Məhkəmə qərarları › İş №e-2-2(113)-637/2020

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-637/2020

05.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-637/2020 05.02.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızı, İddiaçı “S.M.A.P.E. SRL Societa Méridionale X3 X1” Şirkətinin Azərbaycan Respublikasındakı Filialının cavabdeh "Cavabdeh” Şirkətinin Azərbaycan Respublikasındakı Filialına qarşı “pul” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı “S.M.A.P.E. SRL Societa Méridionale X3 X1” Şirkətinin Azərbaycan Respublikasındakı Filialı cavabdeh "Cavabdeh” Şirkətinin Azərbaycan Respublikasındakı Filialına qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, bağlanmış xx xxxx 2017-ci il tarixli xidmətlərin göstərilməsinə dair müqaviləyə əsasən yaranmış 471757,01 (dörd yüz yetmiş bir min yeddi yüz əlli yeddi dollar, bir sent) ABŞ dolları borcun, özgəsinin pul vəsaitini qanunsuz saxlanılmasına görə 35381,77 (otuz beş min üç yüz səksən bir dollar, yetmiş yeddi sent) ABŞ Dolları faiz borcu, umumilikdə 507138, 78 (beş yüz yeddi min yüz otuz səkkiz dollar, yetmiş səkkiz sent) ABŞ dolları borcun və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsinin icraata qəbulundan imtina edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. İddia ərizəsinə əlavə edilmiş müqavilənin 14-cü bəndindən görünür ki, tərəflər arasında yaranmış mübahisələrin həlli zamanı İngiltərə məhkəmələrinə müraciət olunması razılaşdırılmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 40.2-ci maddəsinə əsasən, tərəflər öz aralarındakı saziş ilə mübahisəli işin ərazi aidiyyətini dəyişdirə bilərlər. Saziş yazılı şəkildə ifadə olunmalıdır. Göründüyü kimi, tərəflər hüquqlarından istifadə edərək müqavilə bağlamış və müqavilə üzrə mübahisə yaranacağı halda, İngiltərə məhkəmələrinə müraciət olunması razılaşdırılmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 3.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazisində hər hansı haldan asılı olmayaraq, Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi qüvvədə olur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 40.2-ci maddəsində ərazi aidiyyəti dedikdə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin yurisdiksiyasına aid olan ərazilər nəzərdə tutulur. İngiltərə ərazisində isə Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyinin tətbiq olunması mümkün deyil. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikasının məhkəmələrində mülki və iqtisadi mübahiələr barəsində prosessual hərəkətlər Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi ilə tənzimləndiyini nəzərə alsaq, mübahisənin baxılacağı yer olaraq razılaşdırımış ərazinin Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin qüvvədə olmadığı bir ərazi olması işə Azərbaycan Respublikası məhkəmələrində baxılmasına mane olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.4-cü maddəsinə əsasən, barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Belə olan halda məhkəmə hesab edir ki, hazırki iş üzrə Müqavilədə başqa dövlətin məhkəməsinin işə baxılması halının razılaşdırılması ərazinin Azərbaycan Respublikasının məhkəmələrində baxılmalı olmadığı hal kimi qiymətləndirilməli və iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı “S.M.A.P.E. SRL Societa Méridionale X3 X1” Şirkətinin Azərbaycan Respublikasındakı Filialının cavabdeh "Cavabdeh” Şirkətinin Azərbaycan Respublikasındakı Filialına qarşı “pul” tələbinə dair iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilsin. Eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan, tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Səbinə Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar