Məhkəmə qərarları › İş №e-2-2(113)-6448/2021

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-6448/2021

16.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-6448/2021 16.12.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əhmədov İlham Bayram oğlu İddiaçı “X1 Gida Hayvancılık Sanayi ve Ticaret” Anonim Şirkətinin Cavabdeh MMCyə qarşı “28.12.2016-cı il tarixli öhdəlik bildirişinə əsasən pulun ödənilməsi” tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN ETDİ: İddiaçı “X1 Gida Hayvancılık Sanayi ve Ticaret” Anonim Şirkəti Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 28.12.2016-cı il tarixli öhdəlik bildirişinə əsasən 400,000 Avro məbləğində borcun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsini imzalamış Vəkil iddiaçının adından iddia ərizəsinə imza etmək və məhkəmədə çıxış etmək səlahiyyətlərini təsdiq edən sənəd (etibarnamə) qanunla müəyyən edilmiş qaydada təsdiq edilməmişdir. İş materiallarından görünür ki, iddiaçı “Alfa-Tek Elektronik Makina Gida Hayvancılık Sanayi ve Ticaret” Anonim Şirkəti xarici hüquqi şəxsdir və hüquqi ünvanı Ankara şəhəri, Fatih Mah. Serdaroğlu Sk. № 2-dir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 439.1-ci maddəsinə əsasən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və beynəlxalq təşkilatların pozulmuş və ya mübahisə edilən hüquqlarının və qanunla qorunan mənafelərinin müdafiəsi üçün Azərbaycan Respublikasının məhkəmələrinə müraciət etmək hüququ vardır. MPM-nin 442.1-ci maddəsinə əsasən xarici hüquqi şəxslərin prosessual hüquq və fəaliyyət qabiliyyəti yaradıldığı xarici dövlətin bu şəxslərin yaradılması üçün əsas olmuş qanunu ilə müəyyən edilir. Belə ki, işdə iştirak edən xarici hüquqi şəxs onun hüquqi statusunu, sahibkarlıq və digər iqtisadi fəaliyyətini təsdiq edən sübutları kommersiya məhkəməsinə təqdim etməlidir. İddiaçı iddia ərizəsinin verilmə anına hüquqi şəxsin statusunu və qeydiyyatını sübut edən şirkətin inkorporasiya olunmuş yerin lazımı qaydada təsdiq edilmiş dövlətin rəsmi sənədlərini təqdim etməlidir. “Beynəlxalq xüsusi hüquq haqqında” Azərbaycan Respublikası 6 iyun 2000-ci il tarixli Qanununun 18-ci maddəsinə əsasən etibarnamənin forması və qüvvədə olması müddəti onun verildiyi ölkənin hüququ ilə müəyyən olunur. Lakin etibarnamənin formasına riayət edilməməsi nəticəsində o, etibarsız sayıla bilməz, bu şərtlə ki, onun forması Azərbaycan Respublikası hüququnun tələblərinə uyğun olsun. Həmin Qanunun 12–ci maddəsinə əsasən hüquqi şəxsin istinad etdiyi qanun hüquqi şəxsin təsis edildiyi ölkənin hüququ onun istinad etdiyi qanun hesab olunur. Həmin Qanunun 13.1-ci maddəsinə əsasən hüquqi şəxsin hüquq qabiliyyəti onun istinad etdiyi qanunla müəyyən olunur. İş materiallarına əlavə edilmiş iddiaçının nümayəndəsinin səlahiyyətlərini təsdiq edən etibarnamə “05 oktyabr 1961-ci il tarixli Haaqa şəhərində imzalanmış "Xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən Konvensiya"ya uyğun (Apostille) lazımı qaydada təsdiq edilməmişdir. "Xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən Konvensiya"ya qoşulmaq barəsində Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən bu Konvensiyam imzalamış dövlətlər razılığa gəliblər ki, “X2 gələn Dövlətlərdən birinin ərazisində edilmiş və Razılığa gələn digər Dövlətin ərazisində təqdim olunmalı rəsmi sənədlərə tətbiq edilir. Bu Konvensiyanın məqsədləri üçün aşağıdakılar rəsmi sənəd hesab edilir: a) dövlət orqanından və ya dövlətin məhkəməsi və ya iqtisadi məhkəməsi ilə əlaqəsi olan vəzifəli şəxsdən alınan sənədlər, o cümlədən dövlət ittihamçısından (prokurordan), məhkəmə katibindən, məhkəmə icraçısından alınan sənədlər. Həmin Qanunun 4.3-cü maddəsinə əsasən Şəhadətnamənin "Apostille (Convention de la Haye du 5 octobre 1961)" adlı başlığı fransız dilində göstərilməlidir. 5... Lazımi qaydada doldurulmuş şəhadətnamə imzanın həqiqiliyini, sənədi imzalamış şəxsin hansı qisimdə çıxış etdiyini və lazım gəldikdə, həmin sənədə vurulmuş möhürün və ya ştampın həqiqiliyini təsdiq edir. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 2.0.2-ci maddəsinə əsasən xarici hüquqi şəxs - Azərbaycan Respublikasının hüdudlarından kənarda yaradılmış hüquqi şəxsdir; Həmin Qanunun 6.1.3-cü maddəsinə əsasən nümayəndəliyin və ya filialın təsisçisi olan hüquqi şəxsin qeydiyyatını təsdiq edən sənəd - ticarət reyestrindən çıxarış (qeydiyyat şəhadətnaməsi və s. ). Bu halda həmin sənəd hüquqi şəxsin yerləşdiyi ölkədə Azərbaycan Respublikasının diplomatik nümayəndəliyi və ya bu ölkədə Azərbaycan Respublikasının mənafeyini təmsil edən digər ölkənin diplomatik nümayəndəliyi tərəfindən (belələri olmadıqda, müstəsna hal kimi Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən) qanunvericiliklə nəzərdə tutulmuş qaydada leqallaşdırılmalıdır; Həmin Məcəllənin 69.2-ci maddəsinə əsasən hüquqi şəxsi məhkəmədə qanunlarla, digər hüquqi aktlarla və ya hüquqi şəxsin təsis sənədləri ilə müəyyən edilmiş səlahiyyətli şəxsləri, yaxud müvafiq qaydada səlahiyyət verilmiş və əsas iş yeri həmin hüquqi şəxs olan işçiləri və ya vəkillər təmsil edir. Hazırki iş üzrə iddia ərizəsini elektron qaydada imzalanmış Vəkil adına verilmiş etibarnamə “Beynəlxalq xüsusi hüquq haqqında” AR Qanunun tələblərinə uyğun olaraq verilməmiş, eyni zamanda etibarnamə hüquqi şəxsin mənsub olduğunu dövlətin dilində deyil, azərbaycan dilində tərtib edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.1-ci maddəsinə görə iddia ərizəsi iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. Həmin məcəllənin 150.1.3-cü maddəsinə əsasən iddia ərizəsinin səlahiyyətli şəxs tərəfindən imzalanmasını təsdiq edən sənəd (iddia ərizəsi elektron qaydada verildiyi halda belə səlahiyyətin elektron imza ilə təsdiq edildiyi hal istisna olmaqla) iddia ərizəsinə əlavə edilməlidir. Həmin məcəllənin 152.1.2-ci maddəsinə əsasən iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Belə olan halda məhkəmə hesab edir ki, iddia ərizəsi geri qaytarılmalı, iddiaçıya qeyd edilən nöqsan aradan qaldırıldıqdan sonra məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 268-269–cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı “Alfa-Tek Elektronik Makina Gida Hayvancılık Sanayi ve Ticaret” Anonim Şirkətinin Cavabdeh MMC-yə qarşı “28.12.2016-cı il tarixli öhdəlik bildirişinə əsasən pulun ödənilməsi” tələbinə dair iddia ərizəsi və ərizəyə əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildiyi gündən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim İlham Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar