Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-6316/2024 20.12.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı ASC Cavabdeh qarşı kiçik iddialar üzrə sadələşdirilmiş qaydada ərizə ilə məhkəməyə müraciət edərək, 2.865,46 manat borc və 48,65 manat dövlət rüsumu olmaqla, ümumillikdə 2.914,11 manat pulun X4 oğlundan tutularaq “ A+CO” ASC -yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia onunla əsaslandırılmışdır ki, X4 ilə İddiaçı ASC arasında xx.xx.2022-ci il tarixli alqı- satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən,“ Satıcı” “Alıcı” nın sifarişi əsasında “Mallar”ı (bundan sonra “Mallar” adlandırılacaq) Alıcıya satır. “Alıcı” isə malların dəyərini bu müqaviləyə uyğun şərtlərlə “Satıcı” ya ödəməyi öhdəsinə götürür. Tərəflər arasındakı alqı- satqı əməliyyatları üzrə X4 oğlunun Cəmiyyətə 2865,46 (iki min səkkiz yüz altmış beş manat qırx altı qəpik) AZN borcu qalmışdır.
3. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-6316/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı ASC-nin Cavabdeh qarşı pul tələbinə dair kiçik iddialara dair işlərə sadələşdirilmiş icraat qaydasında baxılması barədə ərizəsinə iddia icraatı qaydasında baxılması qərara alınmışdır.
II. Tərəflərin mövqeləri:
4. Məhkəmə iclasında iştirak edən İddiaçı ASC-nin nümayəndəsi X2 iddianın məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
5. Cavabdehə məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir.
6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.
7. Məhkəmə belə qənaətə gəlir ki, cavabdeh lazımi qaydada məlumatlandırılmış, buna rəğmən məhkəmə iclaslarında iştirak etməmişdir və belə olan halda, cavabdeh məhkəmə icraatında iştirak hüququndan imtina etmiş hesab edilməli, qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilməlidir.
III. Məhkəmə baxışının hədləri:
8. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Tətbiq edilən hüquq:
9. Azərbaycan Respublikası Mülki Məcəlləsi: - 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:
10. Məhkəmə iddia ərizəsi və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin olunmalıdır.
11. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, İddiaçı ASC (satıcı) MMC ilə Cavabdeh (alıcı) arasında xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsi bağlanılmışdır.
12. Müqavilənin 1.1-ci maddəsinə əsasən satıcı alıcının sifarişi əsasında malları alıcıya satır, alıcı isə malların dəyərini bu müqaviləyə uyğun şərtlərlə satıcıya ödəməyi öhdəsinə götürür.
13. Müqavilə tərəflərin imzası və hüquqi şəxsin möhürü ilə təsdiq olunmuşdur.
14. Məhkəmə qeyd edir ki, qanunvericiliyin göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının borcun ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə ki, iddiaçının cavabdehə qarşı tələbi tərəflər arasında bağlanılmış alqı-satqı müqaviləsindən irəli gəlir.
15. Qeyd edilməlidir ki, ilk növbədə alqı-satqı müqaviləsi üzrə nəzərdə tutulmuş malların alıcıya təhvil verilməsini sübutetmə vəzifəsi satıcı olan İddiaçı ASC-nin üzərinə düşür.
16. İş materiallarından görünür ki, iddiaçı tərəfindən cavabdehə EBDC seriyalı xx.xx.2023-cü il tarixli 967084 nömrəli dəyəri 520,70 manat, EBCL seriyalı xx.xx.2022-ci il tarixli 107987 nömrəli dəyəri 1.566 manat, EBDB seriyalı xx.xx.2023-cü il tarixli, 256389 nömrəli dəyəri 94,67 manat, EBDB seriyalı, xx.xx.2023-cü il tarixli 256385 nömrəli dəyəri 418,30 manat, EBDC seriyalı, xx.xx.2023-cü il tarixli 141071 nömrəli dəyəri 59,27 manat, EBDC seriyalı xx.xx.2023-cü il tarixli, 967083 nömrəli dəyəri 119,05 manat, EBCL seriyalı xx.xx.2022-ci il tarixli 108223 nömrəli dəyəri 49,68 manat, EBCL seriyalı xx.xx.2022-ci il tarixli 108227 nömrəli dəyəri 285,96 manat, EBDC seriyalı xx.xx.2023-cü il tarixli 967082 nömrəli dəyəri 440,41 manat, EBDB seriyalı xx.xx.2023-cü il tarixli 256387nömrəli dəyəri 310,81 manat olan elektron qaimələr göndərilmişdir.
17. Yuxarıda sadalanmış elektron qaimələrin sadə riyazi hesablama ilə ümumi məbləği 3.865,46 manat təşkil edir.
18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli 89 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 3.9-cu bəndinə görə, ƏDV ödəyicisi olan şəxslər tərəfindən elektron qaimə faktura təqdim olunduqdan 5 (beş) gün müddətində hər hansı dəqiqləşdirilmiş əməliyyat aparılmadıqda, təqdim edilmiş elektron qaimə-fakturaya əsasən Azərbaycan Respublikası Vergilər Nazirliyinin proqram təminatı vasitəsilə həmin vergi ödəyicisi üçün avtomatik elektron vergi hesab-fakturası hazırlanaraq aidiyyəti üzrə təqdim olunur. Məhkəmə vurğulamağı zəruri hesab edir ki, müəyyən olunan 5 günlük müddət ərzində cavabdeh tərəfindən hər hansı dəqiqləşmə aparılmamışdır. Bu isə, cavabdehin verilmiş malları qəbul edərək malların verilməməsinə dair irad bildirmədiyinə dəlalət edir.
19. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən cavabdehə dəyəri 3.865,46 manat olan mallar verilmiş və alıcının da, qeyd edilmiş malların dəyərini ödəmək vəzifəsi yaranmışdır.
20. Hazırda iddiaçı cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixlərdə 76,27 və 423,73 manat, xx.xx.2023-cü il tarixlərdə 76,27 və 423,73 manat, ümumilikdə 1.000 manat məbləğində ödəniş edildiyini, nəticədə 2.865,46 manat borcunun qaldığını bildirir.
21. Cavabdeh məhkəmə iclaslarında iştirak etməmiş, iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmiş, iddiaya etiraz etməmiş, qeyd edilən borcun ödənilməsi ilə bağlı məhkəməyə sənəd təqdim etməmişdir.
22. Belə olan halda, Məhkəmə hesab edir ki, iddia 2.865,45 manat məbləğində pulun tələb edilməsi hissəsində əsaslıdır və 2.865,45 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödəniməlidir.
23. Məhkəmə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 48,65 manat məbləğində pulun tələb olunması ilə bağlı aşağıdakıları qeyd edir.
24. İş materiallarına əlavə olunmuş iddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi barədə məlumat” qrafikindən görünür ki, xx.xx.2024-cü il tarixli, ********** nömrəli qəbzdən görünür ki, iddiaçı tərəfindən dövlət rüsumunun əvəzi olaraq 48,65 manat məbləğində pul iddiaçı tərəfindən dövlət büdcəsinə ödənmişdir.
25. Ona görə də, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 48,65 manat məbləğində pul da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
26. Yekun olaraq məhkəmə hesab edir ki, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməlidir.
VI. Nəticə:
27. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia təmin edilsin. xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 2.865 (iki min səkkiz yüz altmış beş) manat, 45 (qırx beş) qəpik məbləğində pul Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Dövlət rüsumunun əvəzi olaraq 48 (qırx səkkiz) manat, 65 (altmış beş) qəpik məbləğində pul Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Kənan Hüseynov