Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-63/2021 22.06.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızının sədrliyi, Kərimov İlkin Camal oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili X1 cavabdehin nümayəndəsi X3 iştirakları ilə, “Hacı Camalxan”X6 Cavabdeh MMC-yə qarşı müqavilə üzrə pul tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə Bakı şəhərində, Bakı Kommersiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: "Hacı Camalxan "X9 Cavabdeh MMC-yə qarşı müqavilə üzrə pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 30.600 (otuz min altı yüz) manat pul məbləğinin tutularaq “Hacı Camalxan” X8 ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, “Hacı Camalxan” X9 19.09.1997-ci ildən dövlət qeydiyyatına alınmaqla sahibkarlıq subyekti kimi fəaliyyət göstərir. Müəssisə kənd təsərrüfatında əkinçilik, heyvandarlıq sahəsində fəaliyyət göstərir. Sahibkarlıq fəaliyyəti daxilində ayrı-ayrı hüquqi şəxslərlə müqavilələr bağlayır, təsərrüfatın ehtiyacları üçün toxum, avadanlıq və s. mallar alır. 13 mart 2019-cu ildə Cavabdeh MMC ilə (direktoru X3 şəxsində) 07/19 saylı müqavilə bağlanmışdır. Həmin müqavilənin predmetini–onun ayrılmaz tərkib hissəsi olan “əlavə”də göstərilən malların “satıcı” tərəfindən “alıcı”ya satılması və alınan malların dəyərinin “alıcı” tərəfindən ödənilməsi təşkil edir. Alqı-satqı olunan mallar – qarğıdalı toxumudur. Müqavilənin ayrılmaz tərkib hissəsi olan «qiymətlərin razılaşdırma protokolu»nda 2 cür qarğıdalı toxumunun satıldığı göstərilir: 100 çuvalda (DKC6630 SEED) qarğıdalı toxumunun dəyəri 15.300 manat və 100 çuvalda (DKC6724 SEED) qarğıdalı toxumunun dəyəri 15.300 manat razılaşdırılmışdır. 12.03.2019-cu il tarixli 035 №-li Hesab-faktura ilə cəmi 30.600 manat pulun ödənilməsi alıcıdan tələb olunmuşdur. “Hacı Camalxan” KFT tərəfindən Cavabdeh MMC-yə 12.03.2019-cu il tarixli 54№-li ödəniş tapşırığı ilə 15.300 manat; 28.03.2019-cu il tarixli 72№-li ödəniş tapşırığı ilə 15300 manat olmaqla, müqavilə və qiymət razılaşdırma protokolu üzrə şərtləşdirilmiş cəmi 30.600 manat pul ödənilmişdir. Müqavilə ilə satılması nəzərdə tutulmuş, dəyəri ödənilmiş hibrid qarğıdalı toxumları satıcı tərəfindən təhvil verilmiş, qarğıdalı toxumları təyinatı üzrə əkilmiş, lakin əkilmiş toxumlar yalnız 45-50% bitmişdir ki, bu da analoji toxumun məhsuldarlığa yararsız olması deməkdir. Lazımi qaydada aqrotexniki qulluq göstərilməsinə baxmayaraq toxumların məhsuldar olmamasından narahat olaraq “Hacı Camalxan” KFT araşdırma aparmışdır. Məlum olmuşdur ki, 2016-cı ilin istehsalı olan, satıcı tərəfindən Türkiyədən idxal edilərək ona satılmış toxumların, məhsuldar bitməsi (cücərməsi) mümkünsüz olduğundan, əslində onların satışı dayandırılmışdır. Həm yararlılıq müddətinin bitməsinə, həm də digər aqrotexniki amillərə əsasən Cavabdeh MMC tərəfindən satılan toxumların bitmə imkanının olmadığı əvvəlcədən satıcıya məlum olmuşdur. Cavabdeh MMC-nin rəhbərliyinə müraciət olunaraq satılmış toxumların yararlılıq müddətinin keçdikdən sonra satılması, eləcə də istifadə üçün zəruri keyfiyyətlərə malik olmamasına görə bitməsinin mümkünsüzlüyü, bu səbəbdən də satıcı tərəfindən ona maddi ziyan vurulduğu bildirilməklə, müqavilənin 4.1-ci bəndinin tələbləri rəhbər tutularaq təsərrüfata dəymiş zərərin faktiki məbləğinin müəyyənləşdirilməsində iştirak etmək üçün səlahiyyətli nümayəndənin təyin olunması və dəymiş zərərin müəyyənləşdiriləcək məbləğinin ödənilməsinin təmin olunması xahiş edilmişdir. Cavabdeh MMC-dən 02 avqust 2019-cu il tarixli 26№-li cavab məktubunda aralarında bağlanmış müqavilə əsasənda satılmış hibrid qarğıdalı çeşidləri məhsulunun keyfiyyətini təsdiq edən bütün zəruri sənədlərə əsasən idxal olunduğu, idxal zamanı Azərbaycan Respublikası “KTN” və “AQTA” tərəfindən lazımi arayışlar və idxal icazələri alındığı göstərilir. Həmçinin, satıcının rəhbərinin məktubunda göstərilir ki, toxumlar 05 may 2019-cu il tarixində əkilmişdir və toxum cücərməsi ilə bağlı problemləri dünya təcrübəsində də olduğu kimi toxum əkildikdən 15 gün ərzində müşahidə edərək onlara məlumat verilməsi doğru olardı, bu halda problemin əsl səbəbini aşkarlamaq mümkün olacaqdı. Cavab məktubunda ona satılmış toxum nümunələrindən sınaq əkini aparmaq təklif olunmuşdur. Satıcının bu məktubuna cavab olaraq isə 05.09.2019-cu il tarixli təkrar məktub göndərilərək, satılmış toxumların 2016-cı il istehsallı olmaqla yararlılıq müddətinin keçməsinə görə məhsuldarlığını itirdiyindən, təkrar nümunə əkini aparılmasını əhəmiyyətsiz hesab edərək müəssisəyə dəymiş ziyanın ödənilməsi xahiş olunmuşdur. Keçən müddət ərzində Cavabdeh MMC tərəfindən ona cavab verilməmiş və dəymiş ziyan ödənilməmişdir. Müstəqil surətdə aparılmış araşdırmalar, toxumların idxal olunduğu ölkədəki mütəxəssislərdən alınan məlumatlar əsasında qeyd edirlər ki, Cavabdeh MMC tərəfindən satılmış toxum çeşidlərinin cücərməyəcəyi və məhsuldar bitməyəcəyi əvvəlcədən məlum olmuşdur. 2016-cı il istehsalı olan bu toxumlar istehsalçı şirkətin özü tərəfindən dövriyyədən çıxarılmasına baxmayaraq, Cavabdeh MMC-nin bu çeşidləri ona satması kommersiya və müqavilə münasibətlərində vicdanlılıq meyarlarına uyğun deyil. Cavabdeh MMC-ni fəaliyyəti sahəsində xüsusi bilikli, bazarda vicdanlı davranan tərəfdaş kimi tanımış və bu səbəbdən yararlılıq müddəti bitmiş toxumların ona satıla biləcəyinə şübhə etməmişdir. Lakin toxumların cücərməməsi halından sonra aparılan araşdırmalar o qənaətə gəlməyə əsas verir ki, Cavabdeh MMC müqavilə öhdəliklərini lazımınca yerinə yetirməyərək bizə yararlı olmayan toxumları satmış, bunun nəticəsində ən azı müqavilə üzrə ödənilən məbləğdə maddi ziyan vurmuşdur. Hazırda mütəxəssislər tərəfindən cavabdehin bu hərəkəti nəticəsində məruz qaldıqları əlavə maddi ziyan və əldən çıxmış fayda məbləğləri də hesablanır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi İsgəndərov Vəkil Yasin oğlu məhkəməyə izahatında qeyd etdi ki, cavabdeh tərəfindən onlara satılan məhsulu əkmiş, lakin heç bir məhsul götürə bilməmişlər. Onlara satılan toxum kisələrinin üzərində istehsal tarixləri qeyd olunsa da, həmin məhsulların hansı tarixə qədər istifadəyə yararlı olması qeyd olunmamışdır. Əlavə olaraq 2016-cı ildə istehsal olunan məhsul 2019-cu ildə onlara satılmışdır ki, bu zaman toxumların enerji və cücərmə faizləri tələb olunan standartların altında olmuşdur. Toxumların cücərməməsi ilə bağlı cavabdehə məlumat verilmiş, həmin əraziyə baxış keçirmiş, özləri də məhsulların cücərməməsini görmüşlər. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi X2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək qeyd etdi ki, tərəflər arasında müqavilə imzalanmış, müqaviləyə əsasən cavabdeh tərəfindən iddiaçıya qarğıdalı toxumları satılmışdır. Qeyd olunan toxumlar Salyan rayonu ərazisində əkilmişdir. Lakin verilən məhsullar yararsız olmuş, bununla bağlı olaraq onlar qarşı tərəfə müraciət etmişlər. Satılan toxumların yararsız olması ilə bağlı olaraq mütəxəssislərə müraciət etmişlər. Daha sonra onlara məlum olmuşdur ki, verilən toxumlar 2016-cı il istehsalıdır və yararlılıq müddəti keçdiyi üçün 2019-cu ildə həmin toxumlar satıla bilməz. Bununla bağlı olaraq cavabdehə müraciət etsələr də onlara məhsulların onlara təhvil verildiyi tarixdən 2 ay keçdikdən sonra irad bildirdiklərini qeyd etmiş, əlavə etmişlər ki, tərəflər arasında imzalanmış müqaviləyə əsasən toxumun keyfiyyəti ilə bağlı məhsullar təhvil alınan gündən 15 gün ərzində məlumat verməli idilər.İddiaçının nümayəndəsi və vəkili qeyd etmişdir ki, cavabdeh tərəf öz çıxışında etiraf etdi ki, illər keçdikcə toxumun cücərmə faizi aşağı düşə bilir əlavə olaraq cavabdehin nümayəndəsi onlara eyni toxumların əkildiyi başqa sahələrin olması və həmin sahələrə birlikdə baxış keçirilməsi təklifinin onlar tərəfindən qəbul edilməməsini qeyd etsə də, onlara qarşı tərəfdən belə bir təklif edilməmişdir. Əlavə olaraq iş üzrə keçirilmiş ekspertizanən rəyi də, iddia tələbinin əsaslı olmasını sübut edir. Qeyd olunanlara və iddia ərizəsinə əsasən iddiaçının nümayəndəsi iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi bildirmişdir ki, qarğıdalı toxumlarının əkini mart-aprel aylarında aparılır. Toxumlar əkildikdən sonra 15 gün ərzində həmin toxumların cücərib-cücərməməsi barədə məlumat almaq olar. Lakin qarşı tərəf onlara 4 ay sonra yaranmış problemlə bağlı müraciət etmişdir. Uzun müdət keçdiyi üçün hazırda cücərmənin hansı səbəbdən baş vermədiyini aydınılaşdırmaq qeyri-mümkündür. Toxumların 2016 və ya 2017-ci ildə istehsal olunması onların məhsuldarlığına heç bir təsir etmir, sadəcə olaraq cücərmə faizini aşağı sala bilir. Cücərmə faizi isə Türkiyə Respublikasında həmin toxumların istehsalı zamanı verilən müvafiq sertifikatlar təsdiqləyir ki, qeyd olunan məhsullar istifadəyə yararlıdır. Bu barədə toxum qarşı tərəfə satılarkən məlumat verilmişdir. Əlavə olaraq qarşı tərəf toxumlarda yaranmış problemlərlə əlaqədar məlumat verdiyi zaman onlara eyni toxumun bir sıra şirkətlərə də satılması, həmin ərazilərə birlikdə baxış keçirilməsi və ya neytral bir zonada eyni toxumlardan əkin aparılması təklif olunsa da, qarşı tərəf bu təkifləri rədd etmişdir. İş üzrə keçirilən ekspert rəyi zamanı təqdim olunan nümunələr də, uzun müddət keçiyi üçün onların cücərmə faizi aşağı düşmüşdür. İddiaçıya 2 çeşid- “6630 və 6724” çeşiddə toxumlar satılmışdır. Hazırda “6724” çeşidi ilə bağlı mübahisə mövcuddur ki, qeyd olunan toxum növü 2016-cı ildə onlara satılmış və satış zamanı Türkiyə Respublikasında verilən sertifikatlar onlara təqdim edilmişdir. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının nümayəndəsini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək, hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. İş materiallarında olan satıcı olan cavabdeh ilə alıcı olan iddiaçı arasında 13 mart 2019-cu il tarixli, 07/19 saylı alqı-satqı müqaviləsinə əsasən “satıcı” “alıcı”ya “əlavə”də göstərilən məhsulları satmağı, “alıcı” isə satın aldığı məhsulları qiymətlərin razılaşdırılması protokoluna əsasən ödəməyi öz öhdəsinə götürür. Bu müqavilə üzrə “alıcı”ya satılacaq hər bir mal partiyası üzrə malların adı, qiyməti və miqdarı bu müqavilənin ayrılmaz tərkib hissəsi hesab olunan qiymətlərin razılaşdırılması protokolu ilə müəyyən edilir. Həmin müqavilənin: -2.1-ci bəndinə əsasən “alıcı” satdığı malların dəyərini “satıcı”ya bank yolu ilə ödəyir. -3.1-ci bəndinə əsasən mallar “alıcı”ya “satıcı”nın nəqliyyat və çatdırılma məsrəfləri hesabına təhvil verilir. Malın təhvili elektron qaimə-fakturalar ilə rəsmiləşdirilir. İş materiallarında olan 12.03.2019-cu il tarixli qiymətlərin razılaşdırılması protokoluna əsasən “DKC6630SEED” və “DKC6724SEED” çeşidində mallar hər iki çeşid üçün 153 manat qiymət olmaqla ümumilikdə 30.600 manat ödəniş tərəflər arasında razılaşdırılmışdır. İş materiallarında olan EAAV seriyalı, 865135 saylı, 15.06.2019-cu il tarixli elektron qaiməyə əsasən, ümumilikdə 30.600 manat məbləğində məhsul “Hacı Camalxan” X8 təhvil verilmişdir. İş materiallarında olan 54 nömrəli 12 mart 2019-cu il tarixli ödəniş tapşırığına əsasən və 72 nömrəli 28 mart 2019-cu il tarixli ödəniş tapşırığına əsasən 15.300 manat məbləğində ödəniş Cavabdeh MMC-nin hesabına köçürülmüşdür. İş materiallarında olan Cavabdeh MMC tərəfindən “Hacı Camalxan” X8 ünvanlanmış 02 avqust 2019-cu il tarixli, 26 nömrəli cavab məktubunda qeyd olunmuşdur ki, bağlanmış 13 mart 2019-cu il tarixli, 07/19 saylı müqaviləyə əsasən satılmış bütün hibrid qarğıdalı çeşidləri məhsulun keyfiyyətini təsdiq edən bütün zəruri sənədlərə əsasən idxal edilmiş və idxal prosesi zamanında da Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən lazımi arayışlar və idxal icazələri alınmışdır. Alınan toxumların cücərməsi və çıxışı ilə bağlı iyul ayının ikinci on günlüyündə edilən şikayətə əsasən 16 iyul 2019-cu il tarixində Cavabdeh MMC-nin əməkdaşları əkin yerlərini ziyarət etmişdir və problemlə tanış olmuşdur. Əldə edilən məlumata görə toxumlar 05 may 2019-cu il tarixində əkilmişdir və toxum cücərməsi ilə bağlı problemləri dünya təcrübəsində də olduğu kimi toxum əkildikdən 15 gün ərzində müşahidə edərək onlara məlumat yerilməsi daha doğru olardı, bu halda problemin əsl səbəbini aşkarlamaq mümkün olacaqdı. Satılan toxumlardan nümunələr almış və bu toxumların öz əkin sahələrində, cücərmə testini həyata keçirmiş və nümunələrin cücərməsində və çıxışında heç bir problem olmadığını aşkarlanmışdır. Satılan toxumların neytral bir ərazidə keyfiyyət göstəricilərinin təkrar yoxlanması üçün hər iki tərəfin iştirakı ilə nümunə əkin həyata keçirilməsini təklif edilmişdir. Əgər nümunə əkin prosesində toxum cücərməsində və çıxışında toxumların keyfiyyət sənədlərində bəyan edilən nəticələrdən kənarlaşmalar aşkar edilərsə, o halda digər məsələlərin müzakirəsinə hazır olduqlarını bildirmişlər. Həmçinin qeyd edilmişdir ki, “Dekalb” şirkətinin qarğıdalı hibridləri eyni dövrdə bir çox digər müştərilərə də satılmış və əkinləri həyata keçirilmişdir, heç bir şikayət daxil olmamışdır. Tələb olduğu təqdirdə, digər müştərilərin əkin sahələrində də bu əkinləri nümayiş etdirməyə hazırdırlar. İş materiallarında olan Hacı Camalxan” X9 tərəfindən Cavabdeh MMC-yə ünvanlanan 19 saylı, 05 sentyabr 2019-cu il tarixli məktubun məzmununda qeyd olunur ki, “Hacı- Camalxan” kəndi fermer təsərrüfatına ünvanlanmış 02 avqust 2019-cu il tarixli, 26 nömrəli məktubda 13 mart 2019-cu il tarixli, 07/19 saylı müqaviləyə əsasən cəmiyyətimizə satılmış hibrid qarğıdalı çeşidləri məhsulunun keyfiyyətini təsdiq edən bütün zəruri sənədlərə əsasən idxal edildiyinə və idxal prosesi zamanında da Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən lazımı arayışlar və idxal icazələrinin alındığına istinad olunaraq, müştərilərinizə daha yüksək xidmətlərin göstərilməsinin ən önəmli məqsədiniz olduğu qeyd edilərək satılmış toxumların neytral bir ərazidə əkinin həyata keçirilməsi təklif edilmişdir. Qeyd olunmuşdur ki, cəmiyyətə 13 mart 2019-cu il tarixli müqaviləyə əsasən satılmış toxumların 2016-cı il istehsallı olması işin mübahisəsiz halıdır və bu xüsusat alınmış toxumların kisələri üzərində göstərilmişdir. Toxumların yararlılıq müddətinin keçməsinin onun məhsuldarlığının aşağı düşməsinə səbəbdir. Belə olan təqdirdə nümunə yoxlama əkininin keçirilməsini əhəmiyyətli və mübahisənin həllində faydalı həlli hesab etmirlər. Odur ki, müəssisəyə dəymiş ziyanın ödənilməsinin təmin olunması üçün aidiyyəti şəxslərə müvafiq tapşırıqları verilməsi xahiş olunmuşdur. İş materiallarnda olan Hacı Camalxan” X9 tərəfindən Cavabdeh MMC-yə ünvanlanan 26 iyul 2019-cu il tarixli 13 saylı məktubunda qeyd olunur ki, "xxxx" MMC ilə “Hacı Camalxan” KFT arasında bağlanmış 07/19 № li, 13 mart 2019-cu il tarixli müqaviləyə və bu müqaviləyə 1 saylı əlavəyə əsasən “Hacı Camalxan” KFT-na ümumi dəyəri 30.600.00 manat məbləğində olan qarğıdalı toxumu (DKC 6630 SEED DKC 6724 SEED) satılmışdır. Yuxarıda sözügedən müqaviləyə əsasən “Hacı Camalxan” KFT-na satılmış qarğıdalı toxumları zəruri keyfiyyətlərə malik olmadığından, eləcə də yararlıq müddəti keçdiyindən toxumların bitməsi demək olar ki, olmamışdır.Bu səbəbdən müəssisəyə ciddi maddi ziyan dəymişdir.13 mart 2019-cu il tarixli, 07/19 saylı müqavilənin 4.1-ci bəndinin tələblərini rəhbər tutaraq müəssisəyə dəymiş zərərin faktiki məbləğinin müəyyənləşdirilməsində iştirak etmək üçün səlahiyyətli nümayəndənin təyin edilməsini və dəymiş ziyanın müəyyənləşdiriləcək məbləğinin ödənilməsini təmin olunması xahiş edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Aqrar Elm və X7 Elmi-Tədqiqat İnstitutu tərəfindən Hacı Camalxan” X6 22 saylı, 21.09.2020-ci il tarixli məktubuna verilən 280 saylı, 06 oktyabr 2020-ci il tarixli cavabda qeyd olunur ki, 24 sentybar 2020-ci il tarixdə “Hacı Camalxan” KFT-nın anbarlarından götürülən orta qarğıdalı sort nümunələrinin “ilkin toxumçuluq və toxumun keyfiyyəti” laboratoriyasında səpin keyfiyyətinin təyini ilə bağlı qeyd olunur ki, qarğıdalı bitki növünün “DKC 6630 SEED” hibrid F-1 sortunun cücərmə enerjisi 11%, cücərmə qabiliyyəti 12%, qarğıdalı bitki növünün “DKC 6724 SEED” hibrid F-1 sortunun cücərmə enerjisi 8%, cücərmə qabiliyyəti 9.5% olaraq qeyd olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Aqrar Elm və X7 Elmi-Tədqiqat İnstitutu tərəfindən İH-VS-02/21 saylı, 15.02.2021-ci il tarixli vəkil sorğusuna verilən 47 saylı, 19.02.2021-ci il tarixli mütəxəssis rəyində qeyd olunur ki, X4 Toxumlarının sort və səpin keyfiyyətlərinə dair Azərbaycan Respublikası Dövlət Standartına (AZS 037-99) uyğun olaraq hibrid qarğıdalı toxumunun qrupları üzrə səpin keyfiyyəti aşağıdakı kimi təsbit edilmişdir:
1. Hibridlər-hibridlərin valideyn formaları – F1- toxumun təmizliyi minimum 98 %, cücərməsi minimum 92%, nəmliyi maksimum 14%-dir.
2. Ərzaq üçün hibridlər. F1 toxumun təmizliyi minimum 98; cücərməsi minimum 92%; nəmliyi maksimum 14%
3. Sort və hibrid populyasiyası- Orijinal toxumun (OT) təmizliyi minimum 99 %, cücərməsi minimum 92 %; nəmliyi maksimum 14% təşkil edir. Onu da qeyd etmək lazımdır ki, standart və təlimatlarda cücərmə enerjisinin minimum və maksimum həddinin neçə faiz təşkil etdiyi qeyd edilmir. Qarğıdalı toxumunun cücərmə enerjisinin faizlə göstəricisi cücərmə kamerasında 20-30 °C temperaturda 4 gün, cücərmə qabiliyyəti isə 7 gün müddətində təyin edilir. Cücərmə enerjisinin faizlə miqdarı cücərmə qabiliyyətinin faizlə miqdarına nə qədər yaxın olarsa toxumun səpin keyfiyyəti daha yüksək olar. İş materiallarında olan 09 fevral 2021-ci il tarixli, 7/795 nömrəli ekspert rəyinin nəticəsində qeyd olunur ki, tədqiqata təqdim olunmuş üzərində DDKC6630SEED sözləri yazılmış kisədə qarğıdalı toxumlarının cücərmə enerjisi 49%, cücərmə qabilliyəti 49,5% və üzərində D DKC6724SEED sözləri yazılmış kisədəki qarğıdalı toxumlarının cücərmə enerjisi 43%, cücərmə qabiliyyəti 45 % olması müəyyən edilmişdir. İş materiallarında olan 07 iyun 2021-ci il tarixli, 7/339 nömrəli ekspert rəyinin nəticəsində qeyd olunur ki, tədqiqata təqdim olunmuş üzərində DDKC6630SEED sözləri yazılmış kisədəki qarğıdalı toxumlarının cücərmə enerjisi 49%, cücərmə qabiliyyəti 49,5% olması müəyyən edildi. Tədqiqata Cavabdeh MMC tərəfindən “Hacı Camalxan” X8 satılmış “DDKC6724SEED” toxumlar təqdim edilmədiyindən həmin toxumlar üzrə tədqiqat işləri aparılmadı və qərarda qoyulmuş Cavabdeh MMC tərəfindən “Hacı Camalxan” X8 satılmış “DDKC6630SEED” və “DDKC6724” “toxumlarının cücərmə qabiliyyəti və cücərmə enerjisi nə qədər təşkil edir?” sualının 2-ci hissəsi həll edilmədi. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında alqı-satqı müqaviləsi bağlanmış, müqavilə üzrə təhvil alınmış malın dəyəri ödənilmişdir. Alınmış malın keyfiyyəti alıcı tərəfindən mübahisələndirilmiş, satılmış malın keyfiyyətsiz olduğundan ödənilmiş vəsaitin geri qaytarılması tələb olunmuşdur. İddiaçı satılmış qargıdalı toxumlarının cücərmə faizinin dövlət standartlarında normallaşdırılan göstəricilərdə nəzərdə tutulmuş faizdən cox aşağı olması ilə əsaslandırmışdır. Cavabdeh satılmış toxumların sertifikatının olması, eyni zamanda 15 gün ərzində qeyd edilən iradla müraciət etmək imkanının olduğu halda 05 mayda əkilmiş toxumların cücərməsi ilə bağlı iyul ayının ikinci on günlüyündə şikayət edildiyini bildirərək iddia tələbini qəbul etməmişdir.Ekspert rəyində təqdim edilmiş qarğıdalı toxumlarının cücərmə qabiliyyəti və enerjisin 50 faizdən aşağı olması müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2 maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1 maddəsinə uyğun olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3 maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4 maddəsinə uyğun olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 581.1-ci maddəsinə əsasən satıcı alıcıya keyfiyyəti alğı-satqı müqaviləsinə uyğun gələn əşya verməyə borcludur. Mülki Məcəllənin 581.2,581.3 və 581.4-cü maddəsinə müvafiq olaraq alğı-satqı müqaviləsində əşyanın keyfiyyəti haqqında şərtlər olmadıqda, satıcı alıcıya bu cür malın adətən istifadə edildiyi məqsədlərə yarayan əşya verməyə borcludur. Əgər müqavilə bağlanarkən alıcı əşyanı əldə etməsinin konkret məqsədləri barəsində satıcıya məlumat vermişdirsə, satıcı alıcıya həmin məqsədlər üçün istifadəyə yarayan əşya verməyə borcludur. Əşyanı nümunəyə və (və ya) təsvirə əsasən satarkən, satıcı alıcıya nümunəyə və (və ya) təsvirə uyğun gələn əşya verməyə borcludur. Satılan əşyanın keyfiyyəti barəsində məcburi tələblər olduqda, sahibkarlıq fəaliyyəti ilə məşğul olan satıcı alıcıya həmin məcburi tələblərə uyğun gələn əşya verməyə borcludur. Tərəflər arasında razılaşmaya əsasən satıcı keyfiyyət üçün müəyyənləşdirilmiş məcburi tələblərə nisbətən daha yüksək tələblərə uyğun gələn əşya verə bilər. Beləliklə, yuxarıda qeyd olunan qanunvericiliyin tələblərinə əsaslanaraq və işin hallarına məcmu halda qiymət verərək məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçıya nəzərdə tutulmuş məqsəd üçün keyfiyyəti uyğun gəlməyən mal verildiyindən iddia təmin edilməli, Cavabdeh MMC-dən 30600 manat məbləğində pul vəsaiti “Hacı Camalxan”X6 xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 284-5.3, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq,
QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh MMC-dən 30600 manat məbləğində pul vəsaiti “Hacı Camalxan”X6 xeyrinə tutulsun. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 180 (yüz səksən) manat cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim Aytən Əliyeva