Məhkəmə qərarları › İş №e-2-2(113)-6333/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-6333/2024

06.09.2024 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-6333/2024 06.09.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi ilə, Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tələbinə dair ərizəsi üzrə işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi ərizə ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs Dövlət Sosial Müdafiə Fonduna olan 1976,18 manat, İcbari Tibbi Sığorta Fonduna olan 221,62 manat məbləğində borcunun ödənilməsini təmin etmək üçün onun (doğulduğu tarix – xx xxxxxx 1938-ci il, doğulduğu yer – Azərbaycan Respublikası, Zəngilan rayonu, Babaylı kəndi, şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi – xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AZE 0*******) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixə vergi ödəyicisi olan Maraqlı şəxs (VÖEN: **********) İcbari Tibbi Sığorta Fonduna 221,62 manat, Dövlət Sosial Müdafiə Fonduna 1976,18 manat olmaqla, ümumilikdə 2197,8 manat borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində ödənilməsi məqsədi ilə vergi ödəyicisinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən xx.xx.2023-cü il tarixli **********521000 nömrəli, xx.xx.2023-cü il tarixli **********333800 nömrəli, xx.xx.2023-cü il tarixli **********023000 nömrəli bildirişlər göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəməmişdir. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən verilən xx.xx.2024-cü il tarixli arayışdan müəyyən olunur ki, Maraqlı şəxs ünvan 1 ünvanında yaşayır. Dövlət Sosial Müdafiə Fonduna olan 1976,18 manat, İcbari Tibbi Sığorta Fonduna olan 221,62 manat məbləğində borcunun ödənilməsini təmin etmək üçün Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. İş üzrə ərizəçinin nümayəndəsi və maraqlı şəxs məhkəmə iclasına gəlməmişlər. Ərizəçinin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək işə onların iştirakı olmadan baxılmasını xahiş etmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-7.2-ci maddəsinə əsasən işə ərizəçinin nümayəndəsi və maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən Maraqlı şəxs bildirdi ki, bir övladı müharibədə şəhid olub, bir övladı da döyüşüb, xəstədir, niyə məhkəməyə verildiyini başa düşmür. Əsaslandırıcı hissə: Azərbaycan Respublikasının Konstitusiyasının 73-cü maddəsinin İ bəndinə əsasən qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin: 16.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri, habelə həmin Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. 23.1.15-3-cü maddəsinə əsasən vergi orqanlarının vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək hüquqları vardır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən ərizə təmin edilməməlidir. Belə ki, hazırkı iş üzrə mütənasiblik prinsipinə (görülən məhdudlaşdırma tədbirinin gözlənin nəticələrə adekvat olması) riayət olunması mühüm əhəmiyyət kəsb edir və hər bir halda qeyd olunan məhdudiyyətin tətbiq edilməsi mütənasiblik meyarına cavab verməlidir. Sadəcə borcun mövcud olması bu məhdudiyyətin tətbiqi üçün kifayət deyildir. Eyni zamanda, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “X1 (X2) şikayəti üzrə bəzi normativ hüquqi aktların Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 2017-ci il 26 may tarixli Qərarında formalaşdırdığı hüquqi mövqelərə görə, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olan əsaslar və mütənasiblik prinsipindən irəli gələn meyarlar kifayət qədər aydındır... Mütənasiblik prinsipinə riayət olunmasını təmin etmək üçün məhkəmə işə baxarkən hər bir konkret halda məhdudiyyətin müəyyən olunmasının əsaslarını, borclunun buna qarşı etirazlarını öz daxili inamına görə qiymətləndirməli, işi hərtərəfli, tam və obyektiv araşdırmalı, məsələ ilə bağlı öz nəticələrini müvafiq məhkəmə aktında əsaslandırmalıdır. Vergi Məcəlləsində müəyyən edilmiş müddətlərdə ödənilməmiş borcların ödənilməsini təmin etmək üçün müxtəlif tədbirlərin həyata keçirilməsi istiqamətində vergi orqanlarının geniş hüquqları nəzərdə tutulmuşdur. Ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək hüququ həmin hüquqlardan yalnız biridir. Məhkəmənin qənaətinə əsasən qeyd olunan tədbir Maraqlı şəxs münasibətdə səmərəli, gözlənilən nəticəni verə bilən tədbir sayıla bilməz. Belə ki, müəyyən olunur ki, (Azemis elektron məhkəmə sistemi, şəxsi məlumatlar və sərhədkeçmə məlumatlarından) Maraqlı şəxs heç vaxt xaricə səfər etməmiş, həmçinin onun ümumvətəndaş pasportu da mövcud deyildir. Eyni zamanda xx.xx.1938-ci il tarixdə doğulmuş, Zəngilan rayonu, Babaylı kəndində qeydiyyatda olan Maraqlı şəxs hazırda 86 yaşı var və onun 2197,8 manat borcun ödənilməsindən yayınmaq üçün ölkəni tərk etmək və qayıtmamaq ehtimalı yox dərəcəsindədir, yəni ona münasibətdə həmin tədbirin tətbiqi məhkəmənin qənaətinə əsasən borcun ödənilməsini təmin etmək məqsədinə çatmaq üçün səmərəli sayıla bilməz. Göründüyü kimi, şəxsin öhdəliklərinin yerinə yetirməsi üçün onun ölkədən getmə hüququnun müvəqqəti məhdudlaşdırılması borcun ödənilməsini təmin etmək üsulu kimi səmərəli deyildir. Yəni seçilmiş tədbir borcun ödənilməsini təmin etməyə qadir olmalı, nəticəni təmin etmək xüsusiyyətinə malik olmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin ərizəsi təmin edilməməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 355-5, 355-7, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar