Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-6313/2022 01.12.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ hakim Qasımov Fərrux Hüseynağa oğlunun sədrliyi, Kərimov İlkin Camal oğlunun katibliyi, iddiaçının nümayəndəsi Vəkil iştirakı ilə, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh qarşı borcun ödənilməsi barədə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 03 sentyabr 2018-ci il tarixli 450-GL/16 nömrəli müqavilə üzrə maliyyə arayışının tərtib edildiyi 05 avqust 2022-ci il tarixə hesablanmış 12706 manat gecikdirilmiş əsas borc və 23303 manat cərimə borcunun, hüquqi yardımla bağlı ödənilmiş 300 manat məbləğinin, 200 manat mediasiya xərcinin, ümumilikdə 36509 manat pul vəsaitinin Cavabdeh tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ("xxxx" ASC) ilə Cavabdeh arasında bağlanmış 03 sentyabr 2018-ci il tarixli, 450-GL/16 nömrəli müqaviləyə əsasən borclu (lizinq alan) kənd təsərrüfatı texnikalarını lizinqə götürmüşdür. Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə cavabdehin maliyyə arayışının tərtib edildiyi 05 avqust 2022-ci il tarixə 03 sentyabr 2018-ci il tarixli, 450-GL/16 nömrəli müqavilə üzrə 12706 manat gecikdirilmiş borcu və hesablanmış 23303 manat cərimə borcu yaranmışdır. Cavabdehə öhdəliklərin yerinə yetirilməsi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq borclu tərəfindən ödənişlər yerinə yetirilməmişdir. Cavabdeh öhdəliyi vaxtında icra etməməklə Mülki Məcəllənin 427.3-cü və 445.2.1-ci maddələrinin tələblərini pozmuşdur. Belə ki, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Digər tərəfdən borclu öhdəliyi müəyyənləşdirilmiş müddətdə icra etmədikdə kreditor qarşısında məsuliyyət daşıyır. Tərəflər arasında bağlanmış müqavilələrin 4.2-ci maddəsinə görə lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişləri yerinə yetirməzsə lizinq verən lizinq alandan gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb etmək hüququna malikdir. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq keçirilmiş ilkin mediasiya sessiyasında tərəflərdən yalnız Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi iştirak etmiş, iş üzrə Cavabdeh mediasiya sessiyasında iştirak etməmişdir. İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2022-ci il tarixli MŞB/14-00077 nömrəli arayış tərtib edilmişdir. İddiaçının nümayəndəsi Vəkil məhkəmə iclasında iddia ərizəsində göstərilən xüsusatları təsdiq etdiyini bildirərək məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübu tlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. İş materiallarında olan: "xxxx" ASC-yə məxsus kənd təsərrüfatı texnikalarının lizinqə verilməsi barədə 03 sentyabr 2018-ci il tarixli 450-GL/16 nömrəli müqavilə ilə lizinq verən ümumi məbləği 13306 manat olan və müvafiq kənd təsərrüfatı texnikalarını ilkin dəyərinin 40%-nə güzəşt tətbiq edilməklə qalıq dəyəri tam ödənildikdən və sənədləşmə aparıldıqdan sonra Lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə Cavabdeh verilməsi nəzərdə tutulmuşdur. 05 avqust 2022-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh 03 sentyabr 2018-ci il tarixli 450-GL/16 nömrəli müqavilə üzrə 12706 manat gecikdirilmiş əsas borc və 23303 manat cərimə borcunun olması qeyd olunmuşdur. 19 oktyabr 2022-ci il tarixli ödəniş tapşırığına əsasən "xxxx" MMC tərəfindən Bakı şəhəri 5 saylı Vəkil Bürosunun hesabına 300 manat ödəniş edilmişdir. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. 748-1.12 və 748-1.12.4-ci maddəsinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. İşin faktiki halları ilə müəyyən olunur ki, cavabdeh müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri tam icra etməmiş və buna görə də iddiaçının pul məbləğlərini geri almaq hüququ yaranmışdır. Buna görə də məhkəmə hesab edir ki, iddia əsas borcun tutulması hissəsində təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 462.1-ci maddəsinə əsasən dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanılmalıdır. Tərəflər arasında bağlanmış müqavilədə borcun ödənilməsinin gecikdirildiyi təqdirdə cərimənin ödənilməsi nəzərdə tutulmuş və ödənişlər vaxtında aparılmadığına görə lizinq müqaviləsinin 4.2-ci bəndinə əsasən iddiaçının əsas məbləğin gecikdirilməsinə görə cərimə məbləğini tələb etmək hüququ yaranmışdır. Lakin məhkəmə 12706 manat məbləğində əsas borca tənasübsüz olaraq 23303 manat məbləğində dəbbə pulunun hesablanmasını əsaslı hesab etmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Buna görə də məhkəmə hesab edir ki, hesablanmış 23303 manat məbləğində dəbbə pulunun məbləği azaldılaraq 1200 manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-1-ci maddəsinə əsasən həmin Qanuna uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbini və iddianın qismən təmin olunmasını nəzərə alaraq məhkəmə hesab edir ki, hüquqi yardıma görə ödənilmiş pul vəsaitinin əvəzi qismində 300 manat və ilkin mediasiya sessiyasının keçirilməsinə görə ödənilmiş pul vəsaitinin əvəzi qismində 76 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh qarşı borcun ödənilməsi barədə iddiası qismən təmin edilsin. 03 sentyabr 2018-ci il tarixli, 450-GL/16 nömrəli müqavilə üzrə 12706 manat gecikdirilmiş əsas borc və 1200 manat cərimə olmaqla, ümumilikdə 13906 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Hüquqi yardıma görə ödənilmiş vəsaitin əvəzi qismində 300 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilsin. İlkin mediasiya sessiyasının keçirilməsinə görə ödənilmiş vəsaitin əvəzi qismində 76 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 ay müddətində elektron kabinet vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Fərrux Qasımov
Məhkəmə qərarları › İş №e-2-2(113)-6313/2022
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-6313/2022
01.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver