Məhkəmə qərarları › İş №e-2-2(113)-6496/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-6496/2024

03.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-6496/2024 03.10.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı QSC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Atayeva Nərgiz Etibar qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı QSC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı QSC (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 8.175 manat (ƏDV daxil olmaqla) məbləğində əsas pulun, hər gecikdirilmiş gün üçün 0,1 % olmaqla, cəmi 1000 manat məbləğində dəbbə pulunun, həmçinin iddiaçı tərəfindən dövlət rüsumu olaraq ödənilmiş 150 manat və vəkilə ödənilmiş 320 manat pul vəsaitinin, ümumilikdə 19.645 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış xx.xx.2023cü il tarixli №091/V-23 müqaviləyə əsasən, müqavilənin ayrılmaz hissəsi olan 1 saylı əlavədə göstərilən çeşiddə və texniki göstəricilərə uyğun vəziyyətdə olsan səki və döşəmə daşlarını müəyyən edilmiş şərtlər əsasında satmağı, Alıcı isə onu qəbul edib dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 3.2-ci maddəsinə əsasən, Alıcı Satıcının bank hesabına müqavilə imzalandıqdan sonra 3 (üç) bank günü ərzində müqavilə dəyərinin 100% məbləğində ödəniş edir. Müqavilənin 7.1-ci maddəsinə əsasən, satıcı bu müqavilədə nəzərdə tutulmuş vaxt çərçivəsində malı alıcıya təhvil verməyibsə o bu halda alıcıya ümumiməbləğin 0,1%-i dəyərində dəbbə pulu ödəməlidir. Bildirirəm ki, müqavilə üzrə mallar Alıcıya təhvil verilmiş və bu barədə elektron qaimələr də tərtib edilmişdir. Malların ümumi dəyəri və ƏDV də daxil olmaqla,cəmi 18.175,91 (on səkkiz min yüz yetmiş beş manat doxsan bir qəpik) manat təşkiledir. Məhkəmənin diqqətinə çatdırıram ki, müqavilə tərəflərinin xx.xx.2024-cü il tarixdə tərtib edib imzaladıqları üzləşmə aktı da Alıcının qeyd olunan borcunun mövcudluğunu təsdiq edir. Həmçinin hər gecikdirilmiş gün üçün 0,1 % olmaqla, 1000 (min) manat məbləğində cərimə, bundan əlavə vəkilin göstərdiyi xidmətə görə 320 (iki yüziyirmi) manat və dövlət rüsumu olaraq ödənilmiş 150 manat Alıcı tərəfindən Satıcının xeyrinə ödənilməlidir. Mübahisənin məhkəməyə qədər nizama salınması üçün Cavabdeh MMC-yə pul məbləğinin 10 gün ərzində ödənilməsi üçün xx.xx.2024-ci il tarixdə poçt vasitəsi ilə, həmçinin, online kargüzarlıq qaydasında və elektron məhkəmə sistemindən pretenziya məktubu göndərilmişdir

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.

4. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat təqdim etməmişdir.

5. Məhkəmə iclasının cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir.

III. Məhkəmə baxışının hədləri:

6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

7. İddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 091/V-23 nömrəli müqaviləyə əsasən, müqavilənin ayrılmaz hissəsi olan əlavələrdə göstərilən çeşiddə və texniki göstəricilərə uyğun vəziyyətdə olan səki və döşəmə daşlarını müəyyən edilmiş şərtlər əsasında satmağı, Alıcı isə onu qəbul edib dəyərini ödəməyi öhdəsinə götürmüşdür.

8. Müqavilənin 3.2-ci bəndinə əsasən, alıcı satıcının bank hesabına müqavilə imzalandıqdan sonra 3 (üç) bank günü ərzində müqavilə dəyərinin 100% məbləğində ödəniş edir.

9. Müqavilənin 7.3-cü bəndinə əsasən bu müqaviləyə əlavə edilmiş qiymət razılaşdırılma protokolunda və ya qaimə fakturalarda öz əksini tapmış malların dəyəri sifariş tarixindən 10 (on) gün müddətində satıcının bank hesabına (xəzinəsinə) ödənilmədikdə alıcı hər gecikən gün üçün məbləğin 0.1%-i qədər dəbbə pulu ödəməlidir.

10. İddiaçı və cavabdeh tərəfindən imzalanmış xx.xx.2023-cü il tarixli, 091/V-23 nömrəli müqaviləyə xx.xx.2023-cü il tarixli 1 saylı əlavə ilə təqdim edilən malların adı, ölçü vahidi, qiyməti və məbləğləri razılaşdırılmışdır.

11. İddiaçı tərəfindən cavabdehə xx.xx.2024-cü il tarixli EBDY 558042 nömrəli 1846,32 manat, xx.xx.2024-cü il tarixli EBDZ 847468 nömrəli 4028,24 manat, xx.xx.2024cü il tarixli EBEA 397561 nömrəli 1686,24 manat, xx.xx.2024-cü il tarixli EBEA 701847 nömrəli 5189,92 manat, xx.xx.2024-cü il tarixli EBEA 946052 nömrəli 4796,11 manat, xx.xx.2024-cü il tarixli EBEB 313826 nömrəli 629,08 manat dəyərində elektron qaimələr təqdim edilmişdir.

12. İddiaçı ilə cavabdeh arasında imzalanmış xx.xx.2024-cü il tarixli qarşılıqlı borcların üzləşdirilməsi aktına görə cavabdehin iddiaçıya 18175,91 manat borcu vardır (akt cavabdeh tərəfindən imza və möhürlə təsdiq edilmişdir).

13. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehin iddiaçıya satın alınmış malların dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 091/V-23 nömrəli alqı-satqı müqaviləsindən irəli gəlir. Cavabdehin bu öhdəliyini lazımınca icra etməməsi iddiaçıya həmin müqavilə və Mülki Məcəllənin aşağıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.

14. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

15. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Həmin əcəllənin 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissəhissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur.

16. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.

17. Həmin Məcəllənin 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur.

18. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.

19. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

20. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı həmin müqavilədən irəli gələrək üzərinə düşən öhdəlikləri icra etmiş, ümumilikdə 18175 manat dəyərində malları alıcıya təhvil vermiş, lakin cavabdeh tərəfindən öhdəliklər icra edilməmiş, qəbul edilmiş malların dəyəri ödənilməmişdir.

21. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 18175 manat məbləğində əsas borc tutularaq iddiaçıya ödənilməlidir.

22. Bundan əlavə, materiallardan görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 091/V-23 nömrəli müqavilənin 7.3-cü bəndinə əsasən hesablanmış 1000 manat cərimə pulunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür.

23. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.

24. Məhkəmə hesab edir ki, cavabdehin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır.

25. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

26. Belə olan halda məhkəmə tələb olunan cərimənin əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan cərimə tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq cərimə 900 manat məbləğində müəyyən edilməlidir.

27. Bundan başqa iddia ərizəsində 320 manat vəkilin göstərdiyi hüquqi yardıma görə xərcin cavabdehdən tutulması da tələb edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən həmin xərc cavabdehə aid edilməlidir.

28. Belə ki, iddiaçı ilə “Fides” Vəkil Bürosu arasında bağlanmış xx.xx.2024-cü il tarixli 321/24 saylı müqavilədən görünür ki, iddiaçı tərəfindən Fides” Vəkil Bürosuna 320 manat hüquqi xidmət haqqı ödənilmişdir.

29. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.

30. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

31. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən ödənilmiş 140 manat dövlət rüsumu cavabdehə, 10 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.

V. Nəticə:

32. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 18175 manat əsas borc, 900 manat dəbbə pulu, 320 manat hüquqi yardıma görə xərc, 140 manat dövlət rüsumu, ümumilikdə 19535 (on doqquz min beş yüz otuz beş) manat məbləğində pul tutularaq İddiaçı QSC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İddia ərizəsi verilərkən ödənilmiş qalan 10 (on) manat dövlət rüsumu İddiaçı QSC-nin özünə aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar