Məhkəmə qərarları › İş №e-2-2(113)-636/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-636/2025

21.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Daşıma müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-636/2025 21.01.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin cavabdeh X3rşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: yük daşınması müqaviləsi, öhdəliyin icra edilməməsi) Bakı Kommersiya Məhkəməsinin hakimi Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh X3rşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları İddiaçı MMC iddia ərizəsi, daha sonra iddia tələbinin həcminin azaldılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, fərdi sahibkar Cavabdeh tərəfindən qəbul edilmiş istifadəçi razılaşmasına uyğun olaraq onun tərəfindən göstərilmiş xidmət müqaviləndə yaranmış 254,77 manat və ödənilmiş dövlət rüsumuna uyğun olaraq 30 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC beynəlxalq yük daşıma fəaliyyəti ilə məşğul olan hüquqi şəxsdir. Şirkətin əsas fəaliyyətini “koliplus.com” onlayn platforması üzərindən həyata keçirir. İstifadəçilər platformadan qeydiyyatdan keçib, istifadəçi razılaşmasını qəbul edərək, xidmətdən istifadə etməyə başlayırlar. Platforma istifadəçiyə müxtəlif xarici ölkələrdə bağlamalarını qəbul etmələri üçün ünvan təmin edir. Həmən ünvana göndərilən bağlamalar platformaya daxil edilir və Azərbaycana göndərilir. Azərbaycana göndərilən istifadəçilərə aid bağlamalara görə isə platformada göstərilən tariflərə uyğun (bağlamaların çekisinə və ya ölçüsünə) olaraq ödəniş olunur. İstifadəçi daşınmaya uyğun olaraq hesablanmış borcunu kart, köçürmə və ya nağd yolu ilə şirkətə ödəyir. Şirkətin gəlirini daşınma haqlarından yığılan ödənişlər təşkil edir. Şirkət də, xaricdə anbar xidməti göstərən partnyorları və daşınma şirkətləri ilə buna müvafiq olaraq hesablaşır. X4 Orhan Gazı tərəfindən xx.xx.2023 tarixində 36.3 kq çəkiyə məxsus bağlama İddiaçı MMC vasitəsilə Çindən Azərbaycana çatdırılsa da, bağlamaya dair 554.77 AZN dəyərində daşınma haqqı müəssisəyə ödənilməmişdir. Cavabdeh tərəfindən ölkəyə platforma üzərindən gətirilən bağlamanın izləmə nömrəsi / kodu Çəki (kq) Ölkə Azərbaycana Çatma Tarixi Çatdırılma haqqı (azn) Ödəniş statusu **********71001/KLİ1564414 36.3 Çin xx.xx.2023 554.77 Ödənilməyib Cavabdeh şəxsə borcun ödənilməsi barədə bir neçə dəfə müraciət olunmuş, sonuncu müraciətdə (xx.xx.2024-cü il tarixli pretenziya məktubunda) müqavilə öhdəliklərinin yerinə yetirilməsi barədə xəbardar edilmiş, əks halda aidiyyəti üzrə məhkəməyə müraciət olunacağı bildirilmişdir. Cavabdeh də öz növbəsində borcunun olmaması barədə etirazını bildirirək müqavilə öhdəliyini yerinə yetirməkdən imtina etmişdir. Belə ki, “Daşıyıcı” və “İstifadəçi” arasında bağlanmış istfadə razılaşmasının; 3.1-ci maddəsinə əsasən “İstifadəçinin” “Daşıyıcı” anbarına yönləndirmiş olduğu bağlamaları qəbul etmək, onları göndəriş üçün hazırlamaq və bütün prosedurlar yerinə yetirildikdən sonra məhsulları Azərbaycana göndərir. 4.15-ci maddəsinə əasən əsasən əgər hər hansı səbəbdən bağlama xüsusi təhlükəsizlik və ya gömrük orqanları tərəfindən saxlanılarsa, istifadəçi o bağlamaya aid Azərbaycana daşınma xərcini 5 gün ərzində "xxxx" MMC-yə ödəməlidir. 4.15.1. nömrəli maddəsinə əsasən: Gömrükdə saxlanılmış və ya müsadirə edilmiş bağlamalardan yaranacaq digər xərclər İstifadəçinin öz məsuliyyətindədir. 4.16.1. Korporativ müştərilərdə daşınma xidməti Azərbaycan respublikasının gömrüyünə qədər təşkil edir. Gömrükdən çıxarılma və rəsmiləşdirilmə xidməti korporativ müştərin öz məsuliyyətindədir. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 406.1, 406.2, 406.3, 407.1, 425.1, 445.2.1, 445.7, 448.1, 850.1, 851-ci maddələrinə istinad olunmuşdur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsində göstərilənləri təsdiq edərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Suallara cavab olaraq iddiaçının nümayəndəsi bildirmişdir ki, tərəflər arasında daşınma müqaviləsindən irəli gələn kommersiya münasibətləri olmuşdur. Cavabdehə göstərilmiş xidmətləri məhkəməyə təqdim edilmiş cədvəl təsdiq edir. Ödənişin icra edilməsi üçün cavabdehə elektron qaimə təqdim edilməyib, çünki vətəndaş öz www.koliplus.com saytında yaradılmış hesabına daxil olduqda bütün icra edilmiş ödənişləri və borcunu görür. Daşıma ilə bağlı xərclər bütün fiziki şəxslər tərəfindən MMC-nin bank hesabına köçürülməklə həyata keçirdir. Elektron qaimə isə hüquqi şəxslərə xidmət göstərilən vaxt MMC tərəfindən göndərilir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar İş materiallarına əlavə edilmiş: **********71001 xarici izləmə kodu, KLİ1564414 daxili izləmə kodu olan daşınmanın təfərrüatlarını əks etdirən çıxarışdan görünür ki, Çin Xalq Respublikasından 36.3 kq çəkidə malların (paltar/geyim) çatdırılma qiyməti 326,34 ABŞ dolları (554,77 manat) təşkil etmişdir. İddiaçı MMC (daşıyıcı) tərəfindən istifadəçilərə təqdim edilən istifadəçi razılaşmasına əsasən “İstifadəçi”-www.koliplus.com saytından qeydiyyatdan keçmiş Azərbaycan Respublikası vətəndaşları, Azərbaycan Respublikasında yaşama hüququna malik xarici ölkə vətəndaşları və Azərbaycan Respublikasında vergi ödəyicisi olan hüquqi və fiziki şəxslərdir. 3.1-ci maddəsinə əsasən “İstifadəçinin” “Daşıyıcı” anbarına yönləndirmiş olduğu bağlamaları qəbul etmək, onları göndəriş üçün hazırlamaq və bütün prosedurlar yerinə yetirildikdən sonra məhsulları Azərbaycana göndərir. 4.15-ci maddəsinə əsasən əgər hər hansı səbəbdən bağlama xüsusi təhlükəsizlik və ya gömrük orqanları tərəfindən saxlanılarsa, istifadəçi o bağlamaya aid Azərbaycana daşınma xərcini 5 gün ərzində "xxxx" MMC-yə ödəməlidir. 4.15.1-ci bəndinə əsasən gömrükdə saxlanılmış və ya müsadirə edilmiş bağlamalardan yaranacaq digər xərclər İstifadəçinin öz məsuliyyətindədir. 4.16.1-ci bəndinə əsasən korporativ müştərilərdə daşınma xidməti Azərbaycan respublikasının gömrüyünə qədər təşkil edir. Gömrükdən çıxarılma və rəsmiləşdirilmə xidməti korporativ müştərin öz məsuliyyətindədir. xx.xx.2024 -cü il tarixli ********** saylı mədaxil İddiaçı MMC tərəfindən dövlət büdcəsinə 30 manat dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 783.2-ci maddəsinə əsasən vəkalət verən vəkalət alana yalnız o halda muzd ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya belə qəbul edilmiş olsun, xüsusən o hallarda ki, şəraitə görə vəkalət alan müstəqil peşə fəaliyyəti şəklində bu cür əqdlər bağlayır və ya xidmətlər göstərir. 850-ci maddəsinə əsasən yük daşınması müqaviləsinə görə daşıyıcı yükü haqq (yüklərin daşınması üçün haqq) müqabilində olduğu yerdən təyinat yerinə daşımağı, yük göndərən, yükü alan və ya onların səlahiyyətləndirdiyi digər şəxs isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür. Əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, yük daşınması müqaviləsinə tapşırıq haqqında göstərişlər tətbiq edilir. 851-ci maddəsinə əsasən yük göndərən daşımanın təşəbbüsçüsü olan və adından yük göndərilməsi rəsmiləşdirilən fiziki və ya hüquqi şəxsdir. Yük göndərən həm yükün daşımadan əvvəl olduğu şəxs, həm də yükün göndərildiyi şəxs (yük alan) ola bilər. Yük alan əqd əsasında yüklərin alınmasına səlahiyyətli fiziki və ya hüquqi şəxsdir. Daşıyıcı müqavilə əsasında və haqq müqabilində yükün olduğu yerdən təyinat yerinə daşınmasını həyata keçirən və mülkiyyət, icarə və ya istifadə hüququ ilə nəqliyyat vasitələrinə malik olan fiziki və ya hüquqi şəxsdir. Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin mövqeyi Tədqiq olunan sübutlar əsasında məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında daşınma xidmətlərinin göstərilməsi ilə əlaqədar kommersiya münasibətlər mövcud olmuşdur. Belə ki, iddiaçı müqavilədə nəzər tutulmuş xidmətləri göstərsə də, cavabdeh tərəfindən nəzərdə tutulmuş xidmət haqqı iddiaçıya ödənilməmişdir. Bununla da cavabdeh müqavilə ilə üzərinə götürmüş öhdəlikləri yerinə yetirməmiş, onun sifarişi əsasında daşınma xidmətləri göstərilsə də, şərtləşdirilmiş xidmət haqqını tam ödəməmişdir. Həmçinin iddia ərizəsinə məhkəmədə baxıldığı müddətdə etiraz etməyərək xidmət haqqı dəyərinin 300 manat hissəsini ödəməklə cavabdeh borcunun olmasını təsdiq etmişdir. Buna görə də iddiaçının, icra etdiyi işin müqabilində cavabdehdən xidmət haqqının ödənilməsini tələb etmək hüququ vardır. Məhkəmə qanunvericilik normalarını, istifadəçi razılaşmasını, cavabdehin razılaşma ilə üzərinə götürdüyü öhdəliklərini icra etmədiyini, göstərilən xidmətlərə görə 284,77 manat məbləğində pul vəsaitini ödəmədiyini, iddiaçının göstərilən xidmətin dəyərinin ödənilməsini tələb etmək hüququnun olduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır, buna görə də 284,77 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Həmçinin məhkəmə iddianın təmin olunduğunu nəzərə alaraq hesab edir ki, ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 242-244, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Ozdok Orhan Gazidən 284 (iki yüz səksən dörd) manat 77 (yetmiş yeddi) qəpik məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar