Məhkəmə qərarları › İş №e-2-2(113)-645/2020

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-645/2020

12.03.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-645/2020 12.03.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı "xxxx” MMC-nin cavabdeh “X1” MMC-yə qarşı pul tələbinə dair iddiası üzrə kommersiya işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı “xxxx” MMC cavabdeh “X1” MMC-yə qarşı pul tələbinə dair məhkəmədə iddia qaldıraraq, xx xxxxxx 2018-ci il tarixli, A-121 №-li “əməkdaşların qidalanmasının təşkili üzrə xidmətlərin göstərilməsinə dair” müqaviləyə əsasən 39292 manat xidmət haqqı və öhdəliyin vaxtında icra edilməməsi səbəbi ilə dəymiş zərərin əvəzi olaraq 1964,60 manat olmaqla, cəmi 41256,60 manat məbləğində vəsaitin və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı “xxxx” MMC (müqavilə imzalanan zaman "xxxx” MMC - icraçı) ilə cavabdeh “X1” MMC (sifarişçi) arasında bağlanmış xx xxxxxx 2018-ci ıl tarixli, A-121 nömrəli əməkdaşların qidalanmasının təşkili üzrə xidmətlərin göstərilməsinə dair müqaviləyə müvafiq olaraq iddiaçı sifarişçiyə əməkdaşların qidalandırılmasının təşkili üzrə xidmətlər göstərməyi, sifarişçi isə bu xidmətlərə görə ödəniş etməyi öhdəsinə götürmüşdür. Müqavilənin 4.1-ci bəndinə əsasən göstərilən xidmətin dəyəri Sifarişçinin bir işçisi üçün ƏDV xaric olmaqla 3 manat təşkil edir. İddiaçı “xxxx” MMC müqaviləyə əsasən 2019-cu ilin may ayından avqust ayınadək “X1” MMC-nin əməkdaşlarını yemək (catering) xidməti ilə təmin etmişdir. Müqavilənin 4.2-ci bəndinə görə sifarişçi tərəfindən xidmətlərin dəyəri icracıya tərəflərin xidmətlərin göstərilməsi barədə aktın imzalanmasından 5 gün ərzində ödənilməli idi. İddiaçı “xxxx MMC-nin xidmət göstərilən dövrdə öhdəliklərini lazımı səviyyədə yerinə yetirmədiyinə və göstərilən xidmətlə bağlı cavabdeh tərəfindən hər hansı şikayət və iradın bildirilməməsinə baxmayaraq, cavabdeh tərəfindən bu günədək 39292 manat ödənilməmiş borc məbləği qalmışdır. İddia ərizəsinə əlavə edilmiş elektron vergi hesab fakturalarından və onların qoşmasındakı müvafiq aktlardan göründüyü kimi, icraçı tərəfindən 2019-cu ilin mart ayından avqust ayının 10-cu gününədək sifarişçinin iş yerlərində çalışan işçilərin sayına uyğun göstərilmiş xidmətlər və hesablanan borc məbləği sifarişçi tərəfindən təsdiq edilmişdir. Eyni zamanda tərəflər arasında imzalanmış xx.xx.2019-cu il tarixli üzləşdirmə aktına əsasən xx.xx.2019cu il tarixinə icraçı tərəfindən göstərilmiş, lakin sifarişçi tərəfindən ödənilməmiş xidmətlərin dəyəri ƏDV daxil olmaqla 41780,44 manat məbləğində vəsait təşkil etmişdir. xx.xx.2019cu il tarixdən xx.xx.2019-cu il tarixinə kimi icraçı tərəfindən sifarişçiyə göstərilmiş xidmətlərin dəyəri isə ƏDV daxil olmaqla 4095,78 manat məbləğində vəsait təşkil etmişdir. 04.09 2019-cu il tarixli ƏDV sub-uçot hesabından çıxarışdan aydın olur ki, müqavilə üzrə göstərilmiş xidmətlərə görə hesablanmış ƏDV borcundan 6584,22 məbləğində olan hissəsi cavabdeh tərəfindən ödənilmişdir. Beləliklə yuxarıda göstərilənlərə əsasən sifarişçinin icraçıya hal-hazırda 39292 manat ödənilməmiş borc məbləği qalmışdır. Qeyd edilən borcun ödənilməsi ilə bağlı cavabdehə xx.xx.2019-cu il tarixli pretenziya məktubu göndərilərək yaranmış qalıq borcun müqavilə öhdəliklərinə uyğun olaraq növbəti 10 gün ərzində ödənilməsi tələb edilmiş, əks halda mövcud qanunvericiliyə əsasən müvafiq məhkəmə orqanlarına müraciət ediləcəyi qeyd edilmişdir. Cavabdeh tərəfindən qeyd edilən pretenziya məktubuna verilmiş xx xxxxxx 2019-cu il tarixli XM-01/0120 saylı cavab məktubunda sifarişçi tərəfindən yaranan maliyyə çətinlikləri ilə əlaqədar sözügedən öhdəliklərin icrasının 2020-ci ilin yanvar ayından etibarən hissə-hissə həyata keçirilməsi icraçıya təklif edilmişdir Sifarişçinin həmin cavab məktubunda qeyd etdikləri məhkəmə tərəfindən yaranmış borc məbləğinin sifarişçi tərəfindən bir daha təsdiq edilməsi kimi qiymətləndirilməlidir. Müqavilənin 3.1-ci bəndinə əsasən icraçı hesabat ayından sonra növbəti ayın 5-i tarixindən gec olmayaraq göstərilmiş xidmətlərin qiyməti və həcmi barədəməlumat olan xidmətlərin göstərilməsi barədə akt tərtib edir və sifarişçiyə təqdim edir. Müqavilənin 3.2-ci bəndinə görə isə Sifarişçi İcraçıdan alınmış xidmətlərin göstərilməsi barədə aktı nəzərdən keçirir və onun alınmasından 3 gün ərzində imzalayır. İcraçı tərəfindən göstərilmiş xidmətlərdə qüsurlar barədə sifarişçi bu aktda qeyd edir, icraçı tərəfindən buraxılan qüsurlar aktda göstərilməzsə, xidmətlərin icraçı tərəfindən lazımi şəkildə göstərilməsi və müqavilənin şərtlərinə uyğun olaraq ödənilməli olduğu hesab edir. İddia ərizəsinə əlavə edilmiş müvafiq aylar üzrə xidmətlərin göstərilməsi barədə aktlarda hər hansı bir qüsur qeyd edilmədiyinə görə qeyd edilmiş xidmətlər həyata keçirilmiş hesab edilməli və dolayısı ilə cavabdeh müəssisə tərəfindən həmin xidmətlərin göstərilməsi qəbul edilmiş sayılmalıdır. İddiaçının nümayəndəsi Vəkil məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki: İcraçı qismində “xxxx” MMC ilə sifarişçi qismində “X1” MMC arasında xx xxxxxx 2018-ci il tarixdə A-121 saylı əməkdaşların qidalandırılmasının təşkili üzrə xidmətlərin göstərilməsinə dair müqavilə bağlanmışdır. Müqavilənin 1-ci bəndinə əsasən icraçı sifarişçiyə əməkdaşların qidalandırılmasının təşkili üzrə xidmətlər göstərməyi, sifarişçi isə bu xidmətlərə görə ödəniş etməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 4-cü bəndinə əsasən xidmətin dəyəri sifarişçinin bir işçisi üçün ƏDV xaric olmaqla 3 manat təşkil edirvə sifarişçi tərəfindən xidmətlərin dəyəri icracıya tərəflərin xidmətlərin göstərilməsi barədə aktın imzalanmasından 5 gün ərzində ödənilməlidir. xx.xx.2019-cu il tarixdə akta əsasən 2019-cu ilin mart ayı ərzində “X1” MMC-yə göstərilmiş xidmətlərin dəyərinin ƏDV daxil olmaqla 6945,48 manat olduğu müəyyən edilmişdir. Həmin akta əsasən xx.xx.2019-cu il tarixli, İA seriyalı, 351856 saylı elektron vergi hesab - fakturası tərtib edilərək cavabdehə təqdim edilmişdir. xx.xx.2019-cu il tarixdə akta əsasən 2019-cu ilin aprel ayı ərzində “X1” MMC-yə göstərilmiş xidmətlərin dəyərinin ƏDV daxil olmaqla 9692,52 manat olduğu müəyyən edilmişdir. Həmin akta əsasən xx.xx.2019-cu il tarixli, İF seriyalı, 091905 saylı elektron vergi hesab - fakturası tərtib edilərək cavabdehə təqdim edilmişdir. xx.xx.2019-cu il tarixdə akta əsasən 2019-cu ilin may ayı ərzində “X1” MMC-yə göstərilmiş xidmətlərin dəyərinin ƏDV daxil olmaqla 8418,12 manat olduğu müəyyən edilmişdir. Həmin akta əsasən xx.xx.2019-cu il tarixli, İF seriyalı, 091906 saylı elektron vergi hesab - fakturası tərtib edilərək cavabdehə təqdim edilmişdir. xx.xx.2019-cu il tarixdə akta əsasən 2019-cu ilin iyun ayı ərzində “X1” MMC-yə göstərilmiş xidmətlərin dəyərinin ƏDV daxil olmaqla 9370,38 manat olduğu müəyyən edilmişdir. Həmin akta əsasən xx.xx.2019-cu il tarixli, İF seriyalı, 091907 saylı elektron vergi hesab - fakturası tərtib edilərək cavabdehə təqdim edilmişdir. xx.xx.2019-cu il tarixdə akta əsasən 2019-cu ilin iyul ayı ərzində “X1” MMC-yə göstərilmiş xidmətlərin dəyərinin ƏDV daxil olmaqla 11586,42 manat olduğu müəyyən edilmişdir. Həmin akta əsasən xx.xx.2019-cu il tarixli, İF seriyalı, 091908 saylı elektron vergi hesab - fakturası tərtib edilərək cavabdehə təqdim edilmişdir. xx.xx.2019-cu il tarixdə akta əsasən 2019-cu ilin avqust ayının 1-dən 10-dək olan müddət ərzində “X1” MMC-yə göstərilmiş xidmətlərin dəyərinin ƏDV daxil olmaqla 4095,78 manat olduğu müəyyən edilmişdir. Həmin akta əsasən xx.xx.2019-cu il tarixli, İF seriyalı, 091904 saylı elektron vergi hesab - fakturası tərtib edilərək cavabdehə təqdim edilmişdir. xx.xx.2019-cu il tarixli ƏDV sub-uçot hesabından çıxarışla müəyyən olunur ki, “X1” MMC tərəfindən “xxxx” MMC-yə aktlara əsasən hesablanmış yeməkxana xidməti üçün Ədv ödənişi olaraq 6584,97 manat məbləğində ödəniş edilmişdir. Tərəflər arasında imzalanmış xx.xx.2019-cu il tarixli üzləşdirmə aktı ilə təsdiq edilmişdir ki, cavabdehin iddiaçıya xx.xx.2019-cu il tarixə qalıq borcu 41780,44 manat təşkil etmişdir. “xxxx” MMC tərəfindən xx.xx.2019-cu il tarixdə pretenziya qaydasında məktubla “X1” MMC-yə müraciət edilərək 39292 manat məbləğində borcun ödənilməsi xahiş edilmiş, eyni zamanda borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. “X1” MMC xx.xx.2020-ci il tarixdə məktubla “xxxx” MMC-yə müraciət edərək 2019-cu ilin maliyyə büdcəsinin bağlanılması və bir sıra maliyyə çətinlikləri ilə əlaqədar olaraq 2020-ci ilin yanvar ayından etibarən hər ay 3000-5000 manat arası ödəniş ediləcəyini bildirmişdir. Əsaslandırıcı hissə: Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı “xxxx” MMC ilə cavabdeh “X1” MMC arasında xx xxxxxx 2018-ci il tarixli, A-121 saylı əməkdaşların qidalandırılmasının təşkili üzrə xidmətlərin göstərilməsinə dair müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Cavabdeh xidmət müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirmədiyindən hal-hazırda iddiaçıya ödənilməmiş borcu 39292 manat təşkil edir.Borcun mövcudluğu tərəflərin imzaladığı xx.xx.2019-cu il tarixli üzləşdirmə aktı ilə təsdiq olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 882.1-ci maddələsinə əsasən borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. 882.5-ci maddələsinə əsasən əgər borc hesablaşmaya (ödənişə) əsasən və ya razılaşma yolu ilə etiraf olunmuşsa, formaya riayət edilməsi məcburi deyildir. Məhkəmə sadalanan qanunvericilik normalarını, eyni zamanda cavabdehin yuxarıda göstərilən müqaviləyə əsasən müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, cavabdehdən 39292 manat məbləğində borc iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə iddia tələbinin vəkil xərci və gecikdirmə faizi olaraq dəymiş zərərin əvəzi olaraq 1961,60 manat məbləğində vəsaitin cavabdehdən tutulması hissəsinə münasibətdə qeyd edir ki, iddiaçı iddia tələbinin həmin hissəsi ilə bağlı sübutları məhkəməyə təqdim etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halları təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etmədiyindən, həmin hissədə iddia əsassız olmaqla rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hazırkı qətnamə ilə iddianin qismən təmin edildiyini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun 1,40 manat hissəsi iddiaçıya aid edilməli, dövlət rüsumunun qalan hissəsinin əvəzi olaraq 28,60 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. “X1” Məhdud Məsuliyyətli Cəmiyyətindən 39292 (otuz doqquz min iki yüz doxsan iki) manat məbləğində borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 28,60 manat (iyirmi səkkiz manat altmış qəpik) olmaqla, cəmi 39320,60 manat (otuz doqquz min üç yüz iyirmi manat altmış) məbləğində pul “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. İddia verilərkən ödənilmiş dövlət rüsumunun 1,40 manat (bir manat qırx qəpik) hissəsi iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar