Məhkəmə qərarları › İş №e-2-2(113)-6366/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-6366/2022

26.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-6366/2022 26.12.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi (bundan sonra – iddiaçı) Cavabdeh qarşı (bundan sonra – cavabdeh) “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, maliyyə arayışının tərtib edildiyi xx.xx.2022-ci il tarixə xx.xx.2018-ci il tarixli 755-L/18 nömrəli müqavilə üzrə yaranmış 41805 manat gecikdirilmiş əsas borc və 17599.91 manat cərimə borcunun, ilkin mediasiya sessiyası üçün ödənilmiş 400 manatın, hüquqi yardımla bağlı ödənilmiş 300 manatın, cəmi 60,104.91 manat pul vəsaitinin cavabehdən ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ("xxxx" ASC) ilə cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli 755-L/18 nömrəli müqaviləyə əsasən borclu (lizinq alan) satış dəyərinin bir hissəsini əvvəlcədən, qalan hissəsini isə ödəniş qrafikinə uyğun şəkildə ödəmək şərti ilə kənd təsərrüfatı texnikasını lizinqə götürmüşdür. Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə cavabdehin maliyyə arayışının tərtib edildiyi xx.xx.2022-ci il tarixə xx.xx.2018-ci il tarixli 755-L/18 nömrəli müqaviləsi üzrə 41805 manat gecikdirilmiş əsas borc və 17599.91 manat cərimə borcu yaranmışdır. Cavabdehə müvafiq pretenziya məktubu göndərilmiş, öhdəliyinin yerinə yetirilməsi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq borclu tərəfindən ödənişlər yerinə yetirilməmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, tərəflər arasında hazırkı müqavilədən irəli gələn borcla bağlı daha əvvəl də məhkəmə mübahisəsi olmuş, Goranboy Rayon Məhkəməsinin 2020-ci ildə qəbul etdiyi qətnamə ilə cavabdehdən pulun tutulması qət edilmişdir. Hazırda tələb edilən borc həmin məhkəmə aktının qəbul edildiyi tarixdən sonra yaranmış borclardır. Bu səbəbdən iddianın təmin edilməsini xahiş edir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iddia tələbinə etiraz edib, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, lizinqə verilmiş obyekt istifadə yararsız olmuş, bu səbəbdən ondan təyinatı üzrə istifadə mümkün olmamış, bundan əlavə cavabdeh maddi durumu ilə bağlı vaxrında ödənişləri edə bilməmişdir. Sübutların tədqiqi: Belə ki, məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli 3052/ü nömrəli əmrdən görünür ki, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli 755-L/18 nömrəli lizinq müqaviləsinə əsasən JOHN Deere W230 markalı kombayn taxılyığan lizinqə verilmişdir. Dövlət vəsaiti hesabına idxal olunmuş "xxxx" ASC-yə məxsus kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə cavabdehlə bağlanmış 12 iyun 2018-ci il tarixli 755- L/18 nömrəli müqaviləyə əsasən lizinq verən ümumi məbləği 176500 manat olan və spesifikasiyada (Əlavə №1) göstərilən kənd təsərrüfatı texnikalarını dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə lizinqə verir. Müqavilənin 1.2-ci bəndinə əsasən lizinq alan texnikaların dəyərindən spesifikasiyada göstərilən 17650 manat məbləği əvvəlcədən lizinq verənə ödəyir, qalan hissəsini isə ödəniş qrafikinə müvafiq olaraq ödəməyi öhdəsinə götürür. Əvvəlcədən ödənilmiş məbləğ lizinq verən tərəfindən heç bir halda geri qaytarılmır. Müqavilənin 1.3-cü bəndinə əsasən texnika Goranboy rayonunda istifadə olunacaqdır. Müqavilənin 1.4-cü bəndinə əsasən texnikaya mülkiyyət hüququ lizinq alan tərəfindən öhdəliklər tam yerinə yetirilənədək lizinq verənə məxsusdur. Müqavilənin 4.1-ci bəndinə əsasən lizinq alan texnikanın istifadəsinə görə bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə uyğun olaraq ödənişləri həyata keçirir. Müqavilənin 4.2-ci bəndinə əsasən lizinq alan ödəniş qrafikinə uyğun olaraq iki dəfədən artıq ödənişləri yerinə yetirməzsə, lizinq verən lizinq aladan gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb edir. 02 may 2018-ci il tarixli 266/LD/18 nömrəli lizinq müqaviləsinin spesifikasiyasında iddiaçı tərəfindən cavabdehə 176500 manat məbləğində JOHN Deere W230 markalı kombayn taxılyığanın təhvil verildiyi qeyd edilmişdir. Həmin müqaviləyə 02 nömrəli əlavədə müqavilənin 4.1-ci bəndinin ödəniş qrafikinə uyğun müqavilə üzrə cavabdeh tərəfindən aylar üzrə ödənilməli məbləğlər öz əksini tapmışdır. "xxxx" ASC ilə cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli 21 nöməli sığorta haqqının ödənilməsi barədə müqaviləyə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq olunmuş qaydalara uyğun olaraq 4 ay müddətinə John Deere W230 markalı taxılyığan kombayn xx.xx.2018-ci il tarixli 755-L/18 nömrəli lizinq müqaviləsinə əsasən sığorta haqqının ümumi məbləği 264,75 manat olmaqla sığortalanaraq lizinqə verilir. Müqavilənin 2-ci bəndinə əsasən lizinq alan 264,75 manat məbləğində sığorta haqqını lizinq verənə tam həcmdə ödəyir. Müqavilənin 3-cü bəndinə əsasən sığorta haqqı heç bir halda lizinq alana qaytarılmır. "xxxx" ASC tərəfindən verilmiş XGR 050576 nömrəli malların təhvil-qəbul qəbzinin surətindən görünür ki, 176500 manat məbləğində 1 ədəd JOHN Deere W230 markalı kombayn taxılyığan cavabdehə təhvil verilmişdir. "xxxx" ASC-yə məxsus texnikanın lizinq alana təhvili barədə 13 iyun 2018-ci il tarixli 336 nömrəli aktdan görünür ki, "xxxx"ASC-nin xx.xx.2018-ci il tarixli 3052/ü əmri əsasında 176500 manat dəyərində, 2018-ci buraxılış ili olan, yaşıl rəngdə John Deere W230 markalı taxılyığan kombayn saz, nizamlanmış və komplekt halda bazadan lizinq alana təhvil verilmişdir. Goranboy rayon Məhkəməsinin 14 sentyabr 2020-ci il tarixli 2(045)-139/2020 nömrəli qətnaməsinə əsasən iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “pulun tutulması” tələbi barədə iddiası üzrə iddia qismən təmin edilmiş, Cavabdeh 23083 manat əsas borc, 500 manat cərimə və 30 manat dövlət rüsumu olmaqla, cəmi 23613 manat pulun tutularaq iddiaçıya ödənilməsi qət edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir. İddiaçı tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2018-ci il tarixli 755-L/18 nömrəli müqavilə üzrə Goranboy Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(045)-139/2020 saylı qətnaməsindən ödənilməmiş 17983 manat daxil olmamaqla, cavabdehin gecikdirilmiş borcu 41805 manat, cərimə borcu 17599,91 manat, ümumilikdə 59404,91 manat təşkil edir. İddiaçı tərəfindən verilmiş cavabdehə məxsus hesabdan çıxarışdan görünür ki, xx.xx.2018-ci il tarixli müqavilə üzrə cavabdehin gecikdirilmiş borcu 68149 manat təşkil edir. Hüquqi dəyərləndirmə: Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında 12 iyun 2018-ci il tarixli 755-L/18 nömrəli lizinq müqaviləsi bağlanmış, lizinq verən (iddiaçı) həmin müqavilə ilə öz üzərinə düşən öhdəlikləri icra edərək lizinq obyektini müqavilənin şərtlərinə uyğun şəkildə cavabdehə təhvil vermiş, lakin cavabdeh həmin müqavilə ilə üzərinə düşən öhdəlikləri tam icra etməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir; 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. 748-1.1-ci maddəsinə əsasən lizinq verən lizinq obyekti olan əmlakı lizinq alana lizinq müqaviləsinin şərtlərinə və həmin əmlakın təyinatına uyğun halda (vəziyyətdə) təqdim etməlidir. Beləliklə, məhkəmə qeyd edir ki, iddiaçının gecikdirilmiş borcun ödənilməsi ilə bağlı tələbi tərəflər arasında bağlanmış 12 iyun 2018-ci il tarixli 755-L/18 nömrəli lizinq müqaviləsindən irəli gəlir. Cavabdehin öz öhdəliyini lazımınca icra etməməsi iddiaçıya lizinq müqaviləsi və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir. Məhkəmə cavabdehin lizinq müqaviləsi üzrə lizinq obyektinin ona işlək vəziyyətdə təhvil verilməməsi barədə dəlilinə cavab olaraq bildirir ki, lizinq avadanlığının təhvil verilməsi barədə xx.xx.2018-ci il tarixli aktda lizinq avadanlığının hazır işlək vəziyyətdə cavabdehə təhvil verildiyi göstərilmiş, cavabdeh həmin aktı öz imzası ilə təsdiq etmişdir. Bundan əlavə, cavabdeh lizinq avadanlığının ona təhvil verildiyi vaxtdan işlək vəziyyətdə olmamasını və bu barədə dəfərlərə lizinq verənə məlumat verdiyini bildirsə də, cavabdeh etirazlarının əsası kimi istinad etdiyi halla bağlı məhkəməyə kifayət qədər güclü, aydın və konkret olan, habelə təkzibolunmazlıqla bağlı və əsaslı şübhədən kənar sübut təqdim edə bilməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla yanaşı, materiallardan görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış 12 iyun 2018-ci il tarixli 755-L/18 nömrəli lizinq müqaviləsinin 4.2-ci bəndinə əsasən hesablanmış 17599.91 manat cərimə pulunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə hesab edir ki, cavabdehin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Belə olan halda məhkəmə tələb olunan cərimənin əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan cərimə tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq cərimə 1500 manat məbləğində müəyyən edilməlidir. Bundan başqa iddia ərizəsində 300 manat vəkilin göstərdiyi hüquqi yardıma görə xərclərin cavabdehdən tutulması da tələb edilir. Məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə də təmin edilməlidir. Belə ki, xx.xx.2022-ci il tarixli 866593/01215 nömrəli ödəniş tapşırığından görünür ki, "xxxx" MMC tərəfindən Bakı şəhəri Mərkəz Vəkil Bürosunun hesabına hüquqi xidmət haqqına görə 300 manat pul ödənilmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Nəticə: Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin lizinq müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyi tam icra etmədiyini, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 41805 manat gecikdirilmiş borc, 1500 manat cərimə, hüquqi yardıma görə ödənilmiş 300 manat pul tutularaq iddiaçıya ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən ödənilmiş 400 manat mediasiya xərci cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 41805 (qırx bir min səkkiz yüz beş) manat əsas borc, 1500 (bir min beş yüz) manat cərimə və hüquqi yardıma görə ödənilmiş 300 (üç yüz) manat, ümumilikdə 43605 (qırx üç min altı yüz beş) manat məbləğində pul və ödənilmiş 400 (dörd yüz) manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar