzimləmə razılaşdıra, eyni zamanda mülki qanunvericiliklə tənzimlənməyən mülki hüquq münasibətlərini birbaşa tənzimlənməyə bilərlər, bu şərtlə ki, bu tənzimləmə Mülki Məcəlləyə zidd olmasın.

30. Hazırkı iş üzrə müqavilədə tərəflər hüquqlarını və hər bir tərəfin icra etməli olduğu öhdəliklərini müəyyən etmiş, beləliklə, müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri tərəflərin razılaşması ilə birbaşa tənzimlənmişdir. Belə olan halda mübahisəyə də tərəflərin münasibətlərini tənzimlədikləri razılaşmaya uyğun qiymət verilməlidir.

31. Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə 2018-ci il 11 iyun tarixli Qərarında da qeyd edilmişdir ki, tərəflər hüquq və öhdəliklərini mülki qanunvericiliyə müvafiq olaraq müqavilə ilə razılaşdırdıqları halda məhkəmələr yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edib-etməmələrini hərtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyi icra etməməsinə görə məsuliyyət daşımalı olduğunu dəqiqliklə müəyyən etməlidir.

32. Məhkəmə qeyd edir ki, müqavilənin ödəniş şərtlərində xidmət haqqının əvvəlcədən ödənilməsi razılaşdırılsa da, cavabdeh tərəfindən yalnız 1180 manat məbləğində ödəniş edilmişdir.

33. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

34. Mülki Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.

35. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

36. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

37. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.

38. Həmin Məcəllənin 448.3-cü maddəsinə əsasən borclu öz qanuni təmsilçilərinin və öhdəliyinin tamamilə və ya hissə-hissə icrası üçün xidmətlərindən istifadə etdiyi şəxslərin hərəkəti və ya hərəkətsizliyi üçün öz hərəkəti və ya hərəkətsizliyi üçün olan dərəcədə məsuliyyət daşımalıdır.

39. Beləliklə, məhkəmə cavabdehin xidmət müqaviləsi üzrə göstərilmiş xidmətlərin dəyərini ödəmək ilə bağlı öhdəliyini pozaraq icra etmədiyini, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıdığını nəzərə alaraq hesab edir ki, xx.xx.2022-ci il tarixli 22-CER-140 nömrəli xidmət müqaviləsi üzrə 2816,19 manat (göstərilmiş xidmətin dəyəri 3996,19 manat – ödənilmiş 1180 manat) məbləğində pul cavabdeh “X2” MMC-dən tutularaq İddiaçı MMCyə ödənilməlidir.

b) Məhkəmə xərcləri ilə bağlı

40. İddiaçı ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 53 manat, hüquqi yardım xərcinin əvəzi olaraq 405 manat məbləğində pulun cavabdehdən tutulmasını xahiş etmişdir.

41. Elektron iddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi haqqında məlumat” qrafasına əsasən müəyyən olunur ki, ********** nömrəli mədaxil qəbzi ilə 53 manat məbləğində dövlət rüsumu iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmişdir.

42. İş materiallarında olan xx.xx.2024-cü il tarixli EM-2269VK-4886/24 nömrəli hüquqi yardım müqaviləsindən (xx.xx.2024-cü il tarixli EO-2269VK-3635/24 nömrəli orderdə qeyd edilən müqavilə) görünür ki, hüquqi yardıma görə haqq 405 manat razılaşdırılmışdır.

43. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

44. Həmin Məcəllənin 115.0 və 115.0.6-cı maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məsrəflərə, o cümlədən vəkillərə etdikləri kömək üçün ödənilən xərclər daxildir.

45. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.

46. Məhkəmə kommersiya mübahisəsinin xarakterinin mürəkkəbliyini və sübutların dairəsini, iddia ərizəsi ilə məhkəməyə müraciət etməzdən əvvəl qanunvericiliyin tələbinə əsasən icra edilməli olan hərəkətlərin dairəsini (pretenziya tələbinə əməl olunması, iddia ərizəsi və əlavə olunan sənədlərin xüsusi qaydada çatdırılması və s.), məhkəmə iclaslarının sayını və müddətini nəzərə alaraq hesab edir ki, vəkilin göstərdiyi yardıma görə xərcin əvəzi olaraq 405 manat məbləğində pul ağlabatandır və cavabdehdən tutulmalıdır.

47. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

48. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia ərizəsi verilərkən iddianın qiymətinə (2816,19 manat) uyğun ödənilməli dövlət rüsumunun məbləği 49 manat təşkil edir.

49. Məhkəmə iddia tələbinin təmin edildiyini və iddianın qiymətinə uyğun ödənilməli dövlət rüsumunu nəzərə alaraq hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 49 manat, hüquqi yardım xərcinin əvəzi olaraq 405 manat məbləğində pul cavabdeh “X2” MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməlidir.

V. Nəticə:

50. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia təmin edilsin. İddiaçı ilə “X2” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında 12 avqust 2022-ci il tarixdə bağlanmış sertifikasiya xidməti üzrə müqaviləyə əsasən 2816,19 manat məbləğində pul cavabdeh “X2” Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq İddiaçınə ödənilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 49 manat, hüquqi yardım xərcinin əvəzi olaraq 405 manat məbləğində pul cavabdeh “X2” Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.

Hakim Nərmin Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar