Məhkəmə qərarları › İş №e-2-2(113)-647/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-647/2021

16.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-647/2021 16.03.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyeva Aytən Heydər qızının sədrliyi, katib Kərimov İlkin Camal oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh X4 Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı dəymiş maddi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə işə Bakı şəhərində, Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh X4 Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2019-cu il tarixli müqavilənin şərtlərini pozaraq öz öhdəliklərini yerinə yetirmədiyinə görə Cavabdeh MMCyə ödənilmiş 7000 (yeddi min) manat, cəmiyyətə vurduğu 1500 manat maddi ziyanın və ödənilmiş 30 manat dövlət rüsumunun, ümumilikdə 8530 (səkkiz min beş yüz otuz) manat pul vəsaitinin iddiaçının xeyrinə tutulmasına barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2019-cu ildə təsis edilmiş “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN:**********) təmir-tikinti işlərinin aparılması üçün yaradılmışdır. Cavabdeh MMC (VÖEN: **********) ilə xx xxxxxx 2019-cu ildə lisenziya alınması üçün müqavilə bağlanmışdır. Müqavilənin mahiyyəti ondan ibarət idi ki, Cavabdeh MMC 38 iş günü müddətində iddiaçıya fəaliyyəti üçün lisenziya alıb təqdim edir, iddiaçı, yəni “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti isə bu xidmətin müqabilində həmin cəmiyyətə 9000 manat pul ödəyəcəkdir. Cavabdeh MMC-nin rəhbərliyi müqavilə bağlandıqdan sonra iddiaçıya müraciət edərək rastlaşdıqları maddi çətinliklərlə bağlı müqavilədə nəzərdə tutulan 9000 manatın bir hissəsini qabaqcadan ödənilməsini xahiş etmişlər. “xxxx” MMC AR MM-nin 425 və digər maddələrin tələblərinə əsasən həmin cəmiyyətin rəhbərliyinə etimad, etibar və vicdanlılıq göstərərək qarşı tərəfin xahişlərini nəzərə alıb onlara əvvəlcədən xx.xx.2019-cu il tarixdə nağd şəkildə pul ödənilmişdir. Lakin Cavabdeh MMC-nin rəhbərliyi bir müqavilə tərəfdaşı kimi onlara göstərilmiş xeyirxah və hörmətli münasibətdən sui-istifadə edərək müqavilə öhdəliklərini yerinə yetirilməsi zamanı özlərini qeyri-səmimi apararaq müxtəlif yollarla iddiaçını aldatmaq istəmiş və müqavilə öhdəliklərini yerinə yetirməkdən bilərəkdən boyun qaçırmışlar. İddiaçı cəmiyyətin rəhbəri İzmir Mehrabovla bir neçə dəfə telefonla danışaraq məsələnin sülh və danışıqlar yolu ilə həll edilməsini xahiş etmişdir. Lakin bu müraciətlərə cavab verilmədiyinə görə xx.xx.2020ci il tarixdə rəsmi müraciət edərək müqavilə öhdəliklərinin yerinə yetirilməsi və onlara ödənilmiş 7000 manat pulun geri qaytarılması tələb edilmiş və bir daha onların nəzərinə çatdırılmışdır ki,əgər öhdəlik yerinə yetirilməzsə məhkəməyə müraciət ediləcəkdir. Buna baxmayaraq, Cavabdeh MMC-nin rəhbərliyi hər hansı formada əlaqə yaratmaqdan və müqavilədə nəzərdə tutulan öhdəliklərini yerinə yetirməkdən boyun qaçırmışlar. Beləliklə, Cavabdeh MMC-nin direktoru İzmir Mehrabov faktiki olaraq Azərbaycan Respublikasının Mülki Məcəlləsinin bir sıra maddələrinin tələblərini pozaraq müqavilə öhdəliklərini yerinə yetirməyərək öz əməlləri ilə cəmiyyətə xeyli miqdarda maddi ziyan vurmuşdur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili X3 iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh X4 MMC-yə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini MPM-nin 185.5-ci maddəsinə əsasən mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, məhkəmə iclasında tədqiq edilərək yazılı sübut qismində iş materiallarına əlavə edilmiş: -Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 146-cı maddəsinə uyğun olaraq, məhkəmədə iştirak edən şəxslər və nümayəndələr iş üzrə icraat zamanı öz ünvanlarını dəyişdirmələri barədə məhkəməyə məlumat verməlidirlər. Belə məlumat olmadıqda, məhkəmə bildirişləri məhkəməyə məlum olan axırıncı ünvana çatdırılır və çağırılan şəxs artıq həmin ünvanda yaşamasa da, məhkəmə bildirişi rəsmi qaydada verilmiş hesab edilir. Həmin Məcəllənin 185.5 maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. İş üzrə cavabdehin nümayəndəsinin üzrlü səbəblərdən məhkəmə iclasına gəlmədiyinə dair hər hansı bir hallar müəyyən olunmadığına görə və onun gəlməməsi işə baxılmasına mane olmadığından, məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, iş materiallarına olan: -“xxxx” MMC ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqavilədən görünür ki, cavabdeh tikinti-təmir işləri üçün lazım olan icazəni (lisenziyanı) təşkil etməyi, iddiaçı isə həmin müqavilə ilə razılaşdırılmış lisenziyanı almaq xidmətinin ödəniş haqqını öncədən ödəməyi üzrə öz üzərilərinə öhdəlik götürmüşlər. -Cavabdeh MMC-yə məxsus xx.xx.2019-cu il tarixli, ƏİA/3 seriyalı, 699827 nömrəli mədaxil qəbzdən görünür ki, Cavabdeh MMC-yə “xxxx” MMC tərəfindən 7.000.00 manat məbləğində pul vəsaiti nağd şəklində ödənilmiş və həmin vəsaiti digər cavabdeh X2 qəbul etmişdir. -“xxxx” MMC ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqavilənin 2.2-ci bəndinə əsasən Cavabdeh MMC müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi 38“ iş günü ərzində yerinə yetirmədiyi təqdirdə, 14 iş günü ərzində ödənilən 9.000 (doqquz) manat və əlavə cərimə olaraq 20% dəbbə pulu (9000 AZN-in 20%=1800AZN) yəni cəmi 10800 (on min səkkiz yüz) manat məbləğində pul vəsaitinin geri qaytarmasına dair öz üzərinə öhdəlik götürmüşdür. -xx.xx.2020-ci il tarixli, 002 saylı pretenziya məktubundan görünür ki, “xxxx” MMC ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqavilə üzrə sonuncu tərəfindən öz üzərinə götürdüyü öhdəliyi həmin günədək yerinə yetirmədiyinə görə 3 gün ərzində müqavilə ilə nəzərdə tutulmuş vəsaitin ödənilməsi Cavabdeh MMC-yə təklif olunmuş, əks təqdirdə iddia ərizəsi ilə məhkəməyə müraciət olunması barədə xəbərdalıq edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2 maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1 maddəsinə uyğun olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. zərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3 maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4 maddəsinə uyğun olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386-cı maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya həmin Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 448.1-ci maddəsinə müvafiq olaraq əgər həmin Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, məhkəmə tədqiqatı dövründə iddiaçı tərəfindən yuxarıda göstərilən müqavilə üzrə öz üzərinə götürdüyü öhdəlikləri tam və ya lazıminca icra etməsi tam sübuta yetirilmişdir. Bununla da, qeyd olunmuş müqavilənin tərəfi olan iddiaçı tərəfindən üzərinə götürdüyü öhdəliklərin tam icra olunması təkzib olunmazdır. Beləliklə də işdə olan materiallardan və işin faktiki hallarından görünür ki, “xxxx” MMC ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqavilə ilə tərəflərin hər ikisinin öhdəlikləri olduğu halda, iddiaçı tərəfindən öhdəlikləri tam icra edilmiş, lakin Cavabdeh MMC tərəfindən öz üzərinə düşən öhdəliklər icra edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Cavabdeh tərəfindən 1500 manat maddi ziyan vurulması ilə bağlı iddiaçı tərəfindən heç bir sübut təqdim edilməmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddia həmin hissədə rədd edilməlidir. Belə olan halda məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh MMC-dən 7.000 (yeddi min) manat məbləğində pul vəsaiti tutularaq “xxxx” məhdud məsuliyyətli cəmiyyətinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 7000 (yeddi min) manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 (otuz) manat məbləğində pul vəsaiti tutularaq “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Aytən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar