Məhkəmə qərarları › İş №e-2-2(113)-628/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-628/2024

24.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-628/2024 24.01.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh ogluna qarşı “pul tələbi” barədə kiçik iddiaya dair kommersiya mübahisəsi (açar sözlər: borc, mediasiya xərci) Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi ilə, İddiaçı Cavabdeh qarşı cavabdehdən 2996,86 manat məbləğində əsas borcun, borcun ödənilməsinin gecikdirilməsinə görə 299,68 manat məbləğində dəbbə pulunun və ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 70 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçının xeyrinə ödənilməsi tələbinə dair kiçik iddia üzrə sadələşdirilmiş qaydada verdiyi ərizəsinə dair kommersiya işinə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı cavabdehə qarşı cavabdehdən 2996,86 manat məbləğində əsas borcun, borcun ödənilməsinin gecikdirilməsinə görə 299,68 manat məbləğində dəbbə pulunun və ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 70 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçının xeyrinə ödənilməsi tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC olaraq fərdi sahibkar kimi fəaliyyət göstərən Cavabdeh ilə xx.xx.2022-ci il tarixdə 1822 saylı Alqı-Satqı müqaviləsi bağlayaraq əməkdaşlıq etməyə başlamışlar. Əməkdaşlıqları müddətində cavabdeh İddiaçı MMC-nə məxsus müxtəlif adlı, çeşidli məhsullar sifariş vermiş və təhvil almışdır. Lakin, cavabdeh təhvil aldığı məhsullara görə ödəniş etməmişdir. Dəfələrlə xəbərdarlıq olunsa da, müxtəlif bəhanələr gətirərək bu günə kimi İddiaçı MMC-nə olan 2996.86 AZN borcunu ödəməmiş və aralarında bağlanmış Alqı-Satqı müqaviləsinin şərtlərini pozmuşdur. Nəticə etibarilə, aralarında bağlanmış müqavilə şərtlərinə əməl etməyərək, müqavilə üzrə öhdəliklərini icra etməmişdir. xx.xx.2022-ci il tarixdə 1822 saylı Alqı-Satqı müqaviləsinin şərtlərinə əsasən, Alıcı təhvil aldığı məhsullara görə ən geci 30 gün ərzində ödəniş etməli idi. Alqı-Satqı müqaviləsinin 5.1-ci bəndinə əsasən Alıcı müəyyənləşdirilmiş müddətdə üzərinə düşən ödəniş öhdəliklərini icra etmədikdə gecikdirilmiş borc yaranır və həmin gündən etibarən hər gecikdirilmiş gün üçün Satıcı Alıcıdan məhsulların ödənilməmiş dəyərinin 0,2% miqdarında dəbbə pulu tələb etmək hüququna malikdir. Müqavilənin 5.2-ci bəndində dəbbə pulunun maksimal həddi ödənişi gecikdirilmiş məhsulların ümumi məbləğinin 10% kimi müəyyən edilir. Belə ki, cavabdeh tərəfindən ödənişi gecikdirilmiş məhsullara görə dəbbə pulunun məbləği 10%-dən çox olduğu üçün müqavilənin 5.2-ci bəndinə əsaslanaraq ödənişi gecikdirilmiş məhsulların ümumi məbləğinin 10%-ni təşkil edən 299.68 AZN məbləğində dəbbə pulu yaranmışdır.

II. Tərəflərin mövqeləri:

3. Cavabdeh məhkəməyə iddia ərizəsinə etiraz təqdim etməmişdir.

III. Məhkəmə baxışının hədləri:

4. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir.

IV. Tətbiq edilən hüquq:

5. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

6. “Dövlət rüsumu haqqında” Qanun: 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.

7. “Mediasiya haqqında” Qanun: 36.5.-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.

V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:

8. İşin müəyyən və mübahisələndirilməyən halları ondan ibarətdir ki, tərəflər arasında xx.xx.2022-ci il tarixli 1822 saylı Alqı-Satqı müqaviləsi bağlanmışdır. Əməkdaşlığ müddətində cavabdeh ayrı-ayrı tarixlərdə iddiaçıya məxsus müxtəlif adlı, çeşidli məhsullar sifariş vermiş və təhvil almışdır. Lakin, cavabdeh malların təhvil-qəbul aktlarında qeyd olunan tarixlərdə təhvil aldıqları mallara görə tam ödəniş etməmiş, cavabdehin iddiaçıya 2996,86 manat borcu qalmışdır. Müqavilələr tərəflərin imzası və möhürləri ilə təsdiq olunmuşdur.

9. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, alqı-satqı müqaviləsi iki tərəfin alıcının və satıcının bir-biri ilə üst-üstə düşən iradə ifadələrinin əsasında əmələ gəlir və tərəflərin hər ikisi üçün həm hüquq, həm də vəzifə yaradır. Bu müqaviləyə əsasən alıcının əşyanı öz mülkiyyətinə qəbul etmək hüququ və onun qiymətini ödəmək öhdəliyi, satıcı üçün əşyanı alıcının mülkiyyətinə vermək öhdəliyi və onun qiymətinin ödənilməsini tələb etmək hüququ yaranır.

10. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında bağlanmış alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmış, həmin öhdəliyə görə iddiaçı öhdəliyi yerinə yetirərək, malları cavabdehə satmış, bunun nəticəsində iddiaçının cavabdehdən müqavilə üzrə müəyyənləşdirilmiş öhdəliyi tələb etmək hüququ yaranmış, cavabdeh isə müqavilə üzrə öhdəlikləri yerinə yetirməmişdir. Borclunun müqavilə üzrə öhdəliyi yerinə yetirməməsinə görə iddiaçı qarşısında müqavilədən irəli gələn öhdəlikləri icra etmək mülki hüquqi məsuliyyəti yaranmışdır. Buna görə də məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya ödəməli olduğu 366.16 manat məbləğ iddiaçının xeyrinə tutulmalıdır.

11. Məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsindən irəli gəlir. İş materiallarına əlavə olunmuş müqavilənin, elektron qaimələrin və malların təhvil qəbul aktlarının müqayisəli təhlilindən görünür ki, cavabdeh üzərinə düşən öhdəliyi icra etməmişdir. Belə olan halda isə bu, iddiaçıya alqı-satqı müqaviləsi və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.

12. Yuxarıda qeyd olunan normaların tələblərini rəhbər tutaraq məhkəmə hesab edir ki, iddia əsas borcun tələb edilməsi hissəsində əsaslıdır və 2996,86 manat məbləğində bоrc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

13. Məhkəmə həmçinin hesab edir ki, dəbbə pulunun tələb edilməsi hissəsində də, iddia əsaslıdır.

14. İlk növbədə qeyd edilməlidir ki, cərimə borcunun tələb edilməsi imkanı tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin 5.1-ci bəndindən irəli gəlir. Belə ki, həmin bəndə əsasən malın dəyərini müəyyən edilmiş müddət ərzində ödəmədikdə Satıcı Alıcıdan gecikdirilmiş hər gün üçün ödənilməyən məbləğin 0,2% həcmində cərimə tələb edə bilər.

15. Qeyd olunmalıdır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir.

16. Məhkəmə hesab edir ki, əsas məbləğə tənasübsüz surətdə yüksək məbləğ olduğundan cərimə azaldılmalı və xx.xx.2022-ci il tarixli 1822 saylı alqı-satqı müqaviləsinə əsasən 150 manat məbləğində cərimə pulu cavabdehdən tutulmalıdır.

17. Məhkəmə hesab edir ki, mediasiya xərcinin əvəzi olaraq 70 manat məbləğində pul da, cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

18. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan məlum olur ki, iddiaçı tərəfindən 70 manat mediasiya xərci Bakı 13 saylı Mediasiya təşkilatına ödənilmişdir.

19. Qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 2996,86 manat məbləğində əsas borc, borcun ödənilməsinin gecikdirilməsinə görə 150 manat məbləğində dəbbə pulu və ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 70 manat məbləğində pul vəsaiti tutularaq iddiaçıya ödənilməlidir.

VI. Nəticə:

20. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. Cavabdeh 2996,86 manat məbləğində əsas borc, 150 manat məbləğində dəbbə pulu və ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 70 manat məbləğində pul vəsaiti tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Zaur Pirverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar