Məhkəmə qərarları › İş №e-2-2(113)-6308/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-6308/2022

08.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-6308/2022 08.12.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, X1 qızının katibliyi, iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh qarşı pul tələbi barədə kommersiya mübahisəsinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi iddia ərizəsi və iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2017-ci il tarixli 1877-GL/17 nömrəli müqavilə üzrə maliyyə arayışının tərtib edildiyi xx.xx.2022-ci il tarixə hesablanmış 4676 manat gecikdirilmiş borcun və hesablanmış 3036,66 manat cərimə borcunun, xx.xx.2019-cu il tarixli 622-GL/19 nömrəli müqavilə üzrə maliyyə arayışının tərtib edildiyi xx.xx.2022-ci il tarixə hesablanmış 6118 manat gecikdirilmiş borcun və hesablanmış 4260,92 manat cərimə borcunun, hüquqi yardımla bağlı 300 manat, 200 manat mediasiyaya dair xərcin, cəmi: 18591,58 manat pul vəsaitinin Cavabdeh tutularaq Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ("xxxx" ASC) ilə Cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli 1877-GL/17 nömrəli və xx.xx.2019-cu il tarixli 622-GL/19 nömrəli müqavilələrə əsasən borclu (lizinq alan) kənd təsərrüfatı texnikalarını lizinqə götürmüşdür. Cavabdeh müqavilələr üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə cavabdehin maliyyə arayışlarının tərtib edildiyi xx.xx.2022-ci il tarixə xx.xx.2017-ci il tarixli 1877-GL/17 nömrəli müqavilə üzrə 5676 manat gecikdirilmiş borcu və hesablanmış 3036,66 manat cərimə borcu, xx.xx.2019-cu il tarixli 622-GL/19 nömrəli müqavilə üzrə isə 7118 manat gecikdirilmiş borcu və hesablanmış 4260,92 manat cərimə borcu yaranmışdır. Cavabdehə öhdəliklərin yerinə yetirilməsi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq borclu tərəfindən ödənişlər yerinə yetirilməmişdir. Cavabdeh öhdəlikləri vaxtında icra etməməklə Mülki Məcəllənin 427.3-cü və 445.2.1-ci maddələrinin tələblərini pozmuşdur. Belə ki, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Digər tərəfdən borclu öhdəliyi müəyyənləşdirilmiş müddətdə icra etmədikdə kreditor qarşısında məsuliyyət daşıyır. Yenə həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 747.1-ci maddəsinə görə lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq ala müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Məhkəmə iclasında iştirak etmiş iddiaçı Azərbaycan Respublikası Kənd Təssərüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyin nümayəndəsi, Vəkil iddia tələbinin həcminin azaldılması barədə ərizəyə uyğun izahat vermiş, əlavə olaraq bildirmişdir ki, cavabdeh tərəfindən 21 sentyabr 2022-ci il tarixdə hər iki müqavilə üzrə ayrı-ayrılıqla 1000 manat məbləğində borc ödənilmiş, lakin həmin borc məhz xx.xx.2022-ci il tarixə tərtib olunmuş maliyyə arayışına əsasən nəzərdə tutulan borc üzrə ödənildiyindən yeni maliyyə arayışı tərtib edilməmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məlumat verməmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 12 sentyabr 2017-ci il tarixli 1877- GL/17 nömrəli kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə müqavilədən görünür ki, "xxxx" ASC ümumi məbləği 18900 manat olan və 1 nömrəli əlavədə göstərilən kənd təsərrüfatı texnikalarının ilkin dəyərinin 40%-nə güzəşt tətbiq edilməklə qalıq dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə lizinqə verir. Müqavilənin 4.2-ci bəndinə əsasən Lizing alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişi yerinə yetirməzsə lizinq verən lizinq alandan borc məbləğinə gecikdirilən hər günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb edir. "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli 622-GL/19 nömrəli kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə müqavilədən görünür ki, "xxxx" ASC ümumi məbləği 20382 manat olan kənd təsərrüfatı texnikalarının ilkin dəyərinin 40%-nə güzəşt tətbiq edilməklə qalıq dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə lizinqə verir. Müqavilənin 4.2-ci bəndinə əsasən Lizing alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişi yerinə yetirməzsə lizinq verən lizinq alandan borc məbləğinə gecikdirilən hər günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb edir. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən təqdim edilmiş müqavilə üzrə cərimənin hesablanması qrafikindən və təqdim edilmiş maliyyə arayışlarından görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixə xx.xx.2019-cu il tarixli 622-GL/19 nömrəli müqavilə üzrə 7118 manat gecikdirilmiş əsas borc və 4260,92 manat cərimə borcu vardır. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən təqdim edilmiş müqavilə üzrə cərimənin hesablanması qrafikindən və təqdim edilmiş maliyyə arayışlarından görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixə 12 sentyabr 2017-ci il tarixli 1877-GL/17 nömrəli müqavilə üzrə 5676 manat gecikdirilmiş borcu və hesablanmış 3036,66 manat cərimə borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci və 747.1-ci maddələrinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. “Mediasiya haqqında” Qanunun 36.5-ci maddəsinə əsasən “mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. İş materiallarından və qanunvericilik normalarından da göründüyü kimi tərəflər arasında qanunvericiliyə uyğun olaraq müqavilələr bağlanmış, iddiaçı öz üzərinə düşən öhdəlikləri yerinə yetirsə də, cavabdeh lizinq obyektlərinə görə vaxtında ödənişləri etmədiyinə görə öhdəlikləri yerinə yetirməmişdir Məhkəmə iddia tələbinin həcminin azaldılması barədə ərizəni və iddiaçının nümayəndəsi, vəkilin izahatını nəzərə alaraq hesab edir ki, iddia tələbi xx.xx.2022-ci il tarixə xx.xx.2017-ci il tarixli 1877-GL/17 nömrəli müqavilə üzrə 4676 manat əsas borc, xx.xx.2019-cu il tarixli 622-GL/19 nömrəli müqavilə üzrə isə 6118 manat əsas borc, həmçinin 300 manat hüquqi yardım və 200 manat mediasiya xərci hissədə əsaslı olduğundan təmin edilməlidir. İddiaçının xx.xx.2017-ci il tarixli 1877-GL/17 nömrəli müqavilə, xx.xx.2019-cu il tarixli 622-GL/19 nömrəli müqavilələr üzrə müvafiq olaraq 3036,66 manat və 4260,92 manat cərimə tələbləri ilə bağlı məhkəmə cavabdehin həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq, hesab edir ki, tənasübsüz surətdə yüksək olan cərimə azaldılaraq xx.xx.2017-ci il tarixli 1877-GL/17 nömrəli müqavilə üzrə 224 manat, xx.xx.2019-cu il tarixli 622-GL/19 nömrəli müqavilə üzrə isə 382 manat məbləğində müəyyən edilməlidir. Odur ki, məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2022-ci il tarixə xx.xx.2017-ci il tarixli 1877-GL/17 nömrəli müqavilə üzrə 4676 manat əsas borc, 224 manat cərimə, cəmi 4900 manat, xx.xx.2019-cu il tarixli 622- GL/19 nömrəli müqavilə üzrə 6118 manat əsas borc 382 manat cərimə, cəmi 6500 manat məbləğində pul ümumilikdə 11400 manat, həmçinin 200 manat mediasiya xərci və hüquqi yardım üçün ödənilmiş 300 manat məbləğində pul Cavabdeh tutularaq Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməlidir Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. xx.xx.2022-ci il tarixə xx.xx.2017-ci il tarixli 1877-GL/17 nömrəli müqavilə üzrə 4676 manat əsas borc, 224 manat cərimə cəmi 4900 manat və xx.xx.2019-cu il tarixli 622-GL/19 nömrəli müqavilə üzrə 6118 manat əsas borc 382 manat cərimə cəmi 6500 manat məbləğində pul ümumilikdə 11400 manat, həmçinin 200 manat mediasiya xərci və hüquqi yardım üçün ödənilmiş 300 manat məbləğində pul Cavabdeh tutularaq Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim:Emin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar