Məhkəmə qərarları › İş №e-2-2(113)-6411/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-6411/2025

06.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-6411/2025 06.11.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin cavabdeh "Naaş Group” MMC-yə qarşı “müqavilə üzrə borcun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi, əsas borc) Məhkəmənin hakimi Namazova Günay Rüstəm qızının sədrliyi, Süleymanova Ləman Çingiz qızının katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, Cavabdehin nümayəndəsinin iştirakı olmadan, İddiaçı MMC-nin cavabdeh "Naaş Group” MMC-yə qarşı “müqavilə üzrə borcun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 1025,13 manat (bir min iyirmi beş manat on üç qəpik) məbləğində əsas pulun həmçinin iddiaçı tərəfindən dövlət rüsumu üçün ödənilmiş 30 (otuz) manat pul vəsaitinin tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC (bundan sonra Alıcı) ilə İddiaçı MMC arasında bağlanmış 120/24 saylı, 18 mart 2024-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən Satıcı müqavilənin predmeti olan malları Alıcıya verməyi, Alıcı isə bunun müqabilində X1 ödənişi 30 gündən gec olmayaraq etməyi öhdəsinə götürmüşdür. Nəzərinizə çatdırmaq istəyirəm ki, Alıcı müqavilənin tələblərini icra etməkdən imtina edərək öhdəliklərini yerinə yetirməmişdir. Belə ki, Alıcının Satıcıya olan borcun ümumi məbləği 1025,13 manat (bir min iyirmi beş manat on üç qəpik) (Malların ümumi dəyəri və ƏDV də daxil olmaqla) olmuşdur. Müqavilənin 3.2-ci bəndinə əsasən, ödəniş - Alıcı ödənişlərimalın qəbuledilməsindən sonra 30 təqvim günündən gec olmayaraq bank ödənişi və ya nağd ödəniş yolu ilə həyata keçirilir. Müqavilənin 3.3-cü bəndinə əsasən malların dəyəri 3.2-ci bəndində göstərilən 30 təqvim günü müddətində ödənilmədikdə Satıcımalları geri götürmək,çatışmayan malların dəyərini və çəkilmiş xərcləri Alıcıdan tələb etmək hüququna malikdir. Məlumat üçün bildirirəm ki, mübahisənin məhkəməyə qədər nizama salınması üçün cavabdehə borclu olduğu pul məbləğinin 5 gün ərzində ödənilməsi üçün xx.xx.2025-ci il tarixdə pretenziya məktubu vergi xidmətinin saytından online kargüzarlıq qaydasında göndərilmişdir.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi.

4. Məhkəmə iclasının vaxtı və yeri barədə digər cavabdehə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməməmişdir və gəlməməyinin səbəbləri barədə məlumat verilməmişdir.

5. Məhkəmə AR MPM-in 185-ci maddəsinə əsasən digər cavabdehlərin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir.

III.Məhkəmə baxışının hədləri:

6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV.Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

7. İddiaçı MMC ilə Cavabdeh MMC arasında 120/24 saylı, 18 mart 2024-cü il tarixli alqı-satqı müqaviləsi imzalanmışdır.

8. Həmin müqavilənin:

9. Müqavilənin 1.1-ci maddəsinə əsasən «Satıcı» bu müqavilənin 1.2.-ci yarımbəndində göstərilən malları «Alıcı»ya satmağı, «Alıcı» isə həmin malları almağı və onun dəyərini ödəməyi öz üzərinə götürür.

10. Müqavilənin 1.2-ci maddəsinə əsasən müqavilənin predmeti olan məhsulun növləri, çeşidi, kəmiyyəti və qiyməti Razılaşma Protokolunda və ya Qaimə-Fakturada öz əksini tapır.

11. Müqavilənin 1.3-cü maddəsinə əsasən «Alıcı» və «Satıcı» arasında yaranmış borc qalıqları mütəmadi olaraq tərəflər arasında imzalanaraq bağlanan “Öhdəliklərin qarşılıqlı tanınması aktı” və ya qaimə və ödənişə dair sənədlər ilə müəyyən edilir.

12. Müqavilənin 2.1-ci maddəsinə əsasən malların çatdırılması müddətləri və digər şərtləri hər bir konkret partiya üçün razılaşdırılır.

13. Müqavilənin 2.2-ci maddəsinə əsasən mallar «Satıcı» tərəfindən «Alıcı»ya və ya «Alıcı»nm nümayəndələrinə təhvil verilir.

14. Müqavilənin 2.3-cü maddəsinə əsasən çatdırılmaya görə xərclər «Satıcı» tərəfindən müstəqil şəkildə ödənilir. Çətin relyefli və paytaxtdan 300 km uzaq məsafədə yerləşən məntəqələrə çatdırılma zamanı yaranan əlavə çatdırılma xərcləri «Alıcı» tərəfindən qarşılanır.

15. Müqavilənin 3.1-ci maddəsinə əsasən malların qiymətləri bu müqaviləyə əlavə edilən və onun ayrılmaz tərkib hissəsi olan «Razılaşma Protokoluna » və ya Qaimə- Fakturaya uyğun olaraq müəyyən edilir.

16. Müqavilənin 3.2-ci maddəsinə əsasən «Alıcı» ödənişləri malın qəbul edilməsindən sonra 30 (otuz) təqvim günündən gec olmayaraq bank ödənişi və ya nağd ödəniş yolu ilə həyata keçinnəlidir.

17. Müqavilənin 3.3-cü maddəsinə əsasən malların dəyəri 3.2 bəndində göstərilən 30 (otuz) təqvim günü müddətində ödənilmədikdə «Satıcı» malları geri götürmək, çatışmayan malların dəyərini və çəkilmiş xərcləri «Alıcı»dan tələb etmək hüququna malikdir.

18. Müqavilənin 3.4-cü maddəsinə əsasən məhsulun qiyməti tarif şurası, hökümət qərarları və qiymətə təsir göstərən digər iqtisadi faktorların təsiri nəticəsində Satıcı tərəfindən birtərəfli qaydada dəyişdirilə bilər.

19. Müqavilənin 3.5-ci maddəsinə əsasən istehsalatda hər-hansı texniki xətaya görə malın çatdırılmasında və təminatında gecikmələr yaranarsa, malların bu səbəbdən çatdırılmasında yaranan gecikmələrə görə «Satıcı» məsuliyyət daşımır və hər-hansı zərəri ödəmək öhdəliyindən azaddır.

20. Müqavilənin 4.1-ci maddəsinə əsasən satılan malların keyfiyyəti onların texniki göstəricilərinə uyğun gəlməlidir.

21. Müqavilənin 4.2-ci maddəsinə əsasən «Satıcı» yalnız malların keyfiyyətinə görə məsuliyyət daşıyır. «Satıcı»nm mütəxəssislərinin rəhbərliyi altında görülən işlər istisna olmaqla, digər istifadəçilər tərəfindən təlimatdan kənar istifadə halları zamanı yarana biləcək problemlərə görə «Satıcı» məsuliyyət daşımır.

22. Müqavilənin 4.3-cü maddəsinə əsasən əgər «Alıcı»nm malın keyfiyyəti, kəmiyyəti və digər parametrləri ilə bağlı şikayəti varsa, o malı qəbul etdiyi gündən 5 (beş) təqvim günü ərzində şikayətini «Satıcı»ya yazılı şəkildə bildirməlidir, 5 (beş) təqvim günü keçdikdən sonra daxil olan şikayət «Satıcı» tərəfindən qəbul edilməyəcək.

23. Müqavilənin 4.4-cü maddəsinə əsasən malın keyfiyyətinin itməsi səbəblərini müəyyən etmək lazım gəldiyi halda, dərhal həmin mal Alemin malı tətbiq etdiyi yerdə saxlanılır və hər iki Tərəfin iştirakı ilə plomblanır, bir ədəd plomblanmış nümunə tətbiq edilən yerdə (obyektdə) saxlanılır, digər plomblanmış nümunə Satıcının laboratoriyasına müayinəyə göndərilir. Malın keyfiyyəti ilə bağlı şikayət laboratoriya müayinəsi nəticəsində öz təsdiqini tapdıqdan sonra, şikayət ilə bağlı ölçü götürülür. Malın keyfiyyəti ilə bağlı şikayət öz təsdiqini taparsa, laborator müayinə xərclərini «Satıcı», şikayət öz təsdiqini tapmazsa isə «Alıcı» ödəyir.

24. Müqavilənin 6.1-ci maddəsinə əsasən bu müqavilədən irəli gələn öhdəliklərin yerinə yetirilməməsinə və ya lazımi qaydada yerinə yetirilməməsinə görə tərəflər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyırlar.

25. Müqavilənin 6.2-ci maddəsinə əsasən bu müqavilə üzrə ödənişlərin gecikdirilməsinə görə «Alıcı» gecikdirmənin hər günü üçün icrası gecikdirilən öhdəliyin dəyərinin 0.5%-i həcmində dəbbə pulu ödəyir. Gecikdirmənin müddəti 15 gündən çox olduqda, «Satıcı» öhdəliklərin məcburi qaydada icrası və dəbbə pulunun ödənilməsi üçün məhkəməyə müraciət edə bilər.

26. 14 mart 2024-cü il tarixli 1153/24 №-li hesab-fakturaya əsasən ƏDV daxil 1025,15 manat məbləğində mal İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə təhvil verilmişdir.

27. İddiaçı tərəfindən müqavilə üzrə 1025,13 manat məbləğində malların satışına dair xx.xx.2024-cü il tarixli MT2403 seriyalı 00252968 nömrəli elektron qaimə-fakturaya cavabdehə göndərilmişdir.

28. 06.11.2024-cü il tarixli maliyyə arayışına əsasən Cavabdeh MMC-nin İddiaçı MMCyə olan əsas borcu 1025,13 manat, dəbbə pulu 1061,01 manat məbləğində müəyyən edilmişdir.

29. Məhkəmə iş materiallarını araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır.

30. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

31. Həmin Məcəllənin 568.1-ci maddəsinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur.

32. Həmin Məcəllənin 579.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsinə görə növlər, modellər, ölçülər, rənglər və ya digər əlamətlər üzrə müəyyən nisbətdə (çeşiddə) əşyalar verilməlidirsə, satıcı alıcıya tərəflərin razılaşdırdıqları çeşiddə əşyalar verməyə borcludur.

33. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir.

34. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

35. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.

36. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 71-1-ci maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilən hallarda fərdi sahibkarlara və hüquqi şəxslərə malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxs onlara elektron qaimə-faktura verir.

37. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2021-ci il tarixli, 26 №-li qərarı ilə təsdiq edilmiş "Elektron vergi hesab-fakturalarının tətbiqi, uçotu və istifadə Qaydalarının":

38. 1.2-ci bəndinə əsasən Elektron qaimə-faktura bu Qaydalara uyğun olaraq tərtib edilən və elektron formada hazırlanaraq vergi orqanında uçotda olan şəxslərə göndərilən və ya malların təsərrüfatdaxili yerdəyişməsinin rəsmiləşdirilməsini təsdiq edən ilkin uçot sənədidir;

39. 3.1-ci bəndinə əsasən vergi ödəyicisi bu Qaydaların 2.2.10-cu yarımbəndində nəzərdə tutulan elektron qaimə-faktura istisna olmaqla, digər elektron qaimə-fakturanı elektron formada göndərir. Vergi ödəyicisi bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-fakturanı elektron formada tərtib edərək təsdiq edir.

40. 3.2-ci bəndinə əsasən elektron qaimə-faktura (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) vergi ödəyicisi tərəfindən müvafiq qaydada hazırlanıb təsdiq edildikdə, Portal vasitəsilə avtomatik olaraq qəbul edənin bu səhifədə yaradılmış elektron kabinetinə göndərilir.

41. 3.3-cü bəndinə əsasən cari elektron qaimə-faktura (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) göndərildiyi vaxtdan 5 (beş) gün müddətində qəbuledən tərəfindən düzəliş üçün qaytarıla və ya təsdiqlənə bilər. Düzəliş üçün qaytarılmış elektron qaimə-faktura göndərən tərəfindən düzəliş edildikdən sonra yenidən təqdim oluna bilər.

42. 3.4-cü bəndinə əsasən bu Qaydaların 2.2.2-ci, 2.2.3-cü, 2.2.6-сı, 2.2.9-cu və 2.2.10-cu yarımbəndlərində qeyd olunan elektron qaimə-faktura növləri istisna olmaqla, cari elektron qaimə-faktura 5 (beş) gün müddətində qəbuledən tərəfindən təsdiq edilmədikdə (düzəliş üçün qaytarılmış elektron qaimə-fakturalara münasibətdə düzəliş edilərək, təqdim olunduqdan sonra 5 (beş) gün müddətində), həmin elektron qaimə-faktura proqram təminatı tərəfindən təsdiq edilir.

43. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 20 aprel 2022-ci il tarixli qərarında qeyd olunmuşdur ki, “... lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir.”

44. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

45. İş materiallarında olan tərəflər arasında bağlanmış 120/24 saylı, 18 mart 2024-cü il tarixli alqı-satqı müqaviləsinin 1.1-ci maddəsinə əsasən «Satıcı» bu müqavilənin 1.2.-ci yarımbəndində göstərilən malları «Alıcı»ya satmağı, «Alıcı» isə həmin malları almağı və onun dəyərini ödəməyi öz üzərinə götürür. İddiaçı tərəf öz öhdəliklərini yerinə yetirsə də, cavabdeh tərəfindən ödənişlər edilməmişdir.

46. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən tələb olunan məbləğ təqdim olunmuş sübutlarla – müqavilə, satış-qaiməsi, elektron qaimə ilə təsdiq olunduğu üçün 1025,13 manat borca dair hissədə iddia tələbi təmin edilməlidir.

47. Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etmədiyini, nəticədə iddiaçıya müqavilə üzrə 1025,13 manat əsas bоrcu yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, cavabdehdən qeyd olunan pul məbləği tutularaq iddiaçıya ödənilməlidir.

48. Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir.

49. Azərbaycan Respublikası MPM-in:

50. 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

51. 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir.

52. 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

53. Məhkəmə qeyd edir ki, iddia təmin edildiyi üçün dövlət rüsumu xərcinin əvəzi olaraq ödənilmiş 30 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

V. Nəticə:

54. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh "Naaş Group” MMC-dən 1025,13 manat borc məbləği və dövlət rüsumunun əvəzi olaraq 30 manat tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim: Günay Namazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar