Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-6426/2022 06.12.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “alqı-satqı müqaviləsi üzrə borcun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi, mediasiya xərci, cərimə) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Qurbanova Nuranə Namiq qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı Cavabdeh qarşı “alqı-satqı müqaviləsi üzrə borcun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi və daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 3192,68 manat əsas borc, 185 manat penya, 60 manat mediasiya xərci olmaqla, ümumilikdə 3437,68 manat məbləğində pulun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2014cü il tarixdə alqı-satqı müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən cavabdeh malların verilməsindən 30 gündən gec olmayaraq ödəmək şərti ilə şirkətin istehsal etdiyi məhsulları götürmüşdür. Lakin cavabdeh aldığı malların dəyərinin yalnız bir hissəsini ödəmiş və xx.xx.2022-ci il tarixində imzalanmış “Öhdəliklərin qarşılıqlı tanınması aktı” ilə sonuncu yaranmış borcu etiraf edərək yaxın vaxtlarda ödəməyi öz üzərinə götürsə də, iddia ərizəsi ilə məhkəməyə müraciət olunanadək 3700 manat borc qalığını ödəməmiş, məhkəməyə müraciət edildikdən sonra müəyyən qədər ödəniş etmiş, 3192,68 manat borcu qalmışdır. İddia ərizəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 430, 442, 443.1, 448.1, 449.1-ci maddələrinə istinad olunmuşdur.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclaslarında iştirak edən iddiaçı nümayəndəsi Nümayəndə iddianın məzmununa uyğun izahatlar vermiş və eyni zamanda bildirmişdir ki, iddia ərizəsində və maliyyə arayışında qeyd olunan borc məbləğləri arasında uyğunsuzluq mövcuddur və iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə ilə bu uyğunsuzluq aradan qaldırılmışdır.
4. Məhkəmənin hazırlıq iclasında iştirak edən cavabdeh borcu qəbul etdiyini, maddi çətinliklərlə əlaqədar uzun müddətdir fəaliyyətini dayandırdığını, bu səbəbdən tam ödəniş edə bilmədiyini qeyd etmişdir. Məhkəmənin suallarına cavab olaraq bildirmişdir ki, VÖEN müqavilə bağlandıqdan bir az sonra açılmış, 2020-ci ilə qədər iddiaçından mal alınmış, hazırda isə həmin müqavilə üzrə təqribən 3300 manat borc qalmışdır.
5. Məhkəmənin baxış iclasında cavabdeh lazımi qaydada məlumatlandırılsa da, iştirak etməmiş və gəlməmələrinin səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 185.5-ci maddəsinə əsasən, mübahisəyə cavabdehin iştirakı olmadan baxmışdır.
III. Məhkəmə baxışının hədləri:
6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV.Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
a) Alqı-satqı müqaviləsi üzrə borcun tutulması tələbi ilə bağlı
7. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.
8. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.
9. İddia ərizəsinə əlavə edilmiş 17 mart 2014-cü il tarixli alqı-satqı müqaviləsinin 1.1-ci bəndinə əsasən satıcı (iddiaçı) bu müqavilənin 1.2-ci yarımbəndində göstərilən malları alıcıya (cavabdehə) satmağı, alıcı isə həmin məhsulları almağı və onun dəyərini ödəməyi öz üzərinə götürür. Müqavilənin 3.2-ci bəndinə əsasən «Alıcı» və «Satıcı» arasında ödənişlər malın qəbul edilməsindən sonra 30 (otuz) gündən gec olmayaraq bank ödənişi və ya nağd ödəniş yolu ilə həyata keçirilir. Müqavilənin 3.3-cü bəndindən görünür ki, tərəflərin qarşılıqlı razılaşmasına əsasən, aralarındakı mal dövriyyəsi və borc qalıqları ilə bağlı aylıq, rüblük və illik “Öhdəliklərin qarşılıqlı üzləşdirilməsi Aktları” tərtib edilə bilər.
10. Adıçəkilən müqavilənin 8.1-ci maddəsinə əsasən, müqavilə 5 (beş) il müddətinə bağlanılır. Müqavilə müddətinin başa çatmasına ən az 1 ay qalanadək tərəflərdən hər hansı biri müddətin uzadılmayacağı barədə digər tərəfi yazılı xəbərdar etməzsə, müqavilə tərəflər arasında eyni müddətə, eyni şərtlərlə uzadılmış hesab edilir.
11. Tərəflər arasında tərtib edilmiş xx.xx.2022-ci il tarixli, 2693 nömrəli öhdəliklərin qarşılıqlı tanınması aktından görünür ki, cavabdehin iddiaçıya olan borcu 4598,37 (ƏDVsiz) manat təşkil edir.
12. İddiaçı tərəfindən məhkəməyə təqdim edilən xx.xx.2022-ci il tarixli MA-02/671 nömrəli maliyyə arayışına görə, cavabdehə verilmiş 233783,24 manat məhsuldan sonuncusu xx.xx.2022-ci il tarixdə 50 manat olmaqla 230590,56 manat ödəniş edilmiş, maliyyə arayışının tərtib edildiyi tarixə cavabdehin iddiaçıya olan borcu 3192,68 manatdır.
13. Beləliklə, məhkəmə müəyyən edir ki, iddiaçı ilə cavabdeh arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik münasibəti yaranmış, iddiaçı razılaşdırılmış məhsulları cavabdehə təhvil verməyi, cavabdeh isə malları qəbul edib əvəzini ödəməyi öhdəsinə götürmüşdür. Müqaviləyə uyğun olaraq iddiaçı müvafiq məhsulları cavabdehə təhvil vermiş, xx.xx.2022-ci il tarixə cavabdehin müqavilə üzrə 4598,37 manat borcu olmuşdur.
14. İddiaçı bildirir ki, cavabdeh məhsulların dəyərinin bir hissəsini – 3192,68 manatı ödəməmişdir.
15. Cavabdeh məhkəməyə verdiyi izahatında müqavilə üzrə borcu etiraf etmişdir.
16. Göründüyü kimi, iddiaçı alqı-satqı müqaviləsi üzrə öhdəliyini icra etmiş, müqavilə ilə razılaşdırılmış malları cavabdehə təhvil vermiş, cavabdeh isə aldığı malın dəyərini tam ödəməmişdir.
17. Mülki Məcəllənin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
18. Həmin Məcəllənin 597.1-ci maddəsində göstərilmişdir ki, alıcı əşyanı alqı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə …. ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur.
19. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə…. həyata keçirməlidir.
20. Mülki Məcəllənin alqı-satqı haqqında ümumi müddəalarının tələblərinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Alıcı isə əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.
21. Məhkəmə qeyd edir ki, cavabdeh təhvil aldığı malların dəyərini 30 gündən gec olmayaraq ödəməyi öhdəsinə götürsə də, bu öhdəliyini icra etməmişdir.
22. Belə olan halda məhkəmə hesab edir ki, iddianın hüquqi əsası kimi Mülki Məcəllənin 600.4-cü maddəsi nəzərdən keçirilə bilər.
23. Belə ki, Mülki Məcəllənin 600.4-cü maddəsinə görə, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
24. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
25. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
26. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
27. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.
28. İddiaçı tərəfindən malların cavabdehə təhvil verildiyini, cavabdehin vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etməyib öz öhdəliyini lazımi qaydada icra etməyərək təhvil aldığı malların dəyərini – 3192,68 manat pulu ödəmədiyini, iddiaçının əşyanın ödənilməsini tələb etmək hüququnun olduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi borcun tutulması hissəsində əsaslıdır və ödənilməmiş 3192,68 manat pul Cavabdeh tutularaq İddiaçınə ödənilməlidir.
b) Alqı-satqı müqaviləsi üzrə cərimənin tutulması tələbi ilə bağlı
29. İddia ərizəsində iddiaçı 185 manat cərimənin da cavabdehdən tutulmasını xahiş etmişdir.
30. Tərəflər arasındakı alqı-satqı müqaviləsinin müqavilənin 6.2-ci bəndində qeyd edilmişdir ki, bu müqavilə üzrə ödənişlərin gecikdirilməsinə görə “Alıcı” gecikdirmənin hər günü üçün icrası gecikdirilən öhdəliyin dəyərinin 0.2%-i həcmində peniya ödəyir.
31. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir... Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
32. Həmin Məcəllənin 467-ci maddəsində göstərilmişdir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.
33. Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Qeyd olunan maddənin mənasına görə, dəbbə pulunun məbləği öhdəliyin pozulmasının əmələ gətirdiyi nəticələrə açıq-aşkar uyğun gəlmədiyi, yəni dəbbə pulunun məbləği kreditorun reallıqda məruz qaldığı zərərdən əhəmiyyətli dərəcədə çox olduğu hallarda məhkəmə dəbbə pulunu tənasübsüz surətdə yüksək müəyyənləşdirilmiş hesab edərək azalda bilər. Bu halda məhkəmə öhdəliyin borclu tərəfindən pozulması dərəcəsini, öhdəlikdə iştirak edənlərin əmlak vəziyyətini, kreditorun həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini nəzərə almaqla razılaşdırılmış dəbbə pulunun azaldılması haqqında qərar qəbul etməlidir ("xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 yanvar 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 28 iyul 2021-ci il tarixli Qərar).
34. Məhkəmənin hesab edir ki, öhdəliyin pozulma dərəcəsi nəzərə alındığında cavabdehdən tutulmalı cərimənin məbləğinin 160 manat həddində müəyyənləşdirilməsi ağlabatan və ədalətlidir.
35. Məhkəmə belə qənaətə gəlir ki, cərimə olaraq 160 manat pul Cavabdeh tutularaq İddiaçınə ödənilməlidir.
c) Mediasiya xərcinin tutulması tələbi ilə bağlı
36. İddiaçı həmçinin ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş 100 manat pulun cavabdehdən tutulması tələbini irəli sürmüşdür.
37. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2022-ci il tarixli, MŞB/5-02612 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, 15 avqust 2022-ci il tarixində, 15:00-16:00 saatlarında keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında cavabdeh 10 gün əvvəlcədən poçt, həmçinin mobil telefon vasitəsi ilə məlumatlandırılmasına rəğmən iştirak etməmiş, İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 60 manat məbləğində mediasiya xərcini ödəmişdir.
38. Məhkəməyə təqdim edilən 16 avqust 2022-ci il tarixli, ********* nörməli ödəniş tapşırığına əsasən, Bakı şəhəri 5 saylı mediasiya təşkilatına 60 manat məbləğində pul vəsaitinin ödənilməsi bərədə İddiaçı tərəfindən banka tapşırıq verilmişdir.
39. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun (bunda sonra “Mediasiya haqqında” Qanun) 28.1-ci maddəsinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflər ilkin mediasiya sessiyasında iştirak etməlidirlər.
40. “Mediasiya haqqında” Qanunun “mediasiya xərcləri” adlanan 36.1-ci maddəsinə əsasən, mediasiya prosesinə dair xərclərə daxildir: mediatora və ya mediasiya təşkilatına ödənilən haqq, o cümlədən mübahisə mediasiya vasitəsilə müsbət həll olunduqda mediatora və ya mediasiya təşkilatına ödənilən mükafat (36.1.1); mediasiyanın keçirilməsi ilə əlaqədar mediatorun və ya mediasiya təşkilatının çəkdiyi xərclər, o cümlədən mübahisənin baxıldığı yerə getmək üçün yol, yaşayış və yemək xərcləri (36.1.2).
41. Həmin Qanunun 36.5-ci maddəsinə əsasən, “mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.
42. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş mediasiya xərcinin əvəzi olaraq 60 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçınə ödənilməlidir. V. Nəticə:
43. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. 3192 (üç min yüz doxsan iki) manat 68 (altmış səkkiz) qəpik əsas borc, 160 (yüz altmış) manat cərimə məbləği olmaqla, ümumilikdə 3352 (üç min üç yüz əlli iki) manat 68 (altmış səkkiz) qəpik məbləğində pul Cavabdeh tutularaq İddiaçınə ödənilsin. Mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 60 (altmış) manat məbləğində pul Cavabdeh tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.
Hakim: Nərmin Əhmədova