Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-6306/2022 19.12.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Ələkbərova Gülcan Maşallah qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh qarşı xx.xx.2017-ci il tarixli, 2254-GL/17 saylı müqavilə üzrə borcun tutulması tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi Cavabdeh qarşı xx.xx.2017-ci il tarixli, 2254-GL/17 saylı müqavilə üzrə borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2017-ci il tarixli 2254-GL/17 nömrəli müqavilə üzrə maliyyə arayışının tərtib edildiyi xx.xx.2022-ci il tarixə hesablanmış 10514 manat gecikdirilmiş borcun və hesablanmış 6505,24 manat cərimə borcunun, hüquqi yardımla bağlı 300 manat, 200 manat mediasiyaya dair xərcin, cəmi 17.519,24 manat pul vəsaitinin Cavabdeh tutularaq Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC ("xxxx" ASC) ilə Cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli 2254-GL/17 nömrəli müqaviləyə əsasən borclu kənd təsərrüfatı texnikalarını lizinqə götürmüşdür. Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə cavabdehin maliyyə arayışının tərtib edildiyi xx.xx.2022-ci il tarixə xx.xx.2017-ci il tarixli 2254-GL/17 nömrəli müqavilə üzrə 10514 manat gecikdirilmiş borcu və hesablanmış 6505,24 manat cərimə borcu yaranmışdır. Cavabdehə öhdəliklərin yerinə yetirilməsi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq borclu tərəfindən ödənişlər yerinə yetirilməmişdir. Tərəflər arasında bağlanmış müqavilələrin 4.2-ci maddəsinə görə lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişləri yerinə yetirməzsə lizinq verən lizinq alandan gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb etmək hüququna malikdir. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq keçirilmiş ilkin mediasiya sessiyasında tərəflərdən yalnız Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanındaAqrar Kredit və İnkişaf Agentliyi iştirak etmiş, iş üzrə Cavabdeh mediasiya sessiyasında iştirak etməmişdir. Sonradan iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin həcminin azaldılması barədə ərizə verərək, məhkəmədən xx.xx.2017-ci il tarixli 2254-GL/17 nömrəli müqavilə üzrə maliyyə arayışının tərtib edildiyi xx.xx.2022-ci il tarixə hesablanmış 8514 manat gecikdirilmiş borcun və hesablanmış 6505,24 manat cərimə borcunun, hüquqi yardımla bağlı ödənilmiş 300 manat, mediasiyaya dair xərcinin əvəzi olaraq ödənilmiş 200 manat məbləğində pul vəsaitinin, cəmi 15.519,24 manat pul vəsaitinin Cavabdeh tutularaq Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: - Lizinq verən "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə lizinq alan Cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli 2254-GL/17 nömrəli lizinq müqaviləsinə əsasən lizinq verən ümumi məbləği 31.911 manat olan və spesifikasiyada (Əlavə № 1) göstərilən kənd təsərrüfatı texnikalarını ilkin dəyərinin 40%-nə güzəşt tətbiq edilməklə qalıq dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə lizinqə verir. Müqavilənin: 1.2-ci bəndinə əsasən lizinq alan texnikanın qalıq məbləğini ödəniş qrafıkinə (Əlavə № 2) müvafiq olaraq ödəməyi öhdəsinə götürür. 1.3-cü bəndinə əsasən texnikaya mülkiyyət hüququ lizinq alan tərəfindən öhdəliklər tam yerinə yetirilənədək lizinq verənə məxsusdur. 3.1-ci bəndinə əsasən texnika üzərində müstəsna mülkiyyət hüququ lizinq alan tərəfindən onun qalıq dəyəri tanı ödənilənədək lizinqə verənə məxsusdur. 4.2-ci bəndinə əsasən lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişləri yerinə yetirməzsə, lizinq verən lizinq alandan gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb edir. Müqavilə tərəflərin imzası və lizinq verənin möhürü ilə təsdiq edilmişdir. - xx.xx.2017-ci il tarixli 2254-GL/17 saylı lizinq müqaviləsinə 1 saylı Əlavə kimi təsdiq edilmiş spesifikasiyadan görünür ki, 1 ədəd “Traktor Belarus-1221” adlı texnika qiyməti 69.600 manat, ilkin ödənişin məbləği 13.920 manat, müddəti 10 il olmaqla; 1 ədəd “Kotan 5 gövdəli (təkərli)-Can-P-5” adlı texnika qiyməti 3.970 manat, ilkin ödənişin məbləği 1191 manat, müddəti 2 il olmaqla; 1 ədəd “Taxılsəpən gübrəsəpənlə AGHBM-N24” adlı texnika qiyməti 9600 manat, ilkin ödənişin məbləği 2880 manat, ödəmə müddəti 3 il olmaqla lizinqə verilmişdir. Əlavə tərəflərin imzası və lizinq verənin möhürü ilə təsdiq edilmişdir. - xx.xx.2017-ci il tarixli 2254-GL/17 saylı lizinq müqaviləsinə 2 saylı əlavə olan ödəniş qrafikindən görünür ki, həmin qrafikə əsasən lizinq alan tərəfindən xx.xx.2017-ci il tarixində 224 manat, xx.xx.2018-ci ildən xx.xx.2019-cu ilədək olan dövr üçün hər rüb üçün 1146 manat, xx.xx.2019-cu il tarixdə 1114 manat, xx.xx.2019-cu ildən xx.xx.2020-ci ilədək olan dövrdə hər rüb üçün 976 manat, xx.xx.2020-ci il tarixində 923 manat, xx.xx.2020-ci il tarixdən xx.xx.2027-ci il tarixədək olan dövrdə hər rüb üçün 714 manat, xx.xx.2027-ci il tarixində 568 manat məbləğində lizinq ödənişləri edilməli idi. Əlavə tərəflərin imzası və lizinq verənin möhürü ilə təsdiq edilmişdir. - "xxxx" ASC (hazırkı "xxxx" ASC) tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2017-ci il tarixli 2254-GL/17 saylı lizinq müqaviləsi üzrə lizinq alan Cavabdeh gecikdirilmiş borcu 10.514 manat, cərimə borcu 6505,24 manat olmaqla cəmi borc 17019,24 manat təşkil edir. - xx.xx.2017-ci il tarixli 5/587 saylı aktdan görünür ki, qiyməti 9600 manat olan “Taxılsəpən gübrəsəpənlə AGHBM-N24” adlı və qiyməti 3970 manat olan “Kotan 5 gövdəli (təkərli)-Can-P-5”, cəmi 13570 manat məbləğində texnika lizinq alan Cavabdeh təhvil verilmişdir. Akt hər iki tərəfin imzası ilə təsdiq edilmişdir. -xx.xx.2017-ci il tarixli 2/601 saylı aktdan görünür ki, qiyməti 69600 manat olan “Traktor Belarus-1221” adlı texnika lizinq alan Cavabdeh təhvil verilmişdir. Akt hər iki tərəfin imzası ilə təsdiq edilmişdir. - Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin pretenziya məktubu ilə təsdiq edilir ki, cavabdehə lizinq müqavilələri üzrə borcun ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. - Hüquqi yardımın göstərilməsi haqqında 2377 saylı müqavilədən görünür ki, Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Vəkil tərəfindən Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə göstərilən hüquqi yardım haqqının məbləği 300 manat müəyyən edilmişdir. - "xxxx" Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin tənzimlənməsi ilə bağlı bəzi tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 17 avqust 2020-ci il tarixli Fərmanına əsasən "xxxx" ASC-nin adı dəyişdirilərək "xxxx" ASC adlandırılmış və "xxxx" Açıq Səhmdar Cəmiyyətinin kənd təsərrüfatı texnikasının, texnoloji avadanlığın, suvarma sistemləri dəsti və avadanlığının, damazlıq heyvanların kənd təsərrüfatı istehsalçılarına lizinq yolu ilə satılmasına dair qüvvədə olan lizinq müqavilələri üzrə hüquq və öhdəlikləri Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə keçmişdir. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, "xxxx" ASC ilə Cavabdeh arasında xx.xx.2017-ci il tarixli 2254-GL/17 saylı lizinq müqaviləsinə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. "xxxx" ASC həmin müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etsə də, Cavabdeh lizinq ödənişlərini ödəniş qrafiklərinə uyğun olaraq həyata keçirməməklə lizinq müqavilələri üzrə öhdəliklərini lazımi qaydada icra etməmiş, nəticədə Cavabdeh lizinq müqaviləsi üzrə cəmi 8514 manat məbləğində gecikdirilmiş borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə müvafiq olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1. maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanlımalı olduğunu müəyyən edir. 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə sadalanan qanunvericilik normalarını, eləcə də Cavabdeh mübahisəli lizinq müqaviləsinə əsasən üzərinə götürdükləri öhdəlikləri lazımi qaydada icra etmədiyini, nəticədə lizinq ödənişləri üzrə Cavabdeh lizinq müqaviləsi üzrə cəmi 8514 manat məbləğində borcunun yarandığını, lizinq müqaviləsində öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə dəbbə ödənilməsi nəzərdə tutulduğunu, eləcə də Azərbaycan Respublikası Prezidentinin 17 avqust 2020-ci il tarixli Fərmanına əsasən sözügedən lizinq müqavilələri üzrə "xxxx" ASC-nin bütün hüquq və öhdəliklərinin iddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə keçdiyini nəzərə alaraq hesab edir ki, iddiaçı həmin müqavilə üzrə əsas borcun və dəbbə pulunun cavabdehdən tutulmasını tələb etməkdə haqlıdır. Cavabdehdən tutulacaq dəbbə pulunun məbləğinə münasibətdə məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Belə olan halda məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq dəbbə pulu xx.xx.2017-ci il tarixli 2254-GL/17 saylı müqavilə üzrə 400 manat məbləğində müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh lizinq müqaviləsi üzrə cəmi 8514 manat məbləğində əsas borc və xx.xx.2017-ci il tarixli 2254-GL/17 saylı müqavilə üzrə 400 manat məbləğində dəbbə pulu (cərimə) tutularaq iddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməlidir. Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən 200 manat məbləğində mediasiya xərcləri ödənilmişdir. Məhkəmə kommersiya mübahisələri üzrə tərəflərin çəkdiyi mediasiya xərclərinin məhz işə baxılması ilə bağlı çəkilmiş zəruri xərclər olduğunu, eyni zamanda “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə əsasən mediasiya xərclərinin dövlət rüsumunu də ehtiva etdiyini nəzərə alaraq belə qənaətə gəlir ki, mediasiya xərcləri məhkəmə xərcləri kimi tərəflər arasında bölüşdürülməlidir. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, hazırkı qətnamə ilə iddia qismən təmin edildiyindən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq iddiaçı tərəfindən ödənilmiş mediasiya xərclərinə görə 100 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Vəkil yardımına görə çəkilmiş xərclərin tutulması tələbi ilə bağlı məhkəmə qeyd edir ki, MPM-in 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə MPM-in 121.1-ci maddəsinin tələblərini, eləcə də hazırkı qətnamə ilə iddianın qismən təmin edildiyini və belə olan halda məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməli olduğunu nəzərə alaraq vəkil yardımına çəkilmiş xərclərə görə cavabdehdən 150 manat məbləğində pulun tutulmasını ağlabatan hesab edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216- 220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2017-ci il tarixli 2254-GL/17 saylı müqavilə üzrə xx.xx.2022-ci il tarixə olan 8514 manat məbləğində gecikdirilmiş əsas borc, 400 manat məbləğində dəbbə pulu; cəmi 8914 manat məbləğində pul vəsaitini, eləcə də vəkil xidmətlərinə çəkilmiş xərclərin əvəzi olaraq 300 manat və mediasiya xərclərinin əvəzi olaraq 100 manat məbləğində pul vəsaiti tutularaq iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilsin. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-6306/2022
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-6306/2022
19.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver