Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-6419/2024 03.10.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdehnə qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat, borcun ödənilməsi) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdehnə qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxıldı. İşin halları:
1. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ("xxxx" MMC) Cavabdehnə (Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 3103,52 manat məbləğində borc, hesablanmış 520 manat cərimə, nümayəndəyə və ya vəkilin göstərdiyi yardıma görə çəkilmiş 300 manat xərcin tutulub iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh MMC arasında 30 yanvar 2024-cü il tarixdə “Satın-alma və xidmət haqqında” 3001/2024 nömrəli müqavilə bağlanmışdır. Tərəflər müqavilənin 1.1-ci bəndinə əsasən razılığa gəlmişlər ki, icraçı sifarişçini avadanlıq və reagentlər ilə təmin etməyi, sifarişçi isə hazırkı müqavilənin ayrılmaz hissəsi sayılacaq qiymətlərin razılaşma protokolunda göstərilən vəsaiti icraçının hesabına ödəməyi öz öhdəsinə götürür. Müqavilənin 1.2-ci bəndinə əsasən razılığa gəlinmişdir ki, sifarişçi müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında malları icraçıdan qəbul etməyi öhdəsinə götürür. Malların qəbulu qaimə-faktura əsasında həyata keçrilir. Müqavilənin 3.1-ci bəndinə əsasən malların qiyməti razılaşma protokolunda öz əksini tapır. Müqavilənin 3.2-ci bəndinə əsasən sifarişçi sifariş olunan malların dəyərini əlavə razılaşma protokolunda qeyd olunan ödəmə şərtlərinə əsasən ödəyir. Müqavilənin 3.3-cü bəndinə əsasən tərəflər bu müqavilə ilə müəyyən olunmuş öhdəliklərinin yerinə yetirilməsini gecikdirdikləri hər bir gün üçün müqavilə dəyərinin 0,1%-i məbləğində cərimə ödəyəcəkdir. Cərimənin həddi müqavilənin dəyərinin 10%-i həcmində müəyyən olunur. 30 yanvar 2024-cü il tarixli “Satın-alma və xidmət haqqında” 3001/2024 nömrəli müqaviləyə əlavə №1-ə əsasən iddiaçı "xxxx" MMC tərəfindən Cavabdeh MMC-yə 20615,80 manat məbləğində 1 ədəd BMS Mylar 6U X2 və 6014,30 manat məbləğində 1 ədəd Consumables and Spare Parts NeNe laser module 0.65-0.95mW avadanlıqları satılmışdır. Satılmış 2 adda avadanlığın ƏDV məbləği 4793,52 manat olmaqla, cəmi satılan avadanılqların dəyəri 31423.52 manat məbləğində olmuşdur. Satın-alma və xidmət haqqında müqaviləyə əlavə №1-ə əsasən malın dəyərinin ödəniş şərti 100% avans olaraq ödənilməsinə razılaşdırılmışdır. İddiaçı "xxxx" MMC tərəfindən müqavilə şərtlərinə əsasən satılacaq malın dəyərinin avans olaraq ödənilməsi üçün xx.xx.2024-cü il tarixdə EBDZ seriyalı, 582570 nömrəli malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə-faktura göndərilmişdir. Cavabdeh MMC tərəfindən müqavilə əsasında alınmış malların dəyərinin 20000 manat məbləğində və 3600 manat ƏDV hissəsi xx.xx.2024-cü il tarixdə, 4000 manat məbləğində və 720 manat ƏDV hissəi xx.xx.2024-cü il tarixdə ödənilmişdir. xx.xx.2024-cü il tarixli EBDZ seriyalı, 582570 nömrəli malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə-faktura üzrə Cavabdeh MMC-nin 3103,52 manat ödənilməyən borcu qalmışdır. Cavabdeh MMC ilə bağlanmış müqavilənin 6-cı bəndinə əməl etməklə tərəflər arasında yaranmış mübahisənin həlli üçün danışıqlar aparılmış, cavabdehin ünvanına pretenziya göndərilmiş, müqavilə üzrə öhdəliyin yerinə yetrilməsi xahiş olunmuşdur. Cavabdeh tərəfindən müqavilə öhədliyinin yerinə yetrilməsi üçün tədbir görülməmişdir. Yuxarıda qeyd olunduğu kimi, tərəflər arasında bağlanmış müqavilənin 3.3-cü bəndi ilə razılığa gəlinmişdir ki, öhdəliklərini gecikdirdikləri hər bir gün üçün müqavilə dəyərinin 0,1%-i məbləğində cərimə ödəniləcəkdir. Cərimənin həddi müqavilənin dəyərinin 10%-i həcmində müəyyən olunur. Müqaviləyə əlavə olunan və müqqvilənin tərkib hissəsi olan satın-alma və xidmət haqqında müqaviləyə əlavə №1 ilə malın dəyərinin 100% avans olaraq ödənilməsi razılaşdırıldığından cavabdehin müqavilə üzrə öhdəliyinin icra edilməsini gecikdirməsi müddəti iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdə EBDZ seriyalı, 582570 nömrəli malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə-fakturanın verildiyi tarixin səhəri günündən, yəni xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Məhkəməyə iddianın hazırlandığı tarixə Cavabdeh MMC-nin müqavilə üzrə öhdəliyini icra etməməsindən 168 gün ötmüşdür. Müqavilə üzrə cavabdehin öhdəliyi yerinə yetirməməsinə görə hər gün üçün hesablanacaq cərimə (3103,52*0,1%*168=520) 520 manat məbləğindədir. İddia ərizəsinə əlavə edilmiş sənədlərlə tam sübut olunur ki, tərəflər arasında alqı-satqı müqaviləsi bağlanmış, iddiaçı üzərinə düşən öhdəlikləri yerinə yetirsə də, cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir.
3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386, 427,4, 439.3, 442, 567, 599.1, 600-ci maddələrinə istinad olunmuşdur.
4. 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş, iddia ərizəsi və əlavə olunmuş sənədlər göndərilsə də, iddiaya qarşı etiraz daxil olmamışdır. Tədqiq olunan sübutlar:
5. İş materiallarından görünür ki, sifarişçi qismində Cavabdeh MMC ilə icraçı qismində "xxxx" MMC arasında 30 yanvar 2024-cü il tarixli, 3001/2024 nömrəli “Satın-alma və xidmət haqqında” müqavilə bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən icraçı sifarişçini avadanlıq və reagentlər ilə təmin edir, sifarişçi isə hazırkı müqavilənin ayrılmaz hissəsi sayılacaq qiymətlərin razılaşma protokolunda göstərilən vəsaiti icraçının hesabına ödəməyi öz öhdəsinə götürür. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən sifarişçi müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında malları icraçıdan qəbul edilməsini öhdəsinə götürür. Malların qəbulu qaimə-faktura əsasında həyata keçirilir. Həmin müqavilənin 3.3-cü bəndinə əsasən tərəflər bu müqavilə ilə müəyyən olunmuş öhdəliklərini gecikdirdikləri hər bir gün üçün müqavilə dəyərinin 0,1%-i məbləğində cərimə ödəyəcəkdir. Cərimənin həddi müqavilənin dəyərinin 10%-i həcmində müəyyən olunur.
6. Cavabdeh MMC ilə icraçı qismində "xxxx" MMC arasında 30 yanvar 2024-cü il tarixli, 3001/2024 nömrəli “Satın-alma və xidmət haqqında” Müqaviləyə edilən 1 saylı Əlavədən görünür ki, "xxxx" MMC tərəfindən Cavabdeh MMC-yə 20615,80 manat məbləğində 1 ədəd BMS Mylar 6U X2 və 6014,30 manat məbləğində 1 ədəd Consumables and Spare Parts NeNe laser module 0.65-0.95mW avadanlıqlarının satılması, həmin avadanlıqların ƏDV məbləği 4793,52 manat olmaqla, cəmi satılan avadanılqların dəyərinin 31423.52 manat məbləğində olması, malın dəyərinin 100% avans olaraq ödənilməsi tərəflər arasında razılaşdırılmışdır. Əlavə hər iki tərəfin imzası və möhürü ilə təsdiqlənmişdir.
7. xx.xx.2024-cü il tarixli, EBDZ seriyalı, 582570 nömrəli elektron qaimədən müəyyən edilir ki, "xxxx" MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 31423,52 manat (ƏDV daxil) təşkil edir.
8. xx.xx.2024-cü il tarixli təhvil-təslim aktından görünür ki, 1 ədəd BMS Mylar 6U X2 və 1 ədəd Consumables and Spare Parts NeNe laser module 0.65-0.95mW avadanlıqları xx.xx.2024-ci il tarixdə Cavabdeh MMC-yə təhvil verilmişdir. Həmin akt Cavabdeh MMCnin nümayəndəsi tərəfindən imzalanmışdır.
9. Cavabdeh MMC tərəfindən Cavabdeh MMC-yə göndərilmiş xx.xx.2024-cü il tarixli pretenziya məktubundan görünür ki, borc məbləğinin xx.xx.2024-cü il tarixədək ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir. Tətbiq edilən hüquq
10. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.
11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmənin mövqeyi
12. İşin faktiki hallarından göründüyü kimi, tərəflər arasında satın-alma və xidmət haqqında müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. İddiaçı həmin müqavilə üzrə öhdəliyini yerinə yetirsə də, cavabdeh müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirməmiş və hal-hazırda iddiaçıya borcu yaranmışdır.
13. İddia tələbinin bir hissəsi cavabdehdən əsas borca görə 3103,52 manat məbləğində pul vəsaitinin tutulmasından ibarətdir.
14. Məhkəmə qanunvericilik normalarını, müqavilə şərtlərini, cavabdehin müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia həmin hissədə təmin edilməli, cavabdehdən borca görə 3103,52 manat (üç min yüz üç manat əlli iki qəpik) məbləğində pul iddiaçının xeyrinə tutulmalıdır. Həmin borcun mövcudluğu iş materialları ilə öz təsdiqini tapır.
15. İddia tələbinin digər hissəsini cavabdеhdən 30 yanvar 2024-cü il tarixli, 3001/2024 nömrəli müqavilə üzrə 520 manat cərimə borcunun tutulması təşkil edir.
16. Göstərilən tələbə münasibətdə məhkəmə hesab edir ki, cavabdeh tərəfindən borc iddiaçıya müəyyən edilmiş müddət ərzində ödənilmədiyindən iddiaçı müqavilə şərtlərinə əsasən cavabdehdən cərimə məbləğinin ödənilməsini tələb etməkdə haqlıdır.
17. Məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də tərəflərin əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulacaq cərimə məbləği azaldılaraq 100 manat məbləğində müəyyən edilməli, dəbbə pulunun ödənilməsinə dair iddia tələbi qalan hissədə təmin edilməməlidir.
18. Eləcə də, iddiaçı ödənilmiş 300 manat hüquqi yardım xərcinin cavabdehdən onun xeyrinə tutulmasını xahiş etmişdir.
19. Məhkəmə hesab edir ki, 300 (üç yüz) manat hüquqi yardım xərci cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
20. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehndən 3103,52 manat (üç min yüz üç manat əlli iki qəpik) borc, 100 (yüz) manat cərimə, 300 (üç yüz) manat hüquqi yardım xərci olmaqla, 3503,52 manat (üç min beş yüz üç manat əlli iki qəpik) məbləğində pul vəsaiti iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Zeynəb Axundova