Məhkəmə qərarları › İş №e-2-2(113)-6424/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-6424/2024

25.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-6424/2024 25.11.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin cavabdeh “X1” MMC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Atayeva Nərgiz Etibar qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh “X1” MMC-yə qarşı “pulun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı MMC (bundan sonra – iddiaçı) cavabdeh “X1” MMC-yə (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əsas borc məbləği qismində 7164,13 (yeddi min yüz altmış dörd manat on üç qəpik) manat, ƏDV qismində 1260,87 (bir min iki yüz altmış manat 87 qəpik) manat, pul məbləğinin ödənilməsinin gecikdirdirilməsinə görə gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faiz 421,25 manat, vəkilin xidmətlərindən istifadəyə görə çəkilmiş xərc qismində 520 (beş yüz iyirmi) manat, tələb edilən 9366,25 manat ümumi məbləğə görə hesablanmış dövlət rüsumu qismində 114 manat pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC (bundan sonra – İddiaçı) və “X1” MMC (bundan sonra – Cavabdeh) arasında alğı-satqı müqaviləsi münasibətləri mövcud olmuşdur. İddiaçı tərəfindən cavabdehə təqdim edilən mal-materialların pul cavabdeh tərəfindən mütəmadi gecikdirilmiş və bununla bağlı İddiaçı dəfələrlə cavabdehə öz iradını bildirmişdir. 15 noyabr 2023-cü il tarixində cavabdehin iddiaçı qarşısında borc məbləğlərinin etirafı üzrə “Üzləşmə Aktı” (bundan sonra- Akt) imzalanmışdır. Həmin akta əsasən, cavabdeh iddiaçıya 6 119,83 manat (altı min bir yüz on doqquz manat səksən üç qəpik) məbləğdə borcu olduğunu etiraf etmişdir. Daha sonra iddiaçı tərəfindən cavabdehə 10 ədəd MD0009-08M6 0.8 mm ucluq, 10 ədəd Nozul ** MC ***3, 18 qutu Elektrod ASR 143/3.20mm,10 qutu Qaynaq teli Hyundai SM 70 /0. 80mm təqdim edilmiş və cavabdeh həmin malları qəbul edərək dəyəri olan 1 044,3 manat (min qırx dörd manat otuz qəpik) pul məbləğini iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Malların dəyərinin ödənilməsi üçün 10 yanvar 2024-cü il tarixində MT2401 seriyalı, 00142743 №-li elektron qaimə iddiaçı tərəfindən cavabdehə göndərilmişdir. Lakin cavabdeh tərəfindən alıcıya bu günə qədər qeyd edilən məbləğlər ödənilməmişdir. İddiaçının təqdim etdiyi malların keyfiyyəti ilə bağlı cavabdeh tərəfindən hər hansı pretenziya və ya başqa irad iddiaçıya təqdim edilməmişdir. Buna baxmayaraq Cavabdehin sifarişi əsasında İddiaçı öhdəliklərini tam şəkildə icra edərək sifariş verilən malları cavabdehə təqdim etsə də cavabdeh qəbul etdiyi malın dəyərini ödəməmiş, bununla da öhdəliklərini vaxtında və lazımı qaydada icra etməmişdir. Odur ki, Azərbaycan Respublikası qanunvericiliyinə əsasən yerinə yetirilməmiş öhdəliyin təmin edilməsi və 7164,13 (yeddi min yüz altmış dörd manat on üç qəpik) manat məbləğində əsas borc məbləğinin “X1” MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Bundan başqa, pul məbləğinin ödənilməsini gecikdirdirilməsinə görə gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faiz qismində 204,59 manat ((6119.83 x 8aya görə 5%= 178,49 manat) + (1044,3 x 6 aya görə 5 % = 26,10 manat)) vəkillik xidmətinə görə çəkilən xərc qismində 520 manat məbləğ, iddianın məhkəməyə təqdim edilməsi ilə bağlı ödənilən dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, şifahi alqı-satqı müqaviləsi üzrə mütəmadi olaraq cavabdehə mallar təqdim edilmiş, üzləşmə aktı tərtib ediləndən sonra bir dəfə mal verilmiş və tələb edilən hazırkı borc üzrə heç bir ödəniş edilməmişdir.

4. Əvvəlki məhkəmə iclasında verdiyi izahatında cavabdehin nümayəndəsi Nümayəndə bildirdi ki, iddiaçı ilə əməkdaşlıqları hazırda da davam edir, cavabdehin iddiaçıya olan cari borcu 6071,36 manat təşkil edir. Sonuncu dəfə bir ay əvvəl ödəniş edilmiş və qalıq borc ilin sonuna qədər ödəniləcəkdir.

5. Cavabdehə sonuncu məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsi sonuncu məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat təqdim etməmişdir. Sonuncu məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir.

III. Məhkəmə baxışının hədləri:

6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

7. İddiaçı tərəfindən cavabdehə satımış mallarla bağlı xx.xx.2024-cü il tarixli MT2401 00142743 nömrəli 1044,3 manat məbləğində, xx.xx.2022-ci il tarixli EBBW 045291 nömrəli 436,36 manat məbləğində, xx.xx.2023-cü il tarixli EBDQ 080244 nömrəli 682,04 manat məbləğində, xx.xx.2023-cü il tarixli EBDC 818584 nömrəli 1058,28 manat məbləğində,18.04.023-cü il tarixli EBDD 799313 nömrəli 281,31 manat məbləğində, xx.xx.2023-cü il tarixli EBDE 798342 nömrəli 1062,24 manat məbləğində, xx.xx.2023-cü il tarixli EBDH 136321 nömrəli 947,54 manat məbləğində, xx.xx.2023-cü il tarixli EBDH ******* nömrəli 236 manat məbləğində, xx.xx.2023-cü il tarixli EBDK 028481 nömrəli 519,44 manat məbləğində, xx.xx.2023-cü il tarixli EBDM 220075 nömrəli 1021,17 manat məbləğində elektron qaimələr təqdim olunmuşdur.

8. İddiaçı və cavabdeh tərəfindən təsdiq olunmuş xx.xx.2023-cü il tarixli üzləşmə aktına görə, xx.xx.2023-cü il tarixə cavabdehin iddiaçıya olan qalıq borcu 6119,83 manat təşkil edir.

9. Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyib materialları araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir.

10. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehin iddiaçıya satın alınmış malların dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış alqısatqı müqaviləsindən irəli gəlir. Cavabdehin bu öhdəliyini lazımınca icra etməməsi iddiaçıya alqı-satqı müqaviləsi və Mülki Məcəllənin aşağıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.

11. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

12. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.

13. Həmin Məcəllənin 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur.

14. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.

15. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

16. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı həmin müqavilədən irəli gələrək üzərinə düşən öhdəlikləri icra etmiş, lakin cavabdeh tərəfindən öhdəliklər tam şəkildə icra edilməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçı cavabdehdən təhvil verilmiş malların dəyərini tələb etməkdə haqlıdır.

17. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə qalıq əsas borcun 6071,36 manat təşkil etdiyini, məhkəmə icraatı gedişatında ödəniş edildiyini bildirsə də, bununla bağlı hər hansı sübutu məhkəməyə təqdim edə bilməmiş, MPM-nin 77-ci maddəsi ilə üzərinə düşən sübutetmə vəzifəsini icra etməmişdir.

18. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia əsas borcun (7164,13 manat) tutulması hissəsində əsaslı olduğundan təmin edilməlidir.

19. Bununla yanaşı, iddia ərizəsində alqı-satqı müqaviləsi üzrə əsas borc kimi 7164,13 manat, ƏDV qismində ayrıca olaraq 1260,87 manat ödənilməsi tələb edilsə də, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdehin qalıq borcu ƏDV daxil olmaqla 7164,13 manat təşkil edir. Göstərilən hal iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş üzləşmə aktı (üzləşmə aktında qalıq borc 61149,83 manat + üzləşmə aktından sonra təhvil verilmiş malların dəyəri olan 1044,30 manat), habelə elektron qaimələrlə öz təsdiqini tapır.

20. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən tələb edilən 7164,13 manat əsas borc ƏDV nəzərə alınmaqla olan borc olduğundan cavabdehdən əlavə olaraq 1260,87 manat hissədə ƏDV tutulması barədə iddia tələbi əsassızdır və təmin edilməməlidir.

21. İddia ərizəsindən görünür ki, iddiaçı borclunun icranın gecikdirməsi nəticəsində əsas borc üzrə iddiaçıya vurulmuş zərər qismində 421,25 manat (MM-nin 445.7-ci maddəsinin tələbləri qaydasında – illik 5% olmaqla) ödənilməsi tələbini də irəli sürmüşdür.

22. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

23. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.

24. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır:

25. 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi;

26. 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. ...

27. 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. ...”

28. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

29. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.

30. 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər.

31. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il 24 dekabr tarixli qərarında aşağıdakılar qeyd edilmişdir: “Kreditor dəymiş zərərin (real zərər və əldən çıxmış faydanın) mücərrəd qaydada hesablanması əsasında qaytarılması gecikdirilən borc məbləği üzrə faiz ödənilməsini tələb edə bilər. Konkret ödənilmə məbləğinin hesablanmasına gəldikdə, zərərin miqdarı kreditorun verdiyi məlumatlar əsasında məhkəmə tərəfindən qiymətləndirilməlidir. ... ...icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-in 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Lakin bu müddəa kreditorun hər hansı digər əsaslar üzrə borcludan daha böyük məbləğ tələb etmək hüququnu istisna etmir. ... Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir.”

32. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı Mülki Məcəllənin 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Lakin bu müddəa kreditorun hər hansı digər əsaslar üzrə borcludan daha böyük məbləğ tələb etmək hüququnu istisna etmir.

33. Mülki Məcəllənin 445.7-ci maddəsindən və Konstitusiya Məhkəməsi Plenumunun istinad edilən mövqeyindən aydın olur ki, kredit müqaviləsi üzrə borc öhdəliyi gecikdirildikdə, Mülki Məcəllənin 445.7-ci maddəsində nəzərdə tutulmuş gecikdirilmiş vaxt üçün illik beş faiz kreditorun əlavə sübutlar, dəlillər gətirmədən borcludan tələb edə biləcəyi minimal vəsaitdir. Başqa sözlə, borcun gecikdirilməsi faktının müəyyən olunması kreditorun gecikdirilmiş vaxt üçün borcludan illik beş faizin tutulmasına dair tələbinin təmin olunması üçün əsasdır.

34. Borcun gecikdirilməsi faktı işin materialları ilə təsdiq olunduğundan, cavabdeh tərəfindən də təkzib edilmədiyindən məhkəmə belə qənaətə gəlir ki, iddiaçının həmin tələbi də əsaslıdır və iddia tələbi həmin hissədə də təmin edilməlidir.

35. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 7164,13 manat əsas borc, 421,25 manat faiz borcu tutularaq iddiaçıya ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir.

36. Bundan başqa iddia ərizəsində 520 manat vəkilin göstərdiyi hüquqi yardıma görə xərcin cavabdehdən tutulması da tələb edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən həmin xərc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

37. Belə ki, iddiaçı ilə “HGNS Kaunsilor” Vəkil Bürosu arasında bağlanmış xx.xx.2024-cü il tarixli, EM-816VK-3889/24 nömrəli müqaviləyə əsasən, iddiaçı tərəfindən hüquqi yardımın göstərilməsi üçün göstərilən vəkil bürosuna 520 manat hüquqi xidmət haqqı ödənilmiş, elektron vəkil orderi alınmışdır.

38. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.

39. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

40. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən 100 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalan 14 manat dövlət rüsumu isə iddiaçının özünə aid edilməlidir.

V. Nəticə:

41. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh “X1” MMC-dən 7164,13 manat əsas borc (ƏDV daxil olmaqla), 421,25 manat faiz borcu, 520 manat vəkil xərci, 100 manat dövlət rüsumu, ümumilikdə 8205,38 (səkkiz min iki yüz beş manat otuz səkkiz qəpik) manat məbləğində pul tutularaq iddiaçı “Şahnar MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İddia ərizəsi verilərkən ödənilmiş qalan 14 (on dörd) manat dövlət rüsumu İddiaçı MMC-nin özünə aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar