Məhkəmə qərarları › İş №e-2-2(113)-64/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-64/2021

17.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-64/2021 17.02.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, X1 Bağman qızının katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili X3, Cavabdeh “AZSığorta” açıq səhmdar cəmiyyətinin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh “AZSığorta” açıq səhmdar cəmiyyətinə qarşı cavabdehdən sığorta ödənişi qismində 72736,18 manat, sığorta ödənişinin gecikdirildiyinə görə hər gecikdirilmiş gün üçün (12300 manat sığorta ödənişinin təklif olunan hissəsi çıxılaraq), yəni hər gün üçün 64 manat, ümumilikdə 31104 manat dəbbə pulu, üzərinə düşən öhdəliklərin yerinə yetirmədiyinə görə əldən çıxmış fayda kimi 40.000 manat, ödənilən 30 manat dövlət rüsumu, cəmi isə 143870,18 manat pulun tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdehə qarşı cavabdehdən sığorta ödənişi qismində 60.000 manat, üzərinə düşən öhdəliklərin yerinə yetirmədəyinə görə əldən çıxmış fayda kimi 40.000 manat, ödənilmiş 30 manat dövlət rüsumu, cəmi 100.030 manat pulun tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonra iddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizəylə məhkəməyə müraciət edərək, cavabdehdən sığorta ödənişi qismində 72736,18 manat, sığorta ödənişinin gecikdirildiyinə görə hər gecikdirilmiş gün üçün (12300 manat sığorta ödənişinin təklif olunan hissəsi çıxılaraq), yəni hər gün üçün 64 manat, ümumilikdə 31104 manat dəbbə pulu, üzərinə düşən öhdəliklərin yerinə yetirmədiyinə görə əldən çıxmış fayda kimi 40.000 manat, ödənilən 30 manat dövlət rüsumu, cəmi isə 143870,18 manat pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçının istifadəsində çoxmərtəbəli bina var. 2011-ci il tarixindən etibarən qüvvəyə minmiş “İcbari sığortalar haqqında” Qanunun tələblərinə əsasən respublikada bütün daşınmaz əmlak məcburi olaraq “daşınmaz əmlakın icbari sığortası” növü ilə sığortalanmalıdır. Bunun üçün iddiaçı azad seçim edərək respublikada artıq uzun müddətdir ki, sığorta bazarında tanınmış cavabdehi seçərək onunla müvafiq sığorta müqaviləsi bağlamaq qərarına gəlmişdir. Nəticədə, aralarında BA seriyalı, 852865 nömrəli, xx.xx.2018-ci il tarixli “Daşınmaz əmlakın icbari sığortası” şəhadətnaməsi imzalanmış və həmin müqaviləyə əsasən 1 il müddətində “Ambassador” adı ilə fəaliyyət göstərən otelin binası mümkün olan bütün sığorta risklərindən cavabdeh tərəfindən sığortalanmışdır. Müqavilə bağlanarkən iddiaçı tərəfindən 400 manat sığorta haqqı da cavabdehə ödənilmişdir. Ümumi sığorta məbləği 117820 manat və azadolma məbləği (“franşiza”) isə 500 manat təşkil etmişdir. xx.xx.2018-ci il tarixində Bakı şəhərində normadan artıq çox güclü leysan yağmış və nəticədə, sığortalanmış əmlaka külli miqdarda ziyan dəymişdir. İlk növbədə cavabdehə baş vermiş hadisə haqqında məlumat verilmiş və hadisə ilə əlaqədar cavadeh müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri vicdanla yerinə yeitirəcəkdir. Lakin, bu belə olmamışdır. Belə ki, hadisə baş verdikdən sonra dərhal iddiaçı tərəfindən cavabdehə məlumat verilsə də, zərər haqqında məlumat, eləcə də sığorta ödənişinin verilməsini dair hazır olması haqqında onun tərəfindən yalnız xx.xx.2018-ci il tarixli iddiaçıya bildirilmişdir. Cavabdeh tərəfindən hesablanmış zərər məbləği ümumlikdə 12300 manat dəyərləndirilmiş və müqavilədə nəzərdə tutulmuş 500 azadolma məbləği çıxıldıqdan sonra iddiaçıya cəmi 11800 manat məbləğində sığorta ödənişi təklif edilmişdir. Ancaq bu zərər məbləği hansı meyar ilə və nədən ibarət olunması haqqında cavabdeh tərəfindən iddiaçıya məlumat verilməmiş, həmçinin zərər aktı özü də təqdim edilməmişdir. “İcbari sığortalar haqqında” Qanunun 22.1.4-cü maddəsində göstərilir ki, sığortalının (yəni, iddiaçının) sığortaçı və ya müstəqil ekspert tərəfindən dəymiş zərərin miqdarının və sığorta ödənişinin məbləğinin müəyyən edilməsinin nəticələri ilə tanış olmaq hüququ var. Həmin Qanunun 22.1.7-ci maddəsinə əsasən sığortalının sığortaçının sığorta ödənişindən imtina barədə qərarından və ya sığorta ödənişinin məbləği ilə razılaşmadığı halda maliyyə bazarlarına nəzarət orqanına və məhkəməyə şikayət etmək hüququ var. Halbuki, bütün sığortaçılar müəyyənləşdirilmiş sığorta təcrübəsinə əsasən zərər məbləğini təsdiq edən zərər aktını da sığortalıya verirlər. Bu qiymətləndirmədən narazı qaldığına görə, iddiaçı məcbur olaraq digər mütəxəssislərə müraciət etməyə məcbur olmuş və müəyyən olunmuşdur ki, sığortalanmış əmlaka cavabdehin təqdim etdiyi zərər məbləği həqiqətə uyğun deyil və reallıqda əmlaka dəyən zərər qat-qat yuxarıdır. Müəyyən olunmuşdur ki, ümumi zərər məbləği 60000 manat təşkil edir. Hadisə baş verdikdən artıq 2 ay vaxt keçməsinə baxmayaraq cavabdeh tərəfindən lazımi tədbirlər aparılmamışdır. Bütün bunlar nəticəsində iddiaçıya külli miqdarda zərər dəymişdir. Həmçinin, cavabdeh üzərinə götürdüyü müqavilə öhdəliklərini vicdansızcasına və qərəzli olaraq yerinə yetirmədiyinə görə, yəni qanunda nəzərdə tutulmuş müddətdə və qaydada sığorta ödənişini ödəmədiyinə görə sığortalanmış əmlakından istifadə edə bilməmişdir. Bunun nəticəsində də iddiaçıya demək olar ki, hər gün külli həcmdə ziyan dəyərək, qazana biləcəyi gəliri itirmişdir. Belə ki, bu sığorta müqaviləsi bağlanılmamışdan öncə iddiaçı xx.xx.2018-ci il tarixində “xxxx” MMC ilə əməkdaşlıq müqaviləsini bağlamışdır. Həmin müqavilə 1 il ərzində qüvvədə olmalı idi və müqavilənin şərtlərinə görə sifarişçi “xxxx” MMC otelin binasında hər həftə azı 40 nəfər turist yerləşdirməli idi. İddiaçı isə bunun müqabilində bu turistlərə otel daxilində olan bütün xidmətləri onlara göstərməli idi. Ancaq bu müqavilə üzərinə düşən öhdəliklər yerinə yetirilə bilinmədiyinə görə, müqavilə “xxxx” MMC tərəfindən birtərəfli qaydada xitam olunmuşdur. Belə ki, sığorta hadisəsi baş verdikdən sonra cavabdeh sığorta müqaviləsi üzrə olan öhdəlikləri qərəzli yerinə yetirmədiyinə görə, sığortalanmış əmlak 2 aya yaxındır ki, bərpa olunmamış və nəticə etibarı ilə iddiaçı turistlərə xidmət göstərə bilməmişdir. Hər turist üçün oteldə qalmaq xərcləri azı 50 manat təşkil edir. Həftəyə 40 nəfər turist, hər turistə görə ödənilməli olan haqq 50 manat olan halda, həftəyə bir qrupa görə iddiaçı 2000 manat pul qazanmalı idi. Daha sonra isə bu gedişatla iddiaçı 8000 manat qazanc əldə etməli idi və nəticə etibarı ilə müqavilənin sonuna qədər yəni, xx.xx.2019-cu il tarixinə qədər azı 5 ay olmasını nəzərə alaraq ümumlikdə bu müddət ərzində iddiaçı 40000 manat qazanc əldə etməli idi. Lakin, bu belə olmamış və iddiaçı, cavabdehin qanunsuz hərəkətlərinə görə əldə edə biləcəyi qazancından məhrum olmuşdur. İddiaçının nümayəndəsi X9 məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, sığorta hadisəsi baş verən zaman otelin daxilində quraşdırılmış lift də sıradan çıxaraq zədələnmişdir. Belə ki, güclü leysan yağışı nəticəsində lift sisteminə su daxil olmuş və nəticədə, lifti çalışdıran bəzi mexanizmləri də zədələmişdir. Nəticədə liftin normal iş rejiminin bərpası üçün ümumilikdə 12500 manat pul tələb olunmuşdur. Bu haqda da “xxxx” MMC-nin xx.xx.2018-ci il tarixli VYN/TKL/009 nömrəli ziyan aktı tərtib olunmuşdur. Otelin daxilinə dəyən zərər 60236,18 manat, otelin daxilində olan hidravlik liftə dəyən zərər isə 12500 manat təşkil etmiş, ümumilikdə isə 72736,18 manat təşkil edir. Sonda iddiaçının nümayəndəsi və vəkili iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. İddiaçının nümayəndəsi və vəkili Vəkil əvvəl keçirilmiş məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi X10 məhkəmə iclasında iddiaya etiraz edərək, izahatında bildirdi ki, iddiaçının istifadəsində olan ünvan 1 ünvanda yerləşən daşınmaz əmlaka xx.xx.2018-ci il tarixdə subasma hadisəsi nəticəsində zərər dəyməsi barədə cavabdehə müraciət edilmiş, cavabdehin əməkdaşları tərəfindən obyektə baxış keçirilmişdir. Hadisə baş verən gün xx.xx.2018-ci il tarixdə tikiliyə baxış keçirilərkən artıq təmir işlərinin aparılması ilə əlaqədar hadisənin səbəblərinin araşdırılması məhdud olsa da, hadisənin müəmmalı vəziyyəti cavabdeh tərəfindən nəzərə alınmayaraq, yəni uzun müddətli əməkdaşlığı nəzərə alaraq sığorta ödənişinin verilməsinə qərar verilmiş və dəymiş zərərin məbləği qiymətləndirildikdən sonra azadolma məbləği çıxılmaqla, ümumilikdə 11800 manat məbləğində sığorta ödənişinin ödənilə bilməsi iddiaçıya bildirilmişdir. Göstərilən məktub cavabdehin əməkdaşları tərəfindən səhvən yazılmışdır. İlkin olaraq iddia qaldırılmış Yasamal Rayon Məhkəməsində iş araşdırılmış və iş üzrə məhkəmə tikinti ekspertizası təyin edilmişdir. xx xxxx 2019-cu il tarixli, 5935 saylı ekspert rəyi ilə müəyyən edilmişdir ki, ümumiyyətlə həmin tikililər üzrə su sızmaya aid hər hansı qüsurlar aşkar edilməmişdir. Hadisə baş verərkən cavabdehin əməkdaşları tərəfindən baxış keçirilidiyində də naməlum hadisənin necə baş verdiyi sual doğursa da, ekspert tərəfindən sual cavablandırılarkən hadisə baş vermədiyi məlum olmuşdur. Dəymiş zərər üzrə iddia edilən məbləğ sığorta müqaviləsinə əsasən təminat verilmiş faktiki zərəri əks etdirmir. Sığorta ödənişinin gecikdirilməsi heç bir halda sübut olunmur, çünki xx.xx.2018-ci il tarixində baş vermiş hadisə ilə əlaqədar dərhal Cəmiyyətin əməkdaşları tərəfindən baxış keçirilərək dəymiş zərər müəyyən olunmuş, eyni zamanda iddiaçıya təklif edilmişdir. İddiaçı bunu öz iddiasında təsdiq etmişdir. Əldən çıxmış fayda ilə bağlı iddiaçının tələbi barədə qeyd etmək mümkündür ki, bu halda əldə çıxmış hansı faydanın olması əsaslandırılmır, o cümlədən əsaslandırılmış olsa da, həm qanunvericiliklə əldən çıxmış fayda sığorta təminatına daxil deyil, həm də əldən çıxmış fayda ilə əlaqədar cavabdehin iddiaçıya zərər vurması, vurduğu zərərin əldən çıxmış fayda ilə nəticələndirilməsi üçün heç bir qanuni əsas mövcud deyildir. İddiaçı tələb hissəsində yenidən maddi zərərin dəyməsi səbəbindən müəyyən ödəniş tələb edir ki, bu halda iddiaçı maddi zərərin, məhz cavabdeh tərəfindən vurulması hissəsində heç bir mötəbər və əsaslı sübut təqdim edə bilməmişdir. Sonda cavabdehin nümayəndəsi iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid X17 ifadəsində bildirdi ki, saat 8-9 radələrində işə gəlmiş və reseptiona daxil olmuşdur. 15-25 nəfər ərəb milliyyətli şəxslərin səs-küy saldığını, pilləkənlərə yuxarı qalxdıqda isə 407, 408, 409, 411, 207, 208 saylı otaqlarda və konfras zalında alçipanın dağıldığını, çox insanın şəxsi əşyalarının sıradan çıxdığını, televizorların, matrosların su altında qaldığını görmüşdür. Sonra Arif müəllim 6-7 radələrində sığorta şirkətinə zəng etmiş, sığorta şirkətindən Ramil adlı şəxs gəlmiş, otelin işçisi ilə yuxarı qalxmışlar. “AZSığorta” açıq səhmdar cəmiyyətindən qiymətləndirmədən bir nəfər göndərəcəylərini bildirmişlər. Fəaliyyətlərinin dayandığını cavabdehə bildirdik də, cavabdeh məlumatın gəlmədiyini bildmişdir. Qiymətləndirmənin cavabları cavabdehə gəlmiş, lakin iddiaçıya verməyərək imtina etmişlər. Məhkəmə iclasında şahid X5 ifadəsində bildirdi ki, oteldə 302 saylı otaqda qalır, saat 5-6 radələrində oyanmış, yağış yağdığını, otelin içinə su sızdığını görmüşdür. 511, 512, 514, 515, 501, 406, 405, 403, 402, 315, 317, 318, 319, 320, 407, 408, 409, 410, 215, 214, 212 saylı otaqlara zərər dəymiş, ən çox 511 saylı otaq su altında qalmışdır. Otelin 5ci mərtəbəsi 100 faiz, 4-cü mərtəbəsi 90 faiz, tavan, divarlar dağılmışdı. Hadisə vaxtı sığorta şirkətinin əməkdaşı bir neçə dəfə gəlmiş, onunla birlikdə yuxarı mərtəbələrə qalxmış, hər yerə baxmış, fotoşəkillər çəkmiş, yalnız dama baxmamışdır. Məhkəmə iclasında şahid X12 ifadəsində bildirdi ki, taksi fəaliyyəti ilə məşğul olur, otelin qarşısında dayanır, səhər saat 7-8 radələrində camaat təşviş içində idi. Kömək məqsədilə otelin 3-4-cü mərtəbələrinə qalxmış, həmin günü güclü leysan yağdığına görə yuxarı mərtəbələrdən su axdığını və mərtəbələri su basdığını görmüşdür. Məhkəmə iclasında şahid X6 ifadəsində bildirdi ki, güclü yağış yağan vaxtı işlədiyi oteldə işdə olmamış, iş yoldaşı ona xəbər etmiş, gəlib hər yeri su içində olduğunu, suyu vedrə ilə boşaltdıqlarını, konfrans zalını su basdığını, otaqlarda tavanların aşağı düşdüyünü görmüşdür. ƏSASLANDİRİCİ HİSSƏ İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: xx xxxxxx 2017-ci il tarixli İcarə müqaviləsinin surətindən görünür ki, X7 Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun küçəsi, 934-cü məhəllədə yerləşən ümumi sahəsi 4995,4 kv.metr mülkiyyət hüququ ilə ona mənsub olan əmlak kompleksini iddiaçının istifadəsinə 4933,4 kv.metr sahəsini iddiaçıya icarəyə verməyi, iddiaçı isə icarə haqqını ödəməyi öhdələrinə götürmüşlər. BA seriyalı 852865 saylı Daşınmaz əmlakın icbari sığortası Şəhadətnaməsinin surətindən görünür ki, iddiaçıya məxsus “Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun küçəsi, 934-cü məhəllədə yerləşən otel xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək cavabdeh tərəfindən şərtsiz azadolma 500 manat olmaqla 117820 manat məbləğində icbari sığorta növü ilə sığortalanmışdır. İddiaçı ilə “xxxx” MMC arasında bağlanmış xx xxxx 2018-ci il tarixli müqavilənin surətindən görünür ki, “xxxx” MMC-nin bir həftə əvvəl verdiyi məlumat əsasında iddiaçı qonaqların “Ambassador Otel”-ində xidmət və yerləşdirilməsini təmin etməyi öhdəsinə götürmüşdür. “xxxx” MMC-nin iddiaçıya ünvanlanmış xx xxxxxxxx 2018-ci il tarixli məktubundan görünür ki, “xxxx” MMC tərəfindən iddiaçı ilə bağlanmış xx.xx.2018-ci il tarixli müqaviləyə xitam verilmişdir. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx xxxxxxx 2018-ci il tarixli 0904 saylı məktubun surətindən görünür ki, xx xxxxxxxx 2018-ci il tarixdə iddiaçıya məxsus əmlakda sığorta hadisəsi baş vermiş, baş vermiş hadisə ilə bağlı qiymətləndirmə işi aparılmış və daşınmaz əmlak üzrə 12300 manat hesablanmışdır. Müqavilə şərtləri əsas götürülərək daşınmaz əmlak üzrə 500 manat azadolma (franşiza) məbləği çıxılaraq cavabdeh tərəfindən 11800 manat sığorta ödənişinin iddiaçıya birbaşa ödənilməsi mümkün hesab edilmişdir. “X2” Məhdud Məsuliyyətli Cəmiyyətinin xx xxxxxx 2018-ci il tarixli QR 13 saylı Qiymətləndirmə rəyindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun küçəsi, 934-cü məhəllədə yerləşən Ambassador hotelin ümumilikdə su basmadan dəymiş zərərin ümumi bazar dəyəri 54199,25 manat qiymətləndirilmişdir. xx xxxxxx 2020-ci il tarixli arayışdan və xx xxxxxxx 2018-ci il tarixli Smeta aktından görünür ki, xx.xx.2018-ci il tarixdə leysan zamanı Ambassador otelə dəymiş ziyanın təmir bərpa işlərinin dəyəri 60236,18 manat təşkil etmişdir. X16 binasında icra olunmuş təmir işləri haqqında qəbul aktından (Forma №2) görünür ki, iddiaçının icarəsində olan X16 binasında icra olunmuş təmir işlərinin dəyəri 60235,18 manat təşkil etmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin xx xxxx 2020-ci il tarixli 20/305 saylı məktubundan görünür ki, 2018-ci ilin sentyabr ayının 23-ü və 28-i tarixlərində Bakı şəhərində leysan xarakterli yağıntılar müşahidə edilmişdir. Montin meteoroloji məntəqəsinin müşahidələrinə əsasən xüsusən də 2018-ci ilin 23 sentyabr tarixində lokal xarakterli leysan yağış yağmış, yağıntının miqdarı 34,00 mm olmuşdur. Bakı şəhəri üzrə sentyabr ayı üçün aylıq normanın 17,2 mm olduğu nəzərə alınsa, bu da aylıq normanın 197,7 faizini təşkil edir. Metodikaya əsasən 1 saat və daha az vaxtda 30 mm və daha çox miqdarlı müşahidə edilmiş leysan yağışı xüsusi təhlükəli atmosfer hadisəsi növünə aiddir. Bakı Kommersiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli e-2-2(113)-187/2020 saylı qərardadı ilə məhkəmə-tikinti-texniki ekspertizası təyin olunmuş, ekspertiza qarşısında Bakı şəhəri, Nəsimi rayonu, S. Vurğun küçəsi, 934 ünvanında yerləşən “Ambassador” adlı otelin mərtəbələr üzrə tikililərində yaranmış qüsurların, həmin tikililər üzərində yaranmış qüsurların əmələ gəlmə səbəblərinin, binanın tikililəri üzrə yaranmış qüsurların aradan qaldırılması üçün görülmüş tikinti-təmir işlərinin dəyərinin, binanın tikililəri üzrə yaranmış qüsurların (mərtəbələr üzrə) yağışın yağması ilə əlaqədar yaranıb-yaranmamasının müəyyən edilməsi barədə suallar qoyularaq, ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə tapşırılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli 10/926 saylı rəyi ilə, ünvan 3 ünvanında yerləşən, İddiaçı məxsus olan binanın ayrı-ayrı mərtəbələri üzrə yerləşən tikililərinin faktiki olaraq təmir edilmiş vəziyyətdə olduğunu, eyni zamanda tikililər üzrə su sızmaya aid hər hansı qüsur olmadığını nəzərə alaraq, həmin binanın tikililərinə və konstruktiv elementlərinə su basma nəticəsində hər-hansı ziyan dəyməsi müəyyən edilməmişdir. Tədqiq olunan tikililərə su basma nəticəsində ziyan dəyməsi müəyyən edilmədiyindən, qərardadın ikinci-dördüncü sualları üzrə tədqiqat aparılmamışdır. Məhkəmə iddiaçının nümayəndələri və vəkillərinin, cavabdehin nümayəndəsinin izahatlarını dinləyərək, iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verib hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Həmin Məcəllənin 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsinə əsasən icbari sığorta növlərində əmlaka dəyən zərər həmin əmlakın zədələnməsi, məhv olması və ya hər hansı digər formada itkisi ilə bağlı onun əmlak mənafelərinə dəyən zərərlərdir. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən zərər dəymiş əmlakın təmiri və ya bərpası texniki və digər səbəblərdən mümkün olmadıqda, yaxud səmərəsiz olduqda, o, məhv olmuş hesab edilir. Həmin Qanunun 15.3-cü maddəsinə əsasən əmlaka dəyən zərərin məbləği aşağıdakılardan ibarətdir: 15.3.1. zərər dəymiş əmlakın təmiri və ya bərpası üçün birbaşa çəkilən xərclər, yaxud həmin əmlak məhv olmuş hesab edildikdə, onun sığorta hadisəsinin baş verməsindən bilavasitə əvvəlki dəyəri; 15.3.2. zərəri azaltmaq məqsədi ilə binaların, qurğuların, avadanlığın sökülməsi və başqa yerə köçürülməsi ilə bağlı xərclər; 15.3.3. zərər dəymiş əmlakın daşınması, habelə onun qalıqlarının yığılması və daşınması ilə bağlı xərclər; 15.3.4. sığorta hadisəsi zamanı zərəri azaltmaq məqsədi ilə görülən tədbirlər nəticəsində əmələ gələn digər zərərlər. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 35.1-ci maddəsinə əsasən daşınmaz əmlakın icbari sığortası daşınmaz əmlakın yanğın və ya digər hadisələr nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı formada itkisi ilə bağlı dəyən zərərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir. Həmin Qanunun 36.1-ci maddəsinə əsasən daşınmaz əmlakın aşağıdakı hallar nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı digər formada itkisi sığorta hadisəsi hesab olunur: 36.1.8. təbii fəlakətlər - zəlzələ, vulkan, fırtına, qasırğa, tufan, dolu, sel, daşqın, leysan, yer sürüşməsi; Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, X7 ilə iddiaçı arasında xx xxxxxx 2017-ci il tarixli İcarə müqaviləsi bağlanmış və müqaviləyə əsasən X7 Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun küçəsi, 934-cü məhəllədə yerləşən mülkiyyət hüququ ilə ona mənsub olan əmlak kompleksinin 4933,4 kv.metr sahəsini iddiaçıya icarəyə verməyi, iddiaçı isə icarə haqqını ödəməyi öhdələrinə götürmüşlər. İddiaçı əmlak kompleksini otel kimi istifadə edir və otel “X16” adı ilə fəaliyyət göstərir. İddiaçı ilə cavabdeh arasında BA seriyalı, 852865 nömrəli, xx.xx.2018-ci il tarixli “Daşınmaz əmlakın icbari sığortası” şəhadətnaməsi imzalanmış və həmin müqaviləyə əsasən iddiaçıya məxsus Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun küçəsi, 934-cü məhəllədə yerləşən otel xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək cavabdeh tərəfindən şərtsiz azadolma 500 manat olmaqla 117820 manat məbləğində icbari sığorta növü ilə sığortalanmışdır. xx xxxxxxxx 2018-ci il tarixdə Bakı şəhərində leysan yağışı yağması nəticəsində iddiaçıya məxsus cavabdeh tərəfindən sığortalanmış əmlaka ziyan dəymişdir. İddiaçı tərəfindən cavabdehə sığorta hadisəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi tələbi ilə müraciət olunmuş, hadisə ilə bağlı dəymiş ziyanın məbləği 500 manat azadolma (franşiza) məbləği çıxılmaqla 11800 manat təklif edilmişdir. X8 tərəfindən iddiaçının icarəsində olan X16 binasında təmir işləri icra olunmuş və icra olunmuş təmir işlərinin dəyəri 60236,18 manat təşkil etmişdir. Cavabdeh iddia ərizəsinə etirazında sığorta hadisəsini mübahisələndirərək, qeyd etmişdir ki, hadisə baş verən gün xx.xx.2018-ci il tarixdə tikiliyə baxış keçirilərkən artıq təmir işlərinin aparılması ilə əlaqədar hadisənin səbəblərinin araşdırılması məhdud olsa da, hadisənin müəmmalı vəziyyəti cavabdeh tərəfindən nəzərə alınmayaraq, yəni uzun müddətli əməkdaşlığı nəzərə alaraq sığorta ödənişinin verilməsinə qərar verilmişdir. Eyni zamanda cavabdehin nümayəndəsi məhkəmə iclasında iddia ərizəsinə etirazda qeyd olunanı müdafiə edərək, məktubun səhvən yazıldığını bildirmişdir. Məhkəmə cavabdehin dəlilini iş materiallarına və şahidlərin ifadələrinə əsasən əsassız hesab edir. Belə ki, iş materiallarında olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx xxxxxxx 2018-ci il tarixli 0904 saylı məktubun surətindən göründüyü kimi cavabdeh sığorta hadisəsinin baş verdiyini qəbul etməklə 11800 manat məbləğində sığorta ödənişinin verilməsini təklif etmiş və həmin məktub “AZSığorta” açıq səhmdar cəmiyyətinin İdarə Heyətinin sədri tərəfindən imzalanmaqla təsdiq edilmişdir. Eyni zamanda iş materiallarında olan fotoşəkillər, qiymətləndirmə rəyi, şahidlərin ifadələri ilə iddiaçıya məxsus əmlaka ziyanın dəyməsi məhz xx xxxxxxxx 2018-ci il tarixdə Bakı şəhərində leysan yağışı yağması nəticəsində baş verməsi təsdiq olunur. Bundan əlavə, cavabdehin nümayəndəsi məhkəmə iclasında yuxarıda göstərilən məktubun səhvən yazılmasını qeyd etsə də, sığorta ödənişinin gecikdirilməsi ilə bağlı iddia ərizəsinə etirazda isə sığorta ödənişinin gecikdirilməməsinə dəlil kimi həmin məktubla edilmiş təklifə istinad edilmişdir. Göründüyü kimi cavabdehin nümayəndəsinin iki xüsusata gətirdiyi dəlillər ziddiyyətlidir. Yəni, cavabdehin nümayəndəsi, cavabdeh tərəfindən sığorta hadisəsinin baş verməsini qəbul etməsinə dair məktubu inkar etdiyi halda (səhvən yazılması), sığorta məbləğinin ödənişinin gecikdirilməsi ilə bağlı hala inkar etdiyi məktuba istinad etməklə sığorta ödənişinin gecikdirilməməsini göstərir. Göstərilən hallara əsasən məhkəmə cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx xxxxxxx 2018-ci il tarixli 0904 saylı məktubun səhvən yazılmasını ağılabatan hesab etmir. Bundan başqa, məhkəmə iddia ərizəsinə etirazda qeyd edilən xx xxxx 2019-cu il tarixli, 5935 saylı ekspert rəyi ilə ümumiyyətlə həmin tikililər üzrə su sızmaya aid hər hansı qüsurların aşkar edilməməsi barədə dəlilini həmin rəyə əsasən əsassız hesab edir. Belə ki, rəyin 3-cü səhifəsinin birinci abzasında qeyd edilmişdir ki, baxış zamanı iş üzrə iddiaçı tərəf su sızmaya məruz qalmış tikililərin, eləcə də su sızma baş vermiş hissənin tamamilə bərpa olunduğunu göstərmişdir. Göründüyü kimi su sızmaya aid qüsurlar, su sızma baş vermiş hissələrin tamamilə bərpa olunduğuna görə aşkar edilməmişdir. Hazırki iş üzrə verilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli 10/926 saylı rəyindən də göründüyü kimi iddiaçıya məxsus olan binanın ayrı-ayrı mərtəbələri üzrə yerləşən tikililər təmir olunduğuna görə tikililər üzrə su sızmaya aid hər hansı qüsurun olması müəyyən edilməmişdir. Məhkəmə sığorta ödənişinin məbləği ilə bağlı qeyd edir ki, sığorta ödənişinin məbləği müəyyən edilərkən, cavabdeh bu qiymətin 11800 manat, iddiaçı isə otelin daxilinə dəyən zərərin 60236,18 manat və liftə dəyən zərər 12500 manat olmaqla, ümumilikdə 72736,18 manat təşkil etdiyini bildirir. Ona görə də mübahisənin düzgün həll edilməsi üçün sığorta hadisəsi nəticəsində daşınmaz əmlaka dəymiş ziyanın aradan qaldırılması üçün çəkiləcək xərcin nə qədər təşkil etdiyi müəyyən edilməlidir. Bu qiymət 60236,18 manat təşkil etmişdir. Belə ki, iş materiallarında olan sənədlərdən görünür ki, iddiaçı daşınmaz əmlaka dəymiş ziyanın aradan qaldırılması üçün X8 ilə razılaşmış, razılaşmaya əsasən X8 tərəfindən daşınmaz əmlaka dəymiş ziyan aradan qaldırılmış və onun tərəfindən tərtib olunmuş smeta sənədlərinə əsasən icra olunmuş təmir işlərinin dəyəri 60236,18 manat təşkil etmişdir ki, bu məbləğ ehtimala əsaslanan deyil, təmir işləri zamanı çəkilmiş real xərcin məbləğidir. Həmçinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli 10/926 saylı rəyindən də göründüyü kimi iddiaçıya məxsus olan binanın ayrı-ayrı mərtəbələri üzrə yerləşən tikililər təmir edilmiş, hətta tikililər üzrə su sızmaya aid hər hansı qüsurun olması müəyyən edilməmişdir. Eyni zamanda cavabdeh tərəfindən X8 tərəfindən tərtib edilmiş smeta üzrə təmir işlərinə çəkilmiş xərci təkzib edən hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Bundan başqa, iş materiallarında olan “X2” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən tərtib edilmiş xx xxxxxx 2018-ci il tarixli QR 13 saylı Qiymətləndirmə rəyindən də göründüyü kimi iddiaçıya məxsus daşınmaz əmlaka dəymiş zərər, smeta ilə müəyyən edilmiş məbləğə yaxın qiymətləndirilmişdir. Məhkəmə iddiaçının tələb etdiyi 12500 manat məbləğində liftə dəyən zərərlə bağlı qeyd edir ki, tərəflər arasında bağlanmış sığorta müqaviləsinə əsasən lift ilə bağlı xərclər sığorta təminatına daxil edilmədiyindən iddia həmin hissədə təmin oluna bilməz. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia sığorta hadisəsi nəticəsində dəymiş zərər hissəsində əsaslı olduğundan 60236,18 manat məbləğdən şərtsiz azad olma məbləği (500 manat) çıxmaqla dəymiş zərər, 59736,18 manat məbləğində sığorta ödənişi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə iddia tələbinin dəbbə pulunun tutulması hissəsinə münasibətdə qeyd edir ki, həmin tələb qanundan irəli gəlir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 934.2-ci maddəsinə əsasən sığortaçı sığorta ödənişini icbari sığorta qanunları və ya sığorta müqaviləsi ilə müəyyən olunmuş müddətdə ödəmədikdə, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəyir. Lakin məhkəmə hesab edir ki, tələb olunan 31104 manat dəbbə pulu məbləği yaranmış 59736,18 manat borc məbləğinə görə tənasübsüz surətdə yüksək məbləğ olduğundan, onun məbləğini azaldaraq 1000 manat həddində müəyyən edilməklə cavabdehdən tutulması ədalətlidir. İddia tələbinin əldən çıxmış fayda hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki prosesdə sübutlar dedikdə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını təsdiq edən məlumatlar başa düşülür (MPM-nin 76.1-ci maddəsi). Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (MPM-nin 76.2-ci maddəsi). İddiaçı iddia ərizəsində cavabdeh tərəfindən 40.000 manat məbləğində əldən çıxmış fayda qismində zərər dəyməsini qeyd etsə də, bu barədə hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddia həmin hissədə təmin oluna bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, cavabdehdən sığorta ödənişi qismində 59736,18 manat və 1000 manat dəbbə pulu tutularaq iddiaçıya ödənilməli və iddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə məhkəmə xərcləri qeyd olunan normanın tələblərinə uyğun bölüşdürülməlidir. İddianın təmin edilmiş hissəsi iddia tələbinin 42,2 faizini təşkil etdiyini nəzərə alaraq iş üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 12,66 manat məbləği cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalan 17,34 manat məbləği isə iddiaçıya aid edilməlidir. Eyni zamanda iş üzrə təyin edilmiş ekspertiza tədqiqatlarının dəyəri 100 manat məbləğində ekspertiza xərclərinin 42,2 manat məbləği cavabdehdən, qalan 57,8 manat məbləği isə iddiaçıdan tutulmalıdır. NƏTİCƏ HİSSƏSİ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216, 220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. “AZSığorta” açıq səhmdar cəmiyyətindən sığorta ödənişi qismində 59736,18 manat və 1000 manat dəbbə pulu tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə rədd edilsin. Ödənilmiş 30 manat dövlət rüsumunun 12,66 manat məbləği “AZSığorta” açıq səhmdar cəmiyyətindən tutularaq İddiaçı ödənilsin, qalan 17,34 manat məbləği isə İddiaçı aid edilsin. İş üzrə təyin edilmiş ekspertiza tədqiqatlarının dəyəri 100 manat məbləğində ekspertiza xərclərinin 42,2 manat məbləği “AZSığorta” açıq səhmdar cəmiyyətindən, qalan 57,8 manat məbləği isə İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM VÖEN **********, Dövlət Xəzinədarlığı Agentliyi, Kod 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ**********000000 3944 SWİFT BİK CTREAZ 22.AZ34CTRE******************** saylı hesabına köçürülsün. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Pirverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar