Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-645/2024 19.02.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “müqavilədən irəli gələn borc” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi, borc, mediasiya xərci) Hakim Namazova Günay Rüstəm qızının sədrliyi, Kərimov İlkin Camal oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndələrinin iştirakı olmadan, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “müqavilədən irəli gələn borc” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 13731.66 manat manat məbləğində əsas borcun və 210 manat ilkin mediasiya haqqının tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 2.İddia ərizəsi onunla əsaslandırılmışdır ki, satıcı İddiaçı MMC ilə alıcı Cavabdeh MMC arasında bağlanmış xx.xx.2022-cu il tarixli 22-097 nömrəli alqı-satqı müqaviləsinə uyğun olaraq satıcı tərəfindən alıcıya ümumilikdə 13731.66 manat dəyərində olan mallar satılmışdır. Lakin bugünə kimi alıcı olan cavabdeh tərəfindən hər-hansısa ödəniş həyata keçirilməmişdir. Cavabdeh iddiaçının pul vəsaitini qanunsuz olaraq özündə saxlamaqla, ondan faydalanır. İddiaçı isə sahibkarlıq subyekti olduğundan bu tip ödənişlərin olunmamasına görə digər sahibkarlıq subyektləri ilə hesablaşma apara bilmir. Bu isə onun sahibkarlıq fəaliyyətinə ciddi şəkildə zərər yetirir və əldə edəcək gəlirlərdən onu məhrum edir. Bu səbəbdən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. İddiaçı MMC mediasiyaya müraciət etsə də, cavabdeh mediasiyada iştirak etmədiyindən “X1 İştirak Edilməmə” Arayış iddiaçıya təqdim edilmişdir. Bundan sonra iddiaçı pretenziya qaydasına riayət edərək cavabdehin VÖEN hesabı vasitəsilə pretenziya məktubu göndərmişdir. Lakin pretenziyada göstərilən müddətdə də cavabdeh tərəfindən heç bir addım atılmamışdır. Qeyd edilənlərə əsasən Cavabdeh MMC-dən 13731.66 manat məbləğində əsas borc və 210 manat ilkin mediasiya haqqı tutularaq İddiaçı MMC-yə ödənilməlidir.
II. Tərəflərin mövqeləri:
3. İddiaçının nümayəndəsi Vəkil xx.xx.2024-cü il tarixində məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddianın təmin olunmasını xahiş etmişdir.
4. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməyib və gəlməməyinin səbəbləri barədə məlumat verilməmişdir.
5. Məhkəmə AR MPM-in 185-ci maddəsinə əsasən iddiaçının və cavabdehin nümayəndələrini iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir.
III.Məhkəmə baxışının hədləri:
6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV.Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
7. Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçı alqı-satqı müqaviləsi üzrə yaranmış borcun tutulması tələbini irəli sürdüyündən hazırkı iş üzrə sübutetmə predmetinə tərəflər arasında alqı-satqı müqaviləsinin bağlanıb-bağlanmaması, müqavilə predmetini təşkil edən malların satıcı tərəfindən kontragentə təhvil verilib-verilməməsi, alıcının malların dəyərini ödəmək öhdəliyini pozub-pozmamasının müəyyən edilməsi daxildir.
8. İddia ərizəsinə əlavə olunmuş iddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2022-cu il tarixli 22-097 saylı alqı-satqı müqaviləsinə əsasən:
9. Müqavilənin 1.1-ci bəndinə əsasən icraçı malları təchiz edir, sifarişçi isə həmin malları alır. Hər hansı bir təchiz ediləcək malın miqdarı və qiyməti əlavədə və ya sifarişçinin sifarişlərində göstəriləcəkdir. Malların qiymətinə ƏDV 18% daxildir. Əlavə və ya sifarişlər vahid nömrəyə malik olmaql bu müqavilənin ayrılmaz tərkib hissəsini təşkil edəcək. Əlavə və sifarişlər tərəflərin razılığına əsasən tərtib olunacaqdır.
10. Müqavilənin 2.1-ci bəndinə əsasən icraçı sifarişçinin sifarişinə əsasən müəyyən edilmiş vaxt ərzində malları sifarişçi ilə razılaşdırılmış eskizə uyğun olaraq hazırlamağı və təchiz etməyi öhdəsinə götürür.
11. Müqavilənin 3.1-ci bəndinə əsasən sifarişçi icraçı tərəfindən təchiz edilmiş malların haqqını maddə 4-də nəzərdə tutulmuş qaydada və müddətdə ödəməyi öhdəsinə götürür. Malları qəbul etdikdən sonra, ümumi qaydada aparılan yoxlama zamanı aşkar edilməyən qüsurlar istisna olmaqla, onların itirilməsi, oğurlanması, öz təqsirindən tam və ya qismən zədələnməsi və itkisi ilə nəticələnə bilən risklər daşıyır.
12. Müqavilənin 4.1-ci bəndinə əsasən hər sifariş üzrə ödəniş əlavəyə və sifarişin ümumi məbləğini təşkil edir və ödəniş Azərbaycan manatı ilə həyata keçirilir. Tərəflər arasında başqa qayda razılaşdırılmıyıbsa, Sifarişçi tərəfindən ödəniş icraçı tərəfindən hesab faktura təqdm edildikdən sonra 15 gün ərzində ödənilməlidir.
13. Müqavilənin 5.1-ci bəndinə əsasən sifarişçi müqavilənin 4.2-ci maddəsində göstərilən müddətdə pulu ödəmədikdə gecikdirilmiş hər təqvim günü üçün ödənilməmiş məbləğin 1%-i həcmində cərimə ödəyir. Sifarişçi və icraçı hazırkı müqavilə üzrə öz öhdəliklərini yerinə yetirməməsi, yaxud səhlənkar yerinə yetirməsi üçün Azərbaycan Respublikası qanunvericiliyinə müvafiq olaraq məsuliyyət daşıyırlar.
14. xx.xx.2022-ci il tarixli razılaşdırma protokoluna əsasən xx.xx.2022-ci il tarixli, 22- 097 saylı müqaviləyə uyğun sifariş olunmuş malların qiyməti ƏDV daxil 8390,98 manat olması tərəflər arasında razılaşdırılmışdır.
15. xx.xx.2022-ci il tarixli razılaşdırma protokoluna əsasən xx.xx.2022-ci il tarixli, 22- 097 saylı müqaviləyə uyğun sifariş olunmuş malların qiyməti ƏDV daxil 3540 manat olması tərəflər arasında razılaşdırılmışdır.
16. xx.xx.2022-ci il tarixli, EBBV 890704 saylı e-qaiməyə əsasən İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə 8390,98 manat dəyərində, xx.xx.2022-ci il tarixli, EBBW 233089 saylı e-qaiməyə əsasən 1800,68 manat dəyərində və xx.xx.2022-ci il tarixli, EBBX 953248 saylı e-qaiməyə əsasən isə 3540 manat dəyərində malların verilməsi və həmin qaimələrin alıcının (direktoru) imza və möhürü ilə təsdiq edilməsi öz əksini tapmışdır.
17. Məhkəmə qeyd edir ki, sübutetmə predmetinə daxil olan iş üçün əhəmiyyətli olan halların müəyyən edilməsi, daha sonra həmin hallara tətbiq edilən hüquq normalarının şərh edilməsi məhkəmə araşdırmasının obyektivliyi və ədalətliliyi üçün zəruridir.
18. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin həmin faktlara tətbiq edilən hüquqdan irəli gələn qəti nəticəsi şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
19. Beləliklə, məhkəmə sübutetmə predmetinə daxil olan bütün faktları obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar əsasında tədqiq edərək müəyyən edir ki, iddiaçı ilə cavabdeh arasında malların alqı-satqısı haqqında müqavilə bağlanmış, iddiaçı (satıcı) 13731.66 manat dəyərində malları cavabdehə təhvil vermiş, cavabdeh isə həmin malların dəyərini 15 gün ərzində ödəməli olduğu halda ödənişləri həyata keçirməmiş və cəmi 13731.66 manat borcu yaranmışdır.
20. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır. Belə ki, iddiaçının cavabdehə qarşı tələbi tərəflər arasında bağlanılmış alqı-satqı müqaviləsindən irəli gəlir və iddiaçının borcun ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə olan halda hazırkı iddia üzrə tələbin hüquqi əsası kimi Mülki Məcəllənin 567-ci maddəsi nəzərdən keçirilə bilər.
21. Mülki Məcəllənin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
22. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən hesabfaktura təqdim edildikdən sonra 15 gün müddətində ödənilməsi şəklində müəyyən olunmuşdur.
23. Mülki Məcəllənin 597.1-ci maddəsində göstərilmişdir ki, alıcı əşyanı alqı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur.
24. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.
25. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
26. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
27. İddiaçı tərəfindən malların cavabdehə təhvil verildiyini, cavabdehin vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etməyib öz öhdəliyini lazımi qaydada icra etməyərək təhvil aldığı malların dəyərindən 13731.66 manat pulu ödəmədiyini, iddiaçının malların dəyərinin ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb etmək hüququnun olduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi 13731.66 manat borcun tutulması ilə bağlı əsaslıdır və ödənilməmiş həmin borc Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməlidir.
28. Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən 210 manat məbləğində mediasiya xərcləri ödənilmişdir.
29. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.
30. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.
31. Məhkəmə hesab edir ki, 13731.66 manat borc tələbinə dair cavabdehdən tutulmalı məbləğ dövlət rüsumunun hesablanması kalkulyatoruna əsasən 132 manat təşkil edir. Buna görə də iddiaçının 210 manat mediasiya xərcinin ödənilməsi tələbi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbini nəzərə alaraq qismən təmin edilərək cavabdehdən tutulmalı məbləğ 132 manat həddində müəyyən edilməlidir.
V. Nəticə:
32. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən xx.xx.2022-cu il tarixli 22-097 saylı alqı-satqı müqaviləsi üzrə 13731.66 (on üç min yeddi yüz otuz otuz bir manat, altmış altı qəpik) manat borc məbləği və mediasiya xərcinin əvəzi olaraq 132 (yüz otuz iki) manat tutularaq İddiaçı MMC-yə ödənilsin. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Günay Namazova