Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-635/2023 30.03.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Qasımov Fərid Fərzalı oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı 193685 manat əsas borcun, 187170 manat dəbbə məbləğinin, ödənilmiş mediasiya xərci 400 manatın, dövlət rüsumu 271 manatın, cəmi 381526 manatın cavabdehdən alınıb iddiaçıya ödənilməsi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdehə qarşı 193685 manat əsas borcun, 187170 manat dəbbə məbləğinin, ödənilmiş mediasiya xərci 400 manatın, dövlət rüsumu 271 manatın, cəmi 381526 manatın cavabdehdən alınıb iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdehlə iddiaçı arasında 30 sentyabr 2019-cu il tarixdə bağlanılmış alqı-satqı müqaviləsi əsasında aldığı mallara görə 216985 manat borcu yaranmışdır. 31 may 2022-ci il tarixdə həmin müqavilə əsasında verilmiş malların və ödənilmiş vəsaitin yoxlanılması zamanı cavbdeh borcu təsdiqləyərək, bu barədə tərtib olunmuş üzləşmə aktını imzalamışdır. Daha sonra 12 sentyabr 2022-ci il tarixdə tərtib olunmuş üzləşmə aktı ilə 96984 manatı faktiki olaraq təsdiqləmiş, üzləşmə aktında qeyd kimi öz əksini tapan 120001 manat dəyərində 636 çeşid məhsulun satılmaması borcdan azad olunmasına əsas olmadığından cavabdehin müqavilə üzrə borcu 216985 manat təşkil etmişdir. Ümumi danışıqlardan sonra 23300 manat dəyərində mal geri qaytarıldıqdan sonra qalıq borc məbləği 193685 manat olmuşdur. Dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq qeyd olunan məbləğdən ödəniş olunmamışdır. Bağlanılmış alqı-satqı müqaviləsinin 1.1-ci bəndinə əsasən, satıcı istehsal etdiyi və ya istehsalçı şirkətdən əldə etdiyi məhsullardan (mebel dəsti) alıcıya satmağı, alcı isə malı alıb müqavilədə nəzərdə tutulmuş qaydada və şərtlərlə dəyərini satıcıya ödəməyi öz üzərinə öhdəlik götürmüşdür. Həmin müqavilənin 2.5-ci bəndində qeyd olunan şərtinə görə ödəniş gecikdirildiyi halda hər gecikdirilən günə görə 0.5 % həddində dəbbə pulu hesablanacaqdır. Ümumilikdə, 187170,29 manat dəbbə pulu hesablanır. Odur ki, müqavilə şərtlərinə və qanunun tələblərinə uyğun olaraq cavabdehdən 193685 manat ödənilməli əsas borcun və hesablanmış 187170,29 manat cərimə məbləğinin, habelə mediasiya xərcinin və dövlət rüsumunun ödənilməsini tələb olunur. Cavabdehə göndərilmiş pretenziyada borc ödənilmədiyi halda qanunvericiliyin tələblərinə əsasən borcun, müqavilə şərtinə uyğun olaraq hesablanmış cərimə məbləğinin və ödəniləcək dövlət rüsumunun, o cümlədən bu iddia ilə bağlı çəkdiyi digər xərclərin tutulması tələbi ilə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq etmişdir. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. ƏSASLANDİRİCİ HİSSƏ İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: xx.xx.2019-cu il tarixli Alqı-satqı müqaviləsindən görünür ki, iddiaçı istehsal etdiyi və ya istehsalçı şirkətdən əldə etdiyi məhsullardan (mebel dəsti) cavabdehə satmağı, cavabdeh isə malı alıb müqavilədə nəzərdə tutulmuş qaydada və şərtlərlə dəyərini iddiaçıya ödəməyi öhdələrinə götürmüşlər. 5 ədəd elektron qaimədən görünür ki, iddiaçı tərəfindən cavabdehə ümumilikdə 275285,17 manat məbləğində malın satılmasına dair elektron qaimə təqdim edilmişdir. xx.xx.2022-ci il tarixli Üzləşmə aktından görünür ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2022-ci il tarixinə qalıq borc 96984 manat təşkil etmişdir. Qeyd: yuxarıda göstərilən məbləğdən başqa 120001 manat dəyərində 636 çeşid məhsul satılmadığına görə həmin məbləğ borc hesab edilə bilməz. xx.xx.2022-ci il tarixli 25 saylı Üzləşmə aktından görünür ki, cavabdehin iddiaçıya xx.xx.2022-ci il tarixə borcu 216985,10 manat təşkil etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyərək, iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verib hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya həmin Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsi bağlanmış və müqaviləyə əsasən iddiaçı istehsal etdiyi və ya istehsalçı şirkətdən əldə etdiyi məhsullardan (mebel dəsti) cavabdehə satmağı, cavabdeh isə malı alıb müqavilədə nəzərdə tutulmuş qaydada və şərtlərlə dəyərini iddiaçıya ödəməyi öhdələrinə götürmüşlər. Tərəflər arasında borcun etirafına dair xx.xx.2022-ci il tarixli Üzləşdirmə aktı tərtib olunmuş və akta əsasən iddiaçı ilə cavabdeh arasında xx.xx.2022-ci il tarixinə qalıq borc 96984 manat təşkil etmişdir. Eyni zamanda həmin aktda 120001 manat dəyərində 636 çeşid məhsul satılmadığı göstərilmişdir. Məhkəmə qeyd edir ki, alqı-satqı müqaviləsi iki tərəfin alıcının və satıcının bir-biri ilə üst-üstə düşən iradə ifadələrinin əsasında əmələ gəlir və tərəflərin hər ikisi üçün həm hüquq, həm də vəzifə yaradır. Bu müqaviləyə əsasən alıcının əşyanı öz mülkiyyətinə qəbul etmək hüququ və onun qiymətini ödəmək öhdəliyi, satıcı üçün əşyanı alıcının mülkiyyətinə vermək öhdəliyi və onun qiymətinin ödənilməsini tələb etmək hüququ yaranır. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında bağlanmış alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmış, həmin öhdəliyə görə iddiaçı öhdəliyi yerinə yetirərək, alınan malları cavabdehə vermiş, bunun nəticəsində iddiaçının cavabdehdən müqavilə üzrə müəyyənləşdirilmiş öhdəliyi tələb etmək hüququ yaranmış, cavabdeh isə müqavilə üzrə öhdəlikləri yerinə yetirməmişdir. İddia ərizəsinin məzmunundan və üzləşmə aktından göründüyü kimi 96984 manat borc və cavabdehdə 120001 manat dəyərində məhsul olmaqla cavabdehin iddiaçıya ümumilikdə borcu 216985 manat təşkil etmiş, cavabdeh tərəfindən 23300 manat dəyərində mal iddiaçıya geri qaytarılmış, qalıq borc məbləği 193685 manat təşkil etmişdir. Bununla da, borclunun müqavilə üzrə öhdəliyi yerinə yetirməməsinə görə iddiaçı qarşısında müqavilədən irəli gələn öhdəlikləri icra etmək mülki hüquqi məsuliyyəti yaranmışdır. Məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli alqısatqı müqaviləsinə əsasən ödənilməmiş 193685 manat borc iş materialları ilə təsdiq olunduğundan cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə iddia tələbinin dəbbə pulunun tutulması hissəsinə münasibətdə qeyd edir ki, həmin tələb tərəflər arasında bağlanmış müqavilədən irəli gəlir. Belə ki, müqavilənin 2.5-ci bəndinə əsasən ödəniş gecikdirildiyi halda hər gecikdirilən günə görə 0.5 % həddində dəbbə pulu hesablanacaqdır. Lakin məhkəmə hesab edir ki, tələb olunan dəbbə pulu məbləği yaranmış borc məbləğinə görə tənasübsüz surətdə yüksək məbləğ olduğundan, onun məbləğini azaldaraq 9600 manat həddində müəyyən edilməklə cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə məhkəmə xərcləri qeyd olunan normanın tələblərinə uyğun bölüşdürülməlidir. Məhkəmə ilk növbədə qeyd edir ki, hazırki iş üzrə dövlət rüsumunun məbləği 670,86 manat təşkil edir. İddiaçı tərəfindən mediasiya xərcinə görə 400 manat ödənilməsini nəzərə aldıqda, dövlət rüsumunun ödənilməli hissəsi 270,86 manat təşkil edir, lakin iş materiallarından göründüyü kimi iddiaçı tərəfindən 271 manat, yəni artıq ödənilmişdir ki, artıq ödənilən 0,14 manat məbləği qanunvericilikdə nəzərdə tutulmuş qaydada geri ala bilər. İş üzrə dövlət rüsumu məbləğinin 670,86 manat olmasını və iddianın təmin edilmiş hissəsinin iddia tələbinin 53,38 faizini təşkil etdiyini nəzərə aldıqda, dövlət rüsumu məbləğinin iddianın təmin edilmiş hissəsinə uyğun olaraq iddiaçıya aid edilməli məbləğ 312,76 manat təşkil edir. İddiaçı tərəfindən 400 manat mediasiya xərcindən əlavə 270,86 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Buna görə də ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməli, 400 manat məbləğində mediasiya xərcindən 358,1 manat (400- 41,9(312,76-270,86) məbləği cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalan 41,9 manat məbləği iddiaçıya aid edilməlidir. Qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, 193685 manat əsas borc, 9600 manat dəbbə, mediasiya xərcinə görə 358,10 manat, cəmi 203643,1 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməli və iddia qalan hissədə rədd edilməlidir. NƏTİCƏ HİSSƏSİ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216, 220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 193685 manat əsas borc, 9600 manat dəbbə, mediasiya xərcinə görə 358,10 manat, cəmi 203643,1 manat Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Pirverdiyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-635/2023
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-635/2023
30.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver