Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-6378/2025 27.11.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı “alqı-satqı müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: nisyə alqı-satqı müqaviləsi, hüquqdan sui-istifadə) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Quluzadə Gülçin Təhmasib qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil2, Cavabdehin nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı “alqı-satqı müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti (bundan sonra İddiaçı QSC) Cavabdehnə (bundan sonra Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 1 418 336,81 manat məbləğində pulun və ödənilmiş 1500 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış 01 fevral 2021-ci il tarixli 154 nömrəli müqaviləyə əsasən sonuncu 8 839 325,44 manat dəyərində sement almış və həmin malın ödənişini qeyd olunan müqavilənin 1.1-ci maddəsinə əsasən ödəməyi öz öhdəsinə götürmüşdür. Hal-hazırda cavabdehin iddiaçıya 1 418 336,81 manat borcu qalmaqdadır. 01 fevral 2021-ci il tarixli 154 saylı müqavilənin 2.4-cü maddəsində qeyd olunmuşdur ki, alıcı satıcıdan alınmış malları qəbul edib 10 gün müddətində satıcıya ödəməlidir. Müqavilədə qeyd olunanlara baxmayaraq, cavabdeh tərəfindən 1 418 336,81 manat məbləğində borc bu günə kimi ödənilməmiş, sonuncu ödəniş xx.xx.2025-ci il tarixdə 21000 manat məbləğində olmuşdur. Həmin tarixdən etibarən cavabdehə qalan borcun tam ödənilməsi ilə bağlı dəfələrlə müraciətlər olmuşdur. Belə ki, borcun təmin edilməsi ilə bağlı “onlayn kargüzarlıq” vergi sistemi və poçt vasitəsi ilə pretenziya məktubları göndərilmiş, lakin cavabdeh tərəfindən heç bir yazılı və ya şifahi cavab verilməmişdir.
3. İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 385.1, 442-ci və s. maddələri göstərilmişdir.
4. Cavabdehin nümayəndəsi və vəkili Vəkil1 “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə məhkəməyə iddiaya etiraz ünvanlayaraq, İddiaçı QSC-nin Cavabdeh MMC-yə qarşı “alqı-satqı müqaviləsi üzrə pulun tutulması” tələbinə dair iddiasının təmin edilməməsini xahiş etmişdir.
5. İddiaya etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehdən 01 fevral 2021-ci il tarixli 154 nömrəli müqaviləyə əsasən ödənilməmiş 418 336,81 manat əsas borcun, 1500 manat dövlət rüsumunun tutulmasını xahiş etmişdir. Lakin iddia ərizəsinə əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsini, 01-06 saylı müqaviləyə əlavələri və ödənişləri təsdiq edən qeyri-rəsmi ödəniş cədvəlini əlavə etmişdir. İş materiallarına əlavə edilmiş müqaviləyə əlavələrin 2-ci bəndindən görünür ki, malın təhvil verilməsi təhvil-təslim qaydasında həyata keçirilir. Həmin əlavələrin 3-cü bəndində qeyd edilmişdir ki, mal təhvil alındıqdan sonra malın dəyəri satıcı tərəfindən təqdim olunmuş hesab-faktura əsasında 5 iş günü ərzində satıcıya ödənilir. İş materiallarına əlavə edilmiş alqı-satqı müqaviləsinin 2.4-cü bəndinə əsasən, müqavilə üzrə hesablaşma, bu müqavilənin şərtlərinə uyğun mal təhvil verildikdən sonra qanunvericiliyə uyğun qaydada təsdiq edilmiş elektron qaimə-fakturaya və ona uyğun qaydada təqdim edilmiş hesabfakturaya əsasən, 10 iş günü ərzində təhvil verilmiş malların dəyərinin alıcı tərəfindən satıcıya nağd və ya köçürmə yolu ilə ödənilməsi şəklində aparılır. Göründüyü kimi, iddiaçı tərəfindən borc məbləğini sübut edən heç bir sübut əlavə edilməmişdir. Belə ki, iş materiallarında nə təhvil-təslim aktları, nə hesab-fakturalar, nə də qaimələr əlavə edilmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 20 aprel 2022-ci il tarixli Qərarında qeyd edilmişdir ki, lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir.
6. İddiaya etirazda hüquqi əsas kimi hər hansı maddi hüquq normasına istinad edilməmişdir.
II. Tərəflərin mövqeləri:
7. İddiaçının nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclaslarında iştirak edərək iddianın məzmununa uyğun izahat verdi və eyni zamanda bildirdi ki, cavabdehə ümumilikdə 8 839 325,44 manat dəyərində sement məhsulu satılmış, 2024-cü il üzrə tərtib edilmiş üzləşmə aktından sonra da cavabdehə mal verilmiş, sonuncu tərəfindən bir dəfə – 08 may 2025-ci il tarixdə 21000 manat ödəniş edilmişdir.
8. Cavabdehin nümayəndəsi və vəkili Vəkil1 məhkəmə iclaslarında iştirak edərək iddiaya etirazın məzmununa uyğun izahat verdi və eyni zamanda göstərdi ki, cavabdeh tərəfindən 7 400 000 manat dəyərində sement məhsulu alınmış, həmin məhsulların dəyəri ödənilmişdir. Hazırda hər hansı borc mövcud deyildir.
9. Məhkəmənin suallarına cavab olaraq cavabdehin nümayəndəsi və vəkili göstərdi ki, üzləşmə aktlarına cavabdehin direktoru imza etməmişdir. Hər üç üzləmə aktına möhürün eyni bucaq altında vurulması isə mümkünsüzdür.
III. Məhkəmə baxışının hədləri:
10. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
a) Alqı-satqı müqaviləsi üzrə pulun tutulması tələbi ilə bağlı
11. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.
12. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.
13. İşin məhkəmə tərəfindən müəyyən olunan halları ondan ibarətdir ki: – iddiaçı ilə cavabdeh arasında xx.xx.2021-ci il tarixli 154 nömrəli alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik münasibəti yaranmış, iddiaçı satış üçün nəzərdə tutulmuş "xxxx" Açıq Səhmdar Cəmiyyətindən daxil olan sementi cavabdehə satmağı və çatdırmağı, cavabdeh isə öz növbəsində müqavilədə göstərilən müddət və şərtlər əsasında məhsulun dəyərini ödəməyi və məhsulu qəbul etməyi öz öhdəsinə götürmüşdür. – Həmin müqaviləyə xx.xx.2021-ci il tarixli 01 nömrəli, xx.xx.2021-ci il tarixli 02 nömrəli, xx.xx.2023-cü il tarixli 03 nömrəli, xx.xx.2024-cü il tarixli 04 nömrəli, xx.xx.2024-cü il tarixli 05 nömrəli, xx.xx.2025-ci il tarixli 06 nömrəli əlavələr ilə “Norm Klass A” və “Norm Klass B” məhsulunun qiyməti razılaşdırılmış, adıçəkilən əlavələrlə malların təhvil verilməsinin təhvil-təslim qaydasında həyata keçirilməsi və mallar təhvil alındıqdan sonra dəyərinin təqdim edilmiş hesab-faktura əsasında 5 iş günü ərzində ödənilməsi şərtləşdirilmişdir. – Hər iki hüquqi şəxsin möhürü ilə təsdiq edilmiş xx.xx.2022-ci il tarixli üzləşmə aktı ilə cavabdehin iddiaçıya olan borcu 623 463,07 manat, xx.xx.2023-cü il tarixli üzləşmə aktı ilə cavabdehin iddiaçıya olan borcu 1 239 252,57 manat, xx.xx.2024-cü il tarixli üzləşmə aktı ilə cavabdehin iddiaçıya olan borcu 1 207 378,55 manat kimi təsdiq edilmişdir – xx.xx.2024-cü il tarixdən sonra xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək cəmi 428 039,9822 manat dəyərində malın verilməsi ilə bağlı 42 ədəd elektron qaimə tərtib edilərək cavabdehə göndərilmiş, həmin elektron qaimələr sistem tərəfindən və cavabdeh tərəfindən təsdiq edilmişdir. – xx.xx.2024-cü il tarixdən sonra xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək ümumilikdə ƏDV daxil olmaqla 193 467,96 manat məbləğində pul cavabdeh tərəfindən iddiaçının bank hesabına köçürülmüşdür.
14. İddiaçı xx.xx.2021-ci il tarixli 154 nömrəli alqı-satqı müqaviləsi üzrə verilmiş malların qalıq dəyərinin – 1 418 336,81 manat məbləğində pulun cavabdehdən tutulmasını tələb edir.
15. Cavabdeh iddiaya etiraz edərək təhvil alınan malların dəyərinin ödənildiyini, üzləşmə aktlarının direktor tərəfindən imzalanmadığını, aktlarda olan möhürlərin isə şübhəli icra olunduğunu bildirir.
16. Məhkəmə əvvəla alqı-satqı müqaviləsi ilə bağlı mülki qanunvericilik normalarının təhlilini zəruri hesab edir.
17. Mülki Məcəllənin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
18. Həmin Məcəllənin 597.1-ci maddəsində göstərilmişdir ki, alıcı əşyanı alqı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə …. ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur.
19. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə…. həyata keçirməlidir.
20. Mülki Məcəllənin alqı-satqı haqqında ümumi müddəalarının tələblərinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Alıcı isə əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.
21. Məhkəmə qeyd edir ki, cavabdehin üzləşmə aktlarındakı möhürü mübahisələndirməsi möhürlərin eyni bucaq altında vurulması əsası ilə olmuş, cavabdeh həmin möhürün ona aid olmadığına dair hər hansı dəlil təqdim etməmişdir.
22. Əksinə, iş materiallarında olan, cavabdehin qəbul etdiyi xx.xx.2021-ci il tarixli 154 nömrəli alqı-satqı müqaviləsi ilə xx.xx.2021-ci il tarixli 01 nömrəli əlavədə, xx.xx.2023-cü il tarixli 03 nömrəli əlavə ilə xx.xx.2024-cü il tarixli 04 nömrəli əlavədə olan möhürlər eyni bucaq altında vurulmuşdur.
23. Digər tərəfdən, cavabdeh tərəfindən iddiaçıya xx.xx.2021-ci il tarixli 154 nömrəli alqı-satqı müqaviləsinə istinadla yüzlərlə elektron qaimə göndərilmiş, cavabdeh həmin elektron qaimələrdən bəzilərini, xüsusilə 2025-ci ilin may ayındakı elektron qaiməni bilavasitə təsdiq etmişdir. Bu mənada cavabdehin xx.xx.2021-ci il tarixli 154 nömrəli alqısatqı müqaviləsinə istinadla göndərilən yüzlərlə elektron qaiməyə ötən müddət ərzində hər hansı etiraz irəli sürməməsi, həmin elektron qaimələrə istinadla ödənişlər etməsi, elektron qaimələri təhvil-təslim aktları kimi qəbul etməsi, daha sonra isə məhkəmə iclaslarında elektron qaimələrin təhvil-təslimi təsdiq etmədiyini deməsi hüquqdan sui-istifadə olub, mülki hüququn vicdanlılıq prinsipinə açıq-aşkar ziddir.
24. Belə ki, Mülki Məcəllənin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.
25. Həmin Məcəllənin 560.2-ci maddəsinə əsasən, hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.
26. Həmin Məcəllənin 560.3.4-cü maddəsinə əsasən, hüquqdan sui-istifadə xüsusən aşağıdakılardır: digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi.
27. Konstitusiya Məhkəməsi göstərmişdir ki, Anqlo-sakson (ümumi) hüquqdan qaynaqlanan estoppel “ədalət məhkəmələri” tərəfindən tərəflərin təqdim etdikləri sübutların araşdırılması zamanı istifadə olunaraq presedent hüququnun prinsipi kimi formalaşmışdır. Bu prinsip tərəflərə öz hərəkətləri və ya davranışı ilə şübhəsiz və mübahisəsiz qəbul etmiş olduğu hallara sonradan istinad etməsini istisna edir. Estoppel prinsipi şəxsin digər tərəfin hüquqi şəraitə vicdanlı şəkildə güvənindən sui-istifadə edərək, onun mənafeyinə xələl gətirən üstünlük və fayda əldə etməsinin qarşısının alınması məqsədini daşıyır (M.Şükürovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 iyul 2022-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 26 aprel 2023-cü il tarixli qərar).
28. Mülki Prosessual Məcəllənin 47.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslər, prosessual qanunvericiliklə onlara verilmiş prosessual hüquqlardan vicdanla istifadə etməyə borcludurlar.
29. Məhkəmə qeyd edir ki, iddiaçı uzun müddət hər hansı etiraz etməməsi ilə şübhəsiz qəbul etdiyi halı hazırkı icraatda mübahisələndirməyə çalışmışdır. Bu isə onu deməyə əsas verir ki, iddiaçı öz maddi və prosessual hüquqlarından sui-istifadə etmişdir. Cavabdehin sənədlərin texniki ekspertizasının keçirilməsi barədə vəsatəti də məhz bu əsasla təmin edilməmişdir.
30. Beləliklə, məhkəmə cavabdehin etirazının əsassız olduğu qənaətinə gəlir.
31. Məhkəmə kommersiya mübahisəsinin müəyyən olunmuş, sübut edilmiş hallarına uyğun hüquq normalarını tətbiq edərkən qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilə nisyə alqı-satqı müqaviləsi olub (müqaviləyə əlavələrin 3-cü bəndi ilə ödəmənin 5 gün ərzində edilməsinin şərtləşdirildiyi nəzərə alındığında), iddiaçının malların dəyərinin ödənilməsini tələb etmək hüququnun maddi hüquqi əsasını Mülki Məcəllənin 600.4-cü maddəsi təşkil edir.
32. Belə ki, Mülki Məcəllənin 600.4-cü maddəsinə görə, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
33. Göründüyü kimi, iddiaçı qeyd edilən hüquq normasından irəli gələn verilmiş əşyanın ödənilməsini tələb etmək hüququnu realizə edir.
34. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
35. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
36. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
37. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.
38. Beləliklə, məhkəmə hesab edir ki, alqı-satqı müqaviləsi üzrə əşyanın dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi pozaraq, müqavilə ilə nəzərdə tutulan müddətdə icra etməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh (alıcı) müqavilə üzrə yaranmış borcunu iddiaçıya ödəməlidir.
39. Göstərilənləri nəzərə alaraq məhkəmə bu qənaətə gəlir ki, iddia tələbi təmin olunmalı, xx.xx.2021-ci il tarixli 154 nömrəli alqı-satqı müqaviləsi üzrə 1 418 336,81 manat məbləğində pul Cavabdeh MMC-dən tutularaq İddiaçı QSC-yə ödənilməlidir.
b) Məhkəmə xərcləri ilə bağlı
40. İddiaçı ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 1500 manat pulun cavabdehdən tutulmasını xahiş etmişdir.
41. Elektron iddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi haqqında məlumat” qrafasına əsasən müəyyən olunur ki, ********** nömrəli mədaxil qəbzi ilə 1500 manat məbləğində dövlət rüsumu iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmişdir.
42. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
43. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
44. Məhkəmə iddia tələbinin təmin edildiyini nəzərə alaraq hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 1500 manat pul Cavabdeh MMC-dən tutularaq İddiaçı QSC-yə ödənilməlidir.
V. Nəticə:
45. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia təmin edilsin. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 01 fevral 2021ci il tarixli alqı-satqı müqaviləsi üzrə 1418336,81 manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 1500 manat Cavabdehndən tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Nərmin Əhmədova