Məhkəmə qərarları › İş №e-2-2(113)-6312/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-6312/2024

08.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-6312/2024 08.10.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: podrat müqaviləsi) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Atayeva Nərgiz Etibar qızının katibliyi, İddiaçının nümayəndələri X4, X3, Cavabdeh iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı MMC (bundan sonra-iddiaçı) Cavabdeh (bundan sonra-cavabdeh) qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2478 manat məbləğində əsas borc, 495 manat məbləğində dəbbə pulu, 50 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflər arasında xx.xx.2024-cü il tarixli № 4884/24M nömrəli müqavilə bağlanmışdır. Müqavilə şərtlərinə görə iddiaçı satıcı, cavabdeh isə alıcı qismində çıxış etmişdir. Müqavilə və onun ayrılmaz tərkib hissəsi olan X1 şərtlərinə müvafiq olaraq, iddiaçı tərəfindən cavabdehin sifarişində göstərilmiş təsvirdə olan plastik məhsullar istehsal edəcək qəlibin hazırlanaraq cavabdehə verilməsi, cavabdeh tərəfindən isə həmin qəlibin hazırlanıb təhvil verilməsi müqabilində müəyyənləşdirilmiş pul məbləğinin ödənilməsi razılaşdırılmışdır. İddiaçı bağlamış olduğu müqavilənin bütün tələbləri üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmiş və cavabdehin sifarişinə uyğun olaraq qəlibi istehsal edib təhvil vermək üçün hazırlamışdır. Lakin cavabdeh müqavilə ilə müəyyən olunmuş məbləği yalnız qismən ödəmiş, hazırda isə qalan məbləği ödəməkdən boyun qaçırır və istehsal olunmuş qəlibi təhvil almaqdan imtina edir. Müqavilə şərtləri əsasında Alıcı tərəfindən ödənişin 100 % əvvəlcədən avans şəklində həyata keçirilməsi və ödənişi həyata keçirdikdən sonra malları təhvil alması nəzərdə tutulmuşdur. X2 və Hesab-Fakturadan aydın olur ki, tərəflər arasında razılaşdırılmış xidmətin və malın dəyəri 4.956 manat (ƏDV daxil) olmuşdur. Ödəniş tapşırığı və ƏDV ödənilməsi ilə bağlı internet vergi idarəsindən çıxarışdan görünür ki, cavabdeh tərəfindən 2.100 manat məbləğində əsas məbləğ, 378 manat məbləğində isə ƏDV həqiqətən də, sözegedən müqavilə və hesab-fakturaya müvafiq olaraq ödənilmişdir. Lakin malın dəyərini təşkil edən məbləğin qalan hissəsi - 2.478 manat məbləğində pul vəsaiti cavabdeh tərəfindən bu günədək iddiaçıya ödənilməmişdir. Cavabdehin iddiaçıya olan əsas borcundan əlavə, tərəflər arasında bağlanmış dair xx.xx.2024-cü il tarixli № 4884/24M nömrəli müqavilənin 8.4-cü bəndinə əsasən malın məbləğinin vaxtında ödənilməməsi halında Alıcı Satıcıya gecikdirilən hər təqvim günü üçün borc məbləğinin 0.1%-i miqdarında (lakin Malın dəyərinin 20 %-dən artıq olmamaq şərtilə) cərimə ödəməlidir. Beləliklə, malın ödənilməyən hissəsini 2.478 manat təşkil edir, həmin məbləğin 20 faizi 495 manat təşkil edir və bu məbləği dəbbə pulu kimi əsas borca hesablasaq, ümumilikdə 2.478 + 495 = 2.973 manat tələb məbləği yaranmışdır. Cavabdeh 08 iyul 2024-cü il tarixində, №001589 saylı məktubla müqavilə üzrə borc məbləğinin ödənilməsinə dair pretenziya məktubu ünvanlanmış və həmin məktubla bildirilmişdir ki, borcun 10 (on) iş gün müddətində ödənilməyəcəyi təqdirdə bizim tərəfimizdən məhkəməyə müraciət ediləcəkdir. Məktub cavabdeh tərəfindən qəbuledilsə də, nə cavabdeh tərəfindən müqavilə üzrə öhdəliyinin yerinə yetirilməsinə yönəldilmiş hərəkətlər icra olunmuşdur, nə də kiməktuba bir cavab alınmışdır. xx.xx.2024-cü il tarixli № 4884/24M nömrəli müqavilənin 3.1.1-ci bəndi satıcının müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə ödənişin həyata keçirilməsinin alıcıdan tələb etmək hüququnu qeyd edir, 3.4.1-ci bəndi isə alıcının malı qəbul etdikdən sonra müəyyənləşdirilmiş pul məbləğinin müqavilə ilə müəyyən edilmiş müddətdə və qaydada ödəmək öhdəliyini nəzərdə tutur. Lakin bugünədək cavabdeh tərəfindən alınmış malın dəyəri ödənilməmiş və alıcı faktiki olaraq müqavilə üzrə nəzərdə tutulan öhdəliyi icra etməmişdir.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iddiaçının nümayəndəsi T.İmaməliyev iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, tərəflər arasında müqavilə üzrə iddiaçının ilk sifarişi tərəflər arasında bağlanmış razılaşma protokolu ilə rəsmiləşdirilmiş, cavabdehin sifarişi əsasında sifarişdə göstərilmiş təsvirdə olan plastik məhsullar istehsal edəcək qəlib iddiaçı tərəfindən hazırlanaraq bu barədə cavabdehə məlumat verilmiş, cavabdeh həmin qəlibi bəyənmişdir. Cavabdeh onlara başqa bir sifariş vermiş, hazırlanmış həmin qəlibdən istifadə etməklə bir milyon ədəd plastik məhsullar istehsal edilməklə cavabdehə satılması sifariş edilmiş, lakin yeni sifariş üzrə qiymətdə tərəflər arasında razılıq əldə edilməmiş, yeni razılaşma imzalanmamışdır. Cavabdeh həmin razılığın olmamasını bəhanə edərək, iddiaçının ilk razılaşma üzrə hazırladığı qəlibdən də imtina edərək qalıq dəyərini bu günə qədər ödəməmişdir. Qəlib hazırda iddiaçıdadır, dəyəri tam şəkildə ödənildikdən sonra cavabdehə təhvil veriləcəkdir.

4. Məhkəmə iclasında iddiaçının nümayəndəsi T.İmanov iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, cavabdehin ilk sifarişi plastik məhsullar istehsal edəcək qəlibin hazırlanması olmuşdur, həmin qəlibi iddiaçı öz materiallarından və işçi qüvvəsindən istifadə etməklə hazırlayıb cavabdehə təhvil verməli idi. Həmin qəlibin hazırlanması müqabilində cavabdeh ümumilikdə 4956 manat vəsait ödəməli idi. Vəsaitin yarısı (2100 manat əsas borc və 378 manat ƏDV) ödənilmiş, iddiaçı həmin sifarişi hazırlamağa başlamış, sifariş iyun ayında hazırlanmış, bu barədə cavabdehə məlumat verilmiş, cavabdeh qəlibə baxaraq razı qalmışdır. Daha sonra cavabdeh onlara yeni sifariş vermiş, bir milyon plastik məhsul hazırlanmasını təklif etmiş və qiymət təklifini soruşmuş, lakin tərəflər arasında qiymətlə bağlı razılıq əldə edilmədiyi üçün onun yeni sifarişi rəsmiləşdirilməmişdir. İddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etmiş, qəlibi hazırlamış, lakin cavabdeh onun dəyərini tam şəkildə ödəməmişdir.

5. Məhkəmə iclasında cavabdeh iddia ərizəsinə etiraz edib iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, cavabdehə sifarişdə göstərilmiş təsvirdə olan plastik məhsullar istehsal edəcək qəlib hazırlanmasını sifariş etmiş, həmin sifariş iddiaçı tərəfindən icra edilmiş, nəzərdə tutulmuş müddətdən gec hazırlansa da, tərəfindən iyun ayında qəlib bəyənilmişdir. Həmin qəlibi sifariş etməkdə məqsədi gələcəkdə iddiaçıya yeni sifariş verib bir milyon ədəd həmin qəlibdən istifadə etməklə plastik qabların hazırlatdırılması olmuşdur. İddiaçı ilə aralarında yeni sifarişlə bağlı qiymət barədə yekun razılıq əldə edilmədiyi üçün o, həmin qabları Çindən daha ucuz qiymətə sifariş vermiş, hazırda iddiaçının onun ilk sifarişi üzrə hazırladığı qəlibə marağı qalmamışdır. Bu səbəbdən həmin qəlibin dəyərinin qalıq hissəsini ödəməmişdir. Ona iddiaçı qalan borcu tələb etməyəcəyini bildirsə də, daha sonra ona xəbərdarlıq göndərmiş, o, iddiaçı ilə bu barədə danışıq razılıq əldə etməyə çalışsa da, iddiaçının rəhbər şəxsləri onu qəbul etməmişdir. Bundan əlavə, müqavilənin 10.10-cu bəndinə əsasən 14 gün müddətində alıcı tərəfindən məhsul qaytarıla bilər. Tələb edilən dəbbə pulu ilə də razı deyildir. Məhsul iyun ayında hazır olsa da, ondan dəbbə pulu müqavilə bağlandığı gündən tələb edilir.

III. Məhkəmə baxışının hədləri:

6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

7. İddiaçı və cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli № 4884/24M nömrəli alqı-satqı müqaviləsininin 1.1-ci bəndinə əsasən satıcı alıcıya onun sifarişi əsasında bu müqavilənin ayrılmaz tərkib hissəsi sayılan qiymətlərin razılaşdırılması protokolunda göstərilən tərkibdə, həcmdə və texniki göstəricilərə uyğun vəziyyətdə olan malları satır, alıcı isə bunun müqabilində bu müqavilə ilə razılaşdırılmış məbləğdə malın dəyərini satıcıya ödəməyi və malları qəbul etməyi öhdəsinə götürür.

8. Müqavilənin 4.1-ci bəndinə görə satıcı malın təhvil verilməsi ilə birlikdə zəruri olan sənədləri alıcıya təqdim etməlidir.

9. Müqavilənin 4.3-cü bəndinə görə mal alıcıya rəsmi şəkildə təhvil verildiyi və ya alıcı tərəfindən satıcının ərazisindən çıxarıldığı andan mala olan mülkiyyət hüququ və risklər alıcıya keçir.

10. Müqavilənin 5.1-ci bəndinə əsasən malın dəyəri alıcı tərəfindən satıcının təqdim etdiyi hesab fakturaya əsasən 100 faiz avans şəklində qabaqcadan ödənilir.

11. Müqavilənin 8.4-cü bəndinə görə malın məbləğinin vaxtında ödənilməməsi halında alıcı satıcıya gecikdirilən hər təqvim günü üçün borc məbləğinin 0.1 %-i miqdarında (lakin malın dəyərinin 20%-dən artıq olmamaq şərti ilə) cərimə ödəməlidir.

12. Tərəflər arasında imzalanmış xx.xx.2024-cü il tarixli qiymətlərin razılaşma protokoluna əsasən iddiaçı tərəfindən icra ediləcək işin - kənar sifarişlər (təmir və restavrasiya xidməti) dəyərinin 4956 manat olması razılaşdırılmışdır.

13. İddiaçı tərəfindən cavabdehə xx.xx.2024-cü il tarixli HF010939 nörməli 4956 manat məbləğində hesab-faktura təqdim olunmuşdur.

14. xx.xx.2024-cü il tarixli 113İPEX240440426 nömrəli ödəniş tapşırığından görünür ki, cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixli müqavilə üzrə iddiaçıya 2100 manat ödəniş edilmişdir.

15. Cavabdeh tərəfindən iddiaçıya xx.xx.2024-cü il tarixdə 378 manat ƏDV ödənilmişdir.

16. Məhkəmə tərəflərin izahatlarını dinləyib materialları araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir.

17. Belə ki, işin mübahisəsiz halları kimi müəyyən edilmişdir ki, tərəflər arasında xx.xx.2024-cü il tarixli № 4884/24M nömrəli müqavilə bağlanmış, həmin müqaviləyə xx.xx.2024-cü il tarixli əlavə imzalanmış, iddiaçı cavabdehin sifarişi əsasında qəlib hazırlamağı öhdəsinə götürmüşdür. Görüləcək işin dəyəri (material, habelə usta haqqı daxil olmaqla) ümumilikdə 4956 manat razılaşdırılmış, cavabdeh tərəfindən iddiaçıya həmin vəsaitin yarısı - 2478 manat xx.xx.2024-cü il tarixdə avans olaraq ödənilmişdir. İddiaçı tərəfindən 2024-cü ilin iyun ayında qəlib hazırlanaraq bu barədə cavabdehə məlumat verilmiş, cavabdeh iddiaçının nümayəndəsinə xx.xx.2024-cü il tarixdə vatsapp proqramı vasitəsilə qəlibi bəyəndiyini bildirmişdir.

18. Cavabdeh iddiaya etiraz edərək, həmin qəlibi gələcəkdə yeni sifariş verib plastik qablar hazırlatmaq məqsədilə etdiyini, lakin yeni sifarişi ilə bağlı (qəlibdən istifadə etməklə bir milyon ədəd plastik qabın hazırlanması) iddiaçının ağlabatan qiymət təklifi etmədiyi üçün razılıq əldə edilmədiyini, bu səbəbdən hazırda həmin qəlibə hər hansı marağının olmadığını bildirir.

19. Məhkəmə cavabdehin həmin dəlili ilə razılaşmır.

20. Belə ki, tərəflər arasında bağlanmış müqavilə üzrə iddiaçı üzərinə düşən öhdəliyi icra etmiş, müqavilə şərtləri üzrə malı (qəlib) hazırlamış, cavabdeh tərəfindən öhdəliklər tam şəkildə icra edilməmiş, qalıq 2478 manat ödənilməmişdir.

21. Tərəflər arasında cavabdehin ofertası (təklif) ilə bağlı yeni razılığın əldə edilməməsi hazırkı sifariş (xx.xx.2024-cü il tarixli əlavə) üzrə cavabdehin öhdəliklərindən azad edilməsi üçün əsas ola bilməz.

22. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.

23. Həmin Məcəllənin 753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur.

24. Həmin Məcəllənin 757-ci maddəsinə əsasən əgər podratçının hazırladığı və ya təmir etdiyi sifarişçiyə məxsus daşınar əşya hazırlanma və ya təmir məqsədilə onun sahibliyindədirsə, podratçı öz tələblərinin təminatı üçün həmin əşyaya girov hüququndan istifadə edə bilər.

25. Həmin Məcəlləninnin 769-cu maddəsinə əsasən əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir.

26. Həmin Məcəlləninnin 770-ci maddəsinə əsasən əgər müqaviləyə görə və ya işin xarakterinə əsasən iş qəbul edilməyirsə, sifarişçi yerinə yetirilmiş işi qəbul etməyə borcludur. İşi qəbul etdikdə sifarişçi muzd ödəməlidir. Əgər sifarişçi işi podratçının müəyyənləşdirdiyi müddətdə qəbul etmirsə, iş qəbul edilmiş sayılır.

27. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehin iddiaçının hazırladığı məhsulun dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli № 4884/24M nömrəli müqavilədən və müqavilənin xx.xx.2024-cü il tarixli əlavəsindən irəli gəlir. Cavabdehin bu öhdəliyini lazımınca icra etməməsi iddiaçıya həmin müqavilə və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.

28. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında podrat müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı həmin müqavilədən irəli gələrək üzərinə düşən öhdəlikləri icra etmiş, lakin cavabdeh tərəfindən öhdəliklər tam şəkildə icra edilməmiş, qalıq 2478 manat məbləğində borc ödənilməmişdir.

29. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi 2478 manat borcun tələb edilməsi hissəsində əsaslıdır.

30. Bundan əlavə, materiallardan görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli № 4884/24M nömrəli müqavilənin 8.4-cü bəndinə əsasən hesablanmış 495 manat dəbbə pulunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür.

31. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.

32. Məhkəmə hesab edir ki, cavabdehin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır.

33. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

34. Belə olan halda məhkəmə tələb olunan cərimənin əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan cərimə tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq cərimə 100 manat məbləğində müəyyən edilməlidir.

35. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, 2478 manat əsas borc, 100 manat dəbbə pulu cavabdehdən tutularaq iddiaçıya ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir.

36. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

37. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu cavabdehə, 20 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.

V. Nəticə:

36. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 2478 manat əsas borc, 100 manat dəbbə pulu, 30 manat dövlət rüsumu, ümumilikdə 2608 (iki min altı yüz səkkiz) manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İddia ərizəsi verilərkən ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumu İddiaçı MMC-nin özünə aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar