Məhkəmə qərarları › İş №e-2-2(113)-6356/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-6356/2024

28.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-6356/2024 28.11.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı “XXXX” Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “alqı-satqı müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi, dəbbə pulunun azaldılması, sübutetmə vəzifəsi) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Quluzadə Gülçin Təhmasib qızının katibliyi iştirakı ilə İddiaçı “XXXX” Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “alqı-satqı müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı “XXXX” Açıq Səhmdar Cəmiyyəti (bundan sonra “XXXX” ASC) Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış 14 yanvar 2021-il tarixli alqı-satqı müqaviləsi üzrə sement məhsullarına görə 8684 manat, taxta altlıqlara görə 1019,52 manat əsas borcun, 11828,6 manat cərimə məbləğinin və ödənilmiş 155 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki: 2.1. iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli O000880139 nömrəli alqı-satqı müqaviləsinə əsasən iddiaçı cavabdehə müqavilədə qeyd edilmiş malları satmağı, cavabdeh isə satılan malı təhvil almağı və dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Müqavilədə qeyd edilmiş mallar cavabdehə çatdırılmışdır, cavabdeh həmin malları yük-nəqliyyat qaimələrini imzalayaraq təhvil almışdır. Cavabdehə göndərilmiş malların satılması barədə elektron qaimələr təsdiq edilmişdir. Müqaviləyə əsasən cavabdeh malın dəyərini malı əldə etdiyi tarixdən 30 gün müddətində iddiaçıya ödəməlidir. Lakin cavabdeh ona təhvil verilmiş sement məhsullarının dəyərinin 8684 manat məbləğində hissəsini ödəməmişdir. Eyni zamanda hər birinin dəyəri 28,32 manat, ümumi dəyəri 1019,52 manat olan 36 ədəd taxta altlığı iddiaçıya geri qaytarmamışdır. Cavabdehə dəfələrlə edilən şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq, cavabdeh təhvil aldığı malların dəyərini ödəməmişdir. 2.2. Müqavilənin 9.2-ci bəndində ödənişi gecikdirildiyi hər günə görə əsas borcdan 0,1% qədər cərimənin ödənilməsi qeyd olunur. Həmin bəndə əsasən hazırkı tarixədək cavabdehə hesablanan cərimənin məbləği 11828,6 manat təşkil edir. Cavabdehə xx.xx.2024-cü il tarixdə pretenziya məktubu göndərilərək borc məbləğinin xx.xx.2024-cü il tarixədək ödənilməsi, əks təqdirdə məhkəməyə müraciət etmək üçün tədbirlər görüləcəyi bildirilmiş, lakin cavabdeh ödəməli olduğu borcun köçürülməsini təmin etməmişdir.

3. İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 21.2, 442, 443.1-ci və s. maddələri göstərilmişdir.

4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 154-cü maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə iddia ərizəsinə yazılı etiraz məhkəməyə daxil olmamışdır.

II. Tərəflərin mövqeləri:

5. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X1 iddianın məzmununa uyğun izahat verdi və eyni zamanda bildirdi ki, satılan mallara görə cavabdeh tərəfindən cəmi 100 manat məbləğində ödəniş edilmiş, malların göndərilməsi ilə bağlı elektron qaimələr sonuncu tərəfindən təsdiq edilmişdir.

6. Məhkəmənin suallarına cavab olaraq iddiaçının nümayəndəsi taxta altlıqların cavabdeh tərəfindən geri qaytarılmadığını, altlıqların geri qaytarılmasını təsdiq edən hər hansı sənədin olmadığını, malların birbaşa cavabdehə təqdim edildiyini, cavabdehin də taxta altlıqları birbaşa iddiaçıya təqdim etməli olduğunu, distribütorun onları təmsil etmədiyini bildirdi.

7. Məhkəmə iclaslarında iştirak edən Cavabdeh məhkəməyə izahatında iddiaçıdan mal aldığını, tələbin cərimə hissəsi ilə razı olmadığını, borcdan çox az miqdarda ödəniş etdiyini, maddi vəziyyəti ilə əlaqədar borcu ödəyə bilmədiyini bildirdi.

8. Məhkəmənin suallarına cavab olaraq Cavabdeh 8684 manat əsas borc məbləğinə etiraz etmədiyini, taxta altlıqların iddiaçıya qaytarıldığını, altlıqların iddiaçıya qaytarılması ilə bağlı sübutunun olmadığını bildirdi.

9. Tərəflər məhkəmənin sonuncu baxış iclasında iştirak etməmiş, məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

III. Məhkəmə baxışının hədləri:

10. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

a) Alqı-satqı müqaviləsi üzrə pulun tutulması tələbi ilə bağlı

11. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.

12. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.

13. İddia ərizəsinə əlavə edilən iddiaçı (satıcı qismində) ilə cavabdeh (alıcı qismində) arasında xx.xx.2021-ci il tarixli O000880139 nömrəli alqı-satqı müqaviləsinin şərtlərindən görünür ki, hazırkı müqavilə əsasında satıcı 3-cü maddədə göstərilən və gələcəkdə mal adlandırılacaq sement növünü alıcıya satır, alıcı isə malı alır və dəyərini ödəyir (1.1). Malın qəbul məntəqəsi müqaviləyə edilən əlavələrdə və ya yük-nəqliyyat qaimələrində göstərilir (2.2). Mal və qiymətlər (çatdırılma daxil, ƏDV xaric) müqaviləyə edilən əlavələrdə göstərilir (3.1). Alıcı qəbul etdiyi malın dəyərini qaimə-fakturanı və ya elektron qaimə-fakturanı qəbul etdiyi tarixdən 30 gün ərzində ödəməlidir. Elektron qaimə-fakturanın alıcıya göndərilməsi alıcının malı qəbul etdiyi faktını təsdiq edir (4.3). Alıcı sifariş etdiyi malı hər bir zaman qəbul edir, yük-nəqliyyat qaiməsinə standart möhür və ya ştampını vurur və imzası ilə təsdiq edir. Alıcı onun adından malları qəbul edən səlahiyyətli şəxslərin siyahısını yazılı qaydada satıcıya verir (5.4). Alıcı bütün əməliyyatlara görə satıcıya sifariş göndərir. Sifariş müəssisəyə poçt, yazılı mesaj, e-mail və ya internet sifariş vasitəsilə həftəlik göndərilə bilər (6.1). Hazırkı müqavilə xx.xx.2021-ci il tarixində qüvvəyə minir və 31 dekabr 2021-ci il tarixinədək qüvvədə olur (7.1).

14. Adıçəkilən müqavilənin 9.2-ci maddəsinə əsasən alıcı mal taxta altlıqlarla təchiz olunarsa, aldığı hər bir taxta altlığı işlək vəziyyətdə geri qaytarmağı, əks halda geri qaytarılmayan hər bir taxta altlığa görə “qiymət” əlavəsində qeyd olunan məbləğdə pul vəsaitini satıcı tərəfindən təqdim edilmiş qaimə əsasında 5 gün ərzində satıcıya ödəməyi öz öhdəsinə götürür.

15. xx.xx.2021-ci il tarixli O000880139 nömrəli alqı-satqı müqaviləsinə 1 nömrəli əlavəyə əsasən “Qaradağ Optimal” kisə adlı məhsulun qiyməti çatdırılma daxil, ƏDV xaric 116,53 manat, çatdırılma və ƏDV daxil 137,50 manat, “Qaradağ Spesial” kisə adlı məhsulun qiyməti çatdırılma daxil, ƏDV xaric 129,24 manat, çatdırılma və ƏDV daxil 152,50 manat, “Qaradağ Sprint” kisə adlı məhsulun qiyməti çatdırılma daxil, ƏDV xaric 135,59 manat, çatdırılma və ƏDV daxil 160 manat, “Qaradağ Unikal” kisə adlı məhsulun qiyməti çatdırılma daxil, ƏDV xaric 135,59 manat, çatdırılma və ƏDV daxil 160 manat, altlıqların qiyməti ƏDV xaric 24 manat, ƏDV daxil 28,32 manat müəyyən olunmuşdur.

16. Həmin əlavənin 2.1-ci bəndinə əsasən müqavilədə qeyd olunan 3.3-cü bəndi və ona aid olan bütün bəndlərə uyğun olaraq alıcı aldığı malın dəyərini malı əldə etdiyi tarixdən 30 təqvim günündən gec olmayaraq satıcıya ödəməlidir.

17. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli A********** nömrəli yüknəqliyyat qaiməsinə əsasən “Qaradağ Optimal” 40 kq adlı məhsuldan 14.4 ton, “Qaradağ Spesial” 40 kq adlı məhsuldan 14.4 ton və 18 ədəd altlıq, xx.xx.2021-ci il tarixli A********** nömrəli yük-nəqliyyat qaiməsinə əsasən “Qaradağ Sprint” adlı məhsuldan 28.8 ton və 18 ədəd altlıq iddiaçı tərəfindən cavabdehə təhvil verilmiş, sonuncu tərəfindən 36 altıqdan heç biri iddiaçıya qaytarılmamış, cavabdeh də həmin qaimələri imzalamaqla malların və altlıqların təhvil verildiyini təsdiqləmişdir.

18. İş materiallarına əlavə edilən elektron qaimələrdən görünür ki, xx.xx.2021-ci il ‬ tarixli EBAW 216129 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 4176,12 manat, xx.xx.2021-ci il tarixli EBAW 216137 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 4607,89 manat dəyərində malların verilməsi üçün, xx.xx.2021-ci il tarixli EBBL 078239 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 1019,52 manat dəyərində altlıqlara .görə tərtib edilərək cavabdehə göndərilmişdir

19. Beləliklə, məhkəmə təqdim edilən sübutları aidiyyət, mümkünlük və mötəbərlik, sübutların məcmusunu isə yetərlilik baxımından qiymətləndirərək müəyyən edir ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2021-ci il tarixli O000880139 nömrəli alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik münasibəti yaranmış, iddiaçı cavabdehə mal satmağı, cavabdeh isə həmin malı qəbul edib müqavilə ilə razılaşdırılmış qaydada dəyərini iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı xx.xx.2021-ci il tarixli yük-nəqliyyat qaimələri əsasında 36 altlıq və “Qaradağ Optimal” adlı məhsuldan 14.4 ton, “Qaradağ Spesial” adlı məhsuldan 14.4 ton və “Qaradağ Sprint” adlı məhsuldan 28.8 ton cavabdehə təhvil vermişdir. Həmçinin məhsulların və altlıqların təqdim edilməsi ilə bağlı xx.xx.2021-ci il tarixli EBAW 216129 və EBAW 216137, xx.xx.2021-ci il tarixli EBBL 078239 seriya və nömrəli elektron qaimələr tərtib edilərək cavabdehə göndərilmişdir.

20. İddiaçı xx.xx.2021-ci il tarixli O000880139 nömrəli alqı-satqı müqaviləsi üzrə sement məhsullarına görə 8684 manat, geri qaytarılmayan taxta altlıqlara görə 1019,52 manat olmaqla cəmi 9703,52 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsini xahiş edir.

21. Cavabdeh iddianı 8684 manat əsas borc hissəsində qəbul etdiyini, altlıqların iddiaçıya geri qaytarıldığını, altlıqarın geri qaytarılmasını təsdiq edən sənədin olmadığını bildirmişdir.

22. Məhkəmə əvvəla alqı-satqı müqaviləsi ilə bağlı mülki qanunvericilik normalarının təhlilini zəruri hesab edir.

23. Mülki Məcəllənin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

24. Həmin Məcəllənin 597.1-ci maddəsində göstərilmişdir ki, alıcı əşyanı alqı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə …. ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur.

25. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə…. həyata keçirməlidir.

26. Mülki Məcəllənin alqı-satqı haqqında ümumi müddəalarının tələblərinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Alıcı isə əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.

27. Məhkəmə kommersiya mübahisəsinin müəyyən olunmuş, sübut edilmiş hallarına uyğun hüquq normalarını tətbiq edərkən qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilə nisyə alqı-satqı müqaviləsi olub (müqaviləyə 01 nömrəli əlavənin 2-ci bəndi ilə malların dəyərinin təqdim edilən elektron qaimə əsasında xx.xx.2023-cü il tarixdən sonra 15 gün ərzində ödənilməsinin şərtləşdirildiyi nəzərə alındığında), iddiaçının malların dəyərinin ödənilməsini tələb etmək hüququnun maddi hüquqi əsasını Mülki Məcəllənin 600.4-cü maddəsi təşkil edir.

28. Belə ki, Mülki Məcəllənin 600.4-cü maddəsinə görə, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

29. Göründüyü kimi, iddiaçı qeyd edilən hüquq normasından irəli gələn verilmiş əşyanın ödənilməsini tələb etmək hüququnu realizə edir.

30. Cavabdeh isə 36 ədəd altlığı təhvil verdiyini bildirsə də, altlıqları təhvil aldığının müəyyən edildiyi nəzərə alındığında qeyd edilən halı sübutetmə vəzifəsini daşıyır. Belə ki, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsində müəyyən olunmuş sübutetmə qaydası onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir.

31. Hazırkı iş üzrə isə altlıqların qaytarılması ilə bağlı cavabdehin sübutu izahatından ibarətdir. Məhkəmə nəzərə alır ki, işdə iştirak edən şəxslərin izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Ona görə də iş üzrə işdə iştirak edən şəxslərin (nümayəndələrinin) izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Çünki işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir (Mülki Prosessual Məcəllənin 106.1-ci maddəsi).

32. Bu isə cavabdehin öz sübutetmə vəzifəsini yerinə yetirə bilmədiyini göstərir.

33. Tərəflər arasında bağlanmış müqavilənin 9.2-ci maddəsinə əsasən alıcı mal taxta altlıqlarla təchiz olunarsa, aldığı hər bir taxta altlığı işlək vəziyyətdə geri qaytarmağı, əks halda geri qaytarılmayan hər bir taxta altlığa görə “qiymət” əlavəsində qeyd olunan məbləğdə pul vəsaitini satıcı tərəfindən təqdim edilmiş qaimə əsasında 5 gün ərzində satıcıya ödəməyi öz öhdəsinə götürmüş, 36 ədəd altlığın təhvil verildiyi sübutlarla təsdiqini tapmışdır. Belə olan halda iddiaçı altlıqların dəyərini təşkil edən 1019,52 manat (36*28,32 manat) pulu tələb etməkdə haqlıdır.

34. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

35. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

36. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

37. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.

38. Beləliklə, məhkəmə hesab edir ki, alqı-satqı müqaviləsi üzrə əşyanın dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi pozaraq, müqavilə ilə nəzərdə tutulan müddətdə icra etməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh (alıcı) müqavilə üzrə yaranmış borcunu iddiaçıya ödəməlidir.

39. Göstərilənləri nəzərə alaraq məhkəmə bu qənaətə gəlir ki, iddia tələbi əsas borca münasibətdə təmin olunmalı, xx.xx.2021-ci il tarixli O000880139 nömrəli alqı-satqı müqaviləsi üzrə 9703,52 (sement məhsullarına görə 8684 manat, altlıqlara görə 1019,52 manat) məbləğində pul Cavabdeh tutularaq iddiaçı “XXXX” ASC-yə ödənilməlidir.

b) Alqı-satqı müqaviləsi üzrə dəbbə pulunun tutulması tələbi ilə bağlı

40. İddia ərizəsində iddiaçı həmçinin 11828,6 manat məbləğində dəbbə pulunun cavabdehdən tutulmasını xahiş edir.

41. xx.xx.2021-ci il tarixli O000880139 nömrəli müqavilənin 9.2-ci bəndinə əsasən alıcı ödəniş bu müqavilədə və ya onun Əlavəsində göstərilən müddətdən gecikdirildiyi hər bir günə görə əsas borcdan 0,1% qədər cərimə və bundan yarana biləcək administrativ xərcləri ödəməyi öz öhdəsinə götürmüşdür.

42. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir... Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.

43. Həmin Məcəllənin 467-ci maddəsində göstərilmişdir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.

44. Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Qeyd olunan maddənin mənasına görə, dəbbə pulunun məbləği öhdəliyin pozulmasının əmələ gətirdiyi nəticələrə açıq-aşkar uyğun gəlmədiyi, yəni dəbbə pulunun məbləği kreditorun reallıqda məruz qaldığı zərərdən əhəmiyyətli dərəcədə çox olduğu hallarda məhkəmə dəbbə pulunu tənasübsüz surətdə yüksək müəyyənləşdirilmiş hesab edərək azalda bilər. Bu halda məhkəmə öhdəliyin borclu tərəfindən pozulması dərəcəsini, öhdəlikdə iştirak edənlərin əmlak vəziyyətini, kreditorun həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini nəzərə almaqla razılaşdırılmış dəbbə pulunun azaldılması haqqında qərar qəbul etməlidir ("xxxx" Qapalı Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 yanvar 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 28 iyul 2021-ci il tarixli Qərar).

45. İş materialları ilə müəyyən olunur ki, hazırkı iddia ərizəsi ilə əlaqədar məhkəməyə müraciət olunmamışdan əvvəl mübahisənin pretenziya qaydasında həll edilməsi məqsədi ilə müvafiq addımlar atılmışdır, lakin mövcud mübahisənin məhkəməyəqədər mərhələdə həll edilməsi mümkün olmamışdır. Həmçinin malların təqdim edildiyi xx.xx.2021-ci il tarixdən sonra ödənişlərin edilməməsinə baxmayaraq, iddiaçı da uzun müddət sonra – xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət etməklə dəbbə pulunun artmasına rəvac vermişdir.

46. Məhkəmə iddiaçının həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini, o cümlədən yuxarıda qeyd edilən halları nəzərə alaraq hesab edir ki, cavabdehlərdən tutulmalı cərimə məbləğinin 440 manat həddində müəyyənləşdirilməsi ağlabatan və ədalətlidir.

47. Məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi cərimənin tutulması hissəsində qismən təmin edilməli, 440 manat məbləğində cərimə Cavabdeh tutularaq iddiaçı “XXXX” ASC-yə ödənilməlidir.

c) Məhkəmə xərcləri ilə bağlı

48. İddiaçı eyni zamanda ödənilmiş 155 manat dövlət rüsumunun da tutulmasını tələb edir.

49. Elektron iddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi haqqında məlumat” qrafasına əsasən müəyyən olunur ki, **********42 nömrəli mədaxil qəbzi ilə 155 manat məbləğində dövlət rüsumu iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmişdir.

50. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

51. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

52. Beləliklə, iddia tələbinin qismən təmin edildiyini və yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 73 manat məbləğində pul Cavabdeh tutularaq iddiaçı “XXXX” ASC-yə ödənilməlidir.

V. Nəticə:

53. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. “XXXX” Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 14 yanvar 2021ci il tarixli alqı-satqı müqaviləsi üzrə 9703,52 manat əsas borc, 440 manat cərimə məbləği olmaqla ümumilikdə 10143,52 manat məbləğində pul Cavabdeh tutularaq iddiaçı “XXXX” Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 73 manat məbləğində pul Cavabdeh tutularaq iddiaçı “XXXX” Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.

Hakim Nərmin Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar