Məhkəmə qərarları › İş №e-2-2(113)-6392/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-6392/2025

24.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-6392/2025 24.12.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh2 qarşı “müqaviləyə xitam verilməsi, lizinq predmetinin geri qaytarılması və borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: Lizinq müqaviləsi) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, Heydərova Mülayim Akif qızının katibliyi ilə, İddiaçı ASC-nin nümayəndəsi Xəlil-zadə Şəhriyar Lətif oğlunun iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh2 qarşı “müqaviləyə xitam verilməsi, lizinq predmetinin geri qaytarılması və borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh2 qarşı iddia ərizəsi və iddianın dəyişdirilməsi ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC ilə Cavabdeh2 arasında 19 mart 2024-cü il tarixli GL1242 saylı “Aqrar Kredit və İnkişaf Agentliyi” xətti ilə verilən subsidia tətbiq edilən X1 Müqaviləsinə xitam verilməsi, lizinq predmeti olan 1 ədəd Frez mala Seriya № ******* avadanlığının saz və işlək vəziyyətdə geri qaytarılması və 2225.89 (iki min iki yüz iyirmi beş manat 89 qəpik) manat gecikdirilmiş əsas borcun, 312.88 (üç yüz on iki manat 88 qəpik) manat cərimə borcunun və 45.39 (qırx beş manat 39 qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehdən Cavabdeh2 tutularaq, İddiaçı ASC -yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia onunla əsaslandırılmışdır ki, İddiaçi İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 19 mart 2024-cü il tarixli GL1242 saylı Lizinq müqaviləsi əsasən ödəniş tapşığına uyğun olaraq 36 (otuz altı) ay müddətinə ödəmə şərti ilə 7086.0 (yeddi min səksən altı manat 0 qəpik) manat lizinq məbləği 1 ədəd Frez mala Seriya № ******* avadanlığı lizinqə verilmişdir. Qeyd olunan lizinq obyektinin təhvil-təslim aktı əsasında cavabdehə təhvil verilmişdir. Müqaviləyə əsasən, lizinq obyektinin ümumi dəyəri 18096.0 (on səkkiz min doxsan altı manat 0 qəpik) manat təşkil etmişdir. Müqavilənin şərtlərinə əsasən cavadeh tərəfindən 4176.0 (dörd min bir yüz doxsan altı manat 0 qəpik ) manat ilkin ödəniş və 70.86 (yetmiş manat 86 qəpik) manat məbləğində müqavilənin rəsmiləşdirmə komissiyası Cəmiyyətin xeyrinə ödənilmişdir.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iştirak edən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Xəlil-zadə Şəhriyar Lətif oğlu iddianın məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi.

4. Cavabdeh məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir.

5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.

6. Məhkəmə belə qənaətə gəlir ki, cavabdeh lazımi qaydada məlumatlandırılmış, buna rəğmən məhkəmə iclasında iştirak etməmişlər və belə olan halda, cavabdeh məhkəmə icraatında iştirak hüququndan imtina etmiş hesab edilməli, qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilməlidir.

III. Məhkəmə baxışının hədləri:

7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Tətbiq edilən hüquq:

8. Məhkəmə qeyd edir ki, lizinq ödənişləri üzrə yaranmış borcun ödənilməsi tələbinin qanuni əsasını Mülki Məcəllənin 747.1, 748-1.12, 748-1.12.4-cü maddələri təşkil edir.

9. Həmin maddələrdə göstərilmişdir ki, lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur (maddə 747.1).

10. Lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır (maddə 748-1.12. və 748-1.12.4)

11. Maliyyə lizinqi zamanı lizinq obyektinə mülkiyyət hüququ, əgər maliyyə lizinqi müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, bütün lizinq ödənişlərinin verilməsi şərti ilə müqavilə müddəti başa çatmazdan əvvəl lizinq alana keçir. (748-2.5)

12. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.

V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:

13. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır.

14. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, "xxxx" ASC (lizinq verən) ilə Cavabdeh2 (lizinq alan) arasında xx.xx.2024-cü il tarixli GL 1242 saylı lizinq müqaviləsi, müqaviləyə 01 saylı Əlavə bağlanmışdır.

15. Lizinq müqaviləsinə əsasən lizinq obyekti, Seriyası ******* markası: Köylü olan 1 ədəd frez mala təşkil etmişdir.

16. Lizinq obyektinin qiyməti 18.096 manat olmuş, 6.834 manat güzəşt tətbiq edilmiş 4.176 manat ilkin ödəniş edilmiş və 70,86 komissiya məbləği tutulmuşdur.

17. Müqavilə və ona Əlavə tərəflərin imzası və hüquqi şəxsin möhürü ilə təsdiq edilmişdir.

18. Məhkəmə qeyd edir ki, qanunvericiliyin göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının borcun ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə ki, iddiaçının cavabdehə qarşı tələbi tərəflər arasında bağlanılmış lizinq müqaviləsindən irəli gəlir.

19. Hazırda iddiaçı tərəf müqavilənin ləğv edilməsini, cavabdehin ödənilməmiş 2.225,89 manat borcun iddiaçının xeyrinə ödənilməsini və lizinq obyektinin geri qaytarılmasını tələb edir.

20. Məhkəmə həmçinin qeyd edir ki, yuxarıda sadalanmış normaların tələbləri və tərəflər arasında bağlanılmış müqavilə şərtləri nəzərə alındığında müəyyən olunur ki, cavabdeh müqavilə üzrə öhdəlikləri icra etmədiyindən onun lizinq obyektini qaytarmaq vəzifəsi vəzifəsi yaranmışdır.

21. İş materiallarına əlavə olunmuş iddiaçı tərəfindən cavabdehə ünvanlanmış xx.xx.2025-ci il tarixli pretenziya məktubundan görünür ki, iddiaçı tərəf müqavilənin birtərəfli qaydada ləğv edilməsi ilə bağlı iradəsini ifadə etmişdir.

22. Göründüyü kimi, Lizinq müqaviləsi üzrə öhdəlik cavabdeh tərəfindən icra edilmədiyindən, Məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli GL 1242 saylı Lizinqi müqaviləsi ləğv edilmiş hesab edilməli və Lizinq obyekti olan Seriyası ******* markası: Köylü olan 1 ədəd frez mala Cavabdeh2 alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə qaytarılmalıdır.

23. Məhkəmə həmçinin qeyd edir ki, saz və işlək vəziyyətdə qaytarılması hissəsində iddia təmin edilə bilməz. Belə ki, lizinq obyekti qaytarıldıqdan sonra ona zərərin dəydiyi müəyyən edilərsə, bu zərəri qarşı tərəfdən tələb etmək hüququ vardır.

24. Bundan başqa, məhkəmə hesab edir ki, iddia müqavilə üzrə əsas və cərimə borcunun tələb edilməsi hissəsində təmin edilməməlidir.

25. Məhkəmə qeyd edir ki, iddianın qeyd edilən hissəsinə qiymət verilməsi üçün lizinq müqaviləsinin təbiəti və mahiyyəti nəzərdən keçirilməlidir.

26. Lizinq müqaviləsinin anlayışına nəzər yetirildikdə aydın olur ki, lizinq müqaviləsi icarə və alqı-satqı müqaviləsinin elementlərini özündə əks etdirən bir müqavilədir.

27. Lizinq münasibətlərinin inkişaf etdirilməsinin əsas məqsədi lizinq alanın maliyyə durumunun yaxşılaşdırılması, sahibkarlığın təşviq edilməsi, kənd təsərrüfatı mallarının istehsalçılarının maddi və texniki bazasının möhkəmləndirilməsi və yenilənməsi, sahibkarlığı maliyyələşdirmə vasitəsi kimi lizinqdən geniş istifadə edilməsinin həvəsləndirilməsi, ümumilikdə ölkədə rifahın yaxşılaşdırılması və sairdir (“Azərbaycan Respublikası Vergi Məcəlləsinin 140.6-cı maddəsinin həmin Məcəllənin 13.2.14.1, 140.2, 164.1.2-ci maddələri və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747-1 və 747-5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2017-ci il 12 yanvar tarixli Qərar).

28. Lizinq alan üçün lizinqin cəlbediciliyi məhz lizinq obyektindən gəlir əldə etməklə lizinqin sonunda həmin obyektin onun mülkiyyətinə keçməsi ola bilər və tərəflərin iradə ifadələrinə uyğun olaraq həmin şərt müqavilədə göstərilə bilər...... Satın alma şərtləşdirildiyi halda (bir qayda olaraq lizinqin cəlbediciliyi bu şərtə görə mövcud olur) həmin əşya sonda lizinq alana satılır. Lizinq müqaviləsi lizinq verənin öz əmlakından daha yüksək dəyər əldə etməsinə, lizinq alanın isə aylıq haqq ödənişi müqabilində həmin əmlakdan faydalanmasına (gəlir götürməsinə, yaxud götürmədən istifadə etməsinə) imkan yaradır...... (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1, 747-1.3 və 747-2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 28 dekabr 2020-ci il tarixli qərar)

29. Göründüyü kimi, lizinq müqaviləsi geniş tətbiq olunan maliyyələşdirmə aləti olmaqla bazar və mülki dövriyyənin çevikliyini yüksək dərəcədə artırmaq, sahibkarlığın inkişafi və s. bu kimi nəticələrə nail olmaq üçün nəzərdə tutulmuşdur.

30. Ancaq hazırkı halda, iddiaçı tərəf həm lizinq müqaviləsi üzrə əsas lizinq məbləğini tələb etməklə yanaşı eyni zamanda da, da verilmiş 1 ədəd lizinq obyektinin geri qaytarılması tələbi nə qanunun mahiyyəti uyğun deyil, nə də, yuxarıda qeyd edilmiş məqsədlərə nail olmağa yönəlməmişdir.

31. Əksinə, bu kimi, hallar fiziki və hüquqi şəxslər tərəfindən lizinq müqaviləsinin bağlanmasından ehtiyyatlılıq yaratmış olacaqdır və bu da, öz növbəsində bir növ lizinq müqaviləsinin əsl məqsədlərinə nail olmağı mümkünsüz etmiş olacaqdır.

32. İş materiallarına əlavə edilmiş lizinq müqaviləsinin ödəniş cədvəlindən görünür ki, son tarix xx.xx.2027-ci il tarixi olmaqla, lizinq məbləği 7.086 manat təşkil etmişdir.

33. Qeyd edilmiş ödəniş cədvəlindən də, görünür ki, illkin ödəniş 4.176 manat olmuşdur.

34. Hazırda isə iddiaçı xx.xx.2025-ci il tarixinədək gecikdirilmiş borcun 2.225,89 manat, cərimə məbləğinin isə 312,88 manat tutulmasını xahiş edir.

35. İddiaçının təqdim etdiyi maliyyə arayışından görünür ki, cavabdeh tərəf xx.xx.2025-ci il tarixinədək 1.191,27 manat məbləğində ödəniş etmişdir.

36. Hazırda da, Məhkəmə hesab edir ki, lizinq obyekti iddiaçıya geri qaytarıldığından, tələb edilən borc edilmiş ilkin ödəniş olan 4.176 manatla əvəzlənməlidir.

37. Belə ki, əks yanaşma iddiaçı tərəfin əsassız olaraq zənginləşməsi, lizinq alanın isə hüquqlarının pozulması ilə nəticələnə bilər.

38. Ona görə də, məhkəmə qeyd edir ki, iddia müqavilə üzrə əsas və cərimə borcunun tələb edilməsi hissəsində təmin edilə bilməz.

39. Bundan başqa məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 45,39 manat məbləğində pul cavdehdən iddiaçının xeyrinə tutulmalıdır.

40. Eyni zamanda ödənilməli olan dövlət rüsumunun əvəzi olaraq 54,61 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir.

41. Belə olan halda məhkəmə hesab edir ki, iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edilməlidir.

VI. Nəticə:

42. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2024-cü il tarixli GL 1242 saylı lizinq müqaviləsi ləğv edilmiş hesab edilsin. Lizinq obyekti olan 1 ədəd frez mala Marka:Köylü seriya/şassi №1205823 Cavabdeh2 alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə qaytarılsın. Dövlət rüsumunun əvəzi olaraq 45 (qırx beş) manat 39 (otuz doqquz) qəpik məbləğində pul Cavabdeh2 tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Dövlət rüsumun əvəzi olaraq 54 (əlli dörd) manat 61 (altmış bir) qəpik məbləğində pul Cavabdeh2 tutularaq dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar