Məhkəmə qərarları › İş №e-2-2(113)-6452/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-6452/2024

23.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-6452/2024 23.10.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı , faiz borcu ) Hakimi Namazova Günay Rüstəm qızının sədrliyi ilə, X1 katibliyi, İddiaçının nümayəndəsinin iştirakı olmadan, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yaranmış 90.177 (doxsan min yüz yetmiş yeddi) manat 26 (iyirmi altı) qəpik əsas borcun, gecikdirilmiş vaxt üçün illik 5%-i miqdarında 9300 (doqquz min üç yüz) manat, 388 (üç yüz səksən səkkiz) manat, 43 (qırx üç) qəpik ödənilmiş dövlət rüsumunun cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Müdafiə Nazirliyi Satınalma və Təchizat İdarəsi ilə İddiaçı Möhübbət oğlu arasında 26 noyabr 2019-cu il tarixli, 268 nömrəli satınalma müqaviləsi bağlanmışdır. Müqavilənin müddəti 26 noyabr 2020-ci il tarixində bitməsinə baxmayaraq, tərəflər arasında yaranmış uzun illik işgüzar əməkdaşlığa və etibara əsasən iddiaçı tərəfindən Tibbi Oksigen qazının təminatı dayandırılmamışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında və Müdafiə Nazirliyinin N nömrəli Hərbi Hissəsinə 01 noyabr 2020-ci il tarixindən 01 dekabr 2021-ci il tarixinədək xəstə və yaralıların müalicəsi üçün tibbi oksigen təminatı iddiaçı tərəfindən fasiləsiz şəkildə həyata keçirilmişdir. Cavabdehin sifarişi ilə müəyyən olunan mallar vaxtında və tam şəkildə ona təhvil verilmişdir. Tərəflər arasında münasibətlərinin yekununda cavabdehin qalıq borcunun müəyyənləşdirilməsi məqsədilə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Tibbi İdarə rəisinin müavini Tibbi Xidməti polkovniki Roman Çobanovun və İddiaçı iştirakı ilə “üzləşdirmə aktı” tərtib edilmişdir. xx.xx.2021-ci il tarixli akta əsasən, fərdi sahibkar İddiaçı 01 noyabr 2020-ci il tarixindən 01 dekabr 2021ci il tarixinədək Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Baş Klinik Hospitalına 88565,14 manat (ƏDV daxil olmaqla) məbləğində Tibbi Oksigen qazı ilə təmin etmişdir. Həmçinin Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli Hərbi Hissənin kamandiri Tibbi Xidməti polkovnik leyninantı Zaur Hacıyevin və İddiaçı iştirakı ilə “üzləşdirmə aktı” tərtib edilmişdir. xx.xx.2021-ci il tarixli akta əsasən, fərdi sahibkar İddiaçı 01 noyabr 2020-ci il tarixindən 01 dekabr 2021-ci il tarixinədək Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli Hərbi Hissəsinə 1612,12 manat (ƏDV daxil olmaqla) məbləğində Tibbi Oksigen qazı ilə təmin etmişdir. Lakin cavabdehlər öz öhdəliklərini yerinə yetirməmiş, iddiaçıya verəcəyi 90.177,26 manat məbləğində pulu ödəməkdən yayınmışdır. Məsələ ilə əlaqədar cavabdeh Müdafiə Nazirliyi və Nazirliyin Satınalma və Təchizat İdarəsinə məktublar ünvanlanmışdır. Lakin hələ də 90.177,26 manat borc cavabdehlər tərəfindən ödənilməmişdir. Tərəflərindən üzərlərinə götürdükləri bütün öhdəliklər tamamilə icra olunsa da, cavabdeh öz öhdəliklərini bu günə kimi yerinə yetirməmiş, hər dəfə borcu ödəməkdən yayınmağa çalışmışdır. Bu da iddiaçının mülkiyyət hüquqlarının kobud şəkildə pozulması ilə nəticələnir. Cavabdeh müəssisənin tikinti materiallarından yararlanaraq gəlir əldə etməsi, müəssisənin pul vəsaitini özündə saxlamaqla və qanunsuz olaraq qaytarmaqdan yayınmaqla müəssisənin pul vəsaitindən faydalanmışdır.

3. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin azaldılması barədə ərizə verərək (Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Satınalma və Təchizat İdatəsini və Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Tibb idarəsini cavabdehlikdən çıxararaq və faiz borcunu azaldaraq) cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyindən yaranmış 90.177,26 manat əsas borcun, gecikdirilmiş vaxt üçün illik 5%-i miqdarında 4300 manat, 388,43 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Cavabdehin nümayəndəsinin etirazı onunla əsaslandırılmışdır ki, Müdafiə Nazirliyinin Satınalma və Təchizat İdarəsi ilə İddiaçı arasında tibbi oksigen və karbon qazının satın alınmasına dair 66360,26 manat dəyərində 26 noyabr 2019-cu il tarixli 268 nömrəli satınalma müqaviləsi bağlanmış və müqavilə müddəti bitənədək (xx.xx.2020) müqavilənin 65835 manat hissəsi icra olunaraq məbləğ Müdafiə Nazirliyi tərəfindən İddiaçı ödənilmişdir. İddiaçının iddia ərizəsindən görünür ki, satınalma müqaviləsinin icra müddəti 20 dekabr 2020-ci il tarixdə bitdikdən sonra müqavilə müddətinin artırılması ilə bağlı heç bir əlavə razılaşma olmadan müqavilədən kənar ümumi məbləği 90177 manat olmaqla Müdafiə Nazirliyinin Baş Klinik Hospitalına 88565 manat məbləğində, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinə isə 1616.12 manat məbləğində tibbi oksigen qazı vermişdir. Həmçinin, 26 noyabr 2019-cu il tarixli 268 nömrəli satınalma müqaviləsi bağlanarkən bir kubmetr oksigenin vahid qiyməti 1 (bir) manat 10 qəpik olmaqla hesablanmış lakin, hal- hazırki müqavilədə vahid qiymət 0.94 qəpik olmaqla hesablanır.

II. Tərəflərin mövqeləri:

5. İddiaçının nümayəndəsi/vəkili Nümayəndə xx.xx.2024-cü il tarixində məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, icratında olan işlərinin çoxluğu ilə əlaqədar qeyd olunan tarixə təyin edilmiş məhkəmə iclasında iştirakını təmin edilməsi qeyri-mümkündür. İddia tələbini müdafiə edir, qeyd olunan üzrlü səbəbləri nəzərə çatdıraraq məhkəmə baxış iclasının onun iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir.

6. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi R.S.Abbasov etiraz ərizəsidə qeyd olunanları müdafiə etdiyini və iddia tələbini əsas borc hissəsində qəbul etdiyini, qalan hissədə təmin edilməməsini xahiş etdi.

III.Məhkəmə baxışının hədləri:

7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV.Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

8. xx.xx.2021-ci il tarixli, 352 saylı qəbul aktına əsasən 75055,20 manat məbləğində cavabdeh qurumun tibbi oksigen qazı ilə təmin edilməsi hər iki tərəfin imzası ilə təsdiqlənmişdir.

9. xx.xx.2021-ci il tarixli akta əsasən Azərbaycan Respublikası MN Baş Klinik Hospitalına 88565,14 manat dəyərində və xx.xx.2021-ci il tarixli akta əsasən isə MN N nömrəli Hərbi Hissəsini 1612.12 manat dəyərində tibbi oksigenlə təmin edilməsi hər iki tərəfin imza və möhürü ilə təsdiqlənmişdir.

10. Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır.

11. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqısatqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

12. Həmin Məcəllənin 568.1-ci maddəsinə əsasən satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur.

13. Həmin Məcəllənin 579.1-ci maddəsinə əsasən əgər alğı-satqı müqaviləsinə görə növlər, modellər, ölçülər, rənglər və ya digər əlamətlər üzrə müəyyən nisbətdə (çeşiddə) əşyalar verilməlidirsə, satıcı alıcıya tərəflərin razılaşdırdıqları çeşiddə əşyalar verməyə borcludur.

14. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir.

15. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

16. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.

17. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər

18. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən tələb olunan məbləğ təqdim olunmuş sübutlarla – təhvil-qəbul aktları və cavabdehin nümayəndəsinin etirafı (iddianın əsas borc hissəsində qəbul etməsi) ilə təsdiqini tapdığı üçün, iddia tələbinin 90.177,26 manat borca dair hissədə təmin olunması üçün əsaslar mövcuddur.

19. Bununla yanaşı, iddiaçı Mülki Məcəllənin 445.7 və 449.1-ci maddələrinə istinad edərək iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə illik 5 faiz olmaqla 4300 manat gecikmə pulunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür.

20. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

21. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

22. 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir.

23. 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər.

24. 449.3-cü maddəsinə əsasən əgər kreditorun pul vəsaitindən qanunsuz istifadə nəticəsində ona dəyən zərər bu Məcəllənin 449.1-ci maddəsinə əsasən ona çatası faizlərin məbləğindən çoxdursa, kreditor borcludan həmin məbləğdən çox olan hissədə zərərin əvəzini ödəməyi tələb edə bilər.

25. Qanunvericiliyin sadalanan normalarından göründüyü kimi əldən çıxmış fayda zərərin tərkib hissəsidir.

26. Belə ki, mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün üç şərt irəli sürülür. Yalnız aşağıdakı üç şərti məcmu halında özündə ehtiva edən, mülki qanunvericiliyin normalarını pozan əməl mülki hüquq məsuliyyətinin yaranmasına səbəb ola bilən mülki hüquq pozuntusu sayıla bilər:

27. törədilmiş əməlin (hərəkət və ya hərəkətsizliyin) hüquqa zidd olması;

28. törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə ziyan və ya zərər vurulması;

29. ziyan və ya zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin mövcudluğu.

30. Göründüyü kimi, digər məsuliyyət növlərində olduğu kimi, mülki məsuliyyətin yaranması üçün qanuna zidd hərəkətlə (hərəkətsizliklə) zərər arasında səbəbli əlaqə olmalıdır. Əgər şəxs öz davranışı ilə zərər vurmamışdırsa və ya vurulmuş zərər bu davranışın nəticəsi deyildirsə, şəxsin məsuliyyəti istisna edilir.

31. Səbəbli əlaqə hadisələr arasında elə əlaqədir ki, konkret şəraitdə onlardan biri (səbəb) digərindən (nəticədən) əvvəl gəlir və onun yaranmasına səbəb olur. Səbəbli əlaqənin müəyyən edilməsi bəzən yanlış olaraq hüquq pozuntusu törədən şəxsin hərəkətində təqsirin olub-olmamasından asılı edilir. Lakin səbəbli əlaqə hüquq pozuntusu iştirakçılarının şüurundan asılı olmayaraq obyektiv, təqsir isə konkret şəxsin öz davranışına və onun nəticələrinə münasibətində ifadə olunan subyektiv cəhətlərdir.

32. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” 09 iyul 2009-cu il tarixli qərarında qeyd olunmuşdur ki, faydalanmanın anlayışı mülki qanunvericilikdə verilməsə də, faydalanmanın hərfi mənasının öz tələbatı üçün istifadə olduğunu nəzərə alaraq, MM-in bu terminlə ayrılmaz əlaqədə olan «istifadə hüququna» həsr olunmuş 152.3-cü maddəsi buna müəyyən aydınlıq gətirir. Həmin maddəyə əsasən istifadə hüququ — əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə və başqa formalarda ola bilər. Bu baxımdan, MM-in «öhdəliklərin icra edilməməsinə görə məsuliyyəti» nəzərdə tutan 449-cu maddəsindəki xüsusi normada «faydalanma» və «(qanunsuz) istifadə» sözləri eyni məzmun daşımaqla, bu dörd hərəkət (hərəkətsizlik) nəticəsində müəyyən gəlir, artım, bəhər və s. əldə edilməsi mənasını nəzərdə tutur. ... Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinin «ondan faydalanmağa görə» müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəlməsini nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.3-cü və 449.4-cü maddələrinin müvafiq olaraq «pul vəsaitindən qanunsuz istifadə» və «özgə vəsaitindən istifadə» müddəaları həmin Məcəllənin 449.1-ci maddəsində göstərilmiş halların mövcud olmasını nəzərdə tutur.

33. Azərbaycan Respublikası MPM-nin 13.7-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun.

34. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarının məzmunundan aydın olur ki, faizlərin ödənilməsi yalnız “faydalanma”, yəni, gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəldiyi hallarda tətbiq olunmalıdır.

35. İddiaçı cavabdehin hər hansı maddi xeyir əldə etməsini təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmiş, yəni, öz tələbinin əsası kimi istinad etdiyi halı sübut edə bilməmişdir.

36. Halbuki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

37. Buna görə məhkəmə hesab edir ki, iddia həmin hissədə təmin edilə bilməz.

38. Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri icra etmədiyini, nəticədə iddiaçıya 90177,26 manat əsas bоrcu yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 90.177,26 manat əsas bоrc pul tutularaq iddiaçıya ödənilməlidir.

39. Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən cəmi 388,43 manat dövlət rüsumu ödənilmişdir.

40. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.

41. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 9.1.14-cü maddəsinə əsasən məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə büdcə təşkilatları, bələdiyyələr dövlət rüsumu ödəməkdən azad olunurlar.

42. Məhkəmə qeyd edilən qanunvericilik normalarını və iddianın qismən təmin edilməsini nəzərə alaraq hesab edir ki, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.

V. Nəticə:

34. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyindən 90.177,26 manat əsas borc məbləği tutularaq İddiaçı ödənilsin. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Günay Namazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar