Məhkəmə qərarları › İş №e-2-2(113)-6338/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-6338/2023

01.12.2023 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-6338/2023 01.12.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə tələbi (açar sözlər: ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, vergi) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi ilə, Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə ərizəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Xüsusi icraat üzrə tələbin mahiyyəti

1. Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi ərizə ilə məhkəməyə müraciət edərək, vergi ödəyicisi olan Azəraqrartikinti Açıq Tipli Səhmdar Cəmiyyətinin İnzibati Təsərrüfat Filialının (VÖEN: **********) dövlət büdcəsinə olan ümumilikdə 3352,92 manat məbləğində borcunun ödənilməsini təmin etmək üçün onun icra orqanının rəhbəri olan Maraqlı şəxs barəsində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Ərizə onunla əsaslandırılmışdır ki, vergi öhdəliklərini Azərbaycan Respublikası Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün xx.xx.2023-cü il tarixə vergi ödəyicisi olan Azəraqrartikinti Açıq Tipli Səhmdar Cəmiyyətinin İnzibati Təsərrüfat Filialının (VÖEN: **********) dövlət büdcəsinə 3352,92 manat məbləğində (o cümlədən, vergilər üzrə 2954,13 manat, faizlər üzrə 358,79 manat, maliyyə sanksiyası üzrə 40 manat) olmaqla, ümumilikdə 3352,92 manat məbləğində olmaqla borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə ödənilməsi məqsədi ilə vergi ödəyicisinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən xx.xx.2023-cü il tarixli **********725500 nömrəli bildiriş göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəməmişdir.Reyestr məlumatlarına əsasən Maraqlı şəxs ünvan 1 ünvanında yaşayır.

II. Ərizəçi və maraqlı şəxsin mövqeyi:

3. Ərizəçinin nümayəndəsi məhkəməyə ərizə təqdim edərək iş yükünün çoxluğunu nəzərə alaraq məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir.

4. Maraqlı şəxsə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir.

5. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 355-7.2-ci maddəsinə əsasən ərizəçi və maraqlı şəxsin iştirakları olmadan ərizəyə baxılmasını mümkün hesab etmişdir.

III. Tətbiq edilən hüquq

6. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: – 16.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri, habelə həmin Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. – 23.1.15-3-cü maddəsinə əsasən vergi orqanlarının vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək hüquqları vardır. – 24.0.2-1-ci maddəsinə əsasən vergi oranları vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra dərhal həmin məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul etməyə borcludur.

7. Azərbaycan Respublikası MPM-in: – 26.2-ci maddəsinə əsasən kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. – 355-5.1-ci maddəsinə əsasən vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir – 355-7.4-cü maddəsinə əsasən vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında qətnamə qəbul edildikdən dərhal sonra qüvvəyə minir və qətnamədən şikayətin verilməsi onun icrasını dayandırmır.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

a) Maraqlı şəxsin ölkədən getmək hüququnun məhdudlaşdırılması tələbi ilə bağlı

8. Məhkəmə ərizəni və ərizəyə əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, ərizə təmin edilməməlidir.

9. Hüquqi şəxs haqqında məlumata əsasən əsas fəaliyyət növü şəxsi mənzil tikintisi olan Azəraqrartikinti Açıq Tipli Səhmdar Cəmiyyətinin İnzibati Təsərrüfat Filialının icra orqanının rəhbəri Maraqlı şəxsdur.

10. Azəraqrartikinti Açıq Tipli Səhmdar Cəmiyyətinin İnzibati Təsərrüfat Filialının (VÖEN: **********) şəxsi hesab vərəqəsindən görünür ki, xx.xx.2023-cü il tarixə dövlət büdcəsinə 4435,25 manat borcu var.

11. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi xx.xx.2023-cü il tarixli, **********7 nömrəli işsizlikdən vergi borcunun ödənilməsinə dair bildirişlə Azəraqrartikinti Açıq Tipli Səhmdar Cəmiyyətinin İnzibati Təsərrüfat Filialına müraciət edərək ümumilikdə 3352,92 manat (o cümlədən, vergilər üzrə 2954,13 manat, faizlər üzrə 358,79 manat, maliyyə sanksiyası üzrə 40 manat) borcunun 5 gün müddətində dövlət büdcəsinə ödənilməsini tələb etmiş, eyni zamanda borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyini bildirmişdir.

12. Belə ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti İnternet Vergi Xidmətindən kommersiya qurumlarının dövlət reyestri məlumatlarından görünür ki, Azəraqrartikinti Açıq Tipli Səhmdar Cəmiyyətinin X1i təmsilçisi Maraqlı şəxsdur.

13. Bununla yanaşı, Maraqlı şəxs tərəfindən məhkəməyə təqdim edilmiş Azəraqrartikinti Açıq Tipli Səhmdar Cəmiyyətinin İnzibati X2 Heyətinin xx.xx.2022-ci il tarixli əmrinə əsasən Maraqlı şəxs həmin Filialın direktoru vəzifəsindən azad edilmişdir.

14. Göründüyü kimi, Maraqlı şəxs hazırda Azəraqrartikinti Açıq Tipli Səhmdar Cəmiyyətinin İnzibati Təsərrüfat Filialının icra orqanının rəhbəri olmadığından və o, direktor vəzifəsindən azad edildiyindən həmin MMC-nin icra orqanının rəhbəri kimi onun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə ərizə təmin edilə bilməz.

15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

16. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

V. Nəticə:

17. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 355-7, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə ərizəsi təmin edilməsin. Qətnamə qəbul edildikdən dərhal sonra qanuni qüvvəyə minir. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar