Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-649/2022 18.03.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əhmədov İlham Bayram oğlunun sədrliyi, Kamilli Günel Hakim qızının katibliyi, İddiaçının nümayəndəsi X5 iştirakı ilə Cavabdehin iştirakı olmadan İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin cavabdeh X7 qızına qarşı “24.10.2018-ci il tarixli 1659-L/18 nömrəli müqavilə üzrə cərimə borcunun ödənilməsi” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi cavabdeh X3 qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 24.10.2018-ci il tarixli 1659-L/18 nömrəli müqavilə üzrə 20,733 manat gecikdirilmiş borc və hesablanmış 4,592.20 manat cərimə borcu olmaqla, cəmi 25,325.20 manat, habelə mediasiya prosesi ilə bağlı cavabdehin əvəzinə ödənilmiş 100 manat və hüquqi yardımın göstərilməsinə görə ödənilmiş 350 manat olmaqla, ümumilikdə cəmi 25,775.20 manat pulun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanılmış 24.10.2018-ci il tarixli 1659-L/18 nömrəli kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə müqaviləyə əsasən borclu (lizinq alan) satış dəyərinin bir hissəsini əvvəlcədən, qalan hissəsini isə ödəniş qrafikinə uyğun şəkildə ödəmək şərti ilə texnikaları lizinqə götürmüşdür. Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə cavabdehin maliyyə arayışının tərtib edildiyi 26.08.2021-ci il tarixə müqavilə üzrə 20,733 manat gecikdirilmiş borc və hesablanmış 4,592.20 manat cərimə borcu yaranmışdır. Cavabdehə öhdəliklərin yerinə yetirilməsi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq borclu tərəfindən ödənişlər yerinə yetirilməmişdir. Eyni zamanda hüquqi yardım göstərilməsi üçün Agentlik tərəfindən vəkilə də müraciət edilmişdir. Hüquqi yardım göstərilməsi haqqında müqaviləyə əsasən hüquqi yardıma görə haqqın məbləği 350 manat müəyyənləşdirilmişdir. 20.12.2021-ci il tarixində Agentlik ilə cavabdeh arasında ilkin mediasiya keçirilmiş, lakin tərəflər ilkin mediasiya sessiyasından sonra prosesi davam etdirmək barədə qərar qəbul etməmişlət. Müqavilə üzrə iddia tələbinin 25,352.20 manat olmasını nəzərə alaraq iddiaçı tərəfindən mediasiya xidmətinin göstərilməsinə görə 200 manat vəsait ödənilmişdir. İddiaçı 16 mart 2022-ci il tarixdə iddia tələbinin həcminin azaldılmasına dair ərizə təqdim edərək, cavabdehdən 24.10.2018-ci il tarixli 1659-L/18 nömrəli müqavilə üzrə hesablanmış 4,592.20 manat cərimə borcu, mediasiya prosesi ilə bağlı cavabdehin əvəzinə ödənilmiş 100 manat və hüquqi yardımın göstərilməsinə görə ödənilmiş 350 manat olmaqla, ümumilikdə cəmi 5,042.20 manat pulun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X10 oğlu iddia ərizəsi və iddia tələbinin həcminin azaldılması barədə ərizənin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə AR MPM-in 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iddia ərizəsi və iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: - Bundan sonra “lizinq verən” adlandırılacaq "xxxx" ASC ilə bundan sonra “lizinq alan” adlandırılacaq X4 arasında bağlanmış 24.10.2018-ci il tarixli, 1659-L/18 nömrəli “kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə” müqaviləyə əsasən lizinq verən ümumi məbləği 190146.00 manat olan 1ədəd AZ 90A671 dövlət qeydiyyat nişanlı Kombayn taxılyığan New Holland TC 4.90 kənd təsərrüfatı texnikasını dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alan mülkiyyətinə verilməsi şərti ilə lizinqə verir.Müqavilənin 1.2-ci bəndinə əsasən lizinq alan texnikaların dəyərindən bu müqavilənin 1.1-ci bəndində göstərilən 190.146 manat məbləğində 19015 manat məbləği əvvəlcədən lizinq verənə ödəyir, qalan hissəsini isə ödəniş qrafikinə müvafiq olaraq ödəməyi öhdəsinə götürür. Əvvəlcədən ödənilmiş məbləğ lizinq verən tərəfindən heç bir halda geri qaytarılmır.Müqavilənin 4.1-ci bəndinə əsasən lizinq alan bu müqavilənin 1.2-ci bəndində göstərilən qabaqcadan ödəniş də daxil olmaqla, texnikanın istifadəsinə görə bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə (Əlavə № 1) uyğun olaraq ödənişləri həyata keçirir. Müqavilənin 4.2-ci bəndinə əsasən lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişləri yerinə yetirməzsə, lizinq verən lizinq alandan gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb edir.Müqavilənin 4.3-cü bəndinə əsasən hər təqvim ilinin sonunda və müqavilənin müddəti başa çatdıqda tərəflər qarşılıqlı hesablaşmaların yoxlanışını həyata keçirirlər. - 24.10.2018-ci il tarixli, 1659-L/18 nömrəli “kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə” müqaviləsinə edilmiş 1 saylı Əlavəyə əsasən 2018-2028 ci illər üzrə hər rübün sonunda ödəniş müəyyən olunmaqla, ümumilikdə 190146 manat məbləğində pulun ödənilməsi qaydası müəyyən olunmuşdur. - "xxxx" ASC-nin nümayəndəsi və X2 etibarnamə üzrə nümayəndəsi X6 tərəfindən imzalanmaqla və ASC-nin möhürü vurulmaqla təsdiq edilmiş 26.10.2018-ci il tarixli "xxxx" ASC-yə məxsus texnikanın lizinq alana təhvili barədə akta əsasən ümumi dəyəri 190146.00 manat olan 1ədəd AZ 90A671 dövlət qeydiyyat nişanlı Kombayn taxılyığan New Holland TC 4.90 kənd təsərrüfatı texnikası lizinq alana təhvil verilmişdir. - “Sifarişçi” qismində AR Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi ilə “icraçı” qismində "xxxx" MMC arasındabağlanmış 27.05.2021-ci il tarixli “Məhkəmə-hüquq xidmətlərinin göstərilməsi ilə bağlı hüquqi yardım haqqının ödənilməsinin təşkili barədə sazişə əsasən icraçı sifarişçinin adından məhkəmə-hüquq xidmətlərinin həyata keçirilməsi ilə bağlı müqavilələr bğlayır, habelə vəkil qurumlarına və ya fərdi vəkillərə ödənilən haqqın büdcə təşkilatının vəsaitinə qənaət etmək üçün “vəkillərə etdikləri yardım üçün ödənilən xərc” kimi qarşı tərəfdən alınıb xeyrinə qətnamə çıxarılan sifarişçiyə ödənilməsi üçün qanunvericiliyə uyğun tədbirlər görür. - 26.08.2021-ci il tarixli maliyyə arayışına əsasən lizinq alan Paşayeva Məmləkət ikimət qızının maliyyə borcu müqavilə üzrə 20,733 manat, cərimə borcu isə 4592.20 manat olmaqla, cəmi 25,325.20 manat təşkil edir. - 24.10.2018-ci il tarixli, 1659-L/18 nömrəli “kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə” müqavilə üzrə ödənişlərə görə cərimənin hesablanması qrafikindən görünür ki, hesablanmış cərimə məbləği 4592.2 manat təşkil edir. - 20.12.2021-ci il tarixli 866593/00818 nömrəli ödəniş tapşırığına əsasən AR Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən hüquqi xidmətin göstərilməsinə görə 350 manat məbləğində pul ödənilmişdir. - AR Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən Bakı Kommersiya Məhkəməsinə ünvanlanmış 15.03.2022-ci il tarixli, MİHO/122-2-2022- 892 nömrəli məlumata əsasən lizinq müqaviləsi üzrə X4 tərəfindən iddia ərizəsində qeyd olunan əsas borc üzrə gecikdirilmiş məbləğ ödənilmişdir. Hazırda lizinq müqaviləsi üzrə müvafiq olaraq hesablanmış 4592.20 manat cərimə məbləği ödənilməmiş qalmaqdadır. Həmçinin məhkəmə işləri üzrə hüquqi xidmət haqqı və ilkin mediasiya sessiyasının təşkil edilməsi ilə bağlı xərclər Agentliyə ödənilməmişdir. İş materialları ilə təsdiq edilir ki, hazırkı mübahisə tərəflər arasında bağlanmış 24.10.2018-ci il tarixli, 1659-L/18 nömrəli “kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə” müqavilədən irəli gəlmişdir. İddia kontragentin müqavilə öhdəliyini pozmasına əsaslanmaqla pul öhdəliyin icrası tələbini ehtiva edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-nin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir; - 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İşin hallarından məlum olur ki, cavabdeh işə məhkəmədə baxıldığı müddətdə iddiaçı ilə aralarında bağlanmış 24.10.2018-ci il tarixli 1659-L/18 nömrəli lizinq müqaviləsi üzrə yaranmış əsas borcunu tam şəkildə ödəmiş, iddiaçı da bu halı nəzərə alıb iddia tələbinin həcmini azaldaraq cavabdehdən yalnız borcun gecikdirilməsinə görə 4,592.20 manat cərimənin ödənilməsini tələb etmişdir. Məlum olduğu kimi, MM dəbbə pulunu öhdəliyin icrasını təmin etmə üsullarından biri kimi təsbit edir (460.1-ci maddə). Dəbbə pulu tərəflərin iradə sərbəstliyi və müqavilə azadlığı prinsiplərinə söykənir. Bu prinsiplər çərçivəsində tərəflər dəbbə pulunun miqdarını azad şəkildə müəyyənləşdirə bilərlər (MM-in 462.3-cü maddəsi). Lakin müəyyənləşdirilən dəbbə pulu miqdarı bəzi hallarda borclunun iqtisadi vəziyyətinə, sahibkarlıq fəaliyyətinə mənfi yöndə təsir edəcək şəkildə tənasübsüz ola bilər. Bu halda, müqavilədəki tənasübsüz dəbbə pulu şərti borclu üçün yalnız məhdud şəkildə öhdəlik yarada bilər. Təsadüfi deyildir ki, MM-in 467-ci maddəsi məhkəməyə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azaltmaq səlahiyyəti vermişdir. Məhkəmə bu səlahiyyətini həyata keçirərkən kreditor və borclunun iqtisadi vəziyyətlərini, kreditorun mənafelərini, xüsusilə də çəkdiyi zərərin miqdarını, borclunun təqsirini, öhdəliyin pozulmasının ağırlığını, müqavilənin növünü və müddətini nəzərə alır. Məhkəmə tələb olunan cərimələrin əsas borc məbləğlərinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini, habelə əsas borc məbləğlərinin cavabdeh tərəfindən artıq tam şəkildə ödənildiyini, eyni zamanda məhkəməyə təqdim edilmiş sənədlərə əsasən cavabdehin şəhid ailəsi olduğunu nəzərə alaraq cavabdehdən 50 manat məbləğində dəbbə pulunun tutulmasını məqsədəmüvafiq hesab edir. İddiaçı eyni zamanda iddia tələbində mediasiya prosesi ilə bağlı cavabdehin əvəzinə ödənilmiş 100 manat və hüquqi yardımın göstərilməsinə görə ödənilmiş 350 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsini tələb edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. “Mediasiya haqqında” AR Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. İş materiallarından məlum olur ki, iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən hüquqi yardımın göstərilməsi ilə bağlı 350 manat və mediasiya prosesi ilə bağlı olaraq 200 manat məbləğində ödəniş həyata keçirilmişdir. Odur ki, məhkəmə bu hissədə iddia tələbini əsaslı hesab edir. Beləliklə məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 24.10.2018-ci il tarixli 1659-L/18 nömrəli müqavilə üzrə 50 manat cərimə məbləği, mediasiya prosesi ilə bağlı cavabdehin əvəzinə ödənilmiş 100 manat və hüquqi yardımın göstərilməsinə görə 350 manat olmaqla, cəmi 500 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməli, qalan hissədə iddia təmin edilməməlidir. AR MPM-in 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh X1 24.10.2018-ci il tarixli 1659-L/18 nömrəli müqavilə üzrə 50 (əlli) manat cərimə məbləği, mediasiya prosesi ilə bağlı cavabdehin əvəzinə ödənilmiş 100 (yüz) manat və hüquqi yardımın göstərilməsinə görə 350 ( üç yüz əlli) manat olmaqla, cəmi 500 (beş yüz) manat məbləğində pul tutularaq iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim İlham Əhmədov
Məhkəmə qərarları › İş №e-2-2(113)-649/2022
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-649/2022
18.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver