Məhkəmə qərarları › İş №e-2-2(113)-6387/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-6387/2022

03.11.2022 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-6387/2022 03.11.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Qurbanova Nuranə Namiq qızının katibliyi ilə Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair ərizəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi ərizə ilə məhkəməyə müraciət edərək, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (bundan sonra "xxxx" MMC) dövlət büdcəsinə olan 18118,54 manat, İşsizlikdən Sığorta Fonduna olan 354,54 manat məbləğində borcunun ödənilməsini təmin etmək üçün həmin hüquqi şəxsin icra orqanının rəhbəri olan Maraqlı şəxs (şəxsiyyəti təsdiq edən sənədin fərdi identifikasiya nömrəsi – xxxxxxx, şəxsiyyət vəsiqəsinin nömrəsi – AA*******) barəsində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün xx.xx.2022-ci il tarixə vergi ödəyicisi olan "xxxx" MMC-nin (VÖEN: **********) İşsizlikdən Sığorta Fonduna 354,54 manat, dövlət büdcəsinə 18118,54 manat məbləğində (o cümlədən vergilər üzrə 16317,15 manat, faizlər üzrə 1801,39 manat) olmaqla, ümumilikdə, 18473,08 manat borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə və müvafiq fonda ödənilməsi məqsədi ilə vergi ödəyicisinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən xx.xx.2019-cu il tarixli **********945600, xx.xx.2022-ci il tarixli **********492000 nömrəli bildirişlər göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəməmişdir. Ərizəçinin nümayəndəsi məhkəməyə ərizə təqdim edərək iş yükünün çoxluğunu nəzərə alaraq məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Maraqlı şəxsə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-7.2-ci maddəsinə əsasən ərizəçi və maraqlı şəxsin iştirakları olmadan ərizəyə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, ərizə aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Məhkəmə ilk növbədə qeyd edir ki, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə ərizə üzrə məhkəmə icraatının başlanılmasının əsas şərti (ödənilməmiş) vergi borcunun (o cümlədən işsizlikdən sığorta haqqı üzrə yaranmış borcun) mövcud olmasıdır. Belə olan halda, bu icraat çərçivəsində məhkəmə vergi borcunun olub-olmaması, borcun maraqlı şəxsə aid olub-olmaması məsələlərini müəyyən etmək üçün müvafiq çərçivədə araşdırma aparmalıdır. Eyni zamanda məhkəmə qeyd edir ki, hazırkı icraat üçün qanunverici tərəfindən müəyyən edilmiş dar çərçivədə vergi borcunun mübahisələndirilməsi, borcun (borc məbləğinin) əsaslı olub-olmaması məsələlərinin araşdırılmasına yol verilmir. Hüquqi şəxs haqqında məlumatdan görünür ki, "xxxx" MMC-nin icra orqanının rəhbəri Maraqlı şəxsdur. "xxxx" MMC-nin dövlət büdcəsinə olan borcu ilə bağlı "xxxx" MMC-nin (VÖEN: **********) xx.xx.2022-ci il tarixə çap olunan şəxsi hesab vərəqəsindən görünür ki, onun dövlət büdcəsinə olan borcu 0 manat təşkil edir. Həmçinin şəxsi hesab vərəqəsindən görünür ki, xx.xx.2022-ci il tarixində vergi ödəyicisi tərəfindən 2021-ci ilin 3-cü rübü üçün ödəmə mənbəyində tutulan dəqiqləşmiş vergi bəyannaməsi verilmiş və vergi borcunun məbləği azalmış, vergi ödəyicisinin dövlət büdcəsinə 43 178,43 manat artıq ödəməsi yaranmışdır. Beləliklə, məhkəmə müəyyən edir ki, işə məhkəmədə baxılan zaman "xxxx" MMC-nin dövlət büdcəsinə borcu olmamış, əksinə vergi ödəyicisi tərəfindən xx.xx.2022-ci il tarixdə 2021-ci ilin 3-cü rübü üçün ödəmə mənbəyində tutulan dəqiqləşmiş vergi bəyannaməsi verildikdən və vergi borcunun məbləği azaldıldıqdan sonra vergi ödəyicisinin 43 178,43 manat artıq ödəməsi yaranmışdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin (bundan sonra Vergi Məcəlləsi) 72.1-ci maddəsində göstərilmişdir ki, bu Məcəllənin məqsədləri üçün vergi hesabatı vergi bəyannaməsindən ibarətdir. Həmin Məcəllənin 37.2-ci maddəsinə görə, kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin ... təqdim edildiyi tarixdən mənfəət və gəlir vergisi bəyannaməsinə (ödəmə mənbəyində tutulan gəlirlər üzrə və xüsusi notariusun gəlir vergisi bəyannaməsi istisna olmaqla) münasibətdə 60 iş günü müddətində, digər bəyannamələrə ... münasibətdə isə 30 iş günü müddətində keçirilir. Həmin Məcəllənin 37.1-ci maddəsinə əsasən, kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Həmin Məcəllənin 37.4-cü maddəsinə əsasən, kameral yoxlama nəticəsində vergi bəyannaməsində ... vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Eyni zamanda Vergi Məcəlləsinin 37.4-cü maddəsinin birinci hissəsində göstərilən hallarda ... vergi orqanının Vergi Məcəlləsinin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. Göründüyü kimi, Vergi Məcəlləsinə əsasən ödəmə mənbəyində tutulan vergi bəyannaməsi təqdim edildikdən sonra vergi orqanının 30 iş günü ərzində həmin bəyannamə üzrə kameral yoxlama keçirmək, yalnız vergi bəyannaməsində vergilərin düzgün hesablanmadığı aşkar edilərsə, vergi qanunvericiliyində nəzərdə tutulmuş qaydada vergiləri hesablamaq hüququ vardır. Hazırki iş üzrə xx.xx.2022-ci il tarixində vergi ödəyicisi müvafiq vergi hesabatını təqdim etmiş, vergi orqanı xx.xx.2022-ci il tarixdə məhkəməyə ərizə ilə müraciət edərkən azaldılmış vergi borcu üzrə vergi orqanı tərəfindən hesablama həyata keçirilməmiş, vergi ödəyicisinin dövlət büdcəsinə borcu olmamışdır. Məhkəmə qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, "xxxx" MMC-nin ərizədə qeyd olunan dövlət büdcəsinə olan borcu şəxsi hesab vərəqəsi ilə təsdiqlənmir və güman edilən, mülahizələrə əsaslanan borcla bağlı maraqlı şəxsin ölkədən getmək hüququnu məhdudlaşdırmaq qanunçuluğun tələblərinə cavab vermir, hüquqi dövlətin əsas prinsiplərindən olan, hüququn aliliyinin əsas apektlərini ehtiva edən hüquqi müəyyənlik prinsipinə ziddir. "xxxx" MMC-nin İşsizlikdən Sığorta Fonduna olan borcu ilə bağlı "xxxx" MMC-nin (VÖEN: **********) xx.xx.2022-ci il tarixə çap olunan şəxsi hesab vərəqəsindən görünür ki, onun İşsizlikdən Sığorta Fonduna olan borcu 354,54 manat təşkil edir, Dövlət Sosial Müdafiə Fonduna isə 300,16 manat artıq ödəmə həyata keçirmişdir. Məhkəmənin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti İnterner Vergi İdarəsindən xx.xx.2022 və xx.xx.2022-ci il tarixlərdə əldə etdiyi Vergi Borcu barədə Məlumatdan görünür ki, "xxxx" MMC-nin borcu 54,38 manat təşkil edir. “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanununa əsasən işsizlikdən sığorta haqqının hesablanmasına və ödənilməsinə nəzarət, işsizlikdən sığorta haqqı üzrə yaranmış borcların alınması, işsizlikdən sığorta haqqının vaxtında ödənilməməsinə görə faizlərin hesablanması və artıq ödənilmiş işsizlikdən sığorta haqqının qaytarılması Azərbaycan Respublikasının Vergi Məcəlləsində vergilər üzrə müəyyən olunmuş qaydada həyata keçirilir. Vergi Məcəlləsinin 87.4-cü maddəsinə əsasən artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğlərinin vergi ödəyicisinə qaytarılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanunun 9-1.2-ci maddəsinə əsasən, artıq ödənilmiş və ya düzgün tutulmamış məcburi dövlət sosial sığorta haqlarının geri qaytarılması qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 16 iyul tarixli 313 nömrəli Qərarı ilə təsdiq edilmiş “Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması Qaydaları”nın (bundan sonra Qaydalar) 4.2-ci bəndinə əsasən, vergi orqanları artıq ödənilmiş, habelə rekvizitlərin səhv göstərilməsi və (və ya) bank əməliyyatlarının səhv icra olunması nəticəsində səhv ödənilmiş məcburi dövlət sosial sığorta haqları, faizlər və maliyyə sanksiyaları ilə bağlı aşağıdakıları yerinə yetirirlər: büdcəyə artıq ödəmələri məcburi dövlət sosial sığorta haqqı ilə bağlı digər borcların, hesablanmış faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının və inzibati cərimələrin ödənilməsinə yönəldirlər (4.3.1); büdcəyə artıq ödəmələri işsizlikdən sığorta haqqı ilə bağlı borcların, hesablanmış faizlərin və tətbiq edilmiş inzibati cərimələr və maliyyə sanksiyaları üzrə borcların ödənilməsinə yönəldirlər (4.3.2) və s. Qaydaların 1.2.2-ci bəndinə əsasən, büdcə dedikdə, vergilərə, hesablanmış faizlərə və tətbiq edilmiş maliyyə sanksiyalarına münasibətdə Azərbaycan Respublikasının dövlət büdcəsi, məcburi dövlət sosial sığorta haqlarına, hesablanmış faizlərə və tətbiq edilmiş maliyyə sanksiyalarına münasibətdə dövlət sosial müdafiə fondunun büdcəsi, işsizlikdən sığorta haqlarına, hesablanmış faizlərə və tətbiq edilmiş maliyyə sanksiyalarına münasibətdə İşsizlikdən Sığorta Fondunun, icbari tibbi sığorta haqlarına, hesablanmış faizlərə və tətbiq edilmiş maliyyə sanksiyalarına münasibətdə isə icbari tibbi sığorta fondunun büdcəsi nəzərdə tutulur. Qaydaların 4.7-ci bəndinə əsasən, sığortaedənin büdcəyə məcburi dövlət sosial sığorta haqqı üzrə artıq ödəmələri bu Qaydaların 4.2.1-ci və 4.2.2-ci yarımbəndləri ... üzrə ödəmələrə aid edildikdə, Vergi Məcəlləsində başqa hallar nəzərdə tutulmadıqda, vergi orqanları sığortaedənin və ya sığortalının tələbi ilə ona şəxsi vərəqədən çıxarış və “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətdə üzləşmək aktı verir, həmçinin rübdə bir dəfə rüb başa çatdıqdan sonra 20 gün ərzində ona bildiriş göndərirlər. Göründüyü kimi, qanunvericilikdə işsizlikdən sığorta haqqı üzrə artıq ödəmələrin məcburi dövlət sosial sığorta haqları, hesablanmış faizlər, tətbiq edilmiş maliyyə sanksiyaları və inzibati cərimələr üzrə borclara yönəldilməsi nəzərdə tutulmuşdur. "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixə çap olunan şəxsi hesab vərəqəsindən İşsizlikdən Sığorta Fonduna 354,54 manat borcu olduğu görünsə də, İnterner Vergi İdarəsindən xx.xx.2022 və xx.xx.2022-ci il tarixlərdə əldə olunan Vergi Borcu barədə Məlumatdan görünür ki, "xxxx" MMC-nin borcu 54,38 manat təşkil edir. Hüquqi qiymətləndirmə: Azərbaycan Respublikası Konstitusiyasının: - 28-ci maddəsinin İİİ hissəsinə əsasən qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər; - 71-ci maddəsinin İİ hissəsinə əsasən hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır. “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasinin Konstitusiya Qanununun 3.6-cı maddəsinə əsasən “…Konstitusiyanın 28-ci maddəsinin İİİ hissəsində ... göstərilən hüquqlar və azadlıqlar ... dövlət təhlükəsizliyi mənafeləri üçün, sağlamlığın və mənəviyyatın, digər şəxslərin hüquq və azadlıqlarının qorunması üçün, cinayətin qarşısının alınması məqsədi ilə ... həmçinin ictimai qaydanın təmin edilməsi üçün ... məhdudlaşdırıla bilər”. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Klark Qordon Morrisin (X1) şikayəti üzrə bəzi normativ hüquqi aktların Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair 26 may 2017-ci il tarixli Qərarında qeyd edilmişdir ki, Konstitusiyanın 28-ci maddəsinin İİİ hissəsində təsbit edilmiş hüquqlar insan azadlığının mühüm elementi olmaqla şəxsin inkişafı üçün vacib şərtdir. Onların əsassız məhdudlaşdırılması isə şəxsin digər konstitusiya hüquq və azadlıqlarının pozulmasına səbəb ola bilər. Bu hüquqların vacibliyinə baxmayaraq, onlar mütləq deyil və məhdudlaşdırıla bilər. Konstitusiyada bu hüquqlara dair məhdudiyyətlərin hədləri dəqiq müəyyən olunmuşdur. Belə ki, onların məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusiya hüquqlarının mahiyyətini dəyişməməlidir. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya dair 4 saylı protokolun: - 2-ci maddəsinin 2-ci hissəsinə əsasən hər kəs öz ölkəsi də daxil olmaqla hər hansı ölkəni tərk etməkdə azaddır. - 2-ci maddəsinin 3-cü hissəsinə əsasən bu hüquqların həyata keçirilməsinə milli təhlükəsizlik və ictimai asayiş maraqları naminə, ictimai qaydanı qorumaq üçün, cinayətlərin qarşısını almaq üçün, sağlamlığın və mənəviyyatın qorunması üçün və ya digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olanlardan başqa heç bir məhdudiyyət qoyula bilməz. Avropa İnsan Hüquqları Məhkəməsi (bundan sonra AİHM) bir sıra qərarlarında qeyd etmişdir ki, hərəkət azadlığı hüququnu məhdudlaşdıran hər hansı tədbir qanuna uyğun olmalı, Konvensiyaya dair 4 saylı Protokolun 2-ci maddəsinin 3-cü bəndində qeyd edilən legitim məqsədlərdən birini güdməli, demokratik cəmiyyətdə zəruri olmalı, yəni mütənasiblik meyarına cavab verməlidir (Battista İtaliyaya qarşı iş üzrə 2 dekabr 2014-cü il tarixli, § 37; Stamose Bolqarıstana qarşı iş üzrə 27 noyabr 2012-ci il tarixli, § 30; Bartik Rusiyaya qarşı iş üzrə 21 dekabr 2006-cı il tarixli, § 46 Qərarlar). Bundan başqa, mütənasiblik meyarı ilə bağlı AİHM-in mövqeyinə görə, hərəkət azadlığının məhdudlaşdırılması ilə bağlı hüquqi prosedur aydın və proqnozlaşdırıla bilən olmalıdır. İşin halları nəzərə alınmadan və ya izah edilmədən qoyulan “mexaniki məhdudiyyət” və ya məhkəməyə əlçatanlıq təmin edilmədən tətbiq edilən məhdudiyyət yolverilməzdir (Sarkizov və digərləri Bolqarıstana qarşı iş üzrə 17 aprel 2012-ci il tarixli, § 67-68, Nalbantski Bolqarıstana qarşı iş üzrə 10 fevral 2011-ci il tarixli, § 66 Qərarlar) . Məhkəmə qeyd edir ki, hazırkı halda maraqlı şəxsin ölkədən getmək hüququnun məhdudlaşdırılması demokratik cəmiyyətdə zəruri – mütənasib deyil. Belə ki, şəxsin ölkədən getmək hüququnu məhdudlaşdırmaq üçün borcun həcmi, onun sabitliyi və ya proqnozlaşdırıla bilən dinamik artımı, yəni müəyyənliyi və vergi ödəyicisinin borc məbləği barədə lazımınca xəbərdar edilməsi, bu məcburiyyət tədbiri tətbiq edilmədən müvafiq borcların ödənilməsi imkanları kimi şərtləri nəzərə almaq mütənasibliyin əsas tələblərindəndir. Əks yanaşma onunla nəticələnər ki, şəxsin konstitusion vəzifəsi ilə konstitusion hüququ arasında balans pozular və konstitusion hüqunun mahiyyəti dəyişər, həmçinin dövlətin və başqa şəxslərin mənafeləri ilə maraqlı şəxsin individual mənafeləri arasında mütənasiblik pozular ki, bu da demokratik cəmiyyətin tolerantlıq, plüralizm kimi dəyərlərinə ziddir. Məhkəmə hesab edir ki, 54,38 manat borca görə maraqlı şəxsin konstitusion hüququnu məhdudlaşdırmaq AİHM-in və Konstitusiya Məhkəməsinin yuxarıdakı hüquqi mövqelərində qeyd olunan mütənasiblik meyarına cavab vermir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 355-5.1-ci maddəsinə əsasən vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. - Həmin Məcəllənin 355-7.3.-cü maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim ərizənin rədd edilməsi və ya təmin edilməsi barədə qətnamə qəbul edir. Qeyd olunanlara uyğun olaraq məhkəmə belə nəticəyə gəlir ki, ərizə rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 355-7, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş ərizə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Nərmin Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar