Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-6288/2025 08.12.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "X3 X5 Sanayi ve Dış Ticaret Limited" Şirkətinin Azərbaycan Respublikasındakı Filialına qarşı “müqavilə üzrə borcun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi) Hakimi Namazova Günay Rüstəm qızının sədrliyi ilə, Süleymanova Ləman Çingiz qızının katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, Cavabdehin nümayəndəsi Emre Hakanın iştirakı ilə, İddiaçı cavabdeh "X3 X5 Sanayi ve Dış Ticaret Limited" Şirkətinin Azərbaycan Respublikasındakı Filialına qarşı “müqavilə üzrə borcun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X3 X5 Sanayi ve Dış Ticaret Limited Şirkətinin Azərbaycan Respublikasındakı Filialından 794 manat (yeddi yüz doxsan dörd manat) (Malların ümumi dəyəri və ƏDV də daxil olmaqla) məbləğində əsas pulun, hər gecikdirilmiş gün üçün 200 (iki yüz) manat məbləğində dəbbə pulunun, ümumilikdə 994 (doqquz yüz doxsan dörd) manat pul vəsaitinin həmçinin iddiaçı tərəfindən dövlət rüsumu üçün ödənilmiş 30 (otuz) manat pul vəsaitinin tutularaq İddiaçı xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh X3 X5 Sanayi ve Dış Ticaret Limited Şirkətinin Azərbaycan Respublikasındakı Filialı (bundan sonra Alıcı) ilə İddiaçı arasında bağlanmış 70/21 saylı, 15 aprel 2021-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Satıcı müqavilənin predmeti olan malları Alıcıya verməyi, Alıcı isə bunun müqabilində X1 ödənişi 15 gündən gec olmayaraq etməyi öhdəsinə götürmüşdür. Nəzərinizə çatdırmaq istəyirəm ki, Alıcı müqavilənin tələblərini icra etməkdən imtina edərək öhdəliklərini yerinə yetirməmişdir. Belə ki, Alıcının Satıcıya olan borcun ümumi məbləği794 manat (yeddi yüz doxsan dörd) (Malların ümumi dəyəri və ƏDV də daxil olmaqla) olmuşdur. Müqavilənin 3.2-ci bəndinə əsasən, ödəniş - Alıcı ödənişləri malın qəbul edilməsindən sonra 15 (on beş) təqvim günündən gec olmayaraq bank ödənişi və ya nağd ödəniş yolu ilə həyata keçirilir. Müqavilənin 3.3-cü bəndinə əsasən malların dəyəri 3.2-ci bəndində göstərilən 15 (on beş) təqvim günü müddətində ödənilmədikdə Satıcımalları geri götürmək,çatışmayan malların dəyərini və çəkilmiş xərcləri Alıcıdan tələb etmək hüququna malikdir. Müqavilənin 6.2-ci bəndinə əsasən müqavilə üzrə ödənişlərin gecikdirilməsinə görə Alıcı gecikdirmənin hər günü üçün icrası gecikdirilən öhdəliyin dəyərinin 0,5% həcmində dəbbə pulu ödəyir. Gecikdirmənin müddəti 15 gündən çox olduqda, Satıcı öhdəliklərin məcburi qaydada icrası və dəbbə pulunun ödənilməsi üçün məhkəməyə müraciət edə bilər. Məhkəmənin diqqətinə çatdırırıq ki, müqavilə tərəflərinin xx.xx.2023-cü il tarixdə tərtib edib imzaladıqları üzləşmə aktı da Alıcının qeyd olunan borcunun mövcudluğunu təsdiq edir (Üzləşmə aktı qoşmaya əlavə edilir). Həmçinin gecikdirilmiş gün üçün 200 (iki yüz) manat məbləğində dəbbə pulu, bundan əlavə dövlət rüsumu olaraq ödənilmiş 30 (otuz) manat Alıcı tərəfindən Satıcının xeyrinə ödənilməlidir. Məlumat üçün bildirirəm ki, mübahisənin məhkəməyə qədər nizama salınması üçün cavabdehə borclu olduğu pul məbləğinin 5 gün ərzində ödənilməsi üçün xx.xx.2025-ci il tarixdə pretenziya məktubu vergi xidmətinin saytından online kargüzarlıq qaydasında göndərilmişdir.
3. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh X3 X5 Sanayi ve Dış Ticaret Limited Şirkətinin Azərbaycan Respublikasındakı Filialından 913 manat (doqquz yüz on üç manat) (Malların ümumi dəyəri və ƏDV də daxil olmaqla) məbləğində əsas pulun, hər gecikdirilmiş gün üçün 200 (iki yüz) manat məbləğində dəbbə pulunun, ümumilikdə 1113 (bir min bir yüz on üç) manat pul vəsaitinin həmçinin iddiaçı tərəfindən dövlət rüsumu üçün ödənilmiş 31 (otuz bir) manat pul vəsaitinin tutularaq İddiaçı xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
II. Tərəflərin mövqeləri:
4. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianın məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, üzləşmə aktının tarixində cavabdehin ölkədə olmaması heç nəyi dəyişmir. Cavabdehin direktoru imzanın ona aid olmasını etiraf edir. Bəlkə sonra gəlib əvvəlki tarix ilə imzalayıb.
5. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək bildirdi ki, qaimədə 880 manat yazılmışdır və 86 manat endirim olmuşdur və onun iddiaçıya 794 manat borcu qalmışdır. İddiaçı isə ondan 774 manat əsas borc və 139 ƏDV məbləği tələb edir. İddiaçı ilə arasında imzalanan üzləşmə aktında imza onun olsa da, lakin aktda göstərilən tarixdə o Türkiyə Respublikasında olub. Mübahisəli qaimədə göstərilən malı təhvil alıb, lakin ödənişini də edib. Malı iddiaçının sürücüsündən cavabdehin işçisi Ramil adlı şəxs təhvil alıb və ödənişi də o edib. Cavabdehin iddiaçıya heç bir borcu yoxdur.
III.Məhkəmə baxışının hədləri:
6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV.Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
7. İddiaçı ilə "X3 X5 Sanayi ve Dış Ticaret Limited" Şirkətinin Azərbaycan Respublikasındakı Filialı arasında bağlanmış 70/21 saylı, 15 aprel 2021-ci il tarixli Müqaviləyə əsasən:
8. Müqavilənin 1.1-ci bəndinə əsasən «Satıcı» bu müqavilənin 1.2-ci yarımbəndində göstərilən malları «Alıcı»ya satmağı, «Alıcı» isə həmin malları almağı və onun dəyərini ödəməyi öz üzərinə götürür.
9. Müqavilənin 1.2-ci bəndinə əsasən müqavilənin predmeti olan məhsulun növləri, çeşidi, kəmiyyəti və qiyməti Razılaşma Protokolunda və ya Qaimə-Fakturada öz əksini tapır.
10. Müqavilənin 1.3-cü bəndinə əsasən «Alıcı» və «Satıcı» arasında yaranmış borc qalıqları mütəmadi olaraq tərəflər arasında imzalanaraq bağlanan “Öhdəliklərin qarşılıqlı tanınması aktı” və ya qaimə və ödənişə dair sənədlər ilə müəyyən edilir.
11. Müqavilənin 2.1-ci bəndinə əsasən malların çatdırılması müddətləri və digər şərtləri hər bir konkret partiya üçün razılaşdırılır.
12. Müqavilənin 2.2-ci bəndinə əsasən mallar «Satıcı» tərəfindən «Alıcı»ya və ya «Alıcı»nın nümayəndələrinə təhvil verilir.
13. Müqavilənin 3.1-ci bəndinə əsasən malların qiymətləri bu müqaviləyə əlavə edilən və onun ayrılmaz tərkib hissəsi olan «Razılaşma Protokoluna » və ya Qaimə-Fakturaya uyğun olaraq müəyyən edilir.
14. Müqavilənin 3.2-ci bəndinə əsasən «Alıcı» ödənişləri malın qəbul edilməsindən sonra 15 təqvim günündən gec olmayaraq bank ödənişi və ya nağd ödəniş yolu ilə həyata keçirməlidir.
15. Müqavilənin 3.3-cü bəndinə əsasən malların dəyəri 3.2 bəndində göstərilən 15 təqvim günü müddətində ödənilmədikdə «Satıcı» malları geri götünnək, çatışmayan malların dəyərini və çəkilmiş xərcləri «Alıcı»dan tələb etmək hüququna malikdir.
16. Müqavilənin 4.1-ci bəndinə əsasən satılan malların keyfiyyəti onların texniki göstəricilərinə uyğun gəlməlidir.
17. Müqavilənin 4.2-ci bəndinə əsasən «Satıcı» yalnız malların keyfiyyətinə görə məsuliyyət daşıyır. «Satıcı»nm mütəxəssislərinin rəhbərliyi altında görülən işlər istisna olmaqla, digər istifadəçilər tərəfindən təlimatdan kənar istifadə hallan zamanı yarana biləcək problemlərə görə «Satıcı» məsuliyyət daşımır.
18. Müqavilənin 5.1.1-ci bəndinə əsasən «Satıcı» «Alıcı»dan satılmış malın dəyərini bu müqavilədə müəyyən edilmiş müddətdə ödəməyi tələb etmək hüququna malikdir.
19. Müqavilənin 5.1.2-ci bəndinə əsasən «Satıcı» vaxtaşırı öz nümayəndəsi vasitəsilə malların satış həcminə və saxlanması şəraitinə nəzarət etmək hüququna malikdir.
20. Müqavilənin 5.1.3-cü bəndinə əsasən «Satıcı» malları razılaşdırılmış müddətdə «Alıcı» ya çatdırmaq vəzifəsi daşıyır.
21. Müqavilənin 5.1.4-cü bəndinə əsasən «Satıcı» malların müvafiq keyfiyyət göstəricilərinə uyğun gəlməsini təmin edir.
22. Müqavilənin 5.2-ci bəndinə əsasən «Alıcı»nın hüquq və vəzifələri:
23. Müqavilənin 5.2.1-ci bəndinə əsasən «Alıcı» malların müvafiq keyfiyyət göstəricilərinə uyğun gəlməsini tələb etmək hüququna malikdir.
24. Müqavilənin 5.2.2-ci bəndinə əsasən «Alıcı» malların vaxtında çatdırılmasını tələb etmək hüququna malikdir.
25. Müqavilənin 5.2.3-cü bəndinə əsasən «Alıcı» malların dəyərini bu müqavilə ilə müəyyən edilmiş vaxtda ödəmək vəzifəsi daşıyır.
26. Müqavilənin 5.2.4-cü bəndinə əsasən «Alıcı» malın öz keyfiyyətini saxlaması üçün zəruri olan saxlama şərtlərini təmin etmək vəzifəsi daşıyır.
27. Müqavilənin 6.2-ci bəndinə əsasən bu müqavilə üzrə ödənişlərin gecikdirilməsinə görə «Alıcı» gecikdirmənin hər günü üçün icrası gecikdirilən öhdəliyin dəyərinin 0.5%-i həcmində dəbbə pulu ödəyir. Gecikdirmənin müddəti 15 gündən çox olduqda, «Satıcı» öhdəliklərin məcburi qaydada icrası və dəbbə pulunun ödənilməsi üçün məhkəməyə müraciət edə bilər.
28. 29.04.2021-ci il tarixli satış qaiməsinə əsasən İddiaçı tərəfindən Hakan Emreyə 794 manat məbləğində mal verilmişdir.
29. İddiaçı tərəfindən cavabdehə xx.xx.2021-ci il tarixli EBBB 037909 saylı 913,32 manat məbləğində e-qaimə göndərilmişdir.
30. xx.xx.2023-cü il tarixli qarşılıqlı borcların üzləşdirilməsinə dair Akta əsasən "X3 X5 Sanayi ve Dış Ticaret Limited" Şirkətinin Azərbaycan Respublikasındakı Filialının İddiaçınə 913,32 manat borcun olduğu qeyd edilmişdir. Akt iddiaçının imza və möhürü ilə və cavabdehin imzası ilə təsdiq edilmişdir.
31. Məhkəmə iş materiallarını araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır.
32. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
33. Həmin Məcəllənin 568.1-ci maddəsinə əsasən satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur.
34. Həmin Məcəllənin 579.1-ci maddəsinə əsasən əgər alğı-satqı müqaviləsinə görə növlər, modellər, ölçülər, rənglər və ya digər əlamətlər üzrə müəyyən nisbətdə (çeşiddə) əşyalar verilməlidirsə, satıcı alıcıya tərəflərin razılaşdırdıqları çeşiddə əşyalar verməyə borcludur.
35. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.
36. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər .
37. Göründüyü kimi tərəflər arasında bağlanmış 70/21 saylı, 15 aprel 2021-ci il tarixli alqı-satqı müqaviləsinin 1.1-ci bəndinə əsasən «Satıcı» bu müqavilənin 1.2-ci yarımbəndində göstərilən malları «Alıcı»ya satmağı, «Alıcı» isə həmin malları almağı və onun dəyərini ödəməyi öz üzərinə götürür. İddiaçı müqavilədə nəzərdə tutulmuş öhdəlikləri icra etsə də, cavabdehin iddiaçıya müqavilə üzrə 913 manat ödənilməmiş borcu qalmışdır. Cavabdeh tərəf isə malın verilməsini, müqavilədə və üzləşmə aktında imzanın ona aid olduğunu etiraf etsə və alınmış malın dəyərini də onun işçisi Ramil adlı şəxs tərəfindən ödənildiyini qeyd edərək rədd edilməsini xahiş etsə də, malın dəyərinin ödənilməsini sübut etmək üçün hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Üzləşmə aktına gəldirkdə isə cavabdeh sənəd təqdim edərək qeyd edir ki, 16 sentyabr 2023-cü il tarixində Azərbaycanda olmayıb, lakin aktda olan imzanın ona aid olmasını qəbul etdi.
38. Buna görə də, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən tələb olunan məbləğ təqdim olunmuş sübutlarla – müqavilə, satış qaiməsi, e-qaimə və qarşılıqlı üzləşmə aktı ilə təsdiqini tapdığı üçün, iddia tələbinin 913 manat borca dair hissədə təmin olunması üçün əsaslar mövcuddur.
39. Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etmədiyini, nəticədə iddiaçıya 913 manat əsas bоrcu yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 913 manat məbləğində əsas borc tutularaq iddiaçıya ödənilməlidir.
40. Bundan əlavə iddiaçı müqavilə şərtinə istinad edərək 200 manat həcmində dəbbə pulunun cavabdehdən tutulmasını xahiş etmişdir.
41. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.
42. Məhkəmə hesab edir ki, cavabdeh ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlıdır.
43. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
44. Belə olan halda məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə (913 manat) nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olduğundan azaldılmalı, tutulacaq dəbbə pulu 45 manat məbləğində müəyyən edilməlidir.
45. Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən 31 manat dövlət rüsumu ödənilmişdir.
46. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
47. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyi üçün dövlət rüsumunun əvəzi qismində 30 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
V. Nəticə:
48. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. Cavabdeh "X3 X5 Sanayi ve Dış Ticaret Limited" Şirkətinin Azərbaycan Respublikasındakı Filialından ədv daxil 913 manat əsas borc, 45 manat dəbbə pulu olmaqla cəmi 968 manat borc məbləği və dövlət rüsumunun əvəzi olaraq 30 manat tutularaq İddiaçınə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim: Günay Namazova