Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-6298/2022 26.12.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızının sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nəzərov Qəfər Möhlət oğlunun cavabdehin nümayəndəsi və vəkili Qanuni nümayəndə iştirakı ilə İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı alğı-satqı müqaviləsi üzrə pul tələbinə dair kommersiya mübahisəsinə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 18,881.50 AZN pul məbləğinin və ilkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə 210 manat xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında xx.xx.2021-ci il tarixli, 20210806/ATL/006 saylı alğı-satqı müqaviləsi bağlanmışdır. Bundan sonra müxtəlif tarixlərdə cavabdeh tərəfindən sifarişlər olunmuş və iddiaçı tərəfindən mallar satış məqsədi ilə cavabdehə elektron vergi hesab-faktura əsasında təhvil verilmişdir. İddiaçı ilə cavabdeh arasında bağlanmış “xx.xx.2022 – xx.xx.2022 tarixləri aralıqlarında alğı-satqı əsasında qarşılıqlı hesablaşmalar üzrə üzləşmə aktı”na əsasən, cavabdehin iddiaçıya xx.xx.2022-ci il tarixinə 19,381.50 manat borcu yaranmışdır. Daha sonra cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixində 500 manat ödəniş olunub və bu günə qalıq borcu 18,881.50 manat təşkil edir. Müqavilənin 3.1-ci maddəsində qeyd olunmuşdur ki, əgər əlavələrdə ayrı qayda nəzərdə tutulmayıbsa, ödəniləcək cəmi məbləğin 100%-i əvvəlcədən ödəniş (avans) şəklində, müqavilə və/və ya onun əlavələri imzalandıqdan sonra 15 gün ərzində köçürmə yolu ilə “satıcı”nın hesabına ödənilməlidir. Əlavələrdə ayrı qayda nəzərdə tutulduğu halda əlavənin müvafiq maddəsi daha üstün qüvvəyə malikdir. Mallar təhvil verildiyi andan etibarən cavabdehin iddiaçı qarşısında borcu yaranmışdır. Lakin həmin borcun ödənilməsi ilə bağlı dəfələrlə cavabdehə yazılı və şifahi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq heç bir nəticə əldə olunmamışdır. Bundan başqa, müqavilənin 3.2-ci maddəsində qeyd olunmuşdur ki, bu müqavilənin 3.1.-ci maddəsində nəzərdə tutulmuş müddət ərzində “satıcı”ya əvvəlcədən ödənişin (avans) gecikdirilməsi halında, həmin müddət bitdikdən sonra cəmi məbləğin 100%-i ödənilənədək “alıcı” “satıcı”ya hər gecikdirilən gün üçün cəmi məbləğin 0,5%-i miqdarında cərimə ödəməlidir. Müqavilə şərtlərini pozduğuna görə cavabdehin iddiaçıya ödəməli olduğu pul məbləği 18,881.50 manatdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izhahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi məhkəməyə izahatında qeyd etmişdir ki, 28.000 manata kimi vergi borcları olduğundan iddiaçıya olan borcu ödəyə bilməmişlər. Hazırda vergi borcunun böyük bir hissəsi ödənilmişdir. Cavabdehin nümayəndəsi iddiaçıya 18.881,50 manat məbləğində borclarının olduğunu etiraf etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəfləri dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. İş materiallarında olan: İddiaçı MMC və Cavabdeh MMC arasında tərtib edilmiş xx.xx.2022-xx.xx.2022 tarixlərini əhatə edən üzləşmə aktına əsasən 19.381,5 manat borc qeyd olunmuşdur. Üzləşmə aktını hər iki tərəfin direktoru imzalamış və möhürlənmişdir. İddiaçı MMC və Cavabdeh MMC arasında imzalanmış xx.xx.2021-ci il tarixli, 20210806/ATL/006 saylı alğı-satqı müqaviləsinə əsasən müqavilənin predmeti, müqavilənin ayrılmaz tərkib hissəsi sayılan əlavə(lər)də (qiymət və şərtləri razılaşdırma protokolları, sifarişnamə, təklif, spesifikasiya, akt və sair) qeyd olunan əşya(lar)ın (bundan sonra “mal(lar)”) satıcı tərəfindən alıcıya satılmasından, alıcı tərəfindən isə bu müqavilə və əlavə(lər) ilə nəzərdə tutulmuş qaydada və məbləğdə mal(lar)ın dəyərinin satıcıya ödənilməsindən ibarətdir. xx.xx.2022 tarixli 005XOH********** nömrəli ödəniş tapşırığına əsasən Bakı 2 saylı Mediasiya Təşkilatının bank hesabına 1.037 manat köçürülmüşdür. EBBK seriyalı 345915 nömrəli xx.xx.2021 tarixli elektron qaiməyə əsasən 3823,2 manat, EBBL seriyalı 131822 nömrəli xx.xx.2021 tarixli elektron qaiməyə əsasən 1821,94 manat, EBBL seriyalı 269756 nömrəli xx.xx.2021 tarixli elektron qaiməyə əsasən 4472,79 manat, EBBL seriyalı 379874 nömrəli xx.xx.2021 tarixli elektron qaiməyə əsasən 2595,53 manat, EBBO seriyalı 218929 nömrəli xx.xx.2021 tarixli elektron qaiməyə əsasən 755,20 manat, EBBO seriyalı 308329 nömrəli xx.xx.2021 tarixli elektron qaiməyə əsasən 377,60 manat, EBBO seriyalı 459939 nömrəli xx.xx.2021 tarixli elektron qaiməyə əsasən 1973,9 manat, EBBP seriyalı 015550 nömrəli xx.xx.2021 tarixli elektron qaiməyə əsasən 153,40 manat, EBBQ seriyalı 696675 nömrəli xx.xx.2022 tarixli elektron qaiməyə əsasən 5.469,3 manat, EBBU seriyalı 127357 nömrəli xx.xx.2022 tarixli elektron qaiməyə əsasən 2.301 manat, EBBU seriyalı 279014 nömrəli xx.xx.2022 tarixli elektron qaiməyə əsasən 59 manat İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ödənilməsi üçün təqdim edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləinin 385-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləinin 425.2-ci maddəsinə əsasən, öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 442-ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, tərəflər arasında aılğı-satqı müqaviləsi imzalanmışdır. İdidaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri tam olaraq icra etmiş, müqavilədə razılaşdırılmış malları sifarişlər əsasında təhvil vermişdir. Bununla belə cavabdeh müavilə öhdəliklərini icra etməmiş, mallar üzrə ödənişləri ödəməmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının iddia tələbinin əsaslı olması tərəflər arasında tərtib edilmiş üzləşmə aktı, iddiaçı tərəfindən cavabdehə göndərilmiş elektron qaimələr, həmçinin məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsinin borcu etiraf etməsi ilə öz təsdiqini tapmışdır. Belə olan halda isə 18.881,50 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2 maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1 maddəsinə uyğun olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3 maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4 maddəsinə uyğun olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-nin 4.6-cı maddəsinə görə kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. MPM-in 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. Məhkəmə mediasiya xərclərinin məhz işə baxılması ilə bağlı çəkilmiş zəruri xərclər olduğunu nəzərə alıb hesab edir ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş 210 manat mediasiya xərci cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh MMC-dən 18,881.50 manat və ilkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə 210 manat İddiaçı MMC-nin xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 284-5.3, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh MMC-dən 18,881.50 manat və mediasiya xərci 210 manat İddiaçı MMCnin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aytən Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-6298/2022
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-6298/2022
26.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver