Məhkəmə qərarları › İş №e-2-2(113)-6388/2025

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-6388/2025

12.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-6388/2025 12.08.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızı, İddiaçılar X4 və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh X1 qarşı pul tələbinə dair kiçik iddiaya dair ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçılar X4 və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh X1 qarşı pul tələbi barədə kiçik iddialara dair sadələşdirilmiş qaydada ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə ərizə və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, kiçik iddiaya dair ərizə geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsi “AZEMİS” elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Nümayəndə tərəfindən imzalanmış, onun iddiaçı – "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin adından iddia ərizəsini imzalamaq səlahiyyətini təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilsə də, lakin onun digər iddiaçı – X2 adından iddia ərizəsini imzalamaq səlahiyyətini təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 69.1-ci maddəsində qeyd edilmişdir ki, hər bir fiziki və ya hüquqi şəxs şəxsən, yaxud müvafiq qaydada səlahiyyəti müəyyən edilmiş nümayəndəsi vasitəsi ilə məhkəməyə iddia verə bilər. Zəruri olduqda, məhkəmə izahat vermək üçün tərəfi şəxsən məhkəməyə çağırmaq hüququna malikdir. 69.2-ci maddəsinə əsasən hüquqi şəxsi məhkəmədə qanunlarla, digər hüquqi aktlarla və ya hüquqi şəxsin təsis sənədləri ilə müəyyən edilmiş səlahiyyətli şəxsləri, yaxud müvafiq qaydada səlahiyyət verilmiş və əsas iş yeri həmin hüquqi şəxs olan işçiləri və ya vəkillər təmsil edir. 69.3-cü maddəsinə əsasən hüquqi şəxsi məhkəmədə qanunlarla, digər hüquqi aktlarla və ya hüquqi şəxsin təsis sənədləri ilə müəyyən edilmiş səlahiyyətli şəxsləri, yaxud müvafiq qaydada səlahiyyət verilmiş və əsas iş yeri həmin hüquqi şəxs olan işçiləri və ya vəkillər təmsil edir. 73.1-ci maddəsinə əsasən nümayəndənin səlahiyyəti qanuna uyğun olaraq verilmiş və rəsmiləşdirilmiş etibarnamədə əks etdirilməlidir. 73.4-cü maddəsinə əsasən hüquqi şəxs adından etibarnamə onun rəhbərinin və ya təsis sənədlərinə əsasən buna səlahiyyəti olan digər şəxsin imzası ilə həmin hüquqi şəxsin möhürü vurulmaqla verilir. 73.5-ci maddəsinə əsasən vəkilin səlahiyyəti qanunla müəyyən olunmuş qaydada təsdiq edilir. 74.1-ci maddəsinə əsasən nümayəndənin məhkəmədə səlahiyyəti təmsil olunanın adından işin müvəffəqiyyətli həlli üçün zəruri olan bütün prosessual hərəkətlərin edilməsini özündə birləşdirir. 74.2-ci maddəsinə əsasən iddia ərizəsinin imzalanması, işin arbitraj məhkəməsinə verilməsi, iddia tələblərindən tam və ya qismən imtina edilməsi, iddianın etiraf edilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, barışıq sazişi bağlanması səlahiyyətinin başqa şəxsə tapşırılması, mübahisənin mediasiya vasitəsilə həllinə razılıq verilməsi, məhkəmə aktından şikayət verilməsi, məhkəmə aktının məcburi icrası tələbləri, qət olunmuş əmlakın və ya pul məbləğinin alınması ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir. 150.1.3-cü maddəsinə əsasən 150.1.3-cü maddəsinə əsasən iddia ərizəsinin səlahiyyətli şəxs tərəfindən imzalanmasını təsdiq edən sənəd (iddia ərizəsi elektron qaydada verildiyi halda belə səlahiyyətin elektron imza ilə təsdiq edildiyi hal istisna olmaqla) iddia ərizəsinə əlavə edilir. 152.1.2-ci maddəsinə əsasən iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Eləcə də, iddia ərizəsinin məhkəməyə verilməsi üçün müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd iddia ərizəsinə əlavə olunmamışdır. Belə ki, iddiaçı tərəfindən iddia ərizəsinə dövlət rüsumunun ödənilməsi ilə əlaqədar ********** nömrəli qəbz əlavə edilmişdir. Bununla bağlı ilk növbədə qeyd edilir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-3578/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə iddiaçılar "xxxx" MMC və X2 cavabdeh X1 qarşı pul tələbinə dair kiçik iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin iddiaçılara geri qaytarılması və dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat məbləğində pulun (Bakı Şəhəri üzrə Baş Maliyyə İdarəsi vasitəsilə, qəbzin nömrəsi – **********) rüsum ödəyicisi X3 geri qaytarılması qərara alınmışdır. Həmçinin, iddiaçı tərəfindən iddia ərizəsinə “xüsusi qeyd” adlı sənəd əlavə edilərək bildirilmişdir ki, Bakı Şəhər Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e- 2(005)-3578/2025 saylı qərardadı ilə iddia ərizəsi hakim tərəfindən ona əlavə edilmiş sənədlər ilə birlikdə geri qaytarılmışdır. Mövcud problem aradan qaldırılmaqla, mübahisə ilə bağlı Bakı Kommersiya Məhkəməsinə müraciət edilir və dövlət rüsmunun qəbz nömrəsi (HÖP qəbz nömrəsi:**********) bir dəfə istifadə edildiyi üçün elektron məhkəmə informasiya sisteminə yenidən əlavə etmək mümkün olmur. Odur ki, rüsumdan azad kateqoriyanı seçib ərizənin elektron sistemə işlənməsi bildirilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8-ci maddəsinə əsasən məhkəməyə iddia ərizəsi verilərkən iddia qiyməti 1.000 manatadək olduqda 30 manat; 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi; iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbəğlində dövlət rüsumu ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 150.1.2-ci maddəsinə əsasən iddia ərizəsinə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilir. 152.1.5-ci maddəsinin tələbinə görə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 284-3.5-ci maddəsinə əsasən ərizənin bu Məcəllənin 284-3.1-ci və 284-3.2-ci maddələri ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, yaxud bu Məcəllənin 152.1.2-152.1.9-cu maddələrində müəyyən edilmiş əsaslar olduqda hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 268-269–cu maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: İddiaçılar X4 və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh X1 qarşı pul tələbinə dair kiçik iddialara dair işlər üzrə ərizəsi və ərizəyə əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçıya izah edilsin ki, kiçik iddiaya dair ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada müvafiq məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar