Məhkəmə qərarları › İş №e-2-2(113)-636/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-636/2024

23.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-636/2024 23.02.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı kommersiya mübahisəsi üzrə Açar sözlər: alqı-satqı müqaviləsi üzrə borcun tutulması Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Leyla Rauf qızının sədrliyi, X1 katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı xx.xx.2023-cü il tarixli, KN/1601/23 saylı müqaviləyə əsasən pulun tutulması tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxılmışdır. I. İŞİN HALLARİ

1. İddiaçı MMC (satıcı) Cavabdeh MMC (alıcı) arasında 16 yanvar 2023-cü il tarixdə KN/1601/23 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən satıcı alıcıya məhsulları satmağı, alıcı isə həmin məhsulu qəbul etməyi və müqavilə ilə razılaşdırılmış qaydada məhsulun dəyərini satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Məhsulun dəyəri, növü, çeşidi, tərkibi, rəngi, və digər əlamətləri və xarakterik xüsusiyyətləri əlavə razılaşma ilə müəyyən olunur. Həmin müqavilənin: - 3.2.1-ci bəndinə əsasən müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə ödənişlərin həyata keçirilməsini alıcıdan tələb etmək satıcının hüququdur. - 3.3.1-ci bəndinə əsasən hazırkı müqavilənin şərtlərinə uyğun təhciz olunmuş məhsulları qəbul etmək və həmin məhsulların dəyərini müqavilə ilə müəyyən olunmuş qaydada satıcıya ödəmək alıcının vəzifəsidir. - 6.2-ci bəndinə əsasən “alıcı” müqavilə ilə müəyyən edilmiş ödənişin həyata keçirilməsində yol verdiyi hər gecikmə gününə görə “satıcı”ya ödəniş məbləğinin 0,5% məbləğində dəbbə pulu (cərimə) ödəməlidir. - 10.1-ci bəndinə əsasən bu müqavilə tərəflərin səlahiyyətli nümayəndələri tərəfindən imzalandığı tarixdən etibarən qüvvəyə minir və 1 (bir) il müddətində qüvvədə olacaqdır. - 10.2-ci bəndinə əsasən tərəflərdən heç biri müvafiq müddətin başa çatmasına 15 (on beş) gün qalmış hazırki müqaviləm ləğv etmək niyyəti barədə qarşı tərəfə yazılı sürətdə rəsmi xəbərdarlıq etməzsə müqavilənin müddəti avtomatik olaraq növbəti 1 (bir) il uzadılmış hesab edilir; - 10.3-cü bəndinə əsasən tərəflərdən hər-hansı biri bu Müqavilə ilə üzərinə düşən öhdəliklərini lazımi qaydada yerinə yetirmədikdə, digər tərəfin hüququ olacaqdır ki, yazılı şəkildə bildiriş təqdim etməklə bu müqaviləyə vaxtından əvvəl xitam versin. Belə halda müqavilədən imtinaya səbəbkar olan tərəf imtinadan zərərçəkən digər tərəfə vurulmuş ziyanın əvəzini tam şəkildə ödəməlidir. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.

2. 16 yanvar 2023-cü il tarixli KN/1601/23 saylı müqavilənin 2 nömrəli əlavəsi olan xx.xx.2023-cü il tarixli (məhsulun çatdırılmasına dair) təhvil-təslim aktına əsasən İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə 58668 manat dəyərində mal (1 kq-nin qiyməti 0,40 manat olan 146670 kq təzə ərzaqlıq kartof) təhvil verilmişdir. Akt tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.

3. İddiaçı MMC tərəfindən ümumilikdə 58668 manat (ƏDV yoxdur) dəyərində mal (1 kq-nin qiyməti 0,40 manat olan 146670 kq təzə ərzaqlıq kartof) verilməsinə dair elektron qaimə tərtib edilərək elektron sistem vasitəsilə Cavabdeh MMC-yə göndərilmişdir.

4. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə xx.xx.2023-cü il tarixli pretenziya məktubu ilə müraciət edilərək, alqı-satqı müqaviləsi üzrə öhdəliklərini icra etmədiyini bu səbəbdən məhkəməyə müraciət ediləcəyi bildirilmişdir.

İİ. MƏHKƏMƏDƏ İCRAAT

a) İddia tələbi və iddia tələbinin dəlilləri

5. İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 58.668 manat əsas borcu, üç ay üçün vurulmuş ziyana görə 1320 manat məbləğində pul vəsaiti, həmçinin gecikdirməyə görə hər bir gün üçün tam ödənişin 0.5% məbləğində hesablanan və 90 gün gecikdirmə nəticəsində 26.400,6 manat təşkil edən dəbbə pulu, eləcə də mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş mediasiya xərci (400 manat), cəmi 86.778,6 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC (satıcı) ilə Cavabdeh MMC (alıcı) arasında bağlanılmış 16 yanvar 2023-cü il tarixli KN/1601/23 nömrəli alqı-satqı müqaviləsinin şərtlərinə əsasən, satıcı alıcıya hazırkı müqavilənin ayrılmaz hissəsini təşkil edən əlavələri ilə nəzərdə tutulan malları tədarük etməyi, alıcı isə bu müqavilənin ödəniş şərtləri əsasında bu malları qəbul edib onların razılaşdırılmış dəyərini satıcıya ödəmək barəsində öhdəlik götürmüşdür. Bu müqavilənin ayrılmaz tərkib hissəsi sayılan xx.xx.2023cü il tarixli 2 saylı əlavəyə əsasən, mallar alıcıya təhvil verildikdən sonra, alıcı 20 gün ərzində satıcının bank hesabına malların dəyərini köçürməlidir. Nəzərə alırlar ki, mallar xx.xx.2023-cü il tarixində alıcıya təhvil verilmişdir. Beləliklə, bu müqavilənin yuxarıda qeyd olunan bəndləri üzrə cavabdeh ödənişlərini tam olaraq bu günə qədər ödəməyərək iddiaçı qarşısında 58.668 manat olmaqla borcu yaranmışdır. Qeyd edirlər ki, onlar satıcı olaraq qeyd edilən müqavilə üzrə öhdəliklərini tam olaraq icra etmişlər. Lakin,cavabdeh üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Baş verən pozuntuların aradan qaldırılması ilə bağlı cavabdehə dəfələrlə xəbərdalıq olmasına, münasibətlərin pozulmaması üçün dostcasına xahiş edilməsinə, bugünə qədər səbr və təmkinlə gözləmələrinə baxmayaraq, cavabdeh müxtəlif bəhanələr gətirərək müqavilə üzrə öhdəliklərini artıq xx.xx.2023-cü il tarixindən başlayaraq 90 gündür ki, icra etməkdən qəsdən yayınmışdır.

7. Daha sonra iddiaçı xx.xx.2024-cü il tarixdə iddia tələbinin həcminin artırılması barədə ərizə verərək, Cavabdeh MMC-dən 58.668 manat əsas borcu, üç ay üçün vurulmuş ziyana görə 1320 manat məbləğində pul vəsaiti, həmçinin gecikdirməyə görə hər bir gün üçün tam ödənişin 0.5% məbləğində hesablanan və 90 gün gecikdirmə nəticəsində 26.400,6 manat təşkil edən dəbbə pulunun, eləcə də mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş mediasiya xərcininin (400 manat) və hüquqi yardımın göstərilməsi ilə bağlı vəkilə ödənilmiş 1700 manat məbləğində pul vəsaitinin, cəmi 88.488,6 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qıtnamə çıxarılmasını xahiş etmişdir.

8. İddiaçı tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 385, 439.3, 442, 445.1, 445.2, 448.1, 448.2, 449.1 və 449.2-ci maddələrinə istinad etmişdir.

b) İddiaya qarşı etirazın dəlilləri

9. İddiaya qarşı etiraz təqdim olunmamışdır.

b) İşdə iştirak edən şəxslər və onların izahatları

10.Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil həcmi artırılmış iddia tələbini müdafiə edib, iddia ərizəsində və iddia tələbinin həcminin artırılması barədə ərizədə göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etdi.

11. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. 12.Məhkəmə MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

İİİ. MƏHKƏMƏ BAXİŞİNİN HƏDLƏRİ

13. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri). 14.Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi). İV. TƏTBİQ EDİLƏN HÜQUQ

15. AR Mülki Məcəlləsinin: - 21.1-21.2-ci maddələrinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. - 443.7-ci maddəsinə görə əgər öhdəlikdə ayrı qayda nəzərdə tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzərinə yalnız qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəsi qoyulur. - 449.1-ci maddəsinin mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olmuş redaksiyasına görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. - 567-ci maddəsinə görə alğı-satqı müqaviləsinə görə isə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 385.1, 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. - 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

16. AR MPM-in: - 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.

17. “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.

V. MƏHKƏMƏNİN MÖVQEYİ

18. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.

19. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında 16 yanvar 2023-cü il tarixli KN/1601/23 saylı alq-satqı müqaviləsinə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı müqaviləyə əlavədə göstərilmiş malları cavabdehə təhvil verərək üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etsə də, cavabdeh iddiaçı tərəfindən təqdim edilmiş malların dəyərini tam ödəməmiş, bununla sözügedən müqaviləyə əsasən üzərinə düşən öhdəlikləri pozmuşdur. Hal-hazırda Cavabdeh MMC-nin göstərilən müqavilə üzrə İddiaçı MMC-yə olan əsas borcu 58668 manat təşkil edir.

20. İddiaçı mübahisəli müqavilə üzrə malların təqdim etməsi və borcun mövcud olması faktlarını sübuta yetirmək üçün cavabdeh tərəfindən etiraz edilməmiş elektron qaiməni və 16 yanvar 2023-cü il tarixli KN/1601/23 saylı müqavilənin 2 nömrəli əlavəsi olan xx.xx.2023-cü il tarixli (məhsulun çatdırılmasına dair) təhvil-təslim aktını məhkəməyə təqdim etmişdir.

21. Belə olan halda məhkəmə Mülki Məcəllənin 567-ci maddəsinə əsasən mübahisəli alqı-satqı müqaviləsinə əsaslanan öhdəlik münasibətində kreditor olan iddiaçının borclu olan cavabdehdən alqı-satqının predmeti olmuş malların dəyəri olan 58668 manat məbləğində pul vəsaitini ödənilməsini tələb etmək hüququnun olmasını nəzərə alaraq hesab edir ki, iddia əsas borc hissəsində təmin edilməli, Cavabdeh MMC-dən 58668 manat tutularaq İddiaçı MMC-yə ödənilməlidir.

22. Bununla yanaşı iş materiallarından görünür ki, iddiaçı iddia ərizəsində həmçinin 26.400,6 manat məbləğində cərimənin (dəbbə pulunun) cavabdehdən tutulması tələbini də irəli sürmüşdür.

23. Həmin tələblə bağlı məhkəmə hesab edir ki, Cavabdeh MMC-nin alqı-satqı müqaviləsi üzrə öhdəliklərini lazımi qaydada icra etməməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin lazımi qaydada icra edilməməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan cavabdehdən iddiaçının xeyrinə dəbbə pulu tutulması üçün əsaslar mövcuddur.

24. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinin tələblərindən göründüyü kimi məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

25. Belə olan halda məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq 3000 manat məbləğində müəyyən edilməlidir.

26. Bununla yanaşı iş materiallarından görünür ki, iddiaçı iddia ərizəsində həmçinin üç ay üçün vurulmuş ziyana görə 1320 manat məbləğində pulun cavabdehdən tutulması tələbini də irəli sürmüş və vurulmuş ziyanı Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən bank uçot dərəcəsinə uyğun olaraq faiz şəklində hesablamışdır.

27. Göstərilən tələbi müqavilə öhdəliklərinin icra edilməməsi nəticəsində dəymiş zərərin ödənilməsi tələbi kimi nəzərdən keçirsək qeyd edilməlidir ki, maddi zərərin tutulması tələbinə dair işlərə baxılarkən məhkəmə tərəfindən cavabdehin hüquqazidd əməlləri nəticəsində iddiaçının hüquqlarının pozulması, maddi zərərin mövcudluğu faktı və məbləği, eləcə də cavabdehin hüquqazidd əməlləri ilə maddi zərərin yaranması arasında səbəbli əlaqənin mövcudluğu müəyyən edilməlidir. Hazırkı halda cavabdeh tərəfindəm müqavilə öhdəliklərinin təqsirli pozuntusuna yol verilməsi iş materialları ilə öz təsdiqi tapsa da, həmin pozuntu nəticəsində iddiaçıya real zərər və ya əldən çıxmış fayda formasında zərər vurulması məhkəmə araşdırması gedişində müəyyən edilməmişdir.

28. Həmin tələbə tutulmuş pul öhdəliklərin icra edilməməsinə görə Mülki Məcəllənin 449.1-ci maddəsində nəzərdə maliyyə sanksiyasının tətbiq edilməsi tələbi kimi yanaşsaq isə qeyd etmək lazımdır ki, birincisi, hazırkı halda iddiaçı cavabdehin ödənilməsini gecikdirdiyi pul vəsaitindən faydalanmasını sübut yetirə bilməmişdir. Yəni hazırkı halda Mülki Məcəllənin 449.1-ci maddəsinin dispozisiyasında əks olunmuş şərtlər mövcud deyildir.

29. İkincisi, işin yuxarıda göstərilən hallarından da göründüyü kimi iddiaçı eyni pozuntuya görə -müqavilə üzrə yaranmış borcun ödənilməsinin gecikdirilməsinə dəbbə pulunun ödənilməsini də tələb etmişdir. Halbuki eyni pozuntuya görə şəxsə iki fərqli cərimə sanksiyasının tətbiqi şəxsin ikiqat məsuliyyətə cəlb edilməsi deməkdir. Halbuki Azərbaycan Respublikası Mülki Məcəlləsi bir pozuntuya görə iki məsuliyyət tədbirinin tətbiq edilməsini nəzərdə tutmur, bundan əlavə şəxsə bir pozuntuya görə iki məsuliyyət tədbirinin tətbiq edilməsi mülki hüququn təməl prinsiplərinə ziddir.

30. Belə ki, Mülki Məcəllənin 16.1-ci maddəsinə görə fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir.

31. Belə olan halda isə maddi zərərin əvəzi olaraq 1320 manat məbləğində pul vəsaitinin tutulmasına dair hissədə də iddia əsassız olmaqla rədd edilməlidir.

32. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 400 manat məbləğində mediasiya xərcləri iddiaçı tərəfindən ödənilmişdir.

33. Dövlət rüsumunun hesablanması kalkulyatorundan çıxarışdan isə görünür ki, hazırkı iddia üzrə ödənilməli olan dövlət rüsumunun məbləği 349,16 manat təşkil edir.

34. Hazırkı iş üzrə mediasiya xərcləri dövlət rüsumunundan artıq olduğundan mediasiya xərclərini ödəmiş iddiaçı dövlət rüsumunu ödəməkdən azad edilmişdir.

35. Hazırkı qətnamə ilə iddia qismən təmin edildiyindən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq bölüşdürülməli, iddiaçı tərəfindən ödənilmiş mediasiya xərclərinin əvəzi olaraq 270 manat pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

36. Məhkəmə MPM-in 121.1-ci maddəsinin tələblərini nəzərə alaraq vəkil yardımına çəkilmiş xərclərə görə cavabdehdən 500 manat məbləğində pulun tutulmasını ağlabatan hesab edir.

37. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 58.668 manat məbləğində borc, 3000 manat məbləğində dəbbə pulu, cəmi 61.668 manat məbləğində pul vəsaiti, eləcə də iddiaçı tərəfindən ödənilmiş mediasiya xərclərinin əvəzi olaraq 270 manat pul vəsaiti və vəkil xidmətlərinə çəkilmiş xərclərin əvəzi olaraq 500 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-yə ödənilsin. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar