Məhkəmə qərarları › İş №e-2-2(113)-6421/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-6421/2025

08.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Tapşırıq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-6421/2025 08.12.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin cavabdeh “X1-Bakı” QSC-yə qarşı “borcun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: xidmət müqaviləsi) Hakim Namazova Günay Rüstəm qızının sədrliyi ilə, Süleymanova Ləman Çingiz oğlunun katibliyi, İddiaçının nümayəndəsi/vəkili Vəkil1 iştirakı ilə, Cavabdehin nümayəndəsinin iştirakı olmadan, İddiaçı MMC-nin cavabdeh “X1-Bakı” QSC-yə qarşı “borcun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “X1-Bakı” QSC-dən 18156 manat borcun İddiaçı MMC-nin xeyrinə tutulması, eyni zamanda iddia qaldırmaq üçün ödənilmiş 145 manat dövlət rüsumunun, həmçinin 1000 manat məbləğində vəkilə ödənilmiş hüquqi xidmət haqqının tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, icraçı İddiaçı MMC ilə Sifarişçi “X1-Bakı” QSC arasında qarşılıqlı razılıq əsasında xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixinədək qüvvədə olan TXM 62-2/2024 nömrəli Tibbi Xidmət müqaviləsi bağlanmışdır. Müqavilənin şərtinə əsasən icraçı müəyyən laborator təhlil xidmətlərini həyata keçirməyi, sifarişçi isə hər analizin qiymətinə uyğun olaraq ƏDV daxil məbləği ödəməyi öhdəsinə götürür. Müqavilə üzrə bir neçə sifariş verilmiş və icraçı tərəLindən yerinə yetirilmişdir. (Bu halları təsdiqləyən elektron qaimə fakturalar məhkəməyə təqdim ediləcək) Həyata keçirilmiş tibbi xidmətlərin əvəzi olaraq qismən ödəmilsə də icraçıya hazırda ümumilikdə 18156 manat (ədv daxil) pul ödənilməlidir. Lakin “X1-Bakı” QSC öhdəliyini tam yerinə yetirməmiş, borcunu hələ də ödəməmişdir. Bununla əlaqədarcavabdehə yazılı bildiriş göndərsək də, hər-hansıcavab ala bilməmişik. Müqavilənin 3.1-ci bəndinə əsasən tərəLlər bu müqavilə ilə nəzərdə tutulan öhdəliklərini lazımınca icra etməməsinə görə digər tərəfə vurulmuşziyanla bağlı qanunvericiliklə müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun çıxış edərək iddia tələbinin təmin edlməsini xahiş etdi.

4. Məhkəmə hazırlıq iclasnda iştirak edən cavabdehin nümayəndəsi Vəkil2 iddia tələbinə etiraz edərək bildirmişdir ki, iş materiallarında yalnız e-qaimələr mövcuddur və borcun yaranmasını təsdiq edən sübutlar yoxdur. İddiaçı tərəfindən onlara göstərilən xidmətlərin qarşılığı ödənilmişdir. İş üzrə cavabdehin borcu qəbul etməsi ilə bağlı üzləşmə aktı, təhvil-təslim aktı mövcud deyil. Qaimələr isə sistem üzərindən təsdiqlənmişdir. Borc sənədləşmədiyi üçün cavabdeh tərəfindən ödənişlər olunmamışdır.

5. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir.

6. Məhkəmə AR MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

III. Məhkəmə baxışının hədləri:

7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

8. İddiaçı MMC ilə “X1-Bakı” QSC arasında bağlanmış xx.xx.2024-cü il tarixli TXM 62- 2/2024 nömrəli Tibbi Xidmət müqaviləsinə əsasən:

9. Müqavilənin 1.1-ci bəndinə əsasən “İcraçı”, "Sifarişçi tərəfindən göndərilən nümunələrə laborator təhlil xidməti göstərir “Sifarişçi” isə bunun müqabilində hər analizin qiymətinə müvafiq olaraq ƏDV daxil məbləği ödəməyi öhdəsinə götürür.

10. Müqavilənin 1.2-ci bəndinə əsasən hər bir sifariş üzrə laborator təhlil xidmətinin həyata keçirilməsi şərtləri Müqavilənin tərkib hissəsi olan xidmətlərin göstərilməsinə dair hesab -fakturada və digər əlavələrdə qeyd edilir.

11. Müqavilənin 1.3-cü bəndinə əsasən xidmətlərin göstərilməsi hazırkı Müqavilənin 4.1 bəndində göstərilən müddət ərzində həyata keçirilir.

12. Müqavilənin 2.1.1-ci bəndinə əsasən bu müqavilənin 1.1-ci bəndində qeyd olunmuş xidmətin nəticələri ilə tanış olur.

13. Müqavilənin 2.1.2-ci bəndinə əsasən ödənişin bu Müqavilənin tələblərinə uyğun olaraq elektron-qaimə təqdim edildiyi gündən 15 gün ərzində yerinə yetirilməsini təmin edir.

14. Müqavilənin 2.1.3-cü bəndinə əsasən nümunələrin müəyyən edilmiş şərtlərə uyğun alınmasını və saxlanmasını təmin edir;

15. Müqavilənin 2.1.4-cü bəndinə əsasən test-tələb formalarında və ya İcraçı tərəfindən təqdim edilmiş onlayn sistem əsaslı qeydiyyat blanklarında xəstə haqqında məlumatların tam yazılmasını təmin edir;

16. Müqavilənin 2.1.5-ci bəndinə əsasən sifarişçiyə İcraçı tərəfindən təhvil-təslim aktı əsasında verilmiş xüsusi, nömrələndirilmiş və 3 nüsxədə hazırlanmış test-tələb blanklarının birinci nüsxəsinin nümunələrlə birlikdə İcraçıya təhvil verilməsini təmin edir və ya elektron sistemə daxil edir. Xüsusi və əlavə istəklər zamanı onlayn ( mail və s.) müraciətlər rəsmi hesab edilir.

17. Müqavilənin 2.1.6-cı bəndinə əsasən onlayn müraciətlərdə, elektron sistemlərdə və test tələb formalarında doldurulmuş məlumatların düzgünlüyünə Sifarişçi məsuliyyət daşıyır.

18. Müqavilənin 2.2.1-ci bəndinə əsasən bu müqavilə üzrə müəyyən olunmuş xidməti göstərir;

19. Müqavilənin 2.2.2-ci bəndinə əsasən bu müqavilə üzrə xidməti kifayət qədər peşəkarlıqla və tələb olunan şəkildə və qaydada icrasına təminat verir;

20. Müqavilənin 2.2.3-cü bəndinə əsasən icraçı xidmətin qüsursuz göstəriləcəyinə zəmanət verir və Müqavilənin 3.4-cü bəndinə uyğun olaraq baş verə biləcək qüsurların və çatışmazlıqların aradan qaldırılmasını təmin edir.

21. Müqavilənin 2.2.4-cü bəndinə əsasən daşınma İcraçı tərəfindən həyata keçirilən zaman baş verəcək Fors-Major halları nəzərə alaraq, Sifarişçidən göndərilən nümunələrin doğru qablaşdırıİmasını (nümunə qablarının qapaqlarının yaxşı bağlanması və ya əlavə vasitələrlə sarınması) və nümunələrin bir hissəsini özündə saxlamağı tələb edir. Götürülməsi və saxlanılması təkrarsız olan nümunələrin icraçıdan asılı olmayan səbəblərdən məhv olması və ya itməsi fors-major hallardan sayılır.

22. Malların, xidmətlərin təqdim edilməsi barədə xx.xx.2024-cü il tarixli EBDW 895737 saylı e-qaiməyə əsasən 12083,43 manat məbləğində, xx.xx.2024-cü il tarixli MT2406 11097007 saylı e-qaiməyə əsasən 5845,83 manat məbləğində, xx.xx.2024-cü il tarixli MT**********05 saylı e-qaiməyə əsasən 213,93 manat məbləğində, xx.xx.2024-cü il tarixli MT2406 10414399 saylı e-qaiməyə əsasən 5709,66 manat məbləğində, xx.xx.2024-cü il tarixli MT2407 11689312 saylı e-qaiməyə əsasən 253,58 manat məbləğində, xx.xx.2024-cü il tarixli MT2402 00157643 saylı e-qaiməyə əsasən 7350,33 manat məbləğində iddiaçı tərəfindən cavabdehə e-qaimələr göndərilmişdir.

23. “X1-Bakı” QSC tərəfindən İddiaçı MMC-nin hesabına xx.xx.2024-cü il tarixli Ödəniş qəbzinə əsasən təyinatı MT2407 10796870 və MT**********35 saylı qaimələr göstərilməklə 7664,70 manat məbləğində, xx.xx.2024-cü il tarixli Ödəniş qəbzinə əsasən təyinatı MT2407 11336971 və MT2407 11337392 saylı qaimələr göstərilməklə 9396,60 manat məbləğində, xx.xx.2024-cü il tarixli Ödəniş qəbzinə əsasən təyinatı MT2502 10985424 saylı qaimə göstərilməklə 1000 manat məbləğində ödəniş edilmişdir.

24. 12 noyabr 2025-ci il tarixli maliyyə arayışına əsasən "Sunlab” MMC ilə "X1-Bakı" QSC arasında bağlanmış xx.xx.2024-cü il tarixli, TXM 62-2/2024 nömrəli Tibbi Xidmət müqaviləsi üzrə borc aşağıdakı kimidir: xx.xx.2024 tarixli və EBDW 895737 saylı elektron qaimə üzrə 12083,43 manat, xx.xx.2024 tarixli və MT2402 00157643 saylı elektron qaimə üzrə 5604.98 manat, xx.xx.2024 tarixli və MT2407 11334205 saylı elektron qaimə üzrə 214 manat, xx.xx.2025 tarixli və MT2407 11689312 saylı elektron qaimə üzrə 254 manat, olmaqla cəmi 18156,41 manat müəyyən edilmişdir.

25. Məhkəmə iş materialları araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır.

26. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

27. Məhkəmə araşdırılması nəticəsində müəyyən edildi ki, iddiaçı müqavilədə nəzərdə tutulan qaydada cavabdehə laborator təhlil xidmətləri göstərib. Müqavilə üzrə iddiaçı öz üzərinə düşən öhdəlikləri icra etsə də, cavabdehin iddiaçıya ödənilməmiş borcu qalmışdır.

28. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

29. 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

30. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

31. 390.4-cü maddəsinə əsasən tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir.

32. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.

33. 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

34. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilə Xidmət müqaviləsi kimi qiymət verilməlidir. Lakin mülki qanunvericilikdə xidmət müqaviləsi münasibətlərini tənzimləyən hər hansı müddəa mövcud deyil.

35. Ona görə də məhkəmə hesab edir ki, Mülki Prosessual Məcəllənin 13.4-cü maddəsinin tələbləri nəzərə alınmadan iş üzrə nəticəyə gəlmək düzgün deyildir. Belə ki, həmin maddənin tələblərinə görə mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Həmçinin Mülki Məcəllənin 11.1-ci maddəsində təsbit olunmuşdur ki, mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası).

36. Qeyd olunanlara əsaslanaraq və işin qeyd olunan hallarını nəzərə alaraq məhkəmə qeyd edir ki, hazırki mübahisə Mülki Məcəllənin podrat müqaviləsinə aid müddəalarının qaydalarına uyğun araşdırılmalıdır.

37. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

38. 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.

39. 753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur.

40. 769-cu maddəsinə əsasən əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir.

41. İddiaçı iddia edir ki, tərəflərin razılaşması əsasında müəyyən olunmuş xidmətlər yerinə yetirilərək cavabdehə təhvil verilsə də, 4 qaimə üzrə (3 qaimə üzrə tam, 1 qaimə üzrə kəsir məbləğ) cavabdeh tərəfindən ödəniş edilməmişdir. Yalnız məhkəmə hazırlıq iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək bildirmişdir ki, iş üzrə üzləşmə aktı, təhvil-təslim aktı mövcud olmadığı üçun iddianın rədd edilməsini xahiş edir. Cavabdehin bu arqumentinə dair məhkəmə qeyd edir ki, hazırlıq iclasında məhkəmə tərəfindən cavabdehin nümayəndəsinə təklif olunsa da ki, tərəflər arasında olan əvvəlki (artıq ödənilmiş) əməkdaşlığa dair göstərilmiş xidmətlərin təhvil-təslim aktları təqdim edilsin məhkəməyə, lakin hər-hansı sənəd təqdim edilməmişdir. Belə olan halda məhkəmə o qənayətə gəlir ki, göstərilmiş xidmətlərin təhvil-təslimi e-qaimələr üzərindən aparılmış və ödənişlər də bilavasitə e-qaimələrə istinadən edilmişdir. Beləliklə, tərəflər arasında xidmətlərin göstərilməsinə dair işgüzar münasibətlər təhvil-təslim aktların imzalanması ilə deyil, e-qaimələrin göndərilməsi əsasında formalaşmışdır. Eyni qaydada göstərilən və eyni qaydada təhvil verilən əvvəlki xidmətlərin ödənilməsi, lakin hazırkı mübahisə predmeti olan xidmətlərin ödənilməməsini məhkəmə əsassız hesab edir.

42. Məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, iddia əsas borc hissəsində təqdim olunmuş sübutlarla müqavilə, e-qaimələr və təyinatı bilavasitə e-qaimələr göstərilməklə qismi ödənişlər ilə təsdiqini tapdığı üçün xx.xx.2024-cü il tarixli TXM 62-2/2024 nömrəli Tibbi Xidmət müqaviləsi üzrə 18156 manat məbləğində xidmət haqqı cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

43. Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən 1000 manat məbləğində vəkil xərci və 145 manat dövlət rüsumu ödənilmişdir.

44. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

45. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.

46. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia əsas borc hissəsində təmin edildiyi üçün dövlət rüsumunun əvəzi olaraq 145 manat və vəkil xərcinin əvəzi olaraq 500 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

V. Nəticə:

47. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. Cavabdeh “X1-Bakı” QSC-dən 18156 manat borc məbləği, vəkil xərcinin əvəzi olaraq 500 manat və dövlət rüsumunun əvəzi olaraq 145 manat tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Günay Namazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar