Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-632/2024 19.04.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: borcun ödənilməsi) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2155 (iki min yüz əlli beş ) manat əsas borc, 164,64 manat məbləğində dəbbə pulu, 749,4 manat məbləğində əldən çıxmış fayda, 60 (altmış) manat məbləğində mediasiya xərcləri, 200 (iki yüz manat) manat məbləğində vəkil xərci, ümumilikdə 3.329 manat məbləğində pulun tutularaq İddiaçınə ödənilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
2. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixli ƏKH01 nömrəli malların alqı-satqına dair müqavilə bağlanmışdır. Həmin müqavilənin 6.3-cü maddəsinə əsasən alıcı elektron qaimə-faktura üzrə qəbul etdiyi malın dəyərinin 100%-ni 30 (otuz) gün ərzində satıcınının bank hesabına köçürmə yolu ilə ödəməlidir. Razılaşdırılmış müddət ərzində malın dəyəri ödənilmədikdə satıcı onun ödənilməsini alıcıdan tələb etməyə haqlıdır. Həmin müqavilənin 8.2-ci maddəsinə əsasən alıcı malın satış qiymətinin ödənilməsini gecikdirdiyinə görə, gecikdirmənin hər günü üçün satıcıya vaxtında ödəmədiyi məbləğin 0,01 % məbləğində dəbbə pulu ödəməsi nəzərdə tutulmuşdur. xx.xx.2019-cu il tarixli müqaviləyə uyğun olaraq Alıcıya malların verilməsini təsdiq edən sənədlər (invoys): xx.xx.2019-cu il tarixli ********** saylı 2.900 manat məbləğində invoys; xx.xx.2019-cu il tarixli invoysda qeyd edilmişdir ki, bu invoysa imza atmaqla Alıcı həmçinin təsdiq edir ki, onun borcu 2.900 manat təşkil edir. Məhkəmənin diqqətinə çatdırılır ki, invoys Cavabdeh tərəfindən öz imzası ilə təsdiq edilmişdir. İnvoysun imzalandığı xx.xx.2019- cu il tarixindən etibarən Alıcı Cavabdeh tərəfindən sonra sözügedən invoys üzrə təhvil verilmiş malların dəyərindən 745 manat məbləğində ödəniş edilmiş, 2155 (iki min yüz əlli beş) manat məbləğ isə bu günə qədər ödənilməmişdir. Halhazırda Cavabdeh İddiaçınə olan borcu, 2155 manat məbləğində əsas borc, 164,64 manat məbləğində dəbbə pulu, 749,4 manat məbləğində əldən çıxmış fayda olmaqla ümumilikdə 3069(üç min altmış doqquz) manat məbləğindədir.
II. Tərəflərin mövqeləri:
3. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər, lakin iddiaçı tərəf məhkəmə elektron qaydada ərizə ünvanlayaraq məhkəmə iclasının iştirakları olmadan keçirilməsini və iddia tələbini tam təmin etməklə qiyabi qətnamə qəbul edilməsini xahiş etmiş, cavabdeh isə məhkəməyə gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 238-ci maddəsinə əsasən, iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər.
5. Məhkəmə iddiaçının xx.xx.2024-cü il tarixli ərizəsini nəzərə alaraq, işə mahiyyəti üzrə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.
III. Məhkəmə baxışının hədləri:
6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Tətbiq edilən hüquq:
7. Azərbaycan Respublikası Mülki Məcəlləsi:
- 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. - 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. - 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun tutulması tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. - Mediasiya haqqında qanunun 36.5.-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. - Azərbaycan Respublikası Müli Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:
8. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin olunmalıdır.
9. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, İddiaçı (satıcı) ilə Cavabdeh (alıcı) arasında xx.xx.2019-cu il tarixli ƏKH01 nömrəli alqı-satqı müqaviləsi imzalanmışdır.
10. Müqavilənin 2.1-ci bəndinə əsasən satıcı malı alıcının mülkiyyətinə verməyi, alıcı isə həmin malı qəbul etməyi və onun əvəzində malın satış qiymətini müqavilədə müəyyən edilən qaydada və şərtlərlə satıcıya ödəməyi öhdəsinə götürür.
11. Həmin müqavilənin 5.1-ci bəndinə əsasən bu müqavilə qüvvəyə mindikdən sonra satıcı alıcının tələbatını və bu müqavilə ilə müəyyən edilmiş qaydaları nəzərə almaqla satdığı malı qaimə-faktura əsasında alıcıya təhvil verir.
12. Həmin müqavilənin 6.3-cü bəndinə əsasən alıcı elektron qaimə-faktura üzrə qəbul etdiyi malın dəyərinin 100%-ni 30 (otuz) gün ərzində satıcınının bank hesabına köçürmə yolu ilə ödəməlidir. Razılaşdırılmış müddət ərzində malın dəyəri ödənilmədikdə satıcı onun ödənilməsini alıcıdan tələb etməyə haqlıdır.
13. Müqavilə hər iki tərəfin imzası və hüquqi şəxsin möhürü ilə təsdiq edilmişdir.
14. Məhkəmə qeyd edir ki, qanunvericiliyin yuxarıda göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının borcun ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə ki, iddiaçının cavabdehə qarşı tələbi tərəflər arasında bağlanılmış alqı-satqı müqaviləsindən irəli gəlir.
15. Qeyd edilməlidir ki, alqı-satqı müqaviləsi üzrə nəzərdə tutulmuş malların alıcıya təhvil verilməsini sübutetmə vəzifəsi satıcı olan İddiaçı üzərinə düşür.
16. İş materiallarına əlavə olunmuş, hər iki tərəfin imzası isə təsdiq olunmuş xx.xx.2019-cu il tarixli ********** saylı invoysdan görünür ki, iddiaçı tərəfindən cavabdehə 2.900 manat məbləğində mal təqdim edilmiş, Cavabdeh da invoysu imzalamaqla ona 2.900 manat məbləğində malın təhvil verildiyini təsdiq etmişdir.
17. Bundan başqa, iş materiallarına əlavə olunmuş hesabdan çıxarışdan görünür ki, satıcı tərəfindən cavabdehə ümumilikdə 18.482,4 manat məbləğində mal verilmiş, cavabdeh də həmin malların dəyərindən 16.377,4 manat ödəniş etmiş, hazırda cavabdehin (18.482,4-16.377,4) 2.155 manat məbləğində ödənilməmiş borcu qalmışdır.
18. Məhkəmənin əvvəlki iclaslarında iştirak edən iddiaçı da hazırda cavabdehin xx.xx.2019-cu il tarixli ƏKH01 nömrəli alqı-satqı müqaviləsinə əsasən əsas borc üzrə 2.155 manat məbləğində borcunun qaldığını bildirmişdir.
19. Məhkəmənin xx.xx.2024-cü il tarixli hazırlıq iclasında iştirak edən cavabdeh məhkəməyə izahatında iddianı qismən, 500,4 manat hissəsində qəbul etdiyini, 2.900 manat borcun olması ilə bağlı sənəddə olan imzaların ona məxsus olduğunu bildirmişdir.
20. Yuxarıda qeyd olunanlardan əlavə, məhkəmə qeyd edir ki, iş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, cavabdehin xx.xx.2019-cu il tarixli ƏKH01 nömrəli alqı-satqı müqaviləsinə əsasən əsas borc üzrə 2.155 manat, 164.64 manat dəbbə pulu, 749,4 manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə 3.069 manat məbləğində borcu vardır.
21. Məhkəmə hesab edir ki, iddia əsas borc üzrə 2.155 manat məbləğində borcun tələb edilməsi hissəsində əsaslıdır və cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
22. Məhkəmə hesab edir ki, iddia 164.64 manat məbləğində dəbbə pulunun tələb edilməsi hissəsində də əsaslıdır.
23. İlk növbədə qeyd edilməlidir ki, cərimə borcunun tələb edilməsi imkanı tərəflər arasında bağlanmış müqavilənin 8.2-ci bəndindən irəli gəlir. Belə ki, həmin bəndə əsasən alıcı malın satış qiymətinin ödənilməsini gecikdirdiyinə görə, gecikdirmənin hər günü üçün satıcıya vaxtında ödəmədiyi məbləğin 0,01 % məbləğində dəbbə pulu ödəməyə borcludur.
24. Qeyd olunmalıdır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir.
25. Hazırki işin hallarından görünür ki, müqavilə üzrə cavabdehin əsas borcuna münasibətdə manat 164.64 məbləğində dəbbə pulu ağlabatan və ədalətlidir.
26. Məhkəmə əsas borca bank uçot dərəcəsi ilə hesablanmış xx.xx.2019 tarixindən xx.xx.2023 tarixinədək əldən çıxmış faydanın əvəzi olaraq 749,4 manat pulun tələb edilməsi ilə bağlı aşağıdakıları qeyd edir.
27. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 449.2-ci maddəsinə əsasən Bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir
28. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi internet səhifəsindən əldə olunmuş məlumata əsasən əldən çıxmış faydanın hesablanıldığı gün (xx.xx.2019) üçün Mərkəzi Bankın müəyyənləşdirdiyi bank uçot dərəcəsi 8.5 % olmuşdur.
29. Belə ki, xx.xx.2019 tarixindən xx.xx.2023 tarixinədək hesabladıqda görünür ki, 4 il, 36 gün keçmişdir.
30. Əsas borca 8,5% hesablandıqda (2.155x8,5/100=183,1) 183,1 (bir il üçün), 183,1x4=732,4 (4 il üçün), 183,1/365=0,50 (bir gün), 0,50x36=18 (36 gün üçün) edir.
31. Məhkəmə qeyd edir ki, 732,4 manat (dörd il üçün olan əldən çıxmış fayda məbləği) ilə 18 manat (36 gün üçün) topladıqda ümumi əldən çıxmış fayda məbləği 750,4 manat edir.
32. Ona görə də, məhkəmə hesab edir ki, əldən çıxmış faydanın əvəzi olaraq 749,4 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
33. İş materiallarında olan MŞB/12/00211 nömrəli xx.xx.2023-cü il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, iddiaçı tərəfindən mediasiya xidmət haqqı olaraq ümumilikdə, 60 manat məbləğində pul Bakı 12 saylı Mediasiya təşkilatına ödənmişdir.
34. Ona görə də, mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 60 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçınə ödənməlidir.
35. Bundan başqa, məhkəmə qeyd edir ki, hüquqi yardımla əlaqədar vəkilə ödənmiş xərcin əvəzi olaraq 200 manat məbləğində pul da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
36. Belə ki, iş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən 201 manat məbləğində pul Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına ödənmişdir.
37. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 241.4-cü maddəsinə əsasən iddiaçının tələbi əsaslı olduqda, məhkəmə onun iddiasını qiyabi qətnamə ilə təmin edir.
VI. Nəticə:
38. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ: İddia təmin edilsin. xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən əsas borc üzrə 2.155 (iki min bir yüz əlli beş) manat, cərimə borcu üzrə 164 (bir yüz altmış dörd) manat, 64 (altmış dörd) qəpik olmaqla, cəmi 2.319 (iki min üç yüz on doqquz) manat, 64 (altmış dörd) qəpik məbləğində pul Cavabdeh tutularaq İddiaçınə ödənilsin. Əldən çıxmış faydanın əvəzi olaraq 749 (yeddi yüz qırx doqquz) manat, 40 (qırx) qəpik məbləğində pul Cavabdeh tutularaq İddiaçınə ödənilsin. Mediasiya xərcinin əvəzi olaraq 60 (altmış) manat məbləğində pul Cavabdeh tutularaq İddiaçınə ödənilsin. Hüquqi yardımla əlaqədar vəkilə ödənmiş xərcin əvəzi olaraq 200 (iki yüz) manat məbləğində pul Cavabdeh tutularaq İddiaçınə ödənilsin. Cavabdeh, qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi barədə Bakı Kommersiya Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim: Kənan Hüseynov