Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-6274/2024 07.10.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MMC-yə qarşı kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Leyla Rauf qızının sədrliyi, Rəsulzadə Xaliq Tahir oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı pul tələbinədair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxılmışdır. I. İŞİN HALLARİ
1. İddiaçı (satıcı) ilə Cavabdeh MMC (alıcı) arasında xx.xx.2023-cü il tarixli, 01/23 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin: 1.1-ci bəndinə əsasən satıcı e-qaimə fakturalarda göstərilən materialları (sonradan mallar adlanacaq) satmağı, alıcı isə qeyd olunan malları almağı öz öhdəsinə götürür. 3.1-ci bəndinə əsasən müqavilə üzrə müəyyən olunmuş malların qiymətinin alıcı satıcıdan mallar təhvil aldıqdan sonra 30 təqvim günü ərzində 100% ödəməlidir. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.
2. xx.xx.2023-cü il tarixli, 01/23 nömrəli alqı-satqı müqaviləsinin qiymətlərin razılaşdırması protokoluna əsasən malların adı (315/80r22 5 ado 16 ədəd-11.680 manat, 315/80r22 5 a08 4 ədəd-2920 manat olmaqla) sayı,qiyməti və məbləği göstərilmişdir. Protokol tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.
3. 27.03.2023-cü il tarixli, 1 nömrəli təhvil-təslim aktına əsasən İddiaçı tərəfindən ƏDV daxil 17.228 manat məbləğində mallar Cavabdeh MMC-yə təhvil verilmişdir. Akt hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.
4. İddiaçı ilə Cavabdeh MMC arasında imzalanmış üzləşmə aktına əsasən müəyyən edilir ki, Cavabdeh MMC-nin İddiaçı xx.xx.2024-cü il tarixə 105.090 manat borcu vardır. Akt hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.
5. İddiaçı tərəfindən Cavabdeh MMC-yə xx.xx.2024-cü il tarixli pretenziya məktubu ünvanlanaraq şirkətə olan borcun 5 iş gün müddətində ödənilməsi xahiş edilmiş, əks halda məhkəməyə müraciət olunacağı bildirilmişdir.
İİ. MƏHKƏMƏDƏ İCRAAT
a) İddia tələbi və iddia tələbinin dəlilləri
6. İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehndən 105.090 manat borcun Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirdiyi bank uçot dərəcəsi ilə hesablanmış illik 5% olmaqla bir il üçün 5250 manat, cəmi 110250 manat və 401 manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, sahibkarlıq fəaliyyəti göstərən İddiaçı ilə Cavabdeh MMC arasında 09 mart 2023-cü il tarixdə alqı-satqı müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən tərəflər arasında əməkdaşlıq olmuş və iddiaçı müxtəlif adda və müxtəlif sayda maşın təkərlərini Cavabdeh MMC-yə satmışdır. Cavabdeh MMC müqavilə şərtlərini pozaraq borclu olduğu məbləği ödəməkdən yayınır. xx.xx.2024-cü il tarixli üzləşmə aktına əsasən Cavabdeh MMC-nin İddiaçı bu günə olan borcu 105.090,00 manat təşkil edir. xx.xx.2024-cü il tarixli üzləşmə aktına əsasən Cavabdeh MMC 105.090,00 manat borcunun olduğunu etiraf etmişdir. Eyni zamanda Cavabdeh MMC dəfələrlə bildiriş göndərilməsinə və eyni zamanda coxsaylı xəbardarlıq edilməsinə baxmayaraq Cavabdeh MMC tərəfindən borcun qaytarılması ilə bağlı heç bir tədbir görülməmişdir. Hal hazırda mübahisələndirdikləri borc məbləği 105.090 manat təşkil edir.
8. İddiaçı tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 21.3, 194.1, 194.2, 385.1, 425.1, 442, 443.1, 445.2, 445.1, 448.1, 449.1, 449.2 və 1096.1-ci maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 iyul 2009-cu il tarixli Qərarına istinad etmişdir.
9. Sonradan iddiaçı iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə müraciət edərək, Cavabdehndən 78.351,20 manat borcun, Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirdiyi bank uçot dərəcəsi ilə hesablanmış illik 5% olmaqla bir il üçün 3917,56 manat, cəmi 82.268,76 manat və 401 manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
b) İddiaya qarşı etirazın dəlilləri
10. İddiaya qarşı etiraz təqdim edilmişdir.
11. Etiraz onunla əsaslandırılmışdır ki, Cəmiyyət tərəfindən iddiaçıya ödənilməli məbləğ xx.xx.2024-cü il tarixindəki bank hesabından çıxarış ilə təsdiq edilən 22.660 manat ödəniş və ƏDV depozit hesabından çıxarışla təsdiq edilən 4078,8 manat ödəniş məbləğlərini nəzərə alınmaqla ƏDV daxil 78351,20 manat təşkil edir. İddiaçıya ödənilməli olan 78351,20 manat borc məbləği üzrə iddiaçı tərəfindən malların təhvil tarixi üzrə təqdim olunan elektron qaimələrin təqdim edilmə tarixindən 1 il müddət keçməmişdir. İddiaçıya xx.xx.2024 tarixli EBDX 071587 nömrəli e-qaimə üzrə 826 manat, xx.xx.2023 tarixli EBDU 818536 nömrəli e-qaimə üzrə 25842 manat, xx.xx.2023 tarixli e-qaimə üzrə 4130 manat, xx.xx.2023 tarixli EBDN 390286 e-qaimə üzrə 47553,20 manat ödənilməli borc məbləği qalmışdır. Həmin qaimələrin təqdim edilmə tarixindən 1 il müddət keçmədiyindən bank uçot dərəcəsi ilə 5% faiz olmaqla 4121 manat dəbbə (diskont) məbləği iddia edilə bilməz.
c) İşdə iştirak edən şəxslər və onların izahatları
12. İddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında iddia tələbini müdafiə etmiş, iddia ərizəsində və sonuncu iddia tələbinin həcminin azaldılması barədə ərizədə göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin borcun həcminin azaldılması barədə sonuncu ərizədə göstərilən formada təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi.
13. Cavabdehin nümayəndəsi sonuncu iddia ərizəsinə etiraz ərizəsinə uyğun izahat verdi, iddia tələbinin qismən təmin edilməsini, yəni 78351,20 manat hissədə təmin edilməsinə etiraz etmədiyini bildirdi, lakin dəymiş ziyana görə hesablanmış məbləğ hissəsində iddia tələbinin rədd edilməsini xahiş etdi.
İİİ. MƏHKƏMƏ BAXİŞİNİN HƏDLƏRİ
14. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).
15. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi)
İV. TƏTBİQ EDİLƏN HÜQUQ
16. AR Mülki Məcəlləsinin: - 567-ci maddəsinə görə alğı-satqı müqaviləsinə görə isə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. - 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. - 385.1, 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 449.1-ci maddəsinin mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olmuş redaksiyasına görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər.
17. AR MPM-in: -106.3-cü maddəsinə görə tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. - 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 114.1-ci maddəsinə görə qüvvədə olan qanunvericilik üzrə tələb edilən miqdardan artıq dövlət rüsumu ödənilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. - 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir - 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. - 124.1-ci maddəsinə görə isə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır.
V. MƏHKƏMƏNİN MÖVQEYİ
18. Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir.
19. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, İddiaçı (satıcı) ilə Cavabdeh MMC (alıcı) arasında xx.xx.2023-cü il tarixli, 01/23 nömrəli alqı-satqı müqaviləsinə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı həmin müqavilə üzərinə düşən öhdəlikləri icra edərək sifariş edilmiş malları cavabdehə təqdim etmiş, cavabdeh isə həmin malların dəyərini tam şəkildə ödəməmiş, nəticədə cavabdehin iddiaçıya ƏDV daxil 78.351,20 manat məbləğində borcu yaranmışdır. Sözügedən məbləğdə borcun mövcud olması faktı cavabdehin nümayəndəsi tərəfindən məhkəmədə verilən izahatda da etiraf edilmişdir.
20. Belə olan halda məhkəmə mübahisəli hüquq münasibətlərində kreditor olan iddiaçının borclu olan cavabdehdən aldığı malların dəyərinin ödənilməsini tələb etmək hüququna malik olmasını hesab edir ki, iddia təmin edilməli, cavabdehdən alqı-satqı müqaviləsi üzrə ƏDV daxil 78.351,20 manat məbləğində borc tutularaq iddiaçıya ödənilməlidir.
21. Bununla yanaşı iş materiallarından görünür ki, iddiaçı iddia ərizəsində Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən bank uçot dərəcəsi ilə hesablanmış 3917,56 manat məbləğində faizlərin cavabdehdən tutulması tələbini də irəli sürmüşdür.
22. Göstərilən tələblə bağlı qməhkəmə qeyd edir ki, iddiaçı cavabdehin ödənilməsini gecikdirdiyi pul vəsaitindən faydalanmasını sübut yetirə bilməmişdir, yəni hazırkı halda Mülki Məcəllənin 449.1-ci maddəsinin dispozisiyasında əks olunmuş şərtlər mövcud deyildir. Odur ki, həmin hissədə iddia rədd edilməlidir.
23. Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən 401 manat məbləğində dövlət rüsumu iddiaçı tərəfindən ödənilmişdir.
24. Dövlət rüsumunun hesablanması kalkulyatorundan çıxarışdan isə görünür ki, hazırkı iddia tələbinin həcminin azaldılması tələbi üzrə ödənilməli olan dövlət rüsumunun məbləği 336,81 manat təşkil edir.
25. Hazırkı qətnamə ilə iddia qismən təmin edildiyindən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq bölüşdürülməli, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 315 manat pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
26. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏTETDİ:
İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən ƏDV daxil 78.351,20 manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 315 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Leyla Əliyeva